Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsil Nazirliyində mətbuat konfransı


 

Təhsil naziri Ceyhun Bayramov 2020-ci ilin hədəflərindən danışıb


Yanvarın 27-də Təhsil Nazirliyində 2019-cu ilin yekunlarına və 2020-ci ilin hədəflərinə həsr edilmiş mətbuat konfransı keçirilib. Təhsil naziri Ceyhun Bayramov ötən ilin yekunları, təhsil sahəsində əldə olunan yeniliklər, aparılan islahatlar və 2020-ci ildə qarşıda  duran hədəflər barədə məlumat verib. Təhsil naziri  ictimaiyyət tərəfindən tez-tez qaldırılan çoxsaylı məsələlərə də aydınlıq gətirib.  
 
Yeni məktəblərin tikintisi davam etdiriləcək
 
Ümumtəhsil sahəsində baş verən dəyişikliklərdən danışarkən, Təhsil naziri Ceyhun Bayramov ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların təhsil sektoruna öz müsbət təsirini göstərdiyini, son illər təhsil üzrə bir sıra dövlət sənədlərinin və proqramların qəbul edildiyini, təhsilin inkişafının dövlət siyasətində əsas prioritetlərdən biri olduğunu  bildirib.  
 
Təhsil naziri diqqətə çatdırıb ki, ümumi təhsil müəssisələrində tədris mühütinin, infrastrukturun yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb: "2019-cu ildə 84 yeni məktəb binası tikilib və əsaslı təmir olunub. Bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusi qeyd etməliyik. Ötən il Fondun təşəbbüsü ilə onlarca məktəb tikilib və təmir edilib. Bununla da ötən ildə 100-ə yaxın məktəb istifadəyə verilib". Ceyhun Bayramov vurğulayıb ki, 2020-ci ildə də yeni məktəb binalarının tikintisi və təmiri davam etdiriləcək.
 
Şagird sıxlığı diqqət mərkəzindədir
 
Məktəblərdə şagirdlərin sıxlığı məsələsinə toxunan Təhsil naziri məlumat verib ki, Təhsil Nazirliyi tərəfindən 2019-cu ildə bununla bağlı ciddi addımlar atılıb, bu məsələ 2020-ci ildə də diqqət mərkəzində saxlanılacaq. Ceyhun  Bayramov qeyd edib ki, Azərbaycanda 4500-ə yaxın məktəb var. Ölkə ərazisində əhali sıxlığı bərabər paylanmayıb. Bölgələr üzrə əhali artımı eyni templə getmir. Bu səbəbdən də bəzi məktəblərin siniflərində şagird sıxlığı müşahidə olunur. Nazir bildirib ki, şagird sıxlığı hər zaman diqqət mərkəzindədir.  Bunun aradan qaldırılması üçün dövlət səviyyəsində intensiv işlər görülür. Bununla bağlı Xəzər rayonu Binə qəsəbəsi, Binəqədi rayonu kənd Binəqədi, Sulutəpə, Xırdalan şəhəri, Masazır və Saray yaşayış məntəqələrində yeni məktəblərin tikilməsi nəzərdə tutulur.

Təhsil  naziri məktəblər üçün nəqliyyat vasitələri sisteminin qurulması ilə bağlı xeyli müraciətlər olunduğunu bildirib: "Müraciətləri nəzərə alaraq 2019-cu ildə Bakı Nəqliyyat Agentliyi ilə sıx əməkdaşlığa başlamışıq. 2020-2021-ci tədris ilinin başlanğıcına qədər şagird sayı sıx olan məktəblər üçün nəqliyyat sisteminin təşkilinə nail olacağıq".
 
Təqaüd alan tələbələrin sayı 50 faizə çatdırılacaq
 
Ceyhun Bayramov ali təhsil sistemində baş verən müsbət dəyişikliklərə də toxunub və  tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən də danışıb. Nazir bildirib ki, 2019-cu ildə 2018-ci illə müqayisədə dövlət hesabına təhsil alan tələbələrin sayı 66 faiz artıb: "Hər iki tələbədən biri dövlət hesabına təhsil alır. Bu göstəriciyə çox yaxınlaşırıq. Ölkəmizdə sosial paket icra olunub. 110 min tələbə təqaüdlərin artırılmasında yararlanıb.  2018-ci ildə 12 min 300 nəfər dövlət hesabına ali təhsil müəssisələrinə qəbul olunubsa, 2019-cu ildə bu rəqəm 20 min 500-ə çatdırılıb”.
 
Ceyhun Bayramov diqqətə çatdırıb ki, təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı sərəncama əsasən, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı artırılıb. 2020-2021-ci tədris ilində isə təqaüd alan tələbələrin sayının 50 faizə çatdırılması nəzərdə tutulur.
 
Təhsil naziri ali təhsil sahəsində yeniliklərdən danışarkən əcnəbi tələbələrin Azərbyacan universitetlərinə cəlb olunması sahəsində görüləcək işlərdən bəhs edib və  tələbə yataqxanalarının istifadəyə verilməsindən danışıb. Bildirilib ki,  ötən il ADNSU-da 700 nəfərlik tələbə yataqxanası istifadəyə verilib. Bundan başqa, Gəncə Dövlət Universitetində 800 yerlik, eləcə də Lənkəran Dövlət Universitetində yeni müasir yataqxanaların, Sumqayıt  Dövlət Universiteti üçün 250 nəfərlik yataqxanının təmir olunaraq  istifadəyə verilməsi nəzərdə tutulub.  Bakı Dövlət Universitetinin  isə 220 nəfərlik tələbə yataqxanasının təmir-tikinti işlərindən sonra yaxın vaxtlarda istifadəyə verilməsi öz həllini tapacaq.
 
Təhsil naziri mətbuat konfransında istedadlı uşaqların aşkara çıxarılması və onların tədqiqatçılığa cəlb edilməsi  istiqamətində görülən işlərdən, şagirdlərimizin   beynəlxalq yarışlarda uğurlu iştirakından, ümumtəhsil sistemində həyata keçirilən qiymətləndirmələrdən, məktəbli formasının tətbiqinə başlanılması, yeni tədris proqramları və standartların tətbiqindən danışıb və jurnalistləri maraqlandıran çoxsaylı sualları cavablandırıb.
 
Oruc MUSTAFAYEV
 


Tarix: 28-01-2020, 12:10

Xəbəri paylaş