Nobel mükafatı laureatlarının adları açıqlandı
İsveçin paytaxtı Stokholmda Nobel Mükafatları Komitəsi ənənəyə uyğun olaraq ayrı-ayrı elm sahələrində 2018-ci il üçün Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. Oktyabrın 1-də ilk olaraq fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları məlum olub. www.nobelprize.org saytının məlumatına əsasən, İsveçin Karolinsk İnstitutu tərəfindən elan edildiyi kimi fiziologiya və tibb üzrə Nobel mükafatına ABŞ-ın Texas Universitetindən Ceyms Ellison və Yaponiyanın Kioto Universitetindən Tasuku Hondzö layiq görülüblər. Nobel komitəsindən verilən məlumata görə, alimlərə elmi mükafat xərçənglə mübarizə nəzəriyyəsinin kəşfinə görə təqdim olunacaq. Komitə bu mükafatı təsis edərkən kəşflərin nəzəri dəyərindən çox praktik əhəmiyyətinə üstünlük verib. Bu mənada Nobel komitəsinin qərarı olduqca qanunauyğun hesab olunur. "Xərçəng hər il milyonlarla insanın həyatına son qoyur və hazırda bəşəriyyətin sağlamlığı üçün ən böyük problemdir. Nobel laureatları bu il bizim immun sistemimizin xərçəng hüceyrələrinə hücum etmək qabiliyyətini stimullaşdırmaqla xərçəngin terapiyasında tamamilə yeni prinsip müəyyən ediblər",- deyə Nobel Komitəsinin açıqlamasında bildirilir. Professor C.Ellison immun sisteminə tormozlayıcı təsir göstərən CTLA-4 zülalını əldə edib. C. Ellison və onun komandası bu zülaldan istifadə etməklə immun sisteminin hansı hissələrinin xərçəng hüceyrələri tərəfindən blokadaya alınmasını müəyyən edə biliblər. Bu tədqiqat siçanlar üzərində sınaqdan keçirilib və xərçəngin bir neçə növünü müalicə etmək mümkün olub. Professor T.Hondzö də faktik olaraq eyni məcrada işləyib, lakin o, digər hərəkət mexanizmə malik PD-1 zülalından istifadə edib. Digər zülallarla əlaqəyə girən PD-1 limfositlərin hücumunun qarşısını alır. Bu isə orqanizmə xərçəng hüceyrələrinin hücumunun qarşısını almağa kömək edir. "Ellison və T.Hondzö immun sisteminin zəifləməsinin qarşısını alan fərqli strategiyaların xərçəngin müalicəsində necə istifadə oluna biləcəyini bizə göstərib", -deyə Nobel komitəsinin məlumatında qeyd olunur.
Alimlərin hazırladıqları eksperimental metod insan orqanizminin xərçəng hüceyrələri ilə mübarizə aparması üçün immun hüceyrələrinin əlaqələndirilməsi və azad olunmasını nəzərdə tutur. Nobel komitəsində hesab edirlər ki, bu kəşflərə əsaslanan terapiya xərçənglə mübarizədə son dərəcədə effektivdir. Bu kəşf tibdə inqilabi dəyişiklik kimi qiymətləndirilir. Komitə üzvləri bəyan ediblər ki, "bu kəşf xərçəngin müalicəsində inqilab edib və bizim xərçənglə mübarizəyə dair münasibətimizi kökündən dəyişib".
Nobel komitəsinin saytına verdiyi ilk müsahibədə Ellison mükafata layiq görülməsi xəbərinə "İnana bilmirəm, mən şokdayam, bu, mənim həyatımda ən böyük arzum olub" deyib.
Digər laureat Hondzö isə sayta açıqlamasında "pasiyentlərimin "siz mənim həyatımı xilas etdiniz" sözlərini eşitmək daha çox sevindiricidir. Bu, mənim üçün istənilən mükafatdan daha xoş hissdir" deyib.
