SARICA
Povest
Nizami Mirzə
(Əvvəli ötən nömrələrimizdə)
VIII
...Aradan beş il keçmişdi. Və bu beş il ərzində bir sıra ağlasığmaz hadisələr baş vermişdi. Qan üzərində bərqərar olmuş SSRİ deyilən imperiya öz iyrənc qanunları əsasında qurulduğu üçün süquta uğradı. İmperiyanın məngənəsində uzun müddət sıxılan xalqlar azadlığa can atır, müstəqillik əldə etmək üçün bünövrəsi çürümüş, laxlamış, lakin təslim olmaq istəməyən, hələ də kinli dəvə kimi höt-hötündən qalmayan imperiyaya qarşı mübarizəyə qalxmışdılar.
Bununla yanaşı, müəyyən həris sifətlər öz iç üzünü göstərərək yaranmış xaosdan istifadə edib çoxdan arzusunda olduqları murdar əməllərini xarici himayədarlarının köməyilə həyata keçirməyə başladılar. Ermənistanda yaşayan azərbaycanlılar öz ana yurdlarından vəhşiliklə qovulmuş, qaçqın düşmüşdülər. Hazırda isə növbə Qarabağa çatmışdı. Yerli əhalini doğma torpaqlarından çıxarmaq üçün ermənilər hər cür fitnə-fəsada əl atırdılar...
Səksən yaşını haqlamış Rəcəb kişi bu gün səhərdən narahat idi. Baş vermiş hadisələri nə qədər götür-qoy edirdisə də bir tərəfə çıxara bilmirdi. Durub-oturub Qorbaçovu lənətləyir, millətlər arasında qırğın törədənləri ürəyindəcə söyürdü. Bir neçə rayonun qaçqın düşməsindən pəjmürdə olmuşdu. Onu hər şeydən qabaq balalarının taleyi düşündürürdü. Əgər onları da zor gücü ilə bu rayondan, bu kənddən qovub çıxarsalar hara gedəcəklər, kimə pənah aparacaqlar. Özünə qalsa nə var ki, yaşadığını yaşayıb, gördüyünü də görüb. Dərd uşaqların dərdidir.
Qayınatasının bu gün səhərdən fikir içində gəzib-dolandığını özünə dərd edən Səlminaz iki yaşlı qızını yatırdıb Rəcəb kişiyə yaxınlaşdı;
-Dədə, niyə belə eliyirsən? -deyə soruşdu. -Günorta da yemək yemədin. Bəlkə ağrıyan yerin var? Zəng edim, Azad gəlsin.
-Yox, qızım, yox, heç yerim ağrıyıb eləmir. Sən narahat olma. Qocalarda hərdən belə şeylər olur -deyib gülümsəməyə çalışdı.
Kişinin süni gülüşünü Səlminaz hiss elədi. Həmişə mehriban görünən, sirində-sifətində təbəssüm olan Rəcəb kişinin əhvalı dünəndən dəyişmişdi. Bu gün isə özündə-sözündə deyildi. İştahadan da kəsilmişdi. Ötən illər ərzində daim sağlam və gümrah görünən, iştahası həmişə dişinin altında olan qoca bu gün çörək yeməmişdi. Sifəti avazımış, şuxluğu itmiş, qaraqabaq olmuşdu. Hər bir çətinliyi asanlıqla yoluna qoyan Rəcəb kişi bu gün naçar qalmışdı.
-Dədə, saa noluf axı? De də, biz də bilək -deyə gəlin təkrar soruşdu, -bəlkə ürəyin nəsə istiyir, de bişirim.
-Ürəyim heç nə istəmir, qızım, elə bil bir dəvə yemişəm. Toxam. Qəti iştaham yoxdur, ay bala -dedi. Rəcəb kişinin səsindəki kövrəkliyi duyan gəlin mütəəssir oldu. Özündən asılı olmayaraq, qeyri-adi bir hərəkətlə yaxınlaşıb qayınatasını qucaqladı, üzündən öpdü.
-Saa bir şey olsa özümü öldürərəm, dədə,-dedi.
Doğma qızı qədər sevdiyi gəlininin belə səmimi nəvazişindən kişinin gözləri yaşardı.
-Çox sağ ol, qızım -dedi, -Allah hərəyə bir ömür payı verib. Heç kim o kişinin yazdığını pozub nə artıq yaşaya bilər, nə də əksik. Mənə gəlincə isə yenə deyirəm, ağrıyan yerim yoxdur. Sağ-salamatam. Deyəsən, bir balaca soyuqlamışam, o da keçib gedər.
Sonra əyilib gəlininin alnından öpdü.
-Ananın südü sənə halal olsun, qızım -deyib həyətə düşdü. Sarıca onu görən kimi quyruq buladı. Rəcəb kişi əyilib adəti üzrə itin başını tumarladı. Bu ötən beş il ərzində Sarıca böyüyüb, ətə-qana dolub, həyət-bacanı qoruyan ağıllı bir itə çevrilmişdi. Tumarlandığından xoşhallanan Sarıca Rəcəb kişinin əllərini yaladı. Sonra görüşürmüş kimi qabaq sağ ayağını qaldırıb kişiyə sarı uzatdı.
Ötən bu vaxt ərzində Sarıcadan bu həyət-bacaya, bu evə heç bir ziyan dəyməyib. Əksinə gəlinin yaxın köməkçisi olub. Rəcəb kişi bağda-bostanda, Azad işdə, Azər məktəbdə olanda tək qalan gəlin yuyub sərdiyi buğdanı və ya yunu toyuq-cücədən qorumağı Sarıcaya "tapşırardı". O da həyətdə, palaz üstə sərilmiş buğdanın, ya da yunun yanında oturub toyuq-cücənin yaxınlaşıb eşələməsinə imkan verməzdi.
Səlminaz hətta körpə qızını da Sarıcaya etibar edirdi. Evdə heç kim olmayanda, yay aylarında körpəni həyətdə sərdiyi palaz üstə oturdar, Sarıcanı da çağırıb körpənin keşiyində qoyardı. Sonra arxayınlıqla ev işləriylə məşğul olardı. Sarıca da uşağın yanında oturar, onu qoruyar, lazım gələrsə min oyun çıxarıb uşağı darıxmağa, ağlamağa qoymazdı. Bütün ailə üzvlərinin sevimlisinə çevrilmiş Sarıca bir dəfə Azərdən küsmüşdü.
