Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Nəsimi yaradıcılığında şəxsiyyət zirvəsi

 

Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insan əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Nəsimi irsinin xalqımızın mənəviyyat xəzinəsində layiqli yer tutmasından irəli gəlir ki, Prezident İlham Əliyevin müvafiq sərancamına əsasən, 2019-cu il  ölkəmizdə “Nəsimi ili” elan edilib,  ölməz şairin anadan olmasının 650 illiyi Azərbaycanda  və eləcə də bütün türk dünyasında  qeyd edilir. 
Məlumdur ki, şəxsiyyət anlayışı müasir psixologiyanın ən mühüm kateqoriyalarından biridir. İnsan sadəcə bioloji varlıq deyil, həm də sosial varlıqdır. O, daim ictimai sistemi səciy­yələndirən, sosial keyfiyyətlərin məcmusu  kimi çıxış edir. Şəxsiyyətin quruluşu, insanın digər insanlarla əlaqələrinə, cəmiyyətə uyğunlaşmasına, özünümüdafiə formasına təsir edir. Şəxsiyyət - bir fərdin bütün marağını, istedadını, danışıq tərzini, xarici görünüşünü və ətrafa uyğunlaşma formasının xüsusiyyətlərini özündə cəmləyən bir termindir. Şəxsiyyət haqqında müxtəlif nəzəriyyə və mövqelər möv­cuddur. Şəxsiyyət problemi elmin müxtəlif sahələrində çalışan alim və mütəfəkkirlərin illərlə diqqət mərkəzində dayanan mühüm prob­lemlərdən olmuş və müasir dövrdə də öz aktuallığını saxlamaqdadır.
Şəxsiyyət problemi, onun inkişafı Şərq fəlsəfəsinin, pedaqoji, psixoloji fikrinin də həmişə hədəfi olmuş, bu istiqamətdə Nizami Gəncəvinin, Füzulinin, Nəsirəddin Tusinin, habelə Sədi Şirazinin, Cəlaləddin Ruminin və başqalarının dəyərli fikirləri, şəxsiyyətin tərbiyəsinə dair qiymətli öyüd-nəsihətləri məlumdur.
Bildiyimiz kimi, bədii yaradıcılıq sahəsində görkəmli klassiklərimiz çoxdur. Belə klassiklərimizdən biri də XIV əsrdə yaşayıb yaratmış, poeziya dünyasının unudulmaz şairi İmadəddin Nəsimidir (1369-1417). Onun zəngin ədəbi-bədii irsinin araşdırılması, eyni zamanda dəyərli fikir və ideyalarının öyrənilməsi psixoloji baxımdan çox mühüm və zəruri olan cəhətlərdəndir. İmadəddin Nəsimi XIV-XV əsrin böyük şair və mütəfəkkiri, Şərq renessansının ən görkəmli nümayəndələrindən biridir. O, şəxsiy­yətin mənəvi azadlığının carçısı kimi insanı, onun yaradıcı dühasını tərənnüm etmişdir.
İ.Nəsimi yaradıcılığı Azərbaycanda görkəmli alim, tanınmış psixoloq Ə.S.Bayramov tərəfindən öyrənilmişdir. Ə.S.Bayramovun “Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri” adlı kitabında, həmçinin “İ.Nəsiminin psixoloji fikirlərinin tədqiqinə dair” adlı məqaləsində də İ.Nəsimi yaradıcılığı çox böyük məharətlə və ustalıqla araşdırılmış və təhlil olunmuşdur. Ə.S.Bayramov qeyd edir ki, böyük mütəfəkkirin yaşadığı əsr Azərbaycanın qanlı müharibələr, istilalar dövrünə təsadüf  edir. Sonsuz təqiblərə baxmayaraq, o bütün Orta Şərqi dolaşaraq öz tərəqqi ideyalarını yaymağa çalışmışdır. Onun təbliğ etdiyi fikir və mülahizələr, görüşlər isə o dövrün hakim islam dini ideyalarının tamamilə əksinə 2olmuşdur. Buna görə də onun şeirlərini oxuyanlar belə, ölüm təhlükəsinə məruz qalmışlar.
“Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri” adlı əsər əsasən şəxsiyyətin formalaşmasının qanunauyğunluqları məsələsinə həsr olunmuşdur. Kitabda diqqəti çəkən məqamlardan biri də Azərbaycanın böyük şair və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığında psixoloji ideyaların tədqiqidir.
Müəllif burada müasir psixologiya üçün aktual sayılan bir sıra məsələlərə toxunur. O, qeyd edir ki, böyük ədib və mütəfəkkirlərin yaradıcılığının psixoloji baxımdan öyrənilməsi nəzəri və tarixi baxımdan əhəmiyyətlidir. “Qeyd etmək lazımdır ki, klassik ədəbiyyat nümayəndələrinin, xüsusən də şairlərin irsini psixoloji cəhətdən təhlil edərkən, onların idrak səviyyəsi, həyatı əks etdirmələrinin adekvatlığı və düşüncələri barədə ətraflı məlumat əldə etmək olur. Çünki şair  çox halda öz bədii əsərlərində həm də tədqiqatçı kimi çıxış edir, yəni müntəzəm müşahidələri, spontan səciy­yəli eksperimentləri ilə, eləcə də intuitiv yolla insanın daxili aləmi, sosial-psixoloji xüsusiy­yətləri barədə çox qiymətli materiallar toplayır, onu mənalandırır və yeri gəldikcə öz əsərlərinin canına-qanına hopdurur.
İ.Nəsimi Şərqin böyük alim və filosofu, məşhur bir şəxsiyyət olmuşdur. O, əsərlərində şəxsiyyətin mənəvi, sosial-psixoloji azadlığı uğrunda mübarizə aparmış insanları haqqa, ədalətə, səmimiliyə, özünüdərkə çağırmışdır.
Özünüdərk və özünüqiymətləndirmə, mənəvi saflıq, əqidə, inam, şəxsiyyət üçün vacib sayılan sosial-psixoloji xüsusiyyətlərdir. Müəllif bu və ya digər əxlaqi keyfiyyətləri Nəsimi yaradıcılığından seçib ümumiləşdirərək təqdim etmişdir ki, bunun gənc nəslin bir şəxsiyyət kimi inkişaf edib formalaşmasında böyük əhəmiyyəti vardır.
“Nəsiminin nöqteyi-nəzərincə insan mürəkkəb struktura malik, həm genetik, həm də sosial cəhətdən şərtlənmiş dərin fərdiyyəti olan şüurlu varlıqdır. Onun rəyincə, bu amillər insanın davranışını şərtləndirir, lakin şəxsiyyətin formalaşmasında üstün mövqeyi həyatda qazanılan keyfiyyətlər təşkil edir. Həm də belə insani keyfiyyətlərin təşəkkülü daha çox tərbiyə və özünütərbiyədən asılıdır:
Zərrələr bir nuridən nəşət edir, bəhrin suyu,
Gah yağmur tək yağır, gah dönür bir gövhərə.
Torpaq üstə min ağac qüvvət alır bir çeşmədən,
Lakin hər bir meyvədə rəng bir cürə, dad bir cürə.
Deyilənləri müəyyən mənada ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar ki, özünüdərk insanın bir şəxsiyyət kimi inkişaf və təşəkkül etməsi prosesində mərkəzi yer tutur. Yalnız özünüdərk edən şəxsiyyət müdrik ola bilir və yaradıcı səviyyəsinə yüksəlir:
Özünü dərk etsə hər kəs, həqqi dərk edər yəqin,
Nəfsi tərk etməkdə gər əqlin dönərsə rəhbərə.
Ə.S.Bayramov xüsusi olaraq, Nəsiminin fəlsəfi və psixoloji ideyalarının onun poetik yaradı­cılığında, xüsusən də ictimai-fəlsəfi şeirlərində öz əksini tapdığını göstərir. Nəsimi bu və ya digər fəlsəfi və ya psixoloji problemi necə başa düşdüyünü, necə şərh etdiyini toplu halında göstərən xüsusi fundamental əsər qoyub getməmişdir.
