7 may 2020-ci il tarixində Təhsil naziri Ceyhun Bayramov və Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin iştirakı ilə keçirilən brifinqdə müzakirə olunan məsələlərlə bağlı suallar və onların cavabları
Ümumi təhsil müəssisələrində təhsilalanların nailiyyətləri necə ölçüləcək?
İkinci yarımil üzrə heç bir kiçik və ya böyük summativ qiymətləndirmənin aparılması planlaşdırılmır. Şagirdlərin illik qiymətləri birinci yarımilin qiymətləri əsasında çıxarılacaq. İllik qiymətlərindən narazı qalan şagirdlər üçün növbəti tədris ilinin başlanması ərəfəsində təhsil müəssisəsi tərəfindən təkrar qiymətləndirmə təşkil ediləcək.
Milli qiymətləndirmə tədqiqatları ilə yanaşı, təhsilalanların ilin sonuna olan bilik və bacarıqlarını ölçmək üçün müxtəlif qiymətləndirmə vasitələrinin hazırlanması nəzərdə tutulur. Qiymətləndirmənin keçirilməsində əsas məqsəd həm şagirdlərin özlərini qiymətləndirməsi, həm də ümumi vəziyyətin ölçülməsi ilə bağlı monitorinqlərin aparılmasıdır. Bu qiymətləndirmələrin “Virtual məktəb” platforması vasitəsilə aparılması planlaşdırılır. Bu qiymətləndirmələr də şagirdlərin yekun qiymətlərinə təsir etməyəcək.
Şagirdlərin sinifdən-sinfə keçirilməsi necə baş tutacaq?
I-VIII və X (xüsusi təhsil müəssisələrində XI) sinif şagirdləri təhsil aldıqları sinifdən yuxarı sinfə tədris olunan bütün fənlərdən illik qiymətləri müsbət (“3”, “4”, və ya “5”) olduğu halda keçirilirlər.
2019-2020-ci dərs ilinin I yarımilində biliyi qiymətləndirilməyən və ya bəzi fənlərdən "2" qiymət alan şagirdlər üçün növbəti tədris ilinin başlanması ərəfəsində təhsil müəssisəsi tərəfindən təkrar qiymətləndirmə təşkil ediləcək.
Uşaqların birinci sinfə qəbulu necə aparılacaq?
Qəbul mövcud qaydalara uyğun elektron sistem vasitəsilə həyata keçirilir. Valideynlərin arzusu ilə övladları təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən uşaqlar təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilirlər. Bu günə qədər respublika üzrə 121,743 uşağın I sinfə qəbul prosesi yekunlaşıb. Əlavə olaraq rus bölməsi üzrə 9,621 sorğu qəbul edilib ki, bu sorğular əsasında iyun ayı ərzində tədris dili ilə bağlı müsahibələrin (o cümlədən, lisey və gimnaziyalara qəbulun) keçirilməsi planlaşdırılır. Müsahibələr elektron sistemdə valideynin seçimi əsasında onlayn və ya canlı müsahibəyə yazılmaqla keçiriləcək. Müsahibələrə qeydiyyat 20 may tarixindən başlayaraq aparılacaq. Canlı müsahibələr təşkil edilərkən sanitar-epidemioloji qaydaların tələbləri gözləniləcək.
Respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcəkmi?
Respublika fənn olimpiadalarının final mərhələsi 28-29 mart tarixinə planlaşdırılsa da, ölkədə yaranmış epidemioloji vəziyyətə görə bu tədbirin keçirilməsi təxirə salınıb. Final mərhələsinə 8 fənn üzrə 589 nəfər vəsiqə əldə edib. 1-15 iyun tarixlərində müvafiq gigiyena sanitar normalarına əməl olunmaqla müxtəlif məktəblərdə hər fənn üzrə ayrı-ayrı günlərdə yekun mərhələsinin keçirilməsi planlaşdırılır. Fəndən asılı olaraq iştirakçı sayı 72-77 şagird arasında dəyişir. Şagirdlər imtahan zamanı bir otaqda 6-9 nəfərdən çox olmamaqla və sosial məsafə normaları gözlənilməklə yerləşdiriləcəklər.
