Ölkə Prezidenti: "Mövcud vəziyyətdə təhsil sahəsində müəyyən addımlar atıldı"
"Pandemiya ilə əlaqədar bu vəziyyət bizi məcbur edir ki, təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq".
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyunun 16-da “Microsoft” şirkətinin təşəbbüsü ilə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və şirkətin digər nümayəndələri arasında keçirilən videokonfrans zamanı deyib.
Ölkə başçısı mövcud vəziyyətlə əlaqəli təhsil sahəsində müəyyən addımlar atıldığını da vurğulayıb: "Baxmayaraq ki, mövcud vəziyyətə özümüzü uyğunlaşdırmaq üçün bizim çox vaxtımız olmadı, lakin müəyyən addımlar atılmışdır. Çünki bizim məktəb və universitetlərimiz mart ayından bəri bağlanıb. Biz sentyabrın 15-dən başlayacaq yeni tədris ilinə hazırlaşmalıyıq. Həmin zaman pandemiya ilə bağlı vəziyyətin necə olacağını bilmirik, məktəb və universitetləri aça biləcəyimizi bilmirik, ona görə də biz ən pis ssenariyə hazırlıqlı olmalıyıq. Əgər problem davam edirsə və getdikcə pisləşirsə, o zaman biz bu barədə düşünməli olacağıq".
Tarix: 17-06-2020, 11:26