Yazın axır ayı idi. Rəcəb kişi eyvanda oturub sürahiyə söykənərək gəlinin süzdüyü təzə dəm çayı həvəslə içirdi. Hər il olduğu kimi, bu il də Səlminaz bir müddət yığıb topladığı yumurtaları yazbaşı kömürlə xətləyib-hamısı bala, bir fala, — deyərək kürt düşmüş toyuqların altına qoyaraq basdırmışdı. Toyuqların altına qoyulmuş yumurtalardan təkcə biri fala çıxmış, qalanları isə bala vermişdi. Səlminazın arzusu yerinə yetmişdi. Rəcəb kişi bunu gəlininin ürəyi təmizliyindən irəli gəldiyini hesab edirdi. Bu il də həyət-baca toyuq-cücə ilə dolu idi. İl boyu ət almağa ehtiyac qalmayacaqdı. Sarıca həyətdə, tut ağacının altında oturub eşələnən kürt toyuqları, analarının yanında gəzişərək civildəşən cücələri seyr edir və sanki, onların qarovullarını çəkirdi. Cücələrdən biri həyətin ortasından keçən arxa düşdü. Bostanı suvarmaq üçün Rəcəb kişi səhər tezdən kəndin yuxarı başındakı çaydan bəndi açıb arxa su buraxmışdı. Arxa düşən cücəni su aparırdı. Sarıca bir göz qırpımında arxa yaxınlaşıb cücəni ağzına götürdü, kürt toyuğun yanına gəlib cücəni yerə qoymaq istəyirdi ki, məktəbdən qayıdan Azər qapıdan həyətə girdi. Bunu görən Azər əsəbiləşdi, Sarıcaya yaxınlaşıb çox vaxt əlində gəzdirdiyi çubuqla itin yanına vurdu. Sarıca bunu gözləmirdi. Birinci dəfə, özü də günahsız olaraq vurulduğu üçün "pərt" oldu. İncik bir səslə zingildədi. Gedib pilləkənin ayaqları altında oturdu.
-Niyə vurdun onu, ay oğul -deyən Rəcəb kişi eyvandan səsləndi.
-Görmürsən baba, cücəni yemək istəyirdi. Məni görüb yerə qoydu. Tərifləmişik deyən başımıza çıxacaq?
-Elə deyil, oğul. Cücə arxa düşmüşdü. O da cücəni arxdan götürüb kənara qoydu. Yoxsa suda boğulub öləcəkdi. Nahaq vurdun onu, bala. O, vurulası it deyil. Deyərdim hətta bəzi adamlardan da ağıllıdı,-dedi Rəcəb kişi.
Azər bilmədən tutduğu işə peşman oldu. Könlünü almaq üçün Sarıcanı səsləyib ona əl elədi, yanına çağırdı. Belə hallarda həmişə sevinə-sevinə Azərə yaxınlaşan, onunla qol-boyun olub süpürləşən, göy otların üzərində bir-biri ilə o ki, var yorulana qədər çarpışan Sarıca indi Azərə yaxın gəlmədi. Yenə incik bir səslə zingildəyib yerə sindi, qabaq sağ ayağını qaldırıb, gözünün qabağına tutdu. Sanki Azəri görmək istəmirdi. Azər ona yaxınlaşdı, yenə dil töküb səslədi. Bu dəfə Sarıca oradan uzaqlaşıb tövlənin qabağındakı quraqlığa getdi. Yerə sinib, xəcalətli iş tutubmuş kimi yenə əli ilə gözünün qabağını tutdu.
Bu minvalla Sarıca bir həftəyə qədər Azərlə "danışmadı". Hərdən Azər ona yaxınlaşıb boyun-boğazını qucaqlamaq, onu oxşamaq istəyəndə Sarıca Rəcəb kişiyə sığınardı. Və ya həyətdə kimsə olmayanda Azərdən uzaqlaşar, ona yaxınlıq verməzdi. Bundan bir neçə gün keçmiş Azər tərli-tərli soyuducudan buzlu su içdiyi üçün xəstələnmiş, boğazı şişmiş, hərarəti qalxmışdı. Atası dava-dərman edərək müəyyən vaxt ona yataqdan qalxmağa icazə verməmişdi. Bir-iki gün həyət-bacada Azəri görməyən Sarıca darıxmağa başlamışdı. Və bir gün pilləkəni qalxıb evə girdi, oturanlara diqqətlə baxdı, ona mane olmadıqlarından ürəkləndi, otağa göz gəzdirdi. Çarpayıda uzanmış Azəri görüb ona yaxınlaşdı. Qabaq ayaqlarını qaldırıb çarpayının qırağına qoydu, Azərin əllərini, üzünü yalayıb hüznlü bir səslə zingildədi. Bundan riqqətə gələn Azər özünü ağlamaqdan zorla saxladı, Sarıcanın boynunu qucaqlayıb üz-gözündən öpməyə başladı.
Sarıcanın belə mehribanlığından xoşhallanan Rəcəb kişi üzünü Azərə tutdu:
-Görürsən oğul, bu heyvanın sədaqətini, ağlını. Sənə deməmişdimmi bu it bəzi adamlardan etibarlıdır, ağıllıdır,-dedi.
-Hə, baba, doğru deyirsən. Özü gəlib mənimlə barışdı. Xəstələnib yatmasaydım bəlkə də məni bağışlamazdı.
-Oğul, insan gərək dostu dar gündə sınasın. Dar günündə, ağır anında sənə yaxın durmayan dostdan dost olmaz. Görürsən dar günündə Sarıca küsülülüyünü unutdu, sənə yaxınlaşdı. Deməli, etibarlı "dostdur..."
...Əlini Sarıcanın başından çəkib ayağa qalxdı. Yenə müxtəlif fikirlərə qərq oldu. Harasa getmək istəyirdi. Ancaq hara? Deyirlər insan ömrü başa çatanda bunu bəzən qabaqcadan duyur, dərk eləyir, ötən illəri bir-bir xəyal süzgəcindən keçirib necə yaşadığını öyrənmək istəyir.
İnsanın insan kimi yaşaması üçün dörd əsas amilə sahib olmalıdır, müdriklik, ədalət, dəyanət və səbir. Bu amilləri özündə cəmləşdirənlər sədaqətli olurlar. Bəzən ədalət olan yerdə məğlubiyyət də olur. Lakin bu məğlubiyyət müvəqqətidir, çalınacaq qələbəyə bir hazırlıq, bir başlanğıcdır.
Belə şeyləri fikirləşib filosofluq edən Rəcəb kişi bir yerdə qərar tutmurdu. Hara, niyə darıxdığını dərk eləmək, səbəbini öyrənmək üçün baş sındırsa da, heç nəyə nail ola bilmirdi. Tez-tez həyətin qapısına baxır, oğlu Azadın, nəvəsi Azərin yolunu gözləyirdi. Bayaqdan kiçik nəvəsi, iki yaşlı Süsəni dəfələrlə bağrına basıb, duz kimi yalamışdı. İndi isə bütün qohum-əqrəbanı görmək, dost-tanışla kəlmə küsmək istəyirdi. Uzun illərin arxasından boylanıb, uşaqlıq, yeniyetməlik, gənclik illərini yada saldı, xatırladı. Ötən bu illər ərzində kiməsə pislik, mərdimazarlıq etmədiyindən, hamıya qahmar durduğundan, heç olmasa ən azı mənəvi dayaq olduğu üçün dünyasını dəyişib əbədiyyətə qovuşandan sonra qədirbilənlər tərəfindən hörmət və ehtiramla yad ediləcəyini düşünüb rahatlaşdı.