***
Oktyabrın 2-də İsveç Kral Elmlər Akademiyası tərəfindən 2018-ci ilin fizika üzrə Nobel mükafatı laureatlarının adları elan olunub. Bu il mükafata lazer fizikası sahəsində yenilikçi ixtiralarına görə üç alim - amerikalı Artur Eşkin, fransalı Jerard Moro və kanadalı xanım Donna Strikland layiq görülüb. Nobel komitəsindən verilən məlumatda qeyd olunur ki, yüksək elmi mükafat alimlərə "lazer fizikası sahəsində inqilabi nailiyyətə görə" verilir. Nobel komitəsi Artur Eşkin tərəfindən "optik pinsetlərin kəşf edilməsini və onun bioloji sistemlərdə tətbiq olunmasını" yüksək qiymətləndirib. Kral Elmlər Akademiyası bildirib ki, A. Eşkinin əsasını qoyduğu optik pinsetlərin inkişafı orqanizmdəki viruslar kimi ən kiçicik hissəcikləri onlara zərər yetirmədən tuta bilər, bu isə "elmi fantastikanın köhnə xəyalını"nın reallaşması deməkdir. "Optik pinset həyat mexanizminin müşahidəsi və ona nəzarət üçün tamamilə yeni imkanları yaradıb",-deyə Kral Akademiyasının açıqlamasında bildirilir. Jerard Moro və onun kanadalı keçmiş tələbəsi Donna Strikland isə "yüksəksürətli ultraqısa optik impulsların generasiyası metodunu hazırladıqlarına görə" yüksək mükafata layiq görülüblər. Alimlər lazerlərin köməyi ilə kiçik hissəcikləri idarə etməyə imkan verən optik pinset ixtira edibər. Nobel komitəsində qeyd ediblər ki, hazırda dünyada milyardlarla insan hər gün lazer printerlərindən və optik skanerlərdən istifadə edir, milyonlarla insan isə lazer cərrahiyyəsinə üz tutur. Nobel komitəsi hesab edir ki, J.Moro və D. Strikland bəşəriyyət tərəfindən yaradılmış ən qısa və intensiv lazer impulslarına yol açıblar. Maraqlıdır ki, onların inqilabi məqaləsi 1985-ci ildə dərc edilib. Bu məqalə D.Striklandın doktorluq dissertasiyasının əsası olub. Artur Eşkin mükafat fondunun (1 milyon dollar) 1/2-ni alacaq. Mükafatın qalan hissəsi Jerard Moro və Donna Strikland arasında bölüşdürüləcək.
***
İsveç Kral Elmlər Akademiyası oktyabrın 3-də 2018-ci il üzrə kimya sahəsində Nobel mükafatı laureatlarının adlarını elan edib. Yüksək elmi mükafata amerikalı alimlər, Kaliforniya Texnologiya İnstitutunun professoru xanım Fransis Arnold, Missuri Universitetindən Corc Smit, Böyük Britaniyanın Kembric Universiteti molekulyar biologiya laboratoriyasından Qreqori Uinter "fermentlərin istiqamətlənmiş təkamülü" sahəsində tədqiqatlarına görə layiq görülüblər. F.Arnold fermentlərin təkamülünün öyrənilməsi, C. Smit və Q.Uinter isə peptid və anticismlərin təsvirinə görə mükafata təqdim olunublar. Nobel komitəsi alimlərin kəşfini "təkamülün köməyi ilə inqilab" adlandırıb. F.Arnold istiqamətlənmiş təkamül sahəsində pioner hesab olunur. O, fermentlərin- kimyəvi reaksiyaları katalizləşdirən zülalların təkamülünü nəzarət altına almağa nail olub. İndi onlardan bioloji yanacağın yaradılmasından tutmuş əczaçılığa qədər bir çox sahədə istifadə etmək olar. Amerikalı C. Smit və britaniyalı Q. Uinter isə faqovativ ekran - zülalların dezoksiribinuklein turşusu (DNT), peptid və başqa zülallarla qarşılıqlı əlaqəsinin öyrənilməsinin laboratoriya metodunu işləyib hazırlayıb. O, zülalları və onları kodlaşdıran genetik informasiyaları əlaqələndirmək üçün bakteriofaqlardan (zülalları sıradan çıxaran viruslar) istifadə edib. C.Smit müəyyən edib ki, bakteriofaqlardan yeni zülalların təkamülü üçün istifadə edilə ilər. Q.Uinter isə bundan yeni dərmanların istehsalı üçün necə istifadə etməyi müəyyənləşdirib.
