Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

SARICA

 

Povest  
 (Əvvəli ötən nömrəmizdə)

VII
...Aradan dörd ay keçmişdi. Martın əvvəlləri idi. Surenin təpik zərbəsindən zədə alıb əzilən Sarıca bir həftə yanını çəkə-çəkə, axsaya-axsaya yerisə də, sonralar tam sağalmış, ona göstərilən xüsusi qayğı sayəsində totuxlaşaraq qəşəng bir küçük olmuşdu.
Qışın sərt keçməsini nəzərə alan Rəcəb kişi Sarıcanı axşamlar həyət-bacaya buraxmazdı. Gecələr, Sarıca onun üçün ayrılmış, içinə döşəkçə salınmış qutuya girər, dünyanın bəxtəvəri kimi şirin-şirin yatardı. Qəribə burası idi ki, Sarıca üçün ayrılmış xüsusi qabda ona verilən yeməyi yeyər, başqa qab-qacağa nəinki toxunar, heç yaxınına belə getməzdi. Bayırlıq işi olanda, bayıra çıxmaq istəyəndə yaxınlaşıb qapının ağzında dayanar, üzünü Azərə tutub astadan bir-iki ağız hürər, sanki qapını açmasını "xahiş" edərdi. Azər də onunla birlikdə bayıra çıxar və sonra birgə geri qayıdardılar. Bir sözlə, Sarıca qeyri-adi hərəkətləri, ağlasığmaz şüuru və mehribanlığıyla ailənin sevimlisinə çevrilmişdi. Və bu dörd ay ərzində istər kənddə, isərsə də ətrafda bəzi xoşagəlməz hadisələr baş verməsəydi, həyat öz sakit axarıyla davam edərdi. Lakin...
On gün bundan qabaq Sumqayıtda baş vermiş müdhiş hadisə ildırım sürətiylə bütün dünyaya yayılıb, hamını şoka salmışdı. Sumqayıt şəhərində yaşayan ermənilər narkotik maddələr qəbul etmiş adamlar tərəfindən evlərindən bayıra atılaraq qətlə yetirilmiş, şəhərdən qovulmuşdular. Cinayəti törədənlər arasında xüsusi canfəşanlıq göstərənlər milliyyətcə erməni gəncləri olmuşdur. Hadisə zamanı onları görüb, tanıyanlar bu haqda lazımi yerlərə məlumat versələr də, bu cinayət azərbaycanlıların ayağına yazılmışdı. Məlum hadisədən sonra işin mahiyyətini dərk etməyən sadə ermənilərdə azərbəycanlılara qarşı nifrət hissi oyanmışdı. Artıq kənddə də hamı göz-gözə dayanmışdı.
Bu gün isə kəndin hörmətli ağsaqqallarından sayılan Artavas kişinin faciəvi şəkildə qətlə ye­tirilməsi kənd camaatını bir-birinə vurmuşdu.
Gəncliyindən ta bu günə kimi kənd məktəbində tarixdən dərs deyən Artavas müəllim ömür-gününü yeniyetmələrin təlim-tərbiyəsinə həsr etmişdi. Tarixi dərindən bilən, nahaqqı tənqid, haqqı müdafiə edən, düzlüyü sevib haqqa tapınan Artavas müəllim azərbaycanlılara daha yaxın idi. Həmişə, hamı arasında sülh yaratmağa çalışan, qanı qanla yox, su ilə yumağı tövsiyə edən bu qoca bəşəri hisslərlə yaşayırdı. Lakin xain girdabına keçən günahsız qoca haqqı müdafiə etdiyi üçün alçaqcasına məhv edilmişdi.
Sumqayıt hadisəsindən məmnun qalan Akopyan çoxdan hazırladıqları planın belə asanlıqla baş tutmasından sevinmiş, ətrafına top­ladığı erməni "fəalları"nın sayını artıraraq təbliğat işini daha da gücləndirmişdi. Kiçik, xəlvəti yığıncaqlardan geniş, irimiqyaslı iclaslar keçirməyi qərara almışdı. Və bir həftə bundan qabaq kəndin erməni icmasını Surenin həyətindəki geniş zala yığaraq mənfur niyyətini açıq bildirmişdi:
-Əziz həmvətənlərim, əzabkeş erməni xalqının nümayəndələri, sizi bura toplamaqda müqəddəs amalımızın həyata keçirilməsi yollarını sizə çatdırmaq istəyirəm. Böyük erməni xalqının layiqli nümayəndələri bütün dünyaya yayılmışlar. Amerikada, İngiltərədə, Fransada, Almaniyada və digər inkişaf etmiş kapitalist ölkələrində yaşayan və fəaliyyət göstərən milyoner qardaşlarımız çoxdur. Onlar erməni xalqının nümayəndələri olmaqla bu gün bütün dünya ermənilərinə, həmçinin də sizə kömək etməyə, arxa-dayaq durmağa həmişə hazırdırlar. Və bu müqəddəs amalımızın həyata keçirilməsi üçün əllərindən gələni edəcəklər. Hazırda SSRİ-də Qorbaçovun düşünülmüş və ağıllı siyasəti nəticəsində demokratiya yaranır, hər xalq, hər millət öz sözünü, öz istəyini açıq deyə bilir. Biz niyə susmalıyıq. Nə vaxta kimi bizim məzlum, əzabkeş, lakin ağıllı, müdrik erməni xalqı yad əllərdə qalmalı, başqalarının yumruğu altında əzilməlidir. Artıq buna son qoymaq lazımdır. Ata-babalarımızdan bizə miras qalmış doğma torpaqlarımızı yadlardan təmizləməli, yumruq kimi birləşərək öz respublikamızı yaratmalıyıq,-dedi və sözlərinin necə təsir etdiyini öyrənmək üçün oturanları nəzərdən keçirdi. Heç kim danışmır, sakitcə oturub qulaq asırdılar.
