Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I Forumu keçirilib


 
 

Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I Forumu keçirilib.

2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən forumun əsas məqsədi gənc müəllimlərin ümumrespublika səviyyəsində toplantısı vasitəsilə onların gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək və əməkdaşlıq şəbəkəsini genişləndirməkdir.

Tədbirdən əvvəl iştirakçılar Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı üstünə də tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.

Forumda Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Təhsil naziri Ceyhun Bayramov, nazirlik yanında İctimai Şuranın üzvləri, Gənclər və İdman Nazirliyi, eləcə də Gənclər Fondunun əməkdaşları, pedaqoji ixtisaslı ali təhsil müəssisələrinin rektorları, media nümayəndələri və gənc müəllimlər iştirak ediblər.

Forum Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Azərbaycan Gənc Müəllimlər Assosiasiyasıının fəaliyyətinə dair videoçarx nümayiş olunub. Bakı şəhəri 20 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, 25 yaşlı gənc Xəyalə Hüseynli çıxış edərək müəllim peşəsinin dəyərlərindən və ona qazandırdıqlarından söz açıb.

Təhsil naziri Ceyhun Bayramov forumda çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müəllim əməyinin stimullaşdırılması və məktəb tikintisi istiqamətində mühüm təşəbbüslər həyata keçirildiyini vurğulayıb. Təhsil naziri müəllim olmaq istəyənlərin sayının ilbəil artdığını xüsusi qeyd edib. Cəmiyyətdə müəllimin əvəzsiz rolundan danışan Ceyhun Bayramovun sözlərinə görə, gənc müəllimlər təşəbbüskar olmalı, öz üzərində işləməli, peşəkarlıqlarını artırmalıdırlar.

Təhsil naziri ölkə Prezidenti cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirində çıxışını xüsusi  xatırladaraq qeyd edib ki, ölkə başçısının tövsiyələrinə uyğun olaraq ümumi təhsil müəssisələrində tərbiyə işinin təkmilləşdirilməsi, təhsilalanların milli-mənəvi dəyərlər ruhunda  tərbiyə olunması müəllimlərin qarşısında duran ən əsas iş prinsipidir. Təhsil naziri əlavə edib ki, müəllimlər hər zaman şəxsi nümunələri ilə fərqlənməlidirlər.

Assosiasiyanın fəaliyyətini qiymətləndirən Təhsil naziri bu qurumun gənc müəllimlərin peşəkarlıq potensialının artırılması istiqamətində müəllimlərə dəstək olacağına ümidvarlığını ifadə edib.

Nazir çıxışının sonunda gənc müəllimlərin hər birini 2 fevral –Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra çıxış edən  ABŞ-ın Corc Vaşinqton Universitetinin Təhsil və insan inkişafı fakültəsinin dekanı Maykl Foyer tədbirin əhəmiyyətini vurğulayıb, gənclərin birgə fəaliyyətinin təşkilini qiymətləndirib.

Tədbirdə AGMA loqosunun təqdimatı  olub və qalib müəllif, Assosiasiyanının üzvü Aygün Abdulova mükafatlandırılıb. Mükafatı Təhsil naziri Ceyhun Bayramov təqdim edib.

Tədbir bədii hissə ilə davam etdirilib.

Bədii hissə yekunlaşdıqdan sonra panel müzakirələr keçirilib.


Tarix: 1-02-2020, 21:23

Xəbəri paylaş