Tədqiqatlar autoimmun xəstəliklərlə, həmçinin metastaz vermiş xərçənglə mübarizə aparmağa kömək edəcək. Bu tədqiqatlar yeni dərman vasitələrinin yaradılmasına imkan verəcək. Mükafatın (1 milyon dollar) 1/2-i F.Smitə çatacaq, qalan hissəsi digər laureatlar arasında bölüşdürüləcək.
Tibb və fiziologiya üzrə laureatlar
Ceyms P. Elison (James P. Allison) 1948-ci il avqustun 7-də ABŞ-ın Texas ştatında Elis şəhərində anadan olub. Texas Universitetinin məzunudur. 1973-cü ildə universitetin doktorluq elmi dərəcəsini alıb. 1974-1977 -ci illərdə Kaliforniyadakı Scripps Elmi-Tədqiqat Fondunda və klinikada postdoktorant olub. 1977-1984-cü illərdə Texas ştat Smitvilla Universitetinin Onkologiya mərkəzində, 1985-2004-cü illərdə Kaliforniya Berkli Universitetində, 2004-2012-ci illərdə Nyu-York ştatında Sloan Ketterinq Memorial Xərçəng Mərkəzində professor-müəllim heyətində yer alıb. O, eyni zamanda 1997-2012-ci illərdə Hovard Hyuz Tibb İnstitutunda tədqiqatlar aparıb. 2012-ci ildən Texas Universitetinin Anderson Xərçəng Mərkəzində (Cancer Center) professor vəzifəsində çalışıb. Eləcə də Texas ştatındakı Hyuston Parker İmmunoterapiya Xərçəng Mərkəzi ilə əməkdaşlıq edib. Hazırda C.Ellison Texas Universiteti nəzdində xərçənglə mübarizə mərkəzində immunologiya şöbəsinə rəhbərlik edir.
Tasuku Hondzö (Tasuku Honjo) 1942-ci il yanvarın 27-də Yaponiyanın Kioto şəhərində anadan olub. Tokio Universitetinin məzunudur. 1966-cı ildə tibb elmləri doktoru elmi dərəcəsini alıb. 1971-1974-cü illərdə Vaşinqtonda Karneqi, daha sonra Merilend ştatındakı Milli Səhiyyə institutlarının elmi əməkdaşı olub. 1975-ci ildə Kioto Universitetində doktorluq elmi dərəcəsi alıb. 1974-1979-cu illərdə Tokio Universitetinin, daha sonra Osaka Universitetinin professor-müəllim tərkibinə daxil olub. 1984-cü ildən Kioto Universitetinin professorudur. 1996-2000, 2002-2004-cü illərdə tibb fakültəsinin dekanı işləyib. Hazırda Kioto Universitetində immunologiya professoru vəzifəsini tutur. ABŞ Milli Akademiyasının (2001), Yaponiya Elmlər Akademiyasının üzvü seçilib. Yaponiya və bir sıra ölkələrin nüfuzlu elmi mükafatlarına layiq görülüb.