-Bilirsiz, -dedi Akopyan -gələcəkdə biz Xəzər dənizindən Qara dənizə qədər olan bir ərazini bir bayraq altında birləşdirməli, Böyük Ermənistan dövlətini yaratmalıyıq. Çünki erməni xalqı buna layiq xalqdır. Sovetlər ölkəsində yaranmış demokratiyadan azərbaycanlılar özlərinə məxsus vəhşiliklə istifadə etdilər. Bizi qabaqladılar. Onlar bizi doğma torpaqlarımızdan qovub çıxarmaq, bizi məhv etmək istəyirlər. Buna yol verməyəcəyik, onları qabaqlamalıyıq. Sumqayıtda törədilmiş vəhşilik, bizim qan bir, can bir bacı-qardaşlarımızın insafsızcasına qətlə yetirilməsi buna sübut deyilmi?! -deyərək sözlərinə ara verən Akopyan dəsmal çıxarıb guya yaşarmış gözlərini sildi. -Bu vicdansızlığı heç Allah da götürməz – dedi. Zalda oturanlar artıq hiddətlənməyə başlamışdılar. Bu hirsi, hikkəni daha da artırmaq, alovlandırmaq üçün Akopyan daha tutarlı söz axtarırdı. Tapdı da:
-Həmin günün səhəri və birisi günü hadisənin videoyazıları dünyanın bir sıra ölkələrində gös­tərilmişdir. Baxanlar göz yaşı axıdaraq azərbaycanlıların vəhşiliyinə hiddətlənmiş, məzlum erməni xalqını isə müdafiə etmişlər. Bizim halımıza başqaları ağlayır, biz niyə susmalıyıq?! Niyə özümüzü müdafiə etməməliyik?! Niyə ayağa qalxaraq torpaqlarımızı bu murdarlardan təmizləməməliyik?! Axı niyə?! Siz deyin,-dedi və məzlum bir görkəm alaraq zalı nəzərdən keçirdi.
Oturanlar arasında ab-hava dəyişmiş, əsəblər gərilmişdi. İndi və ya bir az sonra dəhşətli hadisələr baş verə bilərdi. Akopyanın sözünə ara verdiyini görən Artavas kişi ayağa qalxıb qabağa keçdi.
Üzünü ona tutub,
-Sizə bir sual vermək olar? -deyə soruşdu.
-Bu nə sözdür canım, birini yox, beşini verin. Mən bura sizin dərdinizə şərik olmağa, istəyinizi öyrənməyə və sizə kömək etməyə gəlmişəm.
-Onda deyin, Sumqayıtda hadisə baş verən günün səhəri, ya birisi günü Amerikada və başqa kapitalist ölkələrində hadisəni nümayiş etdirmək üçün videokasetləri haradan əldə etmisiz?
Gözlənilməz bu sualdan Akop­yan çaş qaldı. Necə cavab verəcəyini kəsdirə bilmədi.
-Bu nə sözdür, qoca? -deyə soruşdu.
"Gülləsinin" hədəfə dəydiyini başa düşən Artavas müəllim əvvəlcə oturanları, sonra Akopyanı başdan-ayağa diqqətlə süzdü. Sözə haradan başlayacağını düşünüb -dedi:
-Bayaqdan danışırsız, sözünüzü heç kim kəsmir, hamı diqqətlə qulaq asır. İndi imkan verin mən də bir neçə kəlmə danışım, bildiklərimi, düşündüklərimi bu zalda oturan qardaşlarıma və sizə çatdırım.
-Buyurun, buyurun, qoca -deyən Akopyan aydın seziləcək bir istehza ilə dilləndi.
