Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi barədə mülahizələr

  

Nəbi Mahmudov,

Bakı şəhəri 83 nömrəli məktəb-liseyin direktoru,

Lütfi Zadə adına BMEA-nın müxbir üzvü,

fizika-riyaziyyat elmləri namizədi


2008-2009-cu tədris ilindən ölkəmizin ümumtəhsil məktəblərində təhsil islahatının tətbiqinə başlanılıb. Artıq ümumi təhsil səviyyəsində təhsilalanlar və təhsilverənlər “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” əsasında hazırlanmış dərsliklərdən, dərs vəsaiti və metodik vəsaitlərdən istifadə edirlər.
Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə söylədiyi “Təhsil millətin gələcəyidir!” müddəasını inamla inkişaf etdirən, “Təhsil bizim gələcəyimizdir!” devizini irəli sürən, onun həyata keçirilməsinə böyük töhfələr verən – azərbaycanlı gənclərin dünyanın inkişaf etmiş ölkələrinin nüfuzlu ali məktəblərində təhsil almasına xüsusi diqqət və qayğı gös­tərən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.10.2013-cü il tarixli Fərmanı ilə qəbul olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təhsil sahəsində həyata keçirilməsi zəruri olan prioritetləri müəyyənləşdirdi. Hazırda Təhsil Nazirliyi qəbul olunmuş müvafiq Fəaliyyət Planı əsasında Dövlət Strategiyasında nəzərdə tutulanların həyata keçirilməsini təmin etməkdədir.
Təhsil Nazirliyi tərəfindən hazırlanmış, 2016-cı ilin noyabrında mətbuatda dərc edilmiş və ictimaiyyətin müzakirəsinə verilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nın layihəsi 2010-cu ildə qəbul olunmuş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nı daha da inkişaf etdirən bir layihə olub, özündə tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiq olunmasını təmin edən müddəaları da ehtiva edir.
Biz bu məqalədə oxucuların diqqətini ölkəmizdə ümumi təhsilin səviyyəsinin yüksəlişini, təhsilalanların keyfiyyətli təhsil almasını təmin edəcək “Tam orta təhsil səviyyəsində tədris olunan fənlərin məzmununa verilən ümumi tələblər" bəndinə yönəltməyi məqsədəuyğun hesab edirik. Bu bəndin alt bəndlərində deyilir: 11.1. Tam orta təhsil səviy­yəsində təhsil aşağıdakı istiqamətlər üzrə təşkil olunur:
11.1.1. Mövcud qanunvericiliyə uyğun olaraq, meyil və maraqları, potensial imkanları nəzərə alınmaqla istedadlı şa­girdlər üçün müxtəlif təmayül istiqamətləri üzrə.
11.1.2. Təmayülləşmə tətbiq olunmayan istiqamət üzrə.
11.2. Bu və ya digər təmayül istiqamətinə daxil olan təmayül fənlərinin və digər fənlərin məzmunu varislik prinsipi əsasında icbari ümumi orta təhsil səviyyəsi üzrə müvafiq fənn kurikulumlarında təsbit olunmuş ümumi təlim nəticələri mövcud tələbata uyğun inkişaf etdirilməklə müəyyənləşdirilir və mahiyyət etibarı ilə şagirdlərin ali təhsil pilləsində təhsil almaq imkanlarının reallaşmasına yönəldilir.
11.3. Hər bir təmayül fənninin məzmunu şagirdlərin həmin fənn üzrə bilik səviy­yəsinin, dünyagörüşünün genişlənməsinə, kommunikativ, idraki, sosial və digər həyati bacarıqların təkmilləşdirilməsinə xidmət edir.