Lisey və gimnaziyalara qəbul imtahanları keçiriləcəkmi?
Lisey və gimnaziyaların yuxarı siniflərinə (V-IX) qəbul hər il may ayında keçirilirdi. Bu il yaranmış epidemioloji vəziyətə görə bu imtahanlar təxirə salınıb. Növbəti tədris ili üçün qəbul imtahanlarının avqust ayının sonlarında keçirilməsi nəzərdə tutulur. Bu ildən başlayaraq lisey şəbəkəsinin bölgələrdə genişlənməsini nəzərə alaraq qəbul imtahanlarının Bakı ilə yanaşı Gəncə, Sumqayıt, Şirvan, Şəki və Quba şəhərlərində də təşkili nəzərdə tutulur. İmtahanların ayrı-ayrı siniflər üzrə müxtəlif məktəblərdə təşkil edilməsi planlaşdırılır.
IX sinif qəbul imtahanları hansı mərhələlər üzrə keçiriləcək?
IX sinif buraxılış imtahanları 2 mərhələdə keçirilir. I mərhələ mart ayı ərzində, II mərhələ isə iyun ayında müxtəlif zonalarda təşkil edilir.
Bu tədris ilində Bakı və Şirvan şəhərləri, o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə imtahanların I mərhələsi 1 mart 2020-ci il tarixində təşkil edilsə də, digər zonalar üzrə yaranmış epidemioloji vəziyyətə görə imtahanların I mərhələsini keçirmək mümkün olmayıb.
İyun ayından başlayaraq IX sinif buraxılış imtahanlarının vahid mərhələdə keçirilməsi planlaşdırılır. Bakı, Şirvan və Naxçıvan Muxtar Respublikasında I mərhələ üzrə imtahan vermiş məzunların nəticələri elmi-statistik hesablamalar tətbiq edilməklə 100 bala uyğunlaşdırılacaq və yekun qiymət hesablanacaq. Digər bölgələr üzrə məzunlar yalnız imtahanın II mərhələsində iştirak edəcəklər ki, bu mərhələ üzrə maksimal bal hər fənn üzrə 70 bal deyil, 100 bal olaraq hesablanacaq.
IX sinfin mart-iyun ayları ərzində tədrisi nəzərdə tutulan mövzuların imtahanlarda qiymətləndirilməsi nəzərdə tutulmur.
Eyni zamanda nəticələri I mərhələ əsasında hesablanmış məzunlar qiymətlərindən narazı olduqları halda, II mərhələ imtahanında iştirak edə bilərlər. Ötən illərdə və bu il üzrlü səbəbdən buraxılış imthahanlarında iştirak edə bilməyən məzunlar sentyabr ayında təşkil ediləcək imtahanlarda iştirak edə bilərlər.
Operativ Qərargahın qərarlarından asılı olaraq imtahanların bölgələr üzrə keçirilmə ardıcıllığı müəyyən olunacaq və imtahan buraxılış vərəqələri imtahan günündən 5-7 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.
Təhsilini orta ixtisas təhsil müəssisələrində davam etdirmək istəyən məzunlar buraxılış imtahanlarının II mərhələsində mütləq iştirak etməlidirlər. Belə ki, orta ixtisas müəssisələrinə müsabiqə yalnız imtahanların II mərhələsinin nəticələr əsasında aparılacaq.
XI sinif buraxılış imtahanları necə təşkil olunacaq?
Bu imtahanların iyun ayında təşkil edilməsi planlaşdırılır.
XI sinfin mart-iyun ayları ərzində tədrisi nəzərdə tutulan mövzuların imtahanlarda qiymətləndirilməsi nəzərdə tutulmur. Məzunlar buraxılış imtahanında əvvəlki illərdə olduğu kimi hər fənn üzrə maksimum 100 bal toplaya bilərlər. Bu imtahanın nəticələri ali təhsil müəssisələrinə keçirilən müsabiqədə nəzərə alınacaq.
Operativ Qərargahın qərarlarından asılı olaraq imtahanların bölgələr üzrə keçirilmə ardıcıllığı müəyyən olunacaq və imtahan buraxılış vərəqələri imtahan günündən 5-7 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.