Artavas kişi üzünü zala tutaraq oturanlara;
-Məni yaxşı tanıyırsız, -dedi. -Mərdimazarlıqla işim olmadığını da bilirsiz. Sözlərimə yaxşı-yaxşı qulaq asın, nəticə çıxarın. Sonrasını özünüz bilərsiniz. Bizim bu yerlərdə torpağımız olmayıb. Bu yerlərin sahibi olan azərbaycanlılar bizi qəbul edib, torpaqlarından bizə pay veriblər. Qaynayıb-qarışmışıq, bir ailənin üzvləri kimi mehriban dolanmışıq. Bu torpaqda yetişən maddi nemətlərdən bərabər istifadə etmişik. Qohum olmuşuq, qız verib qız almışıq -dedi və duruxdu. -Səhv etdim, qız vermişik, qız almamışıq. Onlar bizə qız verməyiblər. Düz də eləyiblər. Yoxsa cənab Akopyan, sizin təbirinizcə indi onların bizə vermiş olduqları, əgər versəydilər, qızları yerə yıxıb başlarını kəsməli idik. Onlarsa bizdən aldıqları qızlarımızın hörmətini saxlayır, nazını çəkirlər. Sumqayıt hadisəsinə gəlincə isə onu da sizin daşnak­sütyun partiyası törədib. Necə olub ki, eyni blokda eyni mərtəbədə üz-üzə, qonşu yaşayan iki erməni ailəsinin biri məhv edilib, digərinə isə toxunulmayıb. Ona görə ki, öldürülənlər sizin açdığınız xüsusi hesaba pul köçürməyiblər. Hansı ki, bu partiya əsrin əvvəlindən belə yollarla bir sıra münaqişələr yaratmış, milli qır­ğınlar törətmişdir. Əgər belə deyilsə, Sumqayıtda törədilmiş hadisənin səhəri günü nümayiş etdirmək üçün videokasetləri haradan əldə etmisiz? Bu mümkün olan şey deyil! Deməli, hadisəni lentə elə siz özünüz aldırmısız. Bu əməllərinizdən əl çəkin. Bir əsr fəaliyyət göstərən partiyanız yaxşı heç nəyə nail olmayıbsa, millətlər arasında ədavət yaradıb, qan töküb, qırğınlar törədibsə, o partiyanı buraxın getsin. Ömrünüzü boş xülyalara sərf etməkdənsə faydalı bir işin qulpundan yapışın. Xalq arasında, millət arasında ədavət salmayın. Heç kim dəli deyil ki, torpağını peşkəş edib çıxıb getsin. Siz də bütün torpaq­ları birləşdirib böyük Ermənistan yaradasız. Mən ölü, siz diri, axırda özünüz rüsvay olacaqsınız. Heç olmasa bu yazıq camaatı rahat buraxın, qoy başlarını salıb köçlərini sürsünlər -deyib məclisi tərk etmişdi. Bir neçə nəfər də onun ardınca məclisdən getmişdi.
Akopyan isə hirsini-hikkəsini cilovlamağa çalışmış, yenidən məzlum bir görkəm alaraq;
-Bir Allah bilir, sizi və bütün erməni xalqını mən nə qədər sevirəm. Təəssüf edirəm ki, erməni xalqının hələ də belə avam, öz millətinə düşmən kəsilən, azərbaycanlıları daha çox sevən nümayəndəsi var.
Kənddə böyük nüfuz sahibi olan Artavas kişi gedəndən sonra oturanlar sakitləşmiş, bu zalı tərk etmək üçün məqam axtarmışlar.
Sonra iki-bir, üç-bir zalı tərk edərək Surenin həyətindən evlərinə dağılışmışdılar. Hamı Artavas ki­şiyə inanırdı. Məclisdə Akopyan başına topladığı on, on beş nəfər "fəalla" tək qaldığı üçün hirsindən dodaqlarını gəmirirdi. Artavas kişinin məclisi belə baykot etməsi ona dərin yer eləmişdi. Ancaq bu gün də xislətinə xilaf çıxmadı. Artavas kişi ilə kəllə-kəlləyə gəlib özünü hörmətdən salmaq istəmədi. Məsələni başqa cür, özünəməxsus üsulla həll etməyi qərara aldı.
Məclisdə onunla qalmış beş-on nəfərin üstünə qışqırdı;
-Təbliğatı layiqincə apara bilmədiz. Əgər belə olmasaydı, bir "uçitelin" sözünə görə bu qədər adam məclisi tərk etməzdi,-dedi və əlini stola vurdu;
-Alıb xərclədiyiniz pulları gözünüzdən gətirəcəklər. Bizim partiyanı aldatmaq, əmlakını göyə sovurmaq olmaz. Oyuna girən dəqiq oynamalı, oyundan çıxmamalıdır. -Sözünə ara verdi, -Məni başa düşün, -dedi-bizim bu mübarizəmiz baş tutacaq və bundan sonra sizi yaxşı mükafatlar, böyük vəzifələr gözləyir. Niyə belə imkandan, sizin üçün yaratdığım şəraitdən istifadə etmək istəmirsiz? -Sonra oturanları bir-bir hirsli baxışlarla süzdü. Hamı günahkar kimi qınlarına çəkilmiş, başlarını yerə dikmişdilər.
-Səhvimizi düzəldərik Akopcan,-deyə Suren dilləndi.
-Durun, gedin, yaxşı-yaxşı fikirləşin. Nəticə çıxarmasanız cəzalandırılacaqsınız,-dedi Akopyan və sonra məyus bir görkəm alıb köks ötürdü. -Əgər bilsəydiniz ki, biz hansı amal uğrunda mübarizə aparırıq, bu yolda ölməkdən qorxmazdınız, canınızdan belə keçərdiniz, -deyərək nitqini bitirib ayağa qalxdı.
Hamı gedəndən sonra Surenlə tək qaldı.
-Artavas kişi haqda sənin fik­rin nədi? -deyə Surendən soruşdu.
Surenin də hardasa Artavas kişiyə hörməti vardı. Daha doğrusu, ondan çəkinirdi. Bu günə kimi onun bir sözünü iki eləməmişdi.