Fizika üzrə laureatlar
Artur Eşkin (Arthur Ashkin) 1922-ci il sentyabrın 2-də ABŞ-ın Nyu-York ştatında Bruklin şəhərində anadan olub. Kolumbiya Universitetinin məzunudur. Kornell Universitetində doktorluq elmi dərəcəsi alıb. 96 yaşlı amerikalı alim, fizik, ixtiraçı optik qurğuların yaradılması sahəsində pioner hesab olunur. Bu optik qurğular atom, molekul və bioloji hüceyrələrin idarə olunmasına gətirib çıxarıb. Alim 1978-ci ildə optik pinseti icad edib. Bir müddət elmi tədqiqat mərkəzlərində (Lucent Technologies və Bell Laboratories) çalışıb. 1992-ci ildə nəzəri fizika sahəsində 40 illik uzunsürən elmi karyerasına son qoyub və təqaüdə çıxıb. A. Eşkin həm də fotorefraksiya, ikinci harmoniyanın generasiyası və qeyri-xətti optika sahəsində tədqiqatları ilə tanınır. 47 patentin və çoxsaylı tədqiqat işlərinin müəllifidir. 1996-cı ildə ABŞ Milli Elmlər Akademiyasının üzvü seçilib. Onun tədqiqatlarından bəhrələnən fizik Stiven Çu 1997-ci ildə fizika sahəsində Nobel mükafatı alıb. 1987-ci ildə kvant elektronikası üzrə, 1998-ci ildə Tauns, 1993-cü ildə Rank, 2004-cü ildə Xarvi mükafatlarına, 1996-cı ildə isə Ayvs medalına layiq görülüb.
Jerar Moro (Gerard Albert Mourou) 22 iyun 1944-cü ildə Fransanın Albertvil şəhərində anadan olub. Fransa və Amerika fizikidir. 1967-ci ildə Qrenobl Universitetini fizika ixtisası üzrə bitirib. Bundan sonra Politexnik Məktəbində işləyib. 1970-ci ildə Paris Universitetinin doktoranturasına daxil olub. Eyni zamanda bir müddət Kanadanın Lavalya Universitetində çalışıb. 1973-cü ildə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Sonra bir il San-Dieqo, Kaliforniya Universitetində işləyib. Daha sonra Paris Milli Qabaqcıl Texnologiyalar Məktəbinin tətbiqi optik laboratoriyasında və Politexnik Məktəbində yüksəksürətli proseslərlə məşğul olan elmi qrup təşkil edib.
1977-ci ildə ABŞ-ın Roçesters Universitetində işləməyə başlayıb. Optika İnstitutunda böyük elmi işçi vəzifəsinə təyin olunub. 1988-ci ildə Miçiqan Universitetində professor vəzifəsini alıb, burada yüksəksürətli optika mərkəzinin əsasını qoyub və uzun müddət ona rəhbərlik edib. Rusiya Elmlər Akademiyasının (2008-ci ildən) xarici üzvüdür. 1985-ci ildə Donn Striklandla birlikdə çox güclü lazer impulslarının alınması üzrə yeni texnikanı təklif edib. Elmi fəaliyyətinin əsas istiqamətləri lazerlər fizikası və qeyri-xətti optikadır.
Donna Strikland (Donna Strickland) 1959-cu ildə Kanadanın Ontario vilayətində Quelf şəhərində anadan olub. Elektrotexnika və lazerlər sahəsində ixtisaslaşıb. O, lazer impulslarının gücləndirilməsi metodunu ixtira edib. 1981-ci ildə Makmastera Universitetini bitirib. 1989-cu ildə Roçesters Universitetini bitirib və optika sahəsində fəlsəfə doktoru elmi dərəcəsini alıb. Onun elmi rəhbəri Jerar Moro olub. D.Strikland 1988-ci ildən 1991-ci ilə qədər Kanadanın Milli Tədqiqatlar Şurasının elmi əməkdaşı olub. Hazırda Vaterloo Universitetinin fizika və astronomiya kafedrasında işləyir. O, lazerlərin öyrənilməsi ilə məşğul olan qrupa başçılıq edir. Bu qrup qeyri-xətti optikanın tədqiqatları üçün yüksək intensivlikli lazer sistemlərinin hazırlanması sahəsində fəaliyyət göstərir. O, son 55 ildə fizika üzrə bu yüksək ada layiq görülmüş ilk qadın, həm də Vaterloo Universitetinin ilk Nobel laureatıdır. Vaterloo Universitetinin saytına verdiyi ilk müsahibəsində D. Strikland "məndə özümə qarşı nəhəng əminlik var... Mən sadəcə irəliləyir və istədiyimi edirəm"deyib.
