Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Ramazani-şərif həm də bir elm dəryasıdır

 
 
Hacı Surxay Məmmədli,
İçərişəhər Cümə Məscidinin axundu,
Qafqaz Müsəlmanları İdarəsinin
səlahiyyətli nümayəndəsi,
ilahiyyatelmləridoktoru, professor

   
  شَهْرُ رَمَضَانَ الَّذِي أُنزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِّلنَّاسِ وَبَيِّنَاتٍ مِّنَ الْهُدَىٰ وَالْفُرْقَانِ
   
Ramazan ayı insanlara doğru yol göstərən, doğru ilə əyrini bir-birindən ayırd edən və Quran nazil olan aydır (Beqere 185).

Ramazani-şərif öz gəlişi ilə bütün İslam aləminə sevinc bəxş etdi.
Artıq bir neçə gündən sonra Ramazani şərif bizlərdən ayrılmaqdadır. Ramazan ayı da İslam aləminə bir aylıq qonaq gəldi. Hansı hisslərlə gələn qonağa xoş gəlib səfa gətirdin deyə bildik. Gələn qonaq özü ilə xeyir-bərəkət də gətirirmiş. Bu xeyir və bərəkət oruc saxlayan müsəlmanlara öz saflığını, mənəvi dəyərlərini də bəxş edir. Ümumiyyətlə, Ramazani-şərif hər il öz gəlişi ilə Muhəmməd ümmətinə, dünya müsəlmanlarına ruzi-bərəkət gətirir.
Ramazan ayı kimsəsizlərin, yetimlərin, ehtiyac sahiblərinin dərdləri ilə dərdlənmə aydır. Ramazan qardaşlığın müəssisələşdiyi, küsülülərin barışdığı bir rəhmət mövsümüdür. Ümmət olaraq bu şüur və düşüncə çərçivəsində addım atmalıyıq. Mədəmizə yol tapan qidaya, suya fikir verdiyimiz kimi, ağzımızdan çıxan söz və feillərə də fikir verməliyik. Qeybətdən, təcəssüsdən, nəmmamlıqdan, yalan və iftiradan, fitnə-fəsaddan uzaq olub, həyatımızı ibadətə, itaətə, dua və zikirə həsr etməliyik. Çünki gələn qonaq hər dəfə gələn deyil, ildə bir dəfə mənəviyyat qapımızı döyərək içəri daxil olur.
Bu baxımdan, Ramazani-şərif bütün xeyir əməllərin qat-qat savabla mükafatlandırıldığı ilahi lütf ayıdır. Ramazan ayı oruc ibadəti ilə birlikdə, həm də namaz, sədəqə və nəfs mübarizəsi ilə gözəl əxlaqa qovuşmaq üçün müstəsna bir qazanc mövsümüdür. Ramazani-şərifin böyük bir lütf ayı olmasının ən mühüm səbəblərindən biri də Qədr gecəsinin bu ayda olmasındandır. Qədr gecəsi min aydan daha xeyirlidir. Bu gecənin şərəf və izzətini bildirmək üçün Uca Allah Qurani-Kərimdə adı zikir olunan Qədr surəsi ilə bizə bildirməkdədir.
Oruc insana yüksək əxlaqi keyfiyyətləri qazandırması baxımından da çox əhəmiyyətlidir. Çünki oruc insana səbr, təqva və şükür etməyi öyrədir. İnsan bir tərəfdən, “orucum pozular” qorxusu ilə nəfsinin arzularından özünü qoruyur, digər tərəfdən də, layiqincə oruc tuta bilmək üçün yaxşı davranışlar nümayiş etdirməyə çalışır. Hər dəfə oruc tutarkən nəfsinə hakim­olma qabiliyyətini inkişaf etdirir. 11 ayın sultanı olan bu ayda səbr müsəlmanın mənliyini əhatə edir. Çünki oruc səbrin imtahanıdır, belə ki insan oruc olarkən qarşısındakı yeməyə əlini uzatmaz, pis söz danışmaz, kəm gözlə baxmaz, qeybət etməz, yalan danışmaz, başına gələn hər cür mənfi hadisələri təmkinlə qınayar. İnsan oruc olduğu müddətdə aclığa, susuzluğa, hər cür günah və pisliyə qarşı səbr edər. Ona görə də Allah Rəsulu “Oruc səbrin yarısıdır” buyurur. Rəsulullahın “Oruc tutan nə qədər insan vardır ki, orucundan ona qalan sadəcə ac qalmaqdır. Gecəni ibadətlə keçirən nə qədər insan var ki, qiyamdan ona qalan sadəcə yuxusuz qalmaqdır” hədisində də oruc ibadətinin zahiri şərtlərindən daha çox bir sıra dərin xüsusiyyətlərinin olduğu vurğulanılır. Qulun kamilliyə çatmasına təsir edən ibadətlər heç vaxt əxlaqdan ayrı düşünülə bilməz. Bu Ramazan və hər zaman deyərək acların, susuzların, xəstələrin, yetimlərin, biçarələrin yanında olmalıyıq, cibimizi, könlümüzü, iftar süfrələrimizi onlara açmalıyıq. Heç nə edə bilməsək də könülalıcı sözlərlə qəlblərini oxşamalıyıq.
Çox şükür ki, hər il oruc tutanlarımızın sayı xeyli artır və bu, Allaha yaxınlaşmanın bariz göstəricisidir. Bu gün hər bir gənc, hər bir yeniyetmə Ramazan ayında oruc saxlamaqla ata və ananın qədrini daha dərindən bilir, insanlara - böyüklərinə hörmətinin, dəyərinin, qohum-əqrəbaya, qonşulara yaxşılıq etməyin fəzilətlərini dərk edir. Deyərdim ki, Ramazan ayı həm də bir elm dəryasıdır ki, müəyyən şeyləri dərk etməyən insanlar bu ayda Allaha yaxınlaşmaqla öz elmlərini artırırlar. Bu, müəqqəd kitabımızın, Allah sözü olan Qurani-Kərimin bizlərə təlqin etdiyi əmanətdir.
Allah bu müqəddəs Ramazani-şərifdə oruc saxlayan, ibadət edən insanlarımızın dualarını qəbul etsin, Rəbbim Ümməti Muhəmmədi Ramazandan layiqincə istifadə edib, günahlardan təmizlənərək bir bayram sabahına çıxmağı nəsib etsin, Amin!




   


Tarix: 4-08-2017, 09:30

Xəbəri paylaş