11.4. Təmayülləşmə tətbiq olunmayan istiqamət üzrə təşkil edilən tam orta təhsilin məzmunu icbari ümumi orta təhsil səviyyəsini bitirən şa­girdlərin əldə etdikləri zəruri bilik və həyati bacarıqların təkmilləşdirilməsinə, onların cəmiyyətə çevik inteqrasiyasına və malik olduqları potensiala uyğun müvafiq peşələrə istiqamətləndirilməsinə xidmət edir.
Layihə şəklində verilmiş sənədin 11.2 bəndində ümumtəhsil məktəbinin ümumi orta təhsil səviyyəsini bitirən istedadlı təhsilalanların təhsillərini tam orta təhsil səviyyəsinin təmayül siniflərində davam etdirmələri vurğulanır və birmənalı olaraq təmayül siniflərini bitirən məzunların təhsillərini ali təhsil pilləsində davam etdirə bilmələri, 11.4 bəndində isə təmayülləşmə tətbiq olunmayan istiqamət üzrə siniflərin məzunlarının təhsillərini peşə almaq istiqamətlərində davam etdirə biləcəkləri aydın şəkildə qeyd olunur.
Qeyd edək ki, ictimaiyyətin müzakirəsinə verilmiş bu layihə pedaqoji kollektivdə, vali­deyn yığıncaqlarında, xüsusilə 9-cu siniflərdə təhsilalanlar və onların valideynləri ilə müzakirə edilmiş, müxtəlif təkliflər irəli sürülmüşdür. Təmayülləşmənin tətbiq olunması ilə əlaqədar valideynləri övladlarının, təhsilalanları özlərinin gələcək təhsil taleyi çox ciddi düşündürür və onları ən çox aşağıdakı məzmunlu suallara cavablar narahat edir:
Sual 1. Ümumi orta təhsil səviyyəsini bitirmiş məzunlar hansı halda təhsillərini tam orta təhsil səviyyəsinin təmayülləşmə tətbiq olunan siniflərində davam etdirə bilər?
Sual 2. Təmayülləşmə tətbiq olunan sinfə qəbul olunmuş təhsilalan təmayül istiqamətini dəyişə bilərmi və bu, nə vaxt ola bilər?
Sual 3. Təmayülləşmə tətbiq olunmayan sinfi bitirən təhsilalan təhsilini peşə istiqamətində deyil, ali təhsil pilləsində təhsil almaq istiqamətində davam etdirmək istədiyi halda hansı addımları atmalıdır?
Bu sualları aşağıdakı kimi cavablandırmağı daha münasib hesab edirik:
1-ci sualın cavabı: Ümumi orta təhsil səviyyəsini bitirmiş məzunun seçdiyi təmayül istiqamətində tədris olunan əsas fənlər üzrə illik və yekun qiymətləri “4” və ya “5” olduqda o, təhsilini həmin təmayül istiqaməti üzrə davam etdirə bilər.
2-ci sualın cavabı: Təmayülləşmə tətbiq olunan sinfə qəbul olunmuş təhsilalanın təmayül istiqamətini ancaq X sinifdə təhsil aldığı müddətdə - tədris ilinin birinci yarımilində dəyişə bilər. Bu, təhsilalanın dəyişmək istədiyi təmayülə uyğun fənlər üzrə illik və yekun qiymətləri “4” və ya “5” olduğu halda ola bilər.
3-cü sualın cavabı: Tam orta təhsil səviyyəsini təmayülləşmə tətbiq olunmayan istiqamət üzrə bitirən məzun gələcəkdə ali təhsil pilləsində təhsil almaq istədiyi halda, növbəti tədris ilindən başlayaraq seçdiyi təmayül istiqamətinə uyğun əsas fənlərdən buraxılış imtahanı verib müvafiq icra hakimiyyəti tərəfindən qəbul olunmuş zəruri keçid balını topladığı barədə uyğun sənəd aldıqda təhsilini ali təhsil pilləsində davam etdirmək hüququ əldə edir.