Ermənilərin törətdikləri murdar əməllər, arada gəzən söz-söhbət onu son zamanlar lap zinhara gətirmişdi. Bütün kənd adamlarının əlində bir kəsənti, bir silah qoymamışdılar. Sülh, əmin-amanlıq yaratmaq adıyla hamısını yığışdırmışdılar. Əgər ermənilər öz murdar əməllərini yerinə yetirmək, yerli əhalini qovub kənddən çıxarmaq üçün qəfil hücum etsələr onların qabağına çıxmağa əllərdə bir quş tüfəngi də yox idi. Xankəndində və Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmamışdı. Hamısı iki ay ərzində ermənilər tərəfindən vəhşicəsinə qovularaq doğma yurdlarından didərgin düşmüşdülər. Ötən son üç il ərzində nə qədər çalışsalar da, ermənilərin başqa rayonlara dişi batmamışdı. Lakin bundan bir həftə qabaq kəndə yayılmış xəbər Rəcəb kişini sarsıtmışdı. Deyilənlərə görə ermənilər əhalini kənddən qovmaq üçün məqam axtarırlar. Neçə vaxt hazırladıqları planı həyata keçirmək vaxtını planlaşdırıblar. Hətta kənddə yaşayan azərbaycanlılara xəbər veriblər ki, öz xoşunuzla çıxın gedin, yoxsa aqibətiniz pis olacaq. Bu haqda mərkəzə məlumat verilsə də, bir nəticə hasil olmayıb. "Yerinizdən tərpənməyin, kömək göndəriləcək" deməklə quru vəd veriblər. Heç kəs onlara qəfil hücum olunacağına, alçaqcasına kənddən qovularaq dünyada misli görünməmiş vəhşiliklə qətllər törədiləcəyinə inanmırdı. Rəcəb kişi isə,-ölüm də, dirim də bu kənddə qalacaq deyərək öz qəti qərarını vermişdi. Doğma yurdunu atıb getməyi ağlına belə gətirmirdi.
Lakin dünəndən keçirdiyi nigarançılıq artıq onu üzməkdə idi. Yaxınlaşmaqda olan faciəni sanki, qeyri-təbii bir hisslə duyub dərk edir, balalarının xilası üçün yollar arayıb baş sındırsa da bir qərara gələ bilmirdi.
Elə bu an həyət qapısı döyüldü. Sarıca qulaqlarını şəkləyib gözünü qapıya zillədi.
-Ay oğul kimsən? Keç içəri qapı açıqdı -deyə Rəcəb kişi gələni səslədi. Bala qapı ehtiyatla açıldı, əvvəlcə Surenin yekə, çopur burnu, sonra isə həmişə tüklu olan, indi isə saqqallı sifəti göründü. Silahdaşları ilə saqqal saxlayan Suren bütün Qarabağı türklərdən tamam təmizləyənədək saqqallarını qırxmamağa and içmişdilər. Rəcəb kişi onu saqqal saxladığına görə gec tanıdı. Bir də beş ilə yaxın idi ki, kənddən getmişdi. Bu vaxt ərzində axtarışda olsa da, onun nə ölüsündən, nə də dirisindən xəbər vardı.
Sarıca Sureni görən kimi dişini qıcıyaraq ildırım sürətiylə onun üstənə şığıdı. Suren cəld bayıra çıxıb qapını arxasınca bağlayaraq əli ilə tutdu. Sarıca darvazaya çatdı, bayıra çıxmağa yer tapmadı. Gücü gəldikcə tullanıb çəpərdən o tərəfə keçməyə çalışdı. Dəfələrlə həmlə etsə də, çəpər hündür olduğundan istəyinə nail ola bilmədi. Qapını dırnaqları ilə cırmaqlayır, çölə çıxıb Sureni parçaparça etməyə can atırdı. Rəcəb kişi bir anlığa nə baş verdiyini başa düşmədi. Sarıcada belə haləti birinci dəfəydi görürdü. Təəccüblə itə yaxınlaşdı. İtin tükləri qabarmış, burun pərələri genişlənmişdi. Qızarmış, şişib böyümüş gözləri sanki, bu dəqiqə yerindən çıxacaqdı. Açıq qalmış cəhəngləri arasından görünən qılınc kimi iti dişləri qabağına keçəni didib-parçalamağa hazır idi. Rəcəb kişi Sarıcanı səsləsə də, it ona əhəmiyyət vermirdi, bayıra çıxmağa, bayaq görən kimi tanıdığı Sureni parçalamağa can atırdı.
Səsə çölə çıxmış Səlminaz qucağında uşaq bu mənzərəyə tamaşa edir, gözlərinə inanmaq istəmirdi. Həmişə həyət-bacada sakit gəzib-dolanan Sarıca qapıya gələni tanıyardısa, mehriban səslər çıxarar, sanki, onu salamlayardı. Yox, əgər tanımadığı adam olardısa, bir-iki ağız hürüb ev yiyəsini xəbərdar edərdi. Bu günə kimi bu həyətə qəfil gələn kiminsə uşağına dəyib-dolaşmamış, heç kimə bir ziyanlıq vurmamışdı. Ancaq həmişə ayıq-sayıq olan, xüsusilə gecələr yatmayan Sarıca həyət-bacanı yad nəfəsdən qorumuş, özünü bu ailənin sadiq keşikçisi kimi aparmışdı.
Rəcəb kişiyə bir də qəribə gələn o idi ki, Surenin qızı Siranuş bu həyətə gələndə hələ o, bayırda olarkən Sarıca iy bilirmiş kimi qapıya yaxınlaşır, həyətə girən qızın ayaqlarına sarmanır, dil açıb danışırmış kimi qəribə, mehriban səslər çıxarırdı. Siranuş da aşağı əyilib itin başını bağrına sıxar, onu tumarlamaqdan doymazdı. Bundan xoşhallanan Sarıca qızın balaca, ağ, toppuş əllərini öpürmüş kimi ağzına salar, yanaqlarını yalayardı. Siranuşa həmişə belə mehribançılıq göstərən Sarıca bu gün, qızın atası Sureni parçalamaq üçün dəli kimi, quduzlaşmış kimi bayıra can atırdı.
Rəcəb kişi itin bu hərəkətlərindən şübhələndi. Sarıcanı sakitləşdirə bilmirdi. Qapıya gələni də geri qaytarmaq olmazdı. Elə buna görə də,
-A bala, bir dəqiqə gözlə iti bağlayım,-dedi.
-Gozlayiram Rəcəb kişi, golayiram -deyə Suren bayırdan səsləndi.
Rəcəb kişi Sarıcanın boynundan yapışıb kənara çəkmək, qapıdan çıxıb Surenlə görüşmək istəsə də, it onun əlindən çıxıb özünü qapıya birinci çatdırmışdı. Rəcəb kişidə yenidən şübhə oyandı, Sarıcanın quduzlaşdığını düşündü. Odur ki, iti bağlamaq qərarına gəldi.
Tövlədə istifadəsiz qalmış metr yarımlıq zənciri gətirib tələmtələsik Sarıcanın başına bağladı. Sonra onu zorla darta-darta onun üçün tikilmiş it damının qabağına gətirdi. Zəncirin o biri ucundakı nisbətən iri halqanı yerə qoyub ortasından əlində tutduğu hazır ağac mıxçanı balta ilə torpağa vurdu. Ömründə ilk dəfə boynuna zəncir keçirilən Sarıca incik bir nəzərlə Rəcəb kişiyə baxdı. Sonra dünyadan incimiş, küsmüş kimi çəkilib damına girdi.
