“Ümumi təhsil: mövcud vəziyyət və gələcək hədəflər” mövzusunda müşavirə
Fevralın 14-də Təhsil Nazirliyi aparatının əməkdaşları və yerli təhsili idarəetmə orqanları rəhbərlərinin iştirakı ilə “Ümumi təhsil: mövcud vəziyyət və gələcək hədəflər” mövzusunda müşavirə keçirilib.
Tədbirdə Təhsil naziri Ceyhun Bayramov çıxış edərək təhsilin keyfiyyəti və buna təsir edən amillər, son illər təhsil sahəsində aparılan yeniliklər, innovasiyaların tətbiqi və vətəndaş məmnuniyyətindən danışıb. Ötən il yerli təhsili idarəetmə orqanları rəhbərlərinin, məktəb direktorlarının iştirakı ilə zona müşavirələrinin keçirildiyini, hər bir qurumun fəaliyyətinə dair illik hesabatların dinlənildiyini deyən Təhsil naziri bu məzmunda tədbirlərin cari ildə də davam etdiriləcəyini bildirib. Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) qarşısında duran vəzifələrə toxunan Ceyhun Bayramov qeyd edib ki, yerli təhsili idarəetmə orqanları tabeliyində olan bütün məktəblərin vəziyyətinə dair monitorinqləri davamlı aparmalı, əldə olunan nəticələrə əsasən adekvat tədbirlər görməlidir. Nazirin sözlərinə görə, IX və XI sinif buraxılış imtahanlarının nəticələri ciddi təhlil edilməli və bundan nəticə çıxarılmalıdır.
Nazir həmçinin məktəblərin dərsliklərlə təminatından, məktəb-valideyn münasibətlərinin düzgün qurulmasından, regionlarda istedadlı uşaqlarla işin təşkilindən, məktəbdənkənar fəaliyyətin vacibliyindən danışıb.
Daha sonra çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinə təklif və tövsiyələrini verib. Məhəbbət Vəliyeva təqdimatında tədris ilinin prioritet istiqamətlərindən, məktəb rəhbərlərinin üzərinə düşən funksiyalardan söz açıb, bölgələr üzrə müvafiq nəticələri diqqətə çatdırıb.
Müşavirədə “Təhsildə keyfiyyətin təminatı”, “Təhsilin maliyyələşdirilməsi və müasir təchizat sisteminin yaradılması”, “Tədris resursları ilə təminat və ehtiyat dərsliklər”, “İnsan resurslarının idarə edilməsi və elektron məlumat bazasının təkmiləşdirilməsi” mövzularında panel müzakirələr keçirilib.
Yekunda Təhsil Texnologiyaları Mərkəzi ilə tanışlıq olub.
Tarix: 14-02-2020, 17:24