Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsil naziri “Son zəng”i çaldı

 

İyunun 12-də Azərbay­canda məktəb məzunları üçün “Son zəng”səslənib. 2019-2020-ci tədris ilinin “Son zəng”i builki məzunların yaddaşına əbədi həkk olunacaq. Belə ki, Azərbaycanda ilk dəfə  “Son zəng” mərasimi virtual keçirilib.
“Son zəng”də Təhsil naziri Ceyhun Bayramov da iştirak edib.   Ceyhun Bayramov məzunları tədris ilinin başa çatması münasibətilə təbrik edib: “Əziz məzunlar, hər birinizi, müəllimlərinizi və valideynlərinizi sizin üçün əlamətdar olan “Son zəng” münasibətilə səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram. Bilirik ki, bu günü səbirsizliklə gözləyirdiniz. Etiraf edim ki, sizin üçün unudulmaz olan “Son zəng”i arzuladığımız kimi keçirə bilməməyimiz bizi də məyus edir. Lakin bunun səbəbi bütün dünyada baş verən pandemiyanın gətirdiyi yeni bir reallıqdır və sizin sağlamlığınız bizim üçün ən önəmli məsələdir”.
Təhsil naziri əlavə edib ki, bu tədris ilinin ikinci yarım­ilindən şagirdlərimiz doğma məktəblərindən, müəllimlərindən, müəllimlərimiz isə şagirdlərindən ayrı düşməli oldular. “Bilirik ki, məktəb hər bir şagird və müəllim üçün ikinci evi qədər doğmadır. Lakin bizim müəllimlərimizin yorulmaz fəaliyyəti nəticəsində bu ayrılıq bir o qədər də hiss olunmadı. Fürsətdən istifadə edərək pandemiya şəraitində təhsil prosesinin faziləsizliyini təmin etmək üçün səylərini əsirgəmədən fədakar çalışan müəllimlərimizə öz dərin təşəkkürümü bildirmək istərdim. Onlar öz şəxsi qayğılarını unudaraq televiziya vasitəsilə evdən virtual dərslər keçməklə hər zaman şagirdlərin yanında oldular, onların təhsili naminə çalışdılar”, - deyə Ceyhun Bayramov bildirib.
Təhsil naziri qeyd edib ki, bu dövr valideynlərimiz üçün də bir sınaq oldu: “Min bir əziyyətə qatlaşaraq evdə şa­girdlərə müəllimlik etdiklərinə, onların hər bir qayğısına böyük səbirlə yanaşdıqlarına görə hörmətli valideynlərimizə xüsusi təşəkkürümü bildirmək istərdim”.
Ceyhun Bayramov məzunlara üz tutaraq  bir  daha  onları  ürəkdən təbrik edib: “Sizə həyatınızın yeni mərhələsində uğurlar arzulamaq istərdim. Yolunuz açıq olsun!”.  
Daha sonra Təhsil naziri məzunlar üçün rəmzi “Son zəng”i öz oxuduğu məktəbdən səsləndirib.
Xatırladaq ki, bu il respublikanın ümumtəhsil məktəblərinin 11-ci siniflərini 80646 şagird bitirib.
Əziz məzunlar, hər birinizi təbrik edir və uğurlar arzulayırıq!


Tarix: 17-07-2020, 14:38

Xəbəri paylaş