Yaxınlaşıb bala qapını açan Rəcəb kişi Sureni həyətə buraxdı. Xoş gəlmisən elədi.
-Xoş günün olsun Racab dayı,-deyən Suren məkrli baxışlarla kişini başdan-ayağa süzdü. Suren ötən gün, heç kim görməsin deyə gecə yarısı Akopyanla bu kəndə evlərinə gəlmiş, bu gün, elə bu axşam törədiləcək vəhşiliyin planını qurub-hazırlamaqla məşğul olmuşdular. Bu həyətə gəlməkdə məqsədi isə özünü Rəcəb kişiyə göstərmək, sağ-salamat olduğunu, həbsə də alınmadığını ona bildirmək, ondan intiqam almaq, onu sarsıtmaq idi. Lakin Akopyanın öyrətdiyi kimi, düşmənini duyuq salmamaq üçün ürəyində bir cürə fikirləşir, dili isə başqa şey danışırdı.
-Ara, Racab kişi bu na itdi belə, lap adam yeyana oxşayır ha.
Surenin gəlişindən yaxşı heç nə gözləməyən Rəcəb kişi onu sancmaq üçün kinayəli cavab verdi.
-Beş il bundan qabaq sənin həyətində öldürdüyün və balalarını diri-diri ölmüş anasıyla bir yerdə basdırdığın küçüklərdən biridir.
Suren o zaman qaçıb ot tayasının altında gizlənmiş küçüyü xatırladı.
-Pas bunu sizə kim verib? -deyə soruşdu.
Rəcəb kişi Siranuşun adını çəkmədi. Əgər çəksəydi bu iblis cildinə girmiş pəzəvəng qızı da olsa onu cəzalandıracaqdı.
-Həmin axşam Azər sizin qapıdan keçirmiş, həyətinizdən səndələyə-səndələyə çıxan küçüyü görür, yazığı gəldiyi üçün götürüb onu evə gətirir. Heyvanciyəzi kimsə vurub əzmişdi. Yazıq bir həftəyə çətinliklə özünə gəldi. Görürsən, keçmiş bu beş il ərzində böyüyüb, ağıllı bir it olub. Hətta deyərdim bəzi adamlardan da ağıllı və etibarlıdır,-dedi Rəcəb kişi.
Rəcəb kişinin istehzasını başa düşən Suren;
-Duz deyirsan Racab kişi, ağıllı heyvanlar çoxdu. Ela insanlar da. Amma kimin daha ağıllı olduğu gec uza çıxır, gec bilinir -dedi və məkrlə, rişxəndlə hırıldadı. Sonra həyət-bacanı nəzərdən keçirdi. Axşam baş verəcək hadisədən sonra bu evdə, bu həyətdə talan olunacaq şeylərin yerini bəllədi, nişanladı. Suren bu gün bir neçə həyətə baş çəkmiş, ailələrlə görüşmüş, onların hiss və həyəcanından xüsusi ləzzət almış, talan olunacaq malların, qiymətli şeylərin yerını ayırd etmişdi. Akopyanın tapşırığı ilə iri, yaraşıqlı evləri dağıtmamaq, qarət və zəbt etmək qərara alınmışdı. Kiçik, balaca, kasıb daxmaları isə mərmi atəşinə tutmaq, gülləbaran edib yandırmaq, sakinləri vahiməyə salmaqla kənddən qovmaq planlaşdırılmışdı. Rəcəb kişinin kinayəli danışığından sonra Suren birinci mərmini elə Rəcəb kişinin evinə atmağı, bu ailəni yerli-dibli məhv etməyi qərara aldı.
-Yaxşı, niyə gəlmisən? deyə Rəcəb kişi soruşdu.
-Bayam galmax olmaz Racab kişi, oz elimiz, oz obamızdı da.
-Deyirəm, bizə niyə gəlmisən? Buralı olduğunu bilirəm.
-Sizə galdım gorum necasız, Racab kişi. Sanki bilirsan sizi çox istayıram dedi və güldü Suren.
-Əgər bizi belə sevirsizsə, niyə öz doğma yurdumuzdan qovmaq istəyirsiniz?
-Racab dayı, sizi burdan qovanın yeddi başı olmalıdı. Man hala olmamışam ki, kimsa galıb sizi burdan qovsun. Buna imkan vermaram.
Surenin danışığındakı kinayəni açıq-aydın sezən Rəcəb kişi əsəbiləşdi. Hirslə;
-Başqa sözün var mənə? deyə soruşdu.
-Yox, Racab kişi, sana heç bir sozum yoxdur. Galmışdım sana başa çakım, əhvalını soruşum. Allaxa şukur lap yaxşısan. İtin da yaman baddi,-deyən Suren yenidən həyətə göz gəzdirdi. Hər tərəfi nifrətlə süzdü.
-Yaxşı, salamat qal Racab dayı, man getdim deyib qapıya yaxınlaşdı, qapını açıb geri boylandı:
-Racab dayı Arzumanyan indi Stepanakertdə milis rəisi işləyir. Kepi də sazdı. Pındıq kimi dedi və sağ əlini yumub baş barmağını qaldırdı Bax, bela.
Kişinin başına sanki, bir qazan qaynar su tökdülər. Xeyli vaxt yerindən tərpənə bilmədi. Bayaq ürəyinə gələnlər indi başına gəlirdi. "Deməli, bu alçaqlar əməlli-başlı hazırlaşıblar. Suren də bu həyətə elə-belə gəlməmişdi. Məqsədi nəyisə öyrənmək, bir də məni sancmaq idi."
Havanın şaxtalı olmasına baxmayaraq evə çıxmadı. Quraqlıqda, doğranmış odun parçalarının üstündə oturub uşaqlarının yolunu gözlədi. Xeyli vaxtdan sonra əvvəlcə Azər, sonra Azad gəlib çıxdılar.
Azad Sarıcanın bağlandığını görüb təəccübləndi:
-Dədə, bu iti niyə bağlamısan? deyə soruşdu.
-Doğrudan a, heç bayaqdan fikir vermirəm, elə bilirəm girib damında yatır,-deyən Azər babasının üzünə baxdı. Sarıca nəsə eliyib baba?
-Yox, bala, heç nə eləməyib. Suren bura gəlmişdi. Sarıca az qaldı onu parçalasın. Görünməyən bir iş idi. Elə bil heyvan onu görən kimi quduzlaşdı. Mən də tutub zəncirlədim.
-Əşi, parçalayar da. Suren alçaq onların başına nə oyun açıb?! İtin yaddaşı yoxdu bəyəm,deyən Azad Surenin qarasına danışdı. Bir də o əclafın bizdə nə işi vardı? O vicdansız bura yaxşılığa gəlməz?!
-Düz deyirsən bala, gəlmişdi məndən muştuluq almağa.
-Necə yəni muştuluq almağa? Nə xəbər gətirib ki?
-Bir az çərənlədi, sonra da dedi ki, Arzumanyan indi Xankəndinə milis rəisi təyin edilib. Görürsən oğul, bunların hamısı bir bezin qırağı imiş. Təkcə, düzlər, yaxşılar o fağır-fuğurlardı.