Əgər eləsəydi Artavas kişi onu el içində xar eliyərdi. Onsuz da heç kimin yanında hörməti yox idi. Və buna görə necə cavab verəcəyini kəsdirə bilmirdi.
-Eşitmədin nə dedim?
-Eşitdim, Akopcan, eşitdim.
-Bəs niyə ağzına su alıb susursan?
-Bilirsiz, Akopcan, bu Artavası bütün kənd adamları sevir, ona hörmət edirlər. Ona görə ki, xeyirxah adamdır. Hamının işinə yarıyandır. Heç kimin yanında ayrı-seçkilik salmır. Hamıya bir gözlə baxır. Kənd adamlarının hamısı ona inanır.
-Deməli, bizim işimizə mane olan qüvvədir. Elə buna görə də aradan götürülməlidir.
Suren əvvəlcə Akopyanın dediklərini başa düşmədi, matdım-matdım onun üzünə baxdı.
-Nə gözünü döyürsən? Başa düşmədin nə dedim?
Suren başını yellədi;
-Yox, Akopcan, doğrusu başa düşmədim.
-Sən qanmazın biriymişsən ki, gör mən kimlərlə işləyirəm e, dedi və ciddi bir görkəm alaraq -Artavas kişi öldürülməlidir! Öldürülüb yolumuzun üstündən götürülməlidir! İndi başa düşdün,-deyə Surenin üstünə bağırdı.
-Başa düşdüm, Akopcan. Başa düşdüm. Bəs kim öldürəcək onu?!
-Sən! Sən öldürəcəksən onu, Surencan, sən! -Akopyan birinci dəfəydi ki, Surenə Surencan deyirdi. Bu da onun növbəti fəndlərindən biri idi. -Mən səndən başqa heç kimə inanmıram Surencan. Sənin etibarına, sənin dəyanətinə, sənin kişiliyinə inanıram. Sənə bel bağlayıram. Və bunların müqabilində ən yaxşı mükafat, ən yüksək vəzifə sənin olacaq Surencan.
Suren əvvəlcə bu işə qol qoymaq istəmədi, yox demək istəsə də, sonra fikrindən daşındı. Akopyanın ona verdiyi vədləri gözlərini qapadı.
-Yaxşı, mən necə öldürəcəyəm onu, Akopcan?!
-Həyətindəki iti öldürdüyün kimi.
-Axı o, it idi, bu isə insandır.
-O it bu insandan qiymətli idi. Ona görə ki, erməni xalqının nümayəndəsinə, sənə xidmət edirdi. Bu insan isə bizim düşmənimiz olan türklərə xidmət edir. Elə buna görə də öldürülməli, məhv edilməlidir.
-Axı necə?!
Surenin yumşaldığını görən Akopyan ona yaxınlaşıb əlini çiyninə qoydu, mehriban bir təbəs­sümlə üzünə gülümsənib əyilib alnından öpdü.
- Surencan -dedi -necəliyini sənə başa salaram. O, mənim boynuma. Elə eliyəcəyik ki, Artavas kişinin ölümündə azərbaycanlılardan biri günahkar hesab edilib tutulacaq. Sənə isə gözün üstə qaşın var deyən olmayacaq. Bir şərtlə ki, sən yalnız mənə qulaq asasan, dediklərimi lazımi qaydada səbirlə həyata keçirəsən...
...Akopyanın müdhiş planı bu axşam baş tutmalı idi. Elə tutdu da. Suren başına atdığı uzun, qara plaşda gecənin zülmətindən seçilmirdi. O, bir saatdan çox idi ki, Artavas kişinin qonşusu dülgər Kərimin çəpərindən çöldə, şirgil kollarının arasında gizlənib qızıgildən evlərinə qayıdacaq Artavası gözləyirdi. Əlində hazır tutduğu baltanı dünən gecə dülgər Kərimin həyətindəki balaca, qapısız emalatxanasından götürmüşdü. İki-üç gün buralarda xəlvəti fırlanıb, Kərim kişinin həyətinin itsiz olduğunu yəqinləşdirib, gecə hamı yatandan sonra ehmallıca, onsuz da alçaq olan çəpəri aşıb həyətə girmiş, asta addımlarla emalatxanaya yaxınlaşıb sapı uzun, ağzı kəsərli baltanı, əlinin izi qalmasın deyə özü ilə gətirdyi parçaya büküb geri qayıtmışdı. Evdə baltanın itiliyini yoxlamış, Kərim kişinin əlinin izi getməsin deyə sapına əl vurmamışdı. Bütün əməliyyatlar Akopyanın tapşırığı ilə həyata keçirilirdi.