Peşə təhsili müəssisələrində qiymətləndirmə və sənəd qəbulu necə aparılacaq?
Ümumi təhsil fənləri üzrə təhsilalanların attestasiyası fevral ayında yekunlaşıb. İxtisas (sınaq) istehsalat işinin qiymətləndirilməsi və dövlət buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulmur. Qiymətləndirmə təhsilalanın əvvəlki dövr ərzində nailiyyətləri əsasında aparılır. Qiymətindən narazı qalan təhsilalanlar üçün avqust-sentyabr aylarında buraxılış imtahanları keçirilə bilər.
Peşə təhsil müəssisələrinə qəbulun avqust ayında keçirilməsi planlaşdırılır.
Orta ixisas təhsil müəssisələrinə qəbul necə aparılacaq?
Ümumi orta (IX sinif) təhsil bazasında kolleclərə qəbul yalnız buraxılış imtahanlarının II mərhələsinin nəticəsi əsasında aparılacaq. Bu il 19 mindən artıq abituriyent kolleclərə qəbul olmaq üçün ərizəsini təsdiq edib, onlardan 01.03.2020 tarixdə buraxılış imtahanlarının I mərhələsində iştirak etmiş 4000 abituriyent müsabiqəyə qatılmaq üçün mütləq iyun ayında təşkil ediləcək buraxılış imtahanlarının II mərhələsində iştirak etməlidir.
Tam orta (11 illik) təhsil bazasında kolleclərə sənəd qəbulu 12 may - 5 iyun tarixlərində onlayn şəkildə təşkil ediləcək. Müsabiqə iyun ayında baş tutacaq buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq.
Ali təhsil müəssisələrinə qəbul necə aparılacaq?
Ali təhsil müəssisələrinə müraciət edən abituriyentlərin sənəd qəbulu 12 may - 5 iyun tarixlərində onlayn şəkildə aparılacaq.
İmtahanların 20 iyul tarixindən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.
I-IV ixtisas qruplarının hər hansı biri üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərtilə V ixtisas qrupu üzrə də müsabiqədə iştirak edə bilərlər.
Gigiyena-sanitar normalarına əməl edilməsi ilə yanaşı mərkəzlərin sayının artırılması ilə imtahanverənlərin sıxlığının aşağı salınması planlaşdırılır.
Magistraturaya onlayn ixtisas seçimi qəbul planı təsdiq olunduqdan sonra aparılacaq.
Azərbaycan dili dövlət dili kimi imtahanın keçirilməsi nəzərdə tutulurmu?
Tədris digər dillərdə təşkil olunmuş bölmələrin IX sinif şagirdləri üçün Azərbaycan dili dövlət dili kimi imtahanı iyun ayı ərzində ənənəvi şəkildə (kağız daşıyıcısı) keçiriləcək.
Tədris digər dillərdə təşkil olunmuş bölmələrin XI sinif məzunları üçün imtahan evdən onlayn və ya imtahan mərkəzlərində (elektron və ya kağız daşıyıcılarında) keçiriləcək. İmtahanda evdən onlayn iştirak etmək istəyən məzunların bu məqsədlə istifadə edəcəkləri avadanlıq müəyyən ediləcək texniki şərtlərə cavab verməlidir.
Mayın 20-dək ali (orta ixtisas) məktəblərinə qəbul olmaq üçün ərizələrini təsdiq etmiş abituriyentlər (ötən illərin məzunları) onlayn sınaq imtahanlarında iştirak edə bilərlər.
Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə imtahan ümumilikdə 2 dəfə keçiriləcək.
Ali təhsil pilləsində yay imtahan sessiyası necə təşkil olunacaq?
Ali təhsil səviyyəsində təxminən 75% tələbə onlayn dərslərə qoşulub, 40 minə yaxın tələbə istehsalat təcrübəsi (IV kurs) mərhələsində olduğundan onlayn tədrisə qoşulmurlar. Ali təhsil müəssisələrində tədris ilinin uzadılması nəzərdə tutulmur. Hərbi çağırış dövrü nəzərə alınaraq buraxılış kurslarında təhsil alan oğlan tələbələrinin yekun attestasiyası akademik təqvimdə nəzərdə tutulmuş müddətdə tamamlanması planlaşdırılır.
