Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Ölkəmizin sabahına Prezident qayğısı

 

İsa Həbibbəyli,
AMEA-nın vitse-prezidenti,
Milli Məclisin Elm və Təhsil komitəsinin sədri, akademik
   
    Azərbaycan Respublikasında tələbə gənclərin təhsil almasının stimullaşdırılması istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirilməkdə davam edir. Ölkəmizin Prezidenti İlham Əliyevin sərəncamları ilə tələbələrin təqaüdlərinin artırılması və yüksək bal toplamış tələbələrin dövlət sifarişi ilə təhsil almalarının təmin edilməsi, istedadlı tələbələr üçün “SABAH” qruplarında təhsilin təşkili həyata keçirilən siyasətin konkret təzahürləridir. 2019-cu ilin Dövlət büdcəsində dövlət sifarişli yerlərin artırılması üçün əlavə vəsait qoyulmasının nəzərdə tutulması da həmin istiqamətin daha da inkişaf etdirilməsini təmin edəcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Doktorantura, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında”kı 14 fevral 2019-cu il tarixli Sərəncamı müstəqil dövlətimizin Azərbaycanın sabahı olan tələbə gəncliyə göstərdiyi böyük qayğının daha bir əməli ifadəsidir.  
Prezident Sərəncamı ilk növbədə ali və orta ixtisas təhsili müəssisələrində, Milli Elmlər Akademiyasında təhsilin bütün pillələri və səviyyələrini, habelə peşə təhsili üzrə təhsil alan tələbələri əhatə edir. Yəni peşə məktəblərində təhsil alan tələbələrdən bakalavr, magistratura və doktorantura pilləsinə qədər təhsildə akademik nailiyyətləri olan təhsilalanların dövlət qayğısı ilə əhatə olunması nəzərdə tutulur. Bütövlükdə dövlət qayğısı 1 mart 2019-cu il tarixdən etibarən mərhələli şəkildə təhsildə akademik nailiyyətləri olan tələbələrin mütləq əksəriyyətini əhatə edəcəkdir. Belə ki, Prezident İlham Əliyevin “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barəsində”ki Sərəncamına əsasən 1 mart 2019-cu il tarixdən təqaüd alanların sayının 16 min vahid artırılaraq hazırkı 31 faizdən cəmi 6 ay sonra, növbəti tədris ilinin başlanğıcında 45 faizə, 2020-2021-ci tədris ilində isə 50 faizdən az olmayan səviyyəyə çatdırılacağı müəyyən edilmişdir. Qeyd edilənlər dövlətimizin gənclər siyasətinin davamlı olduğunu və strateji xarakter daşıdığını aydın surətdə göstərir. Bu, müstəqil dövlətimizin ölkəmizin sabahı olacaq yeni nəsil gəncliklə əlaqədar qayğılara özünün strateji xəttində ardıcıl olaraq yer verdiyini nümayiş etdirir. Bir az əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə üzrə gənclərlə keçirdiyi tarixi görüşdə yeni nəslin inkişafı ilə əlaqədar səsləndirdiyi fikirlər ilk olaraq tələbələrin təqaüdlərinin artirlması ilə əlaqədar dövlət sərəncamında öz əksini tapmışdır. Bununla Azərbaycan Prezidenti növbəti dəfə verdiyi vədləri həyata keçirməkdə qərarlı olduğunu nümayiş etdirir.
     Bundan başqa, tələbələrin təqaüdlərinin artırılması üçn akademik göstəricilərin, qazanılan təhsil nailiyyətlərinin əsas faktor kimi qəbul edilməsi dövlət qayğısının sadəcə sosial təminat olmayıb, həm də bilik və bacarıqların, mütəxəssis hazırlığının daim yüksəldilməsinə hesablanmış maddi stimul olduğunu nəzərə çarpdırır. Bi isə, heç şübhəsiz, öz növbəsində ölkəmizdə yüksək ixtisaslı mütəxəssis hazırlığının keyfiyyətinin daha da artırılmasına ciddi təkan verəcəkdir. Xüsusən, möhtərəm Prezidentimizin “Azərbaycan Respublikasının ali məktəblərində Prezident təqaüdünün təsis edilməsi haqqında” 3 sentyabr 2001-ci il tarixli Fərmanında dəyişiklik edilməsi haqqında” 14 fevral 2019-cu il tarixli Fərmanı bu məsələyə də yenidən qayıtmağı və Prezident təqaüdünün mövcud 185 manatdan 210 manata çatdırılması yüksək istedadlı tələbələrə əlavə qayğının göstərildiyini nəzərə çarpdırır. Bu, həm də respublikamızda Prezident təqaüdlü tələbələrin və məzunların reytinqinin yüksəldilməsinə də meydan açacaqdır.