Kimya üzrə laureatlar
Frensis Arnold (Frances Hamilton Arnold). 25 iyul 1956-cı il tarixində Nyu-York ştatı Olbani şəhərində anadan olub. Bakalavr və magistratura təhsilini ABŞ-ın Prinston və Berkli Kaliforniya universitetlərində alıb. Berkli Kaliforniya Universitetində fəlsəfə doktoru elmi dərəcəsini (PhD) alıb. Hazırda Kaliforniya Texnologiya İnstitutunda işləyir. Amerikalı alim və mühəndis istiqamətlənmiş təkamülün pioneri hesab olunur. ABŞ Milli Elmlər (2008), Mühəndislik (2000) və ABŞ Tibb akademiyalarının (2004), həmçinin Amerika Fəlsəfə Cəmiyyətinin (2018) üzvü seçilib. Çarlz Stark Dreyper mükafatına (2011), texnologiyalar və innovasiyalar sahəsində ABŞ-ın milli medalına (2013), "Minilliyin texnologiyası" mükafatına (2016) layiq görülüb. Onun adı ABŞ Milli İxtiraçıları Şöhrət Zalına daxil edilib. Stokholm, Çikaqo universitetlərinin, Sürix Texnologiya İnstitutunun fəxri doktorudur.
Qreq Uinter (Gregory Paul Winter) 14 aprel 1951-ci il tarixində Böyük Britaniyanın Lester şəhərində anadan olub. 1973-cü ildə Kembric Triniti-Kollecini bitirib. Britaniya biokimyaçısı və biotexnoloq, zülal mühəndisliyi üzrə mütəxəssisdir. Kembric Universitetinin professoru, London Kral Cəmiyyətinin (1990) və Böyük Britaniya Tibb Elmləri Akademiyasının (2006) üzvüdür. 2004-cü ildən cəngavər-bakalavr, 2012-ci ildən Kembric Triniti-Kollecinin başçısıdır. Qərbi Afrikada böyüyüb. 1976-cı ildə Kembricdə fəlsəfə doktoru elmi dərəcəsini alıb. London İmperial Kolleci və Kembric Genetika İnstitutunun postdoktorantı olub. Onun tədqiqatçılıq karyerası əsasən Molekulyar Biologiya Laboratoriyası (Laboratory of Molecular Biology) və Protein Mühəndisliyi Mərkəzi (Centre for Protein Engineering) ilə bağlıdır. O, Kembricdə 3 biotexnoloji şirkətin (Cambridge Antibody Technology, Bicycle Therapeutics və Domantis) əsasını qoyub. "Protein Engineering, Design and Selection" jurnalının baş redaktoru, "European Journal of Immunology" jurnalı redaksiya heyətinin üzvüdür.
Corc Smit (George P. Smith) 10 mart 1941-ci ildə ABŞ-ın Konnektikut ştatının Nopuolk şəhərində anadan olub. Amerika kimyaçısıdır. Kolumbiya Missuru Universitetinin fəxri professorudur. Bakalavr təhsilini Xaverford Kollecində biologiya üzrə alıb. Bir müddət orta məktəbdə biologiya müəllimi və laborant işləyib. Sonra Harvard Universitetində bakteriologiya və immunologiya ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 1975-ci ildə Viskonsin Universitetinin posdoktorantı olub. 1983-1984-cü tədris ilində Dyuk Universitetində Nobel mükafatı laureatı Robert Uebster ilə işləyib. Maraqlıdır ki, R.Uebsterə Nobel qazandıran tədqiqat işinin böyük hissəsi C.Smitə məxsusdur.
Sülh və iqtisadiyyat üzrə Nobel mükafatı laureatları
Oktyabrın 5-də Nobel Mükafatları Komitəsi tərəfindən 2018-ci il üzrə Nobel Sülh mükafatı laureatlarının adları elan olunub. Sülh mükafatına bu il insan haqları üzrə fəallar, ixtisasca həkim olan Deni Mukveqe (Konqo Respublikası) və 2016-cı ildə 23 yaşında BMT-nin sülhməramlı elçisi seçilmiş Nadiya Murad layiq görülüblər. Norveç Nobel Komitəsinin sədri Berit Reiss-Andersen təqdimat zamanı qeyd edib ki, Deni Mukveqe və Nadiya Murad cinsi zorakılığın döyüş silahı kimi qarşıdurmalarda istifadəsinin sona çatdırılması uğrunda səylərinə görə bu mükafatı alıblar.