-İti açmayaq baba, - deyə Azər soruşdu.
-Yox, bala, qoy bu günlük bağlı qalsın. Hirsi-hikkəsi soyusun. Gələn-gedən olar, kimisə tutub bir ziyanlıq törədər,-dedi Rəcəb kişi.
Azər dama yaxınlaşıb Sarıcanı səslədi. Sarıca bir az da damın küncünə sığınıb Azərə qəmli-qəmli baxdı.
Evə çıxdılar. Axşamın düşməsinə lap az qalırdı. Kənddə bir sakitlk hökm sürsə də hamı təşviş içindəydi.
Qayınatasının dünəndən çörək yemədiyini nəzərə alan Səlminaz Rəcəb kişinin ən çox sevdiyi döşəməli aşı bişirib dəmə qoymuşdu. Rəcəb kişi gəlininin bişirdiyi bütün xörəkləri tərifləyərək iştahla yeyər, sonra da, Sağ ol, qızım, Allah səni bu evə çox görməsin deyərdi.
Dünəndən çayla başını girləyən Rəcəb kişinin indi çay içməyə də həvəsi qalmamışdı. Elə bil dünya malından gözü doymuşdu. Nə yemək istəyirdi, nə də içmək. Həyatın amansız, yazılmamış qanunlarından yaranmış dünya dərdi-sərini içinə salıb dəyirman kimi üyüdür, bu haqsızlıqları yönünə-yöndəminə qoymaq üçün çox fikirləşsə də bir nəticəyə gələ bilmirdi.
-Heç olmasa çayını iç, dədə dedi Səlminaz və bayaqdan süzüldüyü üçün soyumuş çayı yenisi ilə əvəz etdi.
-Düz deyir də, dədə, çaysız-çörəksiz qalmağın nəyə xeyri var axı. Hamı necə, biz də elə, nə olacaq, olacaq deyən Azad atasının üzünə baxdı. «Özün demirdin, elinən gələn bəla toy-bayram olar» - dedi.
-Oğul, baxır bəlaya, bu bəlanı heç cürə udmaq, ellikcə olduğundan təskinlik tapıb sakitləşmək olmaz. Bu dünyanı itirə-itirə gəlirik bala, kimi var-dövlətini itirir, kimi də arını, namusunu. Belə çıxır ki, biz indi hər şeyimizi birdən itirməliyik, var-dövlətimizi də, ar-namusumuzu da.
-Bizim namusumuza heç kim toxuna bilməz, dədə.
-Qarabağı itirməklə həm var-dövlətimizi itiririk, həm də namus və qeyrətimizi. Torpaqsız Vətən, vətənsiz xalq olmaz oğul. Bu gün Qarabağa göz dikən, sabah Bakıya və bütün Azərbaycana göz dikəcək.
-Dünya dərəbəylik deyil, dədə, vaxt gələcək bu yaramazlar törətdikləri əməllərin peşmançılığını çəkəcəklər. Və bir də hələ ki bir şey yoxdur niyə təşviş keçirirsən dədə. Arxasız-dayaqsızıq bəyəm?
-Mən heç nədən qorxmurdum oğul. Ancaq bu gün Surenin bu həyətə gəlməsindən üşərgələndim. Neçə ildi cani kimi axtarışda olan Surenin birdən-birə peyda olması, dediyinə görə dörd il bundan qabaq şiddətli töhmətlə işdən çıxarılmış Arzumanyanın Xankəndinə milis rəisi təyin edilməsi mənə çox şey anlatdı. Belə çıxır ki, Qarabağ əldən gedəcək.
-Buna inanmıram dədə, bizimkilər buna heç vaxt yol verməzlər,-dedi Azad.
-Qaradan da tünd rəng var oğul?! Baş vermiş bu qədər hadisələrə nə deyirsən?
Azər dirsəklərini stola dayaq edib çənəsini əlləri arasına almışdı. Babası ilə atasının danışdıqlarına öz uşaq marağı ilə qulaq asır, söhbətlərinə müdaxilə etmirdi. Səlminaz Süsəni yedizdirib yatmaq üçün balaca çarpayısına qoymuşdu.
Axşamdan xeyli keçmişdi. Gəlin döşəmə plovu boşqablara çəkib stola düzdü. Rəcəb kişinin, həmişə bişmiş aşdan gül iyi gələr dediyi kimi plovun xoş, iştah açan ətri otağa doldu. Azadla Azər iştahla yeməyə girişdilər. Rəcəb kişi könülsüz əlini qaşığa aparmışdı ki, çöldən dəhşətli partlayış səsi gəldi. Zərbdən pəncərələrin şüşələri çilik-çilik oldu. Süsən qışqıraraq yerindən dik atıldı. Hövlnak çölə çıxan Rəcəb kişi ilə Azad həyətlərinin sol tərəfində, xeyli aralıda, çəpərin beş metrliyində tüstü qalxan dərin bir çuxur gördülər. Partlamış mərminin qığılcımından od almış çəpərin şöləsi hər tərəfi qırmızıya boyayaraq, vahiməli bir mənzərə yaratmışdı. Ətrafdan, lap uzaqlardan gələn qarmaqarışıq səslər bu vahiməni bir az da artırır, insanda bir çaşqınlıq yaradırdı.
Rəcəb kişi bir anlığa hər şeyi götür-qoy etdi. Dünəndən ağlına gələnlərin bu gün başına gəldiyini yəqinləşdirdi. Surenin naşı hesablamalarına əsasən Rəcəb kişinin evinə tuşlanaraq atılmış mərmi xoşbəxtlikdən hədəfə dəyməmiş, yan keçmişdi. Azad çaşqın və sualedici baxışlarla atasının üzünə baxdı. Rəcəb kişi:
-Hər şey aydındır, oğul dedi. Uşaqları götürüb tez aradan çıxın. Meşəliklə gedin, çölləmə getsəniz arxadan vurar bu alçaqlar sizi. Bax, bu tərəfi görürsən deyib əlini sağ tərəfə uzatdı. Palıdlı meşəni deyirəm. Yol qırağı, ancaq meşə içi qaçın. Yola çıxsanız görüb güllələyəcəklər sizi. Yəqin bütün kənd qaçır, kimi görsəniz özünüzlə aparın. Dediyim səmt qonşu rayona ən yaxın və rahat məsafədir. Nəbadə yola və ya açıqlığa çıxasınız.
Azad eşitdiklərini yəqinləşdirmək üçün atasının üzünə diqqət və həyəcanla baxdı:
-Yəni deyirsən bunlar bizi qovacaqlar kənddən?!
-Artıq qovurlar, oğul. Özü də vəhşicəsinə qovurlar. Elə buna görə də öz murdar niyyətlərini bu gecənin qaranlığına saxlayıblar, bala. Artıq sual-cavabın, götür-qoyun yeri deyil. Uşaqları qalın geyindirin hava soyuqdur. Gözləməyin yeri deyil, tələsmək lazımdır. -Ata, bəs sən getmirsən bizimlə?! Qalmaq istəyirsən?!