Uzaqdan gələn qaraltını yerişindən tanıdı. Bu, Artavas kişi idi. Bir azdan yaxınlaşan Artavas kişi adəti üzrə başı aşağı, sakit addımlarla onun gizləndiyi şirgil kollarının yanından keçdi. Suren kolların arasından çıxıb ətrafa göz gəzdirdi. Kimsə görünmürdü. Vaxtı itirmək olmazdı. Ayağına geyindiyi yumşaq, rezin ayaqqabılar çəmənli yolda səs salmırdı. Bundan ustalıqla istifadə edərək arxadan Artavasa çatıb baltanı yuxarı qaldırdı, gücü gəldikcə kişinin başına endirdi. Baltanın ağzı iti və enli olduğundan kişinin boynuna qədər işləyib başını iki yerə böldü. Başının sağ tərəfi sağ çiyninə, sol tərəfi isə sol çiyninə sallandı. Əcayib bir mənzərə yaranmışdı. Artavas kişi belə vəziyyətdə bir-iki addım da atıb yıxıldı. Suren baltanı yenidən onun kürək nahiyəsindən, ürəyinin üstündən vurdu. Kişinin kürəyinə küpünə qədər yerimiş baltanı çıxarıb cəld bir hərəkətlə Kərim kişinin həyətinə atdı. Və iti addımlarla oradan uzaqlaşdı. Evlərinə çatanda hamı yatmışdı. Onu təkcə Akopyan gözləyirdi. Belə işlərdə xüsusi səriştəsi olan Akopyan Surenin sir-sifətindən planın baş tutduğunu yəqin etdi. Onun göstərişinə əsasən Suren başına atdığı uzun, qara plaşı və baltanın sapında iz qalmasın deyə əlinə keçirdiyi əlcəkləri peçə atıb yandırdı. Birlikdə Surenin üst-başına diqqət yetirdilər. Bir neçə yerdə qan ləkələri göründü. Akopyanın əmrinə əsasən, Suren bütün paltarını, hətta ayaqqabılarını da soyunub peçdə yandırdı. Akopyan bu əməliyyatın belə asanlıqla baş tutacağına əmin deyildi. Lakin başlanğıc əladan da əla idi. Necə deyərlər o, bir güllə ilə iki dovşan deyil, bir neçəsini vuracaq. O, bu kəndə gələrkən "mərkəz"dən kəndin əhalisi haqda geniş məlumat almışdı. Kənddə yaşayan bir neçə azərbaycanlı ziyalılarından Artavas kişi geri qalan deyildi. Onun aparacağı təbliğata yalnız bu adamlar maneə ola bilərdilər. Artavasın qətlində həmin azərbaycanlı ziyalılarını sifarişçi kimi qələmə verməklə onları həbsə aldırmaq planı artıq işlənib hazırlanmışdı. Bu əsas maneələr aradan götürüləndən sonra erməniləri qızışdırıb azərbaycanlılara qarşı qaldıracaq, onlarda bu millətə qarşı kin-küdurət hissi oyadacaqdılar.
Akopyan istehzalı bir təbəs­sümlə dəstəyi qaldırıb harasa zəng etdi. Üstüörtülü işarələrlə danışmağa başladı.
-Mən yaxşıyam -dedi -Lap yaxşı, yəqin ki, sən də yaxşısan. Ümumiyyətlə, bizə ancaq yaxşı olmaq yaraşır, çünki buna layiqik. Həmişə də layiq olacağıq -deyərək güldü. Müsahibinin onu anladığını yəqinləşdirib dəstəyi asdı.
Xəttin o biri başında onu dinləyən milis bölmə rəisi, milis mayoru Arzumanyan idi...
...Artavas kişinin arvadı ərinin qızıgildə yubandığından narahat olub onlara zəng çaldı, kişinin evdən çoxdan çıxdığını eşidib nigarançılığı artdı. Son zamanlar kişi ürək ağrılarından şikayətlənirdi. Sonbeşiyini götürüb evdən çıxdılar. Fanar işığında qızıgil tərəfə yol aldılar. Kərim kişinin qapılarına beş-altı addım qalmış Artavasın yerə sərilmiş, al-qan içində olan tanınmaz meyitini gördülür. Vay-şivən qopdu, qonum-qonşu tökülüb gəldi. Bir azdan milis maşını hadisə yerinə çatdı. Başda Arzumanyan olmaqla milis nəfərləri ətrafı nəzərdən keçirdilər. Kərim kişinin həyətindən götürülən ağzı qanlı balta dəlil, sübut kimi sellofana bükülüb maşına qoyuldu. Kərimi də maşına mindirib şöbəyə apardılar.
Arzumanyanın tapşırığına əsasən milis nəfərləri Kərimə qarşı kobudluq etmir, onunla mehriban davranırdılar.
Kərim kişidən izahatı Arzumanyan özü aldı. Baltanın dünən axşamdan yoxa çıxdığını deyən Kərim kişi baş vermiş hadisədən xəbəri olmadığını bildirdi. -İmanımı yandıra bilmərəm, heç kimdən də şübhələnmirəm,-dedi. Arzumanyan bir neçə azərbaycanlının adını çəkdi, -onları nə vaxt görmüsən, onlarla nə haqda danışmısan -deyə soruşdu. Kərim kişi, -mən kasıb, savadsız adamam, onlarla mənim nə işim, nə söhbətim ola bilər,-deyə cavab verdi.
Arzumanyan bir neçə səhifədən ibarət yazılmış protokolu Kərim kişinin qarşısına qoyub barmağı ilə aşağıda yer göstərdi;
-Bura qol çək! -dedi.
-Başına dönüm, mən savadsız adamam, heç bilmirəm ora nə yazmısan. O boyda yazının altına necə qol çəkim? -dedi və protokolu nəzərdən keçirdi. -Özü də rus dilində yazmısan ay oğul. Nə bilim nə var orda.