     Eyni zamanda Prezident Sərəncamına uyğun olaraq təqaüdlərin artırılması ödənişli əsaslarla oxuyan tələbələri də əhatə edəcəkdir ki, bu da ölkəmizdə özəl ali təhsil sektorunun da inkişaf etdirilməsinə, təhsilin bu sektorunda təhsil alan tələbələrin də normal ali təhsil almalarına stimul verəcəkdir. Sərəncamda peşə məktəbi müdavimlərinin də nəzərdə tutulması son illərdə özünün yenidən inkişafına başlamış peşə təhsilinə marağı bir qədər də artırmağa xidmət edəcəkdir.
     Tələbə təqaüdləri faktorunun dövlət siyasətinin diqqət mərkəzinə çəkilməsi təhsil kredit fondu yaradılması məsələsini yenidən gündəmə gətirir. Məlum olduğu kimi, həmin istiqamətdə artıq ilk addımlar atılmışdır. Təhsil Nazirliyi xətti ilə yaradılmış “Maarifçi” təhsil kredit mərkəzi 2016-cı ildən ödənişli əsaslarla oxuyan tələbələrə kiçik faizlə uzunmüddətli kreditlərin verilməsini həyata keçirməkdədir. “Maarifçi” təhsil kredit mərkəzi hələlik ölkəmizdə fəaliyyət göstərən 14 ali məktəbin ayırdığı müəyyən bir maliyyə vəsaiti hesabına fəaliyyət göstərdiyi üçün ehtiyacı olan tələbələrin yalnız az bir qismini əhatə edə bilmişdir. Bizdə olan məlumata görə, bu vaxtadək iki yüz nəfərdən bir qədər artıq tələbə kredit fondundan faydalana bilmişdir. Nədənsə ölkəmizin sahibkarları bu cəlbedici sahəyə maraq göstərmirlər. Təhsil kredit fondu ilə əlaqəli işləmək bir qədər uzun vaxt tələb edən məsələ olmasına baxmayaraq, dünyada sərfəli biznes sahələrindən  hesab olunur. Həm də nəzərə almaq lazımdır ki, ehtiyacı olan tələbələrin təhsilini davam etdirməsinə və başa çatdırılmasına qoyulan maliyyə  vəsaiti  nəticə etibarilə ölkəmizin gələcəyinə yatırılmış yatırım olduğu üçün maddi qazancdan çox mənəvi borc kimi də mühüm əhəmiyyətə malikdir.  Düşünürəm ki, sahibkarlar ölkə gəncliyi üçün əhəmiyyətli olan bu sahəyə diqqət yetirəcəklər.
     Azərbaycan Respublikasının Milli Məclisində “Təhsil kreditləri haqqında” xüsusi Qanunun hazırlanmasına təşəbbüslər göstərilmiş, hətta müəyyən Qanun  layihəsi də hazırlanmışdır. Bu, Qanun layihələrini yalnız ilkin kapital qoyuluşu məsələsində mövcud olan  problemə görə gündəmə gətirmək mümkün olmamışdır.  Ümid edirik ki, Azərbaycan Prezidentinin tələbə gəncliyinə göstərdiyi müstəsna  qayğıdan sonra sahibkarlar mühitində də  bu istiqamətdə canlanma baş verəcəkdir.
     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  doktorantların, magistrlərin və tələbələrin təqaüdlərinin artırılması sahəsində atdığı  addımlar ölkəmizin tələbə gəncliyinə göstərilmiş böyük qayğının daha bir əməli ifadəsidir. Azərbaycan ziyalıları, təhsil ictimaiyyəti, çoxminli tələbələr – ölkəmizin yeni gənc nəsli möhtərəm Prezidentimizin müstəqil dövlətimizin daha parlaq gələcəyi naminə tələbə gənclərə göstərdiyi qayğını yüksək qiymətləndirir və dövlət başçısının respublikamızın daha böyük inkişafı üçün atdığı addımları xalqımız sabahına hesablanmış, düşünülmüş və məqsədyönlü tarixi qərarlar kimi qəbul edirlər. Bütün bunlar həm də tələbələrin üzərinə  böyük vəzifələr qoyur. İnanırıq ki, tələbələrimiz daha səylə oxuyaraq, müstəqil Azərbaycan dövlətinin ümidlərini doğrultmaq, ölkəmiz üçün yüksək hazırlıqlı, vətənpərvər kadr potensialına çevrilmək üçün var qüvvə ilə çalışacaqlar.


Tarix: 13-03-2019, 15:54

Xəbəri paylaş