Oktyabrın 8-də İsveçin paytaxtı Osloda 2018-ci ilin iqtisadiyyat sahəsində Nobel mükafatı laureatlarının adları açıqlanıb. İsveç Kral Elmlər Akademiyasının qərarı ilə iqtisadiyyat üzrə 50-ci yubiley mükafatına amerikalı alimlər Uilyam Nordhaus və Pol Romer layiq görülüblər. U.Nordhaus iqtisadi təhlildə iqlim dəyişiklikləri problemlərinin tətbiqi, P.Romer isə iqtisadi böyümənin səbəblərinin tədqiqi ilə məşğul olub. U.Nordhausun maraq sferası iqtisadi proseslərin təbiətə təsiri ilə bağlıdır, o, "təbii kapital" nəzərə alınmaqla iqtisadi rifahın hesablanması modellərini tədqiq edir. R.Romer isə yeni iqtisadi artım nəzəriyyəsinin əsas banilərindən biri hesab olunur. "Alimlər dövrümüzün ən fundamental və təxirəsalınmaz problemlərinin öyrənilməsi metodlarını hazırlayıblar, eləcə də dünya iqtisadiyyatının və əhalinin rifah halının uzunsürən davamlı inkişafını öyrəniblər", - deyə İsveç Kral Elmlər Akademiyasının açıqlamasında qeyd olunur.
İqtisadiyyat üzrə Nobel mükafatı iqtisad elmləri sahəsində ən nüfuzlu mükafat hesab olunur. İsveç bankının 300 illiyi münasibətilə təsis olunmuş bu mükafat ilk dəfə 1969-cu ildə verilib.
Sülh üzrə laureatlar
Deni Mukveqe (Denis Mukwege) 1 mart 1955-ci il tarixində Belçika Konqosunun Bukavu qəsəbəsində anadan olub. Əsasən Pançi şəhərində yerləşən hospitalın təsisçisi və direktoru kimi tanınır. Hospitalda Konqoda üsyançılarla münaqişə gedişində cinsi zorakılığın qurbanı olmuş qadınlara tibbi yardımlar göstərilib. Münaqişə zamanı hospitalda 18 iş saatı ərzində mindən artıq qadına cərrahiyyə əməliyyatı yardımı göstərilib. 2008-ci ildə insan haqları üzrə BMT, 2009-cu ildə Ulof Palme və digər mükafatlara layiq görülüb. 2013-cü ildə Fəxri legionerlər ordeni medalı ilə təltif olunub. 2014-cü ildə Avropa İttifaqı tərəfindən Nobel mükafatına namizədliyi irəli sürülüb. ABŞ Milli Tibb Akademiyasının xarici üzvüdür.
Nadiya Murad (Nadia Murad) 1993-cü ildə İraqın şimalındakı Suncar şəhəri yaxınlığındakı Koço qəsəbəsində anadan olub. Yerli məktəbdə təhsil alıb. Arzusu tarix müəllimi olmaq olub. İraq hüquq müdafiəçisidir. 2016-cı ildən BMT-nin narkotiklər və cinayətkarlığa qarşı mübarizə idarəsinin xoşməramlı elçisidir. Elə həmin il insan haqları üzrə Vaslav Qavel mükafatına layiq görülüb.
25 yaşlı hüquq müdafiəçisi 2016-cı ildə "Times" jurnalı tərəfindən dünyanın 100 ən nüfuzlu şəxsləri siyahısına daxil edilib. 2016-cı ildə İraq hökuməti ölkə ərazisində qadınlara qarşı təhlükəli vəziyyət haqqında informasiyaları dünya ictimaiyyətinə çatdırdığına görə onun Nobel mükafatına namizədliyini irəli sürüb. "İŞİD"lə mübarizəyə həsr etdiyi "Sonuncu qız" kitabının müəllifidir.