-Karim dayı, mana inanmırsan? Manim evimda na qadar işlamısan, heç pul da almamısan. Sanin o yaxşılığından hala çıxa bilmamışam. Hala bundan başqa tonlarla çorax kasmışıx. Sana pislıx eda bilarammı. Pas kişilıx harda qaldı. Bir da san rus dilinda bilirsan axı.
-Bilirəm ey ay bala, amma höccəliyə-höccəliyə oxuyuram. O boyda yazını oxumağa məndə hövsələ hardadı. Özü də hadisəni görəndən sonra lap başımı itirmişəm. Hayıf Artavas kişidən. Ona qıyanın əli qurusun.
-Ha, Karım dayı, ona al qaldıranı tapacayıq. Ozu da bu tak adamın işi deyil. Bu qatilda bir neçə adam iştirak edib. Hamısını tutacayıq, özun göracaxsan. İndi protokolun axırını oxuyum, diqqətlə qulaq as, sonra qol çakarsan. Bax sonda bela yazılıb: Protokolla tanış oldum, izahatım olduğu kimi yazılıb, dediklarimi imzamla tasdiq ediram. Hə necadi, düz yazmışam?
-Nə bilim, ay oğul, yazmısan da.
-Yoxsa mana inanmırsan, Karım dayı?
-İnanıram bala, inanıram.
-Onda qol çak! -deyən Arzumanyan protokolu kişinin qabağına qoyub barmağı ilə yer göstərdi. Kərim kişi Arzuman­yanın göstərdiyi yerə qol çəkdi.
-Yaxşı, Kərim dayı dur get evinə,-deyən Arzumanyan milis nəfərinə işarə etdi. Milis nəfərinin müşayiəti ilə Kərim kişi otaqdan çıxdı. Lakin onu evinə yox, kameraya apardılar.
Bir azdan Kərim kişinin hayqırtısı bayırdan eşidilirdi. Ona iş­gəncə verirdilər. Qətli boynuna almalı, bayaq qol çəkdiyi protokolda yazıldığı kimi bir neçə azərbaycanlı ziyalının adını çəkməli, Artavas kişini onların sifarişiylə öldürdüyünü deməli idi.
-Allahınız olsun, vicdanınız olsun, mən bu yaşımda günahsız adamları necə şərləməliyəm, nə haqla şərləməliyəm. Məni tutursunuz, tutun. İstəyirsiniz, boynuma alım. Ancaq onları bu işə qatmayın,-deyən Kərim kişinin onu döyən milis nəfərinə yalvarmaqdan başqa bir əlacı yox idi.
Bir saat keçmədi, gecəykən on beş nəfərə kimi azərbaycanlını qolu qandallı milis idarəsinə gətirdilər. Yazılmış, Kərimin qolu ilə "təsdiq" edilmiş protokol onlara oxundu. Onların sifarişiylə Kərimin Artavası öldürdüyü onların özlərinə deyildi. Kərimin həyətindən götürülmüş ağzı qanlı balta əşyayi dəlil kimi onlara gös­tərildi. Sabah isə Kərimin əl izlərinin yoxlanılması üçün baltanın məhkəmə ekspertizasına göndəriləcəyi bildirildi.
Şöbəyə gətirilənlər Kərim kişi ilə üzləşmələrini tələb etdilər. Onların heç biri bu cəfəngiyyata inanmırdı. Qolu qandallı Kərim kişini iki milis nəfəri sürüyüb otağa atdı. Belə qoca yaşında insafsızcasına döyülmüş, işgəncə verilmiş Kərim kişi tanınmaz hala düşmüşdü. Dırnaqları çıxarılmış, yumruq zərbələrindən dişləri tökülmüş, partlamış dodaqları şişmiş, al-qana boyanmış arıq, ətsiz sifəti qançır bağlamışdı.
Arzumanyan onu görüncə üstünə qışqırdı.
-Sənə verilən suallara ya hə, ya yox cavabları verərsən. Bunların heç biri, -barmağı ilə gətirilənləri göstərdi -olmuş hadisəni boyunlarına almaq istəmirlər. Özlərini xəbərsiz kimi aparırlar. Protokolu dediyin kimi yazmışam? -deyə soruşdu. Kərim kişinin danışmağa heyi yox idi. Yumruq zərbələrindən əzilmiş, şişmiş göz qapaqlarını zorla aralayıb otaqdakıları süzdü. Danışmaq istəsə də danışa bilmədi.
-Sualıma cavab vermədin. Protokolu dediyin kimi yazmışam? deyən Arzumanyan yenidən bağırdı.
Kərim kişi başını tərpədərək -hə -dedi.
-Sonra həmin protokolu birlikdə oxumuşuq?
Kərim kişi yenə başı ilə Arzumanyanın dediyini təsdiqlədi.
-Sonra protokola özün qol çəkmisən?
-Özüm qol çəkmiş...əm -deyən Kərim kişi müvazinətini saxlaya bilmədi, oturduğu yerdən böyrü üstə döşəməyə sərildi. Dişləri töküldüyündən danışığını dəyişmişdi.
Səhəri gün şöbəyə məhkəmə ekspertizasından baltanın sapındakı əl izlərinin Kərim kişinin əl izləri ilə eyni olduğu barədə arayış təqdim edilmişdi.