Lev Ozerov yazır: “Nəsiminin poeziyası altı əsrin qaranlığını işıq şüası kimi yararaq bizə gəlib çatmışdır. Ən qiymətli cəhət də odur ki, o, indi də əvvəlki kimi nurlanır. Mən Nəsimini dünya lirikasının Koperniki adlandırmaq istəyirəm. Nəsimidən yüz il kiçik olan Kopernik təsdiq edirdi ki, kainatın mərkəzi yer deyil, günəşdir. Böyük astronomun günəş haqqında dediklərini Nəsimi ondan yüz il əvvəl demişdir. Günəş kimi insan da kainatın mərkəzində durur. Nəsiminin poetik sisteminin əsas müddəası məhz budur. İnsanı Allah dərəcəsinə qaldırmaq onun  lirikasının bütün pafosunu təşkil edir”.
Müəllif göstərir ki, “Nəsimi konsepsiyasının həm sosial-siyası, həm də ideya-psixoloji tərəfləri vardır. Belə ki, təxminən həmin dövrdə Qərbdə təbiəti  və insanı təbii-elmi cəhətdən tədqiq etmək prosesi dayanmışdır. Orqanizmi və onun psixi fəaliyyətini təcrübi surətdə öyrənmək bu barədə dini spekulyasiya və mistik görüşlərlə əvəz edilmişdir”.
Ə.S.Bayramova görə, Nəsiminin tam ilə hissənin qarşılıqlı əlaqəsinə aid fikirləri də maraqlıdır. Nəsiminin əsərlərini oxuyaraq belə qənaətə gəlmək olar ki, aləm zərrəciklərdən ibarətdir, həm də hər bir zərrəcik müəyyən funksiyanı yerinə yetirməklə bərabər, bir sıra zərrəciklər yaratmaq, törətmək qabiliyyətinə malikdir. İnsan məhz belə yaratmaq qabiliy­yətinə malik olan belə zərrəciklərin məcmusudur.
Bundan əlavə, müəllif göstərir ki, Nəsiminin insan konsepsiyasında çox mühüm yeri onun özünüdərketmə haqqında ideyası tutur. Hürufilik təlimində özünüdərketmə insanın özünütəkmilləşdirmə sistemində çox mühüm yer tutur. Özünüdərketmə sayəsində insan daxilən təmizlənir, paklaşır, fəal varlığa çevrilir, daha da təkmilləşərək müdrik olur.
Nəsimidə biz insan haqqında olan digər konsepsiyalara nisbətən insanın başqa sosial mövqeyinə də rast gəlirik.
Nəsimidə refleksiya insanın özünü təkmilləşdirməsinin mühüm amillərindən biri kimi göstərilir. Özünü dərk edərək insan bir tərəfdən, öz nöqsanlarından xilas olur, təkmilləşir, özünü tərbiyəyə qabil olur, digər tərəfdən isə özünüdərketmə - insanın öz potensial imkanlarının sosial aktivliyinin tapılması mənbəyidir.
Nəsimi ədəbi irsini diqqət və obyektivliklə təhlil edən akademik Həmid Araslı da doğru olaraq qeyd edib ki, “Nəsimi adını hətta onun məslək əleyhdarları üçün də ölməz edən əsas amil təkcə şairin öz məsləki uğrunda mərdanə ölümü deyil, bəlkə əsərlərində irəli sürülən insana, insan qüdrətinə, insan yaradıcılığına olan böyük inam və məhəbbətdir, öz mütərəqqi fikirlərini yüksək sənət dili ilə ifadə etmək məharətidir”.
Həmid Araslı şairin “Bəhrül-əsrar” adlı fəlsəfi qəsidəsinin dolğun şərhini verərək qeyd etmişdir: “Şairə görə, insan hünər dalınca qaçmalıdır. Əsl hünər isə özünü dərk etmək, həqiqətləri düzgün başa düşməkdir. İnsan bədəni elə bir tilsimdir ki, onun min bir sirri vardır. Bu həqiqəti, bu sirləri başa düşən insan isə hamının hörmətinə layiqdir”.
Deyilənləri müəyyən mənada ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar ki, Nəsimiyə görə yalnız özünü dərk edən şəxsiyyət müdrik ola bilir və yaradıcı səviyyəsinə yüksəlir. Özünüdərk edən insana bütün həqiqətlər açılır, o, artıq köməksiz qul vəziyyətində qalan bir məxluq deyil, qüdrətli ilahi qüvvəyə malik olur.

Aygün MUSAYEVA, 
Azərbaycan  Dövlət Pedaqoji Universitetinin Şəki filialı,  
ümumelmi fənlər kafedrasının müəllimi
 


Tarix: 14-01-2020, 19:30

Xəbəri paylaş