-Siz olmayandan sonra mənim buralarda nə işim var. Dediyim odur ki, məni gözləməyin. Arvad-uşağı tez aradan çıxarmaq lazımdır. Namusu ələ vermək olmaz, oğul. Mən də mal-qaranı açıb buraxacam, heyvan olanda nə olar ki, onları bu odun-alovun içində başıbağlı qoymaq olmaz. Sonra gəlib sizə çataram. Bir şərtlə ki, mən dediyim yolla, yol qırağı, meşəiçi gedin. Yolda ləngiyib məni gözləməyin, ola bilsin ki, mən sizinlə ayaqlaşa bilməyəm.
-Ata, mən səni burda qoyub heç yana gedən deyiləm!
-Azad, oğul, Səlminazı, Süsəni fikirləş, namusumuzu qoru, papağımızı yerə soxma. Dedim ki, çatacam sizə.
Evə girdilər. Azərlə Süsən həyacandan və qorxudan tir-tir əsən Səlminaza sığınmışdılar. Nə baş verdiyini dərk etməyən uşaqlar alacalanmış gözlərini bir-bir böyüklərin üzündə gəzdirir, düşündükləri suallarına cavab axtarırdılar. Hələ günortadan kəndin işıqları kəsildiyi üçün Səlminaz ehtiyat saxladığı lampanı yandırmışdı. Nöyütü qurtarmaq üzrə olan lampanın piltəsi ətrafa zəif işıq salır, yaranmış vahiməni bir az da artırırdı.
Azad atasının təkidi ilə uşaqları götürüb həyətdən çıxmağa məcbur oldu. Yollar, kəndin içi və ətrafı adamlarla dolu idi. Çoxu nə baş verdiyini hələ də dərk etmədiyi üçün ayağıyalın, başı açıq küçəyə çıxaraq ora-bura vurnuxurdular. Ara-sıra partlayan mərmilər, atılan güllələr, adamların səs-küyü gecənin şirin yuxusuna haram qatmışdı. Bəzi alışıb yanan evlər kəndi qırmızıya, qan rənginə boyamışdı. Məsələdən hali olub, paltarını geyinib kənddən qaçanlar da var idi. Azad ailə-uşaqlarıyla birlikdə bir neçə adama qoşulub atasının məsləhət bildiyi yol qırağı, meşəiçi ilə qaçmağa başladılar.
Rəcəb kişi uşaqları tələsik yola salandan sonra tövləyə girdi, malları, qoyunları açıb çölə buraxdı. Quraqlıqdan kənarda dayanıb alışıb-yanan çəpərə tamaşa elədi. Çəpərin xeyli hissəsi yanmışdı. Alov artıq tövləyə yaxınlaşırdı. Malları açıb buraxmasaydı bir azdan heyvanlar da alışıb yanacaq, tövlədə zülmlə məhv olacaqdılar. Şübhəsiz, bu od-alov sonra quraqlığa, oradan isə evə keçəcək, əcəb kişinin varidatını xarabaya çevirəcək.
İllər boyu dişiylə, dırnağıyla tikib yaratdığı, bir azdan yanub külə dönəcək xanimanına həsrətlə baxan Rəcəb kişi dərindən köks ötürdü. Pula, qızıla həris olmadığı üçün əlinə keçəni evə, evin rahatlığına xərcləmiş, mülkünü xalılarla, gəbələrlə, yaxşı yorğan-döşəklə, qiymətli, rahat mebellərlə təmin etmişdi. Oğlu Azad da atasının yolunu gedərək əlinə gələn pulu yığmamış, yalnız evə xərcləmiş, yaxşı yaşamaq üçün hər bir şərait yaratmışdı. İndi isə uşaqların yalnız paltarını geyindirib evdən çıxmışdılar. Özləri ilə heç nə apara bilməmişdilər. Bütün var-dövlət bir azdan yanaraq məhv olacaq bu evdə qalmışdı. "Təki uşaqlarıma bir şey olmasın. Sağ-salamat aradan çıxa bilsəydilər heç dərdim olmazdı"-deyə düşündü Rəcəb kişi.
Uşaqlarına çatmaq üçün bayaqdan açıq qalmış həyət qapısına yaxınlaşdı. Qapıya çatmışdı ki, həyətin o biri başında, alma ağaclarının yanında topa dayanmış malların arasından qızıl inəyin mələrtisi ayaqlarını yerə mıxladı. Ömründə belə məzlum mələrti eşitməmişdi. Ya, həqiqətən inək hürküyə düşdüyündən belə, yanıqlı səslə mələdi, ya da bu səs Rəcəb kişinin qulaqlarına belə kövrək çatdı. Bilmədi. Ancaq onu bildi ki, inəyin səsində bir yalvarış, bir inilti, bir şikayət var. Geri qayıtdı, heyvanları sürüb həyətdən çıxarmaq istədi. Lakin ürəyi gəlmədi. Ev yansa da, həyət geniş olduğu üçün mallara bir şey olmayacaqdı. Qızıl inəyə yaxınlaşdı, heyvanın təlaşla baxan gözləri yaşarmışdı. Rəcəb kişi dəhşətə gəldi, inəyin boynunu qucaqlayaraq hönkürməyə başladı. Ömründə ağlamayan Rəcəb kişi uşaq kimi hönkürür, sanki, dolmuş ürəyini, içinin göynərtisini acı göz yaşlarıyla yumaq, boşalıb rahatlanmaq istəyirdi.
Bir az yüngülləşmişdi. Alışıb, daha da şövqlə yanan çəpərin şöləsindən həyət-bacada hər şey aydın görünürdü. Heyvanlardan ayrılıb quraqlığa yaxınlaşdı. Odunların üstündə oturub dərin fikrə getdi. Atasını, anasını, həyatından çox sevdiyi, bu etibarsız dünyadan tez getmiş ömür-gün yoldaşını xatırladı. Onların məzarını, bu evdə, bu həyətdə dolaşan ruhlarını kimsəsiz qoyub getmək istəmədi. Onsuz da ayaqlarında taqət, ürəyində təpər qalmamışdı. Uşaqlarına sezdirməsə də, bu ötən iki günün içində tamam qocaldığını, taqətdən düşdüyünü başa düşmüşdü. Sən demə, bir günün fikri, dərdi insanı qocaldarmış. Özü də belə, hər şeyin ağırlığını dərk edən müdrik yaşında.
Başını əlləri arasına alıb nə qədər fikrə getdiyini bilmədi. Birdən Sarıcanın səsi onu xəyaldan ayırdı. Bir neçə dəfə təlaşlı səslə hürüb səs salsa da, iti zəncirdən açıb buraxmağı unutmuşdu. Sarıcanı açmaq üçün ayağa qalxıb quraqlığın altından çıxmaq istəyirdi ki, elə bu an baş verən partlayış onu yerindən qaldırıb torpağa çırpdı. Bu həyətə atılan ikinci mərmi quraqlığın damına düşdüyündən dam uçdu, yerə düşən damın qabaq tiri Rəcəb kişinin hər iki qolunu sındırdı, sinəsinə dəymiş qəlpə onu qanına qəltan elədi. Arxası üstə uzanan Rəcəb kişi huşunu itirdi.