Törədilmiş bu hadisədən kənd adamları arasında bir çaşqınlıq yaranmışdı. Fağırdan-fağır sayılan, kimsənin toyuğuna daş atmayan Kərimin, özü də bu yaşında Artavas kişini öldürməsinə inananlar az idi. Lakin hadisə göz qabağında idi. Kərimin baltanın sapındakı əl izlərini təsdiqləmiş məhkəmə ekspertizasının arayışı da hamını çaşbaş salmışdı.
Suren əlcək geyindiyindən əl izləri baltanın sapına düşməmişdi. Sapda yalnız Kərimin köhnə əl izləri qalmışdı.
Arzumanyan protokolu yazarkən Kərimdən xəbərsiz qabaq­cadan planlaşdırılıb, siyahısı tutulmuş bəzi azərbaycanlı ziyalılarının adlarını protokola salmışdı. Hazırda onların hamısı cinayətkar kimi kameralarda saxlanılırdı.
Siyahı tərtib edilərkən Akopyan tərəfindən kənddə böyük nüfuz sahibi kimi tanınan Rəcəb kişinin də adı ora salınmışdı. Sıra ilə yazılmış siyahıda Rəcəb kişinin adının üstündən xətt çəkən Arzumanyan demişdi:
-Akopcan, Rəcəb kişinin adını siyahıdan silirəm, əvvəla ona görə ki, oğlu Azad arvadımı müalicə edir. Həftə səkkiz, mən doqquz, yanında olmasa, iynələrini vurdurub sistemini köçürməsə zalım qızı yaşaya bilmir. Neçə həkimə aparmışam, baxıblar, yoxlayıblar, bir şey başa düşməyiblər. Onun dərdini təkcə Azad doxtor bilir. Zalım oğlu həkim deyil, loğmandır. Sonrası da Rəcəb kişinin yaşı yetmişi keçib, siyasətə, filana qarışan deyil. Gülünc vəziyyətə düşə bilərik.
Akopyan Arzumanyanın sözünə qarşı çıxmamışdı. Razılaşmışdı. Ancaq sonradan "səhv"lərini başa düşmüş, Rəcəb kişinin çöldə, azadlıqda qalmasından peşman olmuşdular. Artıq gec idi. Son­rakı peşmançılıq fayda vermir. Bu işi sahmana salandan sonra onun haqqında başqa plan cızacaqlarını qarşıya məqsəd qoymuşdular.
Rəcəb kişi nüfuzundan istifadə edərək əvvəlcə erməni icmasının ağsaqqalları, sonra isə cavanları ilə söhbətlər apardı, hadisənin reallıqdan kənar olduğunu onlara başa saldı:
-Dülgər olsa da, Kərim kişi bu yaşında elə zərbə ilə balta vura bilməz. Sifarişə gəlincə isə bu, lap ağ yalandır. Bu kəndin adamlarından, istər erməni olsun, istərsə də azərbaycanlı, heç kim Artavasın ölümünü istəməzdi. Bu sifariş tamam başqa yerdən gəlib, qətl isə başqa adamın əli ilə törədilib. Baş vermiş bu faciəvi hadisə xüsusi məqsəd güdərək millətlər arasında qırğın salmaq üçün törədilmişdir -demişdi.
Hər iki tərəfdən biri-birinə kinlə diş qıcardan cavanların hirsi, hikkəsi soyumuş, öləzimişdi. Hadisənin sonunu gözləməyi qərara almışdılar.
Rəcəb kişi qabağa düşərək beş-altı ağsaqqalla birlikdə rayon
Partiya Komitəsinə, rayon prokurorluğuna gedib, məsələyə ədalətlə baxılmasını xahiş edib, əks təqdirdə Moskvaya yazacaqlarını demişdi.
Rayon məhkəməsinin çıxardığı qərar milis mayoru Arzumanyanın yazaraq Kərim kişiyə qol çəkdirdiyi protokola əsasən verilmiş, Akopyanla Arzumanyanın istəyini müdafiə etmişdi. Qətli yerinə yetirdiyi üçün Kərim kişiyə 15, sifarişçilərin isə hər birinə 5 ildən 12 ilə kimi iş kəsilmiş, yatab göndərilmişdilər.
İstər rayon Partiya Komitəsi, istərsə də rayon prokurorluğu tərəfindən mehribanlıqla qəbul edilib, şirin dillə yola salınan, sonra da aldadılan Rəcəb kişi hirsindən dodaqlarını çeynəyirdi.
-Bunlar nə qədər mindilli-minsifətli, üzə gülüb arxadan xəncəri kürəyə saplayan alçaqdırlar. Bunları niyə bu vaxta qədər tanımamışıq. Çörəyimizə ortaq edib, torpağımızdan pay verdik. İndi də kişi olub bizə qənim kəsiliblər? Belə murdar sifət ancaq bunlarda ola bilər -deyən Rəcəb kişi beş-altı ağsaqqalla birlikdə Bakıya gəldi, baş vermiş hadisə ilə əlaqədar ali məhkəməyə müraciət etdi.