Bu baxımdan biz 2017-2018-ci tədris ilindən təmayül­ləş­mə tətbiq olunan is­tiqamətlər üzrə X siniflərə qəbul olunan və həmin istiqamət üzrə tam orta təhsil səviyyəsini bitirən məzunların təhsillərini sonrakı təhsil pilləsində davam etdirməsi üçün fərqli yanaşmadan, dünyanın inkişaf etmiş ölkələrində, xüsusilə ABŞ-da istifadə olunan “təhsilalanın keyfiyyət indeksi” anlayışından istifadə olunmasını təklif edirik. Qeyd edək ki, “təhsilalanın keyfiyyət indeksi” dedikdə, təhsilalanın təhsil aldığı bütün fənlər üzrə illik qiymətlərinin ədədi ortası başa düşülür. Təhsilalan yeni təhsil proqramları üzrə tam orta təhsil səviyyəsini təmayül istiqamətində bitirdiyi halda, onun təhsilini növbəti təhsil pilləsində davam etdirməsi üçün “təhsil­alanın keyfiyyət indeksi”ndən aşağıdakı kimi istifadə olunmasını məqsədəuyğun hesab edirik:
1. təhsilalanın təmayül fənləri üzrə keyfiyyət indeksi 4,5-dən yuxarı olduqda ən yüksək reytinqli (ali kateqoriyalı) ali təhsil müəssisələrinə müsabiqədə iştirak edir;
2. təhsilalanın təmayül fənləri üzrə keyfiyyət indeksi (4; 4,5) bal olduqda yüksək reytinqli (I kateqoriyalı) ali təhsil müəssisələrinə müsabiqədə iştirak edir;
3. təhsilalanın təmayül fənləri üzrə keyfiyyət indeksi (3; 4] bal olduqda orta reytinqli (II kateqoriyalı) ali təhsil müəssisələrinə müsabiqədə iştirak edir;
4. təhsilalanın təmayül fənləri üzrə keyfiyyət indeksi (2,5; 3] bal olduqda subbakalavr təhsili verən təhsil müəssisələrinə müsabiqədə iştirak edir;
5. təhsilalanın təmayül fənləri üzrə keyfiyyət indeksi (2; 2,5] bal olduqda ilk peşə-ixtisas təhsili müəssisələrinə müsabiqədə iştirak edir.
6. təhsilalan təmayül fənləri üzrə keyfiyyət indeksi 2-dən kiçik olduqda, növbəti tədris illərində təhsil aldığı təmayülə aid fənlər üzrə eksternat qaydasında buraxılış imtahanı verir və topladığı bala uyğun olaraq bu və ya digər səviyyəli təhsil müəssisələrinə qəbulla bağlı müsabiqədə iştirak etmək hüququ əldə edir.
Biz yuxarıda göstərilənlərin nəzərə alınmasını, X-XI siniflərdə təhsilalanların tədris ilinin sonunda təmayül fənləri üzrə xarici qiymətləndirmələrdə iştirak etməsini, X sinif üzrə qiymətləndirmədə zəruri keçid balını toplamayanların təhsilini təmayülləşmə tətbiq olunmayan sinifdə davam etdirməsini, eyni zamanda təmayülləşmə tətbiq olunmayan sinfi bitirən məzun ali təhsil pilləsində təhsil almaq istədiyi halda, onun təhsil hüququnun qorunması baxımından sonrakı tədris illərində seçdiyi təmayülə müvafiq fənlərdən mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı verməsini, top­ladığı bala (keyfiyyət in­deksinə) uyğun olaraq təhsilini davam etdirmək hüququ əldə etməsinə dair müvafiq sənəd (sertifikat) almasını məqbul sayırıq.
  Qeyd olunanlara rəğmən, ölkəmizin ümumtəhsil məktəblərinin tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiq olunması ilə bağlı həyata keçirilən fəaliyyətlərin çox düzgün addım olduğunu təqdir edirik. Bu təkliflərin tətbiqinin təhsilalanlarda və valideynlə-rində məktəbə, müəllimə, məktəbdə təhsilalmaya pozitiv münasibət formalaşdıracağını, təhsilalanların “repetitor təhsili”ndən uzaqlaşmalarını, sinifdə müəllimin rəhbərliyi ilə zəruri həyati bacarıqlar əldə etmələrini - səriştələrə yiyələnmələrini, təhsilin bütün pillələrində keyfiyyətinin yüksəlməsini, peşəkarlıq səviyyəsi yüksək olan mütəxəssislərin yetişdirilməsini təmin edəcəyini nəzərə alaraq layihənin qəbul olunmasını məqsədəuyğun hesab edirik.


Tarix: 8-05-2017, 09:49

Xəbəri paylaş