Xeyli vaxtdan sonra özünə gəldi. Nə baş verdiyini müəyyənləşdirmək üçün ətrafa boylandı. Quraqlıq uçaraq yanmağa başlamışdı. Ayağa qalxmaq istədi. Bacarmadı. Sinəsindəki dəhşətli ağrını yoxlamaq üçün əlini qaldırıb sinəsinə gətirmək istədi. Əlləri sözünə baxmadı. Paltarın altından, sinəsindən bədəninə yayılan istinin qan olduğunu yəqinləşdirdi. "Bu da axırım" deyə düşündü.
Dartınaraq zəncirdən açılmağa çalışan Sarıca Rəcəb kişinin yanına can atırdı. Hürür, yeri cırmaqlayır, lakin heç nəyə nail ola bilmirdi. Yiyəsinin belə vəziyyəti ona da ağır gəlirdi.
Rəcəb kişi yenidən ayağa qalxmağa çalışdı. Lakin cəhdi baş tutmadı. "İlahi mənə bir güc ver, heç olmasa bu iti açıb buraxım. Başqa heç nə istəmirəm" deyə düşündü. Ümidi bircə salamat qalmış qıçlarına gəldi. Dabanlarını yerə dirəyərək arxası üstə yavaş-yavaş itin damına tərəf süründü. Nəhayət, itə yaxınlaşdı. İtin boynundan zənciri açmaq istədi. Əlləri yenə sözünə baxmadı. Əlacsız qalıb çətinliklə səmtini dəyişdi, zəncirin o biri başından yerə vurulmuş taxta mıxçanı ayağındakı altı möhkəm çəkmənin dabanı ilə vurub laxlatmağa başladı. Dabanı ilə bir neçə dəfə mıxçanı o tərəfə, bu tərəfə vurub, nəhayət, yerdən çıxardı.
Zəncirinin boşaldığını hiss edən Sarıca Rəcəb kişiyə yaxınlaşıb sahibinin əllərini, üzünü yaladı. İtin belə mehribanlığından kövrələn Rəcəb kişi:
-Məni bağışla, Sarıca dedi Səni zəncirləməkdə səhv etmişəm. Ömründə birinci dəfəydi zəncirlənirdin. Özü də yer üzündə tayı-bərabəri olmayan o alçağa görə. Gərək bağışlamayasan məni Sarıca. Ola bilsin bu da sənin taleyinə yazılıbmış. Bilmək olmur bu dünyanın işlərini Sarıca, bilmək olmur. Bilirsən, Sarıca, bu dünyaya göz açan hər bir insanın bir alın yazısı, bir qismət payı və bir ömür qədəri var. Və Tanrının bizə bəxş etdiyi bu yazıdan, bu qismətdən və qədərdən qaçmaq, qurtarmaq olmaz. Elə bu ömür yolu heyvanlara da aiddir. Bəlkə səhv edirəm. Bilmirəm. Ancaq onu bilirəm ki, bütün canlıları o gözə görünməz yaradır və taleyini, bəxtini də özü verir. Mənimki də bura qədər imiş. Ancaq belə, kimsəsiz öləcəyimi heç ağlıma da gətirməzdim. Bilirəm, məni basdıran da tapılmayacaq. Ancaq öz yurdumda ölməyimə sevinirəm Sarıca. Sevinirəm. Bilirsən, ana yurdu nə qədər şirindir. İnsan yaşlaşanda bunu daha yaxşı dərk edir.
Rəcəb kişinin dediklərini Sarıca sanki başa düşürmüş kimi teztez mehriban, mülayim səslə zingildəyir, sahibinin üz-gözünü yalayırdı.
-Hə, belə işlər Sarıca deyən Rəcəb kişi elə bil ürəyini boşaltmağa, son sözlərini deməyə özündə bir ehtiyac duyurdu. Bilirsən, - dedi, mən də istərdim balalarımın yanında canımı tapşırım, vəsiyyətimi onlara edim, sonra da oğlumun çiynində qəbiristanlığa, son mənzilimə gedim. Ancaq belə olmadı. Vəsiyyətimi sənə etməli oldum. Sən də daha buralarda dayanma, Azadın, Azərin ardınca get, onları tap, onlardan muğayat ol. Sən axı, bəzi insanlardan etibarlısan. Bunu hərəkətlərinlə, davranışınla həmişə sübut etmisən. Di dayanma, tərpən, uşaqları tap. Mən əminəm, sən onları tapacaqsan.
Beləcə, xeyli "söhbətləşdilər". Rəcəb kişi ağır nəfəs alır, son sözlərini qırıq-qırıq deyirdi. Və bir az keçdikdən sonra gözlərini əbədi yumdu.
IX
Sarıca nəfəsi kəsilmiş, cəsədi soyumuş Rəcəb kişinin meyiti ətrafında bir neçə dəfə dövrə vurdu. Sahibinin hənirtisini dinşəmək, səsini eşitmək istəyirdi. Artıq sahibində həyat işartısı qalmamışdı. Bundan məyus olan Sarıca Rəcəb kişinin baş tərəfində şönküyüb cəsədə xeyli baxdı. Sanki, bu həyətə gələn gündən ona qayğı göstərmiş sevimli sahibiylə vidalaşırdı.
Gecədən xeyli keçmiş Sarıca ayağa qalxıb ətrafı dinşədi, səs-səmir yox idi. Təkcə alışıb yanan quraqlığın çırtıltısı eşidilirdi. Alov artıq evə yaxınlaşmaq üzrə idi. Sarıca həyətdən çıxıb kənd yolu ilə Azadgilin ayaq izlərini iyləyə-iyləyə ona məlum olmayan səmtə tərəf gedirdi. Kənd elə bil boşalmışdı, gözə ins-cins dəymirdi. Bəzi yerlərdə alışıb yanan evlərin qırmızı şöləsi görünürdü. Yandırılan evlərin əksəriyyəti balaca daxmalardan ibarət idi. Kəndin qırağında hürküyə düşüb ora-bura vurnuxan bir neçə baş mal-qara gözə dəyirdi. Sarıca onların yanından keçib meşəqırağı yolla getmək istəyirdi ki, birdən partlayış baş verdi. Heyvanların topasına atılmış mərmi bir neçə inəyi, buzovu parça-parça edib tikələrini ətrafa səpələdi. Ay işığı olduğundan ətraf aydın görünürdü. Hər halda atıcı uzaqdan bu heyvanları insan topası hesab etdiyi üçün onlara atəş açmışdı. Yoxsa qarətlə məşğul olan bu soyğunçular onlara sərvət qalmış heyvanları qırmazdılar. Ac olsa da qarşısına tökülən ət parçalarına fikir verməyən Sarıca ildırım sürəti ilə meşəyə girib üzüaşağı qaçmağa başladı. Boynundakı zəncirin o biri başındakı mıxça tez-tez kola-kosa ilişir, onu dartıb saxlayır, bəzən yıxılır, durur və yenə sürətlə qaçmağa, bu ilan yuvasından uzaqlaşmağa çalışırdı. Və birdən qabaq ayaqları boşluğa düşdüyü üçün yuvarlanıb boynundakı zəncirdən asılı qaldı. Zəncirin o biri başındakı mıxça iki daşın arasına keçib Sarıcanı dibi görünməyən dərəyə uçmağa qoymamışdı. Qabaq ayaqları ilə qayanı cırmaqlayır, yuxarı çıxmağa çalışsa da, buna nail ola bilmirdi. Boynundakı zəncirdən asılı qaldığı üçün artıq boğulurdu. Həyatla ölüm arasında qalmışdı. Ölümə təslim olmaq istəmirdi. Son gücünü topladı, bayaqdan qayanın sərt, iti tinlərinin kəsib doğradığı qana boyanmış pəncələrinin ağrısına fikir vermədi, yenidən yuxarı dırmaşmaq üçün pəncələri, dırnaqları ilə ilişik yeri axtardı. Və birdən sağ pənəcsi tutarlı ilişiyə keçdi, güc verərək yuxarı qalxıb canını ölümdən qurtardı.