İqtisadiyyat üzrə
laureatlar
Uilyam Nordhaus (William D. Nordhaus) 31 may 1941-ci il tarixində ABŞ-ın Nyu-Meksika ştatındakı Albekerk şəhərində anadan olub. Amerika iqtisadçısıdır. 1963-cü ildə Yel Universitetinin bakalavr səviyyəsini bitirib. 1967-ci ildə Massaçusets Texnologiya İnstitutunun fəlsəfə doktoru elmi dərəcəsini alıb. 1967-ci ildən Yel Universitetində (1973-cü ildən professor) çalışır. 2004-cü ildən Amerika İqtisadiyyat Assosiasiyasının fəxri üzvü, 2014-cü ildən isə prezidentidir. 1986-1988-ci illərdə Yel Universitetinin prorektoru, 1992-1993-cü illərdə maliyyə və universitet administrasiyası üzrə vitse-prezidenti vəzifələrində çalışıb. U.Nordhaus elmi karyerası dövründə çox uğurlar qazanıb. ABŞ Milli Elmlər Akademiyasının və iqtisadi fəaliyyət üzrə Brukinqsa komissiyasının fəxri, sabiq prezident Cimmi Karter (1977-1979) dönəmində isə iqtisadi məsləhətçilər şurasının üzvü olub. O, həmçinin 1999-cu ildən İsveç Mühəndislik Elmləri Kral Akademiyasının xarici üzvü seçilib. Alim bir çox kitabların, eləcə də iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Pol Samuelsin redaktəsi ilə çap olunmuş "Economics: An Introductory Analysis" kitabının həmmüəllifidir. Bu kitab 19 dəfə nəşr edilib və dünyanın 17 dilinə tərcümə olunub. U.Nordhaus qlobal istiləşmə və iqlim dəyişikliyi haqqında da bir neçə kitab yazıb. Bu mövzular, eləcə də ümumi rifahın idarə olunması məsələləri onun elmi tədqiqatlarının əsas mövzularıdır.
Pol Maykl Romer (Paul Michael Romer) 7 noyabr 1955-ci il tarixində ABŞ-ın Kolorado ştatı, Denver şəhərində anadan olub. Amerika iqtisadçısıdır. 1977-ci ildə Çikaqo Universitetinin riyaziyyat ixtisası üzrə bakalavr səviyyəsini bitirib. 1983-cü ildə həmin ali məktəbin iqtisadiyyat sahəsində fəlsəfə doktoru elmi adını alıb. Kaliforniya Berkli, Stenford və Nyu-York universitetlərində professorluq edib. Massaçusets Texnologiya İnstitutunda iqtisadiyyat, riyaziyyat və fizikadan dərslər deyib. Nyu-York Universiteti yanında Merron şəhər təsərrüfatının idarə edilməsi İnstitutunun direktoru, iqtisadi tədqiqatların Milli bürosunun elmi işçisi olub.
18 iyul 2016-cı il tarixində Ümumdünya Bankının prezidenti Cim Yon Kim tərəfindən bankın rəhbər-iqtisadçısı təyin olunub. R.Romer rəsmən 2016-cı ilin oktyabrında vəzifəsinin icrasına başlayıb. 2018-ci ilin yanvarında Ümumdünya bankının əməkdaşları ilə yaranmış münaqişəyə görə istefa verib. Kolorado ştatının sabiq qubernatoru Roy Romerin oğludur. 2002-ci ildə Rektenvald mükafatına layiq görülüb. İqtisadi Errou-Romer modelinin həmmüəllifidir. Hazırda Nyu-York Universiteti biznes məktəbinin iqtisadiyyat professorudur.
Qeyd edək ki, laureatların mükafatlandırılması mərasimi ənənəyə uyğun olaraq 2018-ci il dekabrın 10-da İsveç sahibkarı və ixtiraçı, Nobel mükafatının təsisçisi Alfred Nobelin anım günündə keçiriləcək. 2018-ci ildə Nobel mükafatının məbləğı 9 milyon İsveç kronu (təxminən 1 milyon ABŞ dolları) təşkil edir.
Oruc MUSTAFAYEV
Tarix: 12-11-2018, 17:07