Ali məhkəmənin qərarı ilə rayon məhkəməsinin qərarı ləğv edildi, istintaqın yenidən aparılması, işə təzədən baxılması üçün məhbuslar Bakıya gətirildi.
Vəziyyətin belə şəkil alacağını gözləməyən Arzumanyan bəzi yoldaşlarla görüşəndən sonra Surengilə, Akopyanın yanına məsləhətə gəlmişdi. Akopyan da başqalarının dediyini Arzuman­yana dedi, qorxmamağı ona tövsiyə etdi. Sonra əlini onun çiyninə qoyub heç nə olmayıbmış kimi bərkdən gülmüşdü:
-Ara, sənin bu qədər qorxaq olduğunu bilməzdim -demişdi. Protokola Kərim kişi qol çökib?
-Çəkməyib, çəkdirmişəm.
-Nə fərqi, ya çəkib, ya çəkdirmisən, eyni şey deyilmi. Protokolda imzası var, var. Deməli, qol çəkib.
-Deyəcək ona zorla qol çəkdirmişik, döyə-döyə.
-Bax, elə orada səhv eləmisiz, ona dəymək lazım deyildi. Yadda saxlayın, başı pambıqla kəsərlər.
-Başqalarını qorxutmaq üçün onu döydürmüşəm.
-Deyərsən, günahını boynuna almırdı. Uşaqlar da məndən xəbərsiz onu döyüblər.
-Bilmirəm, başımı itirmişəm, zibilə düşməsəm yaxşıdır. Bilsəydim belə olacaq, bu işə qol qoymazdım.
Akopyan əlini-əlinə vurub güldü:
-Əlbəttə, boş başı itirərsən də. Dolu olsaydı itirməzdin. Ara, sənin əlində olan ekspertizanın daşdan keçən arayışına nə deyirsən. Baltanın sapında Kərimin əlinin izindən başqa bir iz tapılmayıb ki. Buna sözün nədir. Sən də işi həmin arayışa əsasən apardığını deyərsən. Vəssalam,-dedi. Sonra ciddiləşdi.
-Qorxma, sənin də məsələni müzakirə etmişik, uzaq başı bir töhmət alacaqsan -dedi -özü də şifahi, elə-belə öz aranızda.
-Doğru deyirsən, Akopcan? -deyə Arzumanyan dilləndi.
-Başqa cür də ola bilməz. Sən hələ bizə bundan sonra daha çox lazım olacaqsan. Bizim partiya heç vaxt sadiq üzvlərini darda qoymur,-deyən Akopyan əlini uzadıb stolun yanına bərkidilmiş düyməni basdı. Qonşu otağa xüsusi çəkilmiş zəngin səsinə diksinən Suren tez özünü yetirdi. Akopyanın sifarişinə əsasən gətirdiyi yemək-içməyi stolun üstünü düzdü.
Gecədən xeyli keçmişdi. Başı dumanlanmış Arzumanyan getmək üçün ayağa qalxdı. Paltosunu geyinib qapıdan çıxarkən dönüb diqqətlə Surenə baxdı;
-Səndən yaxşı qəssab olar. Adam qəssabı, baltanı elə zərblə vurursan ki. Ancaq bundan sonra bu türk köpəkuşağı dura-dura özününküynən işin olmasın -dedi və dərkedilməz mənalı baxışlarla onu süzdü.
Suren üşərgələndi. Ehtiyatla dönüb Akopyana baxdı.
-Yaxşı, az danış - dedi Akopyan. - O özümüzkü köpək­oğlu türkdən də pis idi. Amalımıza qarşı çıxanlar kimliyindən asılı olmayaraq məhv edilməlidir.
-Başqa cür də ola bilməz, Akopcan - deyən Arzumanyan xumar gözləri ilə onları süzüb qapıdan uzaqlaşdı.
Otaqda var-gəl edə-edə yeni planlar cızan Akopyan üzünü stolu yığışdırandan sonra sakitcə oturmuş Surenə tutdu.
-Hazırlaş, sabah, ya da birisi gün gedirik.
-Hara, Akopcan?
-Xaricə. Səni və bir neçə nəfər gənci xaricə aparıram. Orada xüsusi kurslarda oxuyacaqsınız, hərbi təlimlər keçəcəksiniz. Bacarıqlı, bilikli zabit kimi yetişib vətənə qayıdacaqsız. Səninə gələcəyin qabaqdadır, oğul. Bu xalqa hələ çox lazım olacaqsan.
Baş vermiş son hadisələrdən qorxuya düşmüş Suren bu təklifə əlüstü razı oldu. Və bir neçə gündən sonra Akopyan bir neçə erməni gənclə birlikdə Qarabagı tərk etdi. Suren də onların arasında idi...
...Yenidən aparılmış istintaq nəticəsində Kərim kişinin və digər tutulanların heç bir cinayət törətmədikləri aydınlaşdırıldı, günahsız olduqları sübuta yetirildi və onlar ali məhkəmə tərəfindən azadlığa buraxıldılar. Baxılmaq üçün milis mayoru Arzumanyanın işi məhkəməyə verildi, əsl cinayəti törətmiş Sureni həbs etmək üçün axtarış elan edildi.
  (ardı gələn nömrəmizdə)


Tarix: 8-05-2017, 10:14

Xəbəri paylaş