Dan yeri sökülmək üzrə idi. Sarıca meşədən çıxıb yolla irəliləyirdi. Hara getdiyini heç özü də bilmirdi. Azadgilin ayaq izlərinin iyini də itirmişdi. Kimsəsiz, yiyəsiz qaldığından həyat gözündə heçə dönmüşdü. Elə-belə harasa getmək, qan qoxulu, ölüm saçan bu yerlərdən uzaqlaşmaq istəyirdi. Arxasınca sürünən zəncirin o biri başındakı mıxça tez-tez nəyəsə ilişdiyindən onu zinhara gətirmişdi. Bircə bu zəhrimardan azad olsaydı heç dərdi olmazdı. Başqa sahibsiz, səllimi itlər kimi harda gəldi başını saxlaya biləcəkdi. Bu günə düşməsinə bais olan Sureni yenidən nifrətlə xatırladı. Əlinə keçsəydi onu parça-parça edərdi. Ya ölərdi, ya da öldürərdi. Hər halda ondan əl çəkməzdi. Əgər o alçaq dünən o həyətə gəlməsəydi ömründə boynu zəncir görməyən Sarıcanı Rəcəb kişi tutub zəncirləməzdi.
Səhər çoxdan açılmışdı. Ayaqlarında taqət qalmasa da, Sarıca dayanmadan qaçır, sanki "mənzil" başına tələsirdi. Balaca, çox da dərin olmayan dağ çayını keçib bədəninə hopan sudan azad olmaq üçün silkələndi, üstündəki suyu ətrafa çilədi. Ani dayanıb ətrafı dinşədi, səs-səmir yox idi. Suya girənə qədər burnuna dəyən insan ayaq izlərinin iyi indi yoxa çıxmışdı. Bir az da irəlilədi, bayaqkı yoğun gövdəli, iri, qollu-budaqlı ağaclardan fərqli olaraq xırdalıqlarla dolu meşə idi bura. Artıq burada insan ayaqlarının iyi hiss olunurdu.
Meşəlik qurtarmaq üzrə idi, qarşıdan ona doğma olan insan qoxusunu hiss elədi, sürətini bir az da artırdı. Doğmaları ilə görüşəcəyinə sevinirdi Sarıca. Meşədən çıxıb hələ tam əriməmiş, alatala qar qalmış, meşəliklərlə əhatə olan iri talaya çatdı. Sarıca vahiməli, təşvişli baxışlarla ətrafı nəzərdən keçirdi. Hər tərəf insan cəsədi ilə dolu idi. Gecə düşmən gülləsinə tuş gəlməmək üçün doğma yurdundan qaçıb canını qurtarmaq istəyən əlisilahsız insanlar vəhşicəsinə güllə-baran edilərək qətlə yetirilmişdilər. Sarıca meyitlərə yaxınlaşıb onları bir-bir nəzərdən keçirdi. Aralarında tanış sima olmasa da, hamısı ona doğma insanlar idi. Meyitlər arasında qoca, kişi, qadın, qız, gəlin, arvad-uşaq cəsədləri çoxluq təşkil edirdi. Bəzi meyitlərin qulaqları kəsilmiş, gözləri çıxarılmış, başının dərisi soyulmuşdu. Cavan bir gəlinin döşünü kəsib, qucağındakı körpənin alnının ortasından güllə ilə vurmuşdular. Uşaq əlindəki tikə çörəyi yerə salmamış, ana, Vətən, yurd kimi əzizləyərək düyünlədiyi yumruğu içində saxlamışdı.
Dünəndən ac olsa da çörəyə əhəmiyyət vermədi. Qəzəblə zingildəyərək meyitlərdən uzaqlaşan Sarıca talanın qırağına gəlib meşəyə girmək istəyirdi ki, kol topasının arxasında arxası üstə yerə uzadılmış yeniyetmə qızın cəsədi diqqətini cəlb etdi. 14-15 yaşında olan bu qız təkcə alt gecəköynəyində idi. Zorla soyundurulduğu üçün cırılmış, parça-parça edilmiş üst paltarı kənara atılmışdı. Ağ gecəköynəyinin yaxası cırıldığı üçün qızcığazın hələ təzə pırtdamış balaca, şamama döşləri çöldə qalmışdı. Yanaqlarında, buxağında, sinəsində, balaca döşlərində həris insan dişlərinin göyərmiş yeri görünürdü. Köynək qısa olduğundan qızın ağ, totuq qıçları bayırda idi. Göbəyindən bir qarış aşağıda, qıçlarının arasında, ağ gecəköynəyində qan ləkələri görünürdü. Qızın qıçları arasında, yumşaq torpaqda insan dizlərinin yerini bildirən çuxurlar vardı. Çuxurların dərinliyi bura bir neçə adamın diz qoyduğundan xəbər verirdi. Qızcığazı zorlamışdılar.
Sarıca cəsədə yaxınlaşıb içinin göynərtisini söndürmək üçün iniltili bir səslə zingildədi. Ömründə ulamamışdı və ulamaqdan zəhləsi gedirdi. Gördüklərindən yaranmış qəzəbini söndürmək üçün üzünü ulu göylərə tutub uladı, uladı, bir də uladı. Tükürpədici səslə ulayan Sarıca sanki, yer üzündə görünməmiş bu haqsızlığı bütün bəşəriyyətə çatdırmaq istəyirdi.
Hiddətlənən Sarıca burada qərar tuta bilmədi, digər kiçik qonşu talaya keçdi, orda da qərarlaşa bilmədi, talanın kənarında, yaxınlıqdakı meşəyə girmək üçün dikdirə çıxdı, ordan axan arxa bənzər kiçik dağ çayını adlayaraq yamaca qalxıb meşəyə girdi, qollu-budaqlı, yoğun gövdəli, yaşı bilinməyən bu palıd ağacının altına gəldi. Düşməndən gizlənmək üçün çıtqına, qaratikan kolunun dərinliyinə girən Sarıca zəncirinin ilişdiyinə görə oradan çıxa bilməmişdi, sürünərək bura gəlib çıxan Oqtay onu açıb buraxmış, ölümdən xilas etmişdi...
(Ardı növbəti nömrəmizdə)
Tarix: 6-06-2017, 09:43