Ali və orta ixtisas təhsili müəssisələrində yay imtahan sessiyaları iyun-iyul aylarında keçirilməsi planlaşdırılır. Təhsilalanların biliyinin qiymətləndirilməsi hər bir ali və orta ixtisas təhsili müəssisəsinin elmi (pedaqoji) şurasının qərarı əsasında tənzimlənəcək. İxtisasların xüsusiyyətləri nəzərə alınaraq, qiymətləndirmə sessiyası həm onlayn, həm də ənənəvi şəkildə təşkil edilə bilər. İmtahan sessiyasında iştirak etməyə bu və ya digər səbəbdən hazır olmayan tələbələrə əvvəlcədən təhsil müəssisəsinə müraciət edərək növbəti tədris ili başlamazdan əvvəl (avqust-sentyabr aylarında) 3-4 həftəlik əyani icmal dərslərdə və təşkil olunacaq imtahanlarda iştirak etmək imkanı yaradılacaq.
Ali təhsil müəssisələrində yekun attestasiya necə təşkil olunacaq?
40 minə yaxın tələbənin 80%-inin (dövlət imtahanı verənlərin) yekun attestasiyası əksər hallarda təhsil aldığı müddətdə əldə etdikləri Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) əsasında aparılacaq. Bu qiymətləndirmə ilə razı olmayan tələbələr növbəti tədris ili başlamazdan əvvəl (avqust-sentyabr aylarında) təşkil olunacaq dövlət imtahanlarında iştirak edə bilərlər.
Buraxılış işinin müdafiəsini tələb edən ixtisaslarda təhsil alan tələbələr buraxılış işlərini onlayn şəkildə təqdim edə biləcəklər. Buraxılış işinin müdafiəsi həm onlayn, həm də ənənəvi şəkildə təşkil edilə bilər. Yaradıcılıq ixtisasları üzrə kadr hazırlığı aparan müəssisələrdə buraxılış imtahanlarının ənənəvi formada azsaylı qruplar şəklində keçirilməsi planlaşdırılır.
Müəllimlərin iş yerini dəyişməsi və işə qəbulu ilə bağlı məsələlər necə baş tutacaq?
Ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması müsabiqəsinə qeydiyyat başa çatmış, 1400 nəfərə yaxın namizədin elektron ərizəsi təsdiq edilmiş və bununla bağlı digər tədbirlər (elektron ərizələrdəki məlumatların emalı, müsahibə komissiyasının tərkibinin formalaşdırılması və təsdiqi) yekunlaşıb. 4 may tarixindən başlayaraq müsahibələr onlayn şəkildə təşkil edilir və may ayının birinci yarısında yekunlaşacaq.
Müəllimlərin işə qəbulu ilə bağlı imtahanların keçirilməsi iyul-avqust aylarına planlaşdırılır. İmtahanların məzmununda əvvəldən də elan edildiyi kimi namizədlərə müvafiq fənlər, metodika və pedaqogika üzrə suallar təqdim ediləcək.
Müəllimlərin işə qəbulu ilə bağlı imtahanların keçirilməsi iyul-avqust aylarına planlaşdırılır. İmtahanların məzmununda əvvəldən də elan edildiyi kimi namizədlərə müvafiq fənlər, metodika və pedaqogika üzrə suallar təqdim ediləcək.
Dövlət qulluğuna qəbulun aparılması necə təşkil ediləcək?
İmtahanlar ayda iki dəfə avqust ayından başlayaraq Bakıda və DİM-in regional bölmələrində keçiriləcək.
Müsahibələrin onlayn qaydada keçirilməsi nəzərdə tutulur. Müsahibələrin cədvəli müvafiq dövlət orqanları ilə razılaşdırıldıqdan sonra elan olunacaq. İlk növbədə, karantin rejimi ilə əlaqədar təxirə salınmış 32 dövlət orqanı üzrə müsahibələr keçirilməsi planlaşdırılır.
Sertifikatların verilməsi fərdi qaydada bildiriş əsasında həyata keçiriləcək.
Tarix: 8-05-2020, 13:26