Heydər Əliyev Fondunun dəstəyi ilə Lerik, Quba və İmişlidə yeni körpələr evi-uşaq bağçaları açılıb
Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş 100 yerlik Lerik şəhər 2 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Azərbaycan Prezidenti uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.
Uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların sağlam və xoşbəxt böyüməsi bu gün dövlətimizin həyata keçirdiyi siyasətdə mühüm yer tutur. Respublikamızın bütün bölgələrində yeni körpələr evi-uşaq bağçalarının inşası, onların müasir avadanlıqla təchiz edilməsi bunun əyani təsdiqidir. Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına dövlət tərəfindən böyük dəstək verilir. Bu istiqamətdə həyata keçirilən Dövlət proqramları ilə yanaşı, Heydər Əliyev Fondu da bu sahəyə xüsusi töhfə verir. Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması ilə bağlı həyata keçirdiyi layihələr bu baxımdan çox mühüm rol oynayır. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı uşaqların təlim-tərbiyəsinin, onların bilikli və savadlı yetişməsinin Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etdiyini bir daha sübut edir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş bağçalardan biri də Lerik şəhər 2 saylı körpələr evi-uşaq bağçasıdır. Bu cür gözəl və hərtərəfli şəraiti olan körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bir daha sübut edir ki, dövlətimizlə bərabər, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da gələcəyimiz olan uşaqlarla bağlı bütün məsələlərə xüsusi həssaslıqla yanaşır, onların sağlam və xoşbəxt böyüməsi üçün əlindən gələni əsirgəmir. Müasir görkəmi ilə seçilən belə müəssisələr həm də yerləşdiyi ərazinin gözəlliyini daha da artırır.
Bildirildi ki, bu uşaq müəssisəsinin inşasına 2015-ci ilin mayında başlanılıb. İnşaat işləri 2018-ci ilin mayında yekunlaşıb. İkimərtəbəli binada qrup, yataq, yemək otaqları və xidməti otaqlar var. Burada, eyni zamanda, musiqi və gimnastika, həmçinin kompüter otağı da balacaların ixtiyarına verilib. Müxtəlif qrupların fəaliyyət göstərəcəyi bağçada uşaqların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq, onların istedadlarını üzə çıxarmaq üçün hərtərəfli şərait yaradılıb. Otaqların hamısı zəruri avadanlıq və əyani vasitələrlə təchiz olunub. Körpələr evi-uşaq bağçasının ərazisində balacaların əylənməsi üçün meydança yaradılıb.
Müəssisədə 22 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.
Bütün bunlar bir daha da göstərir ki, Heydər Əliyev Fondunun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb. Ümumilikdə, ölkədə son illərdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi və onların xoşbəxt böyümələri naminə olduqca mühüm layihələr icra edilib. Bunların arasında mövcud körpələr evi-uşaq bağçalarının əsaslı təmiri ilə yanaşı, yeni-yeni bu cür müasir müəssisələrin yaradılması vacib əhəmiyyət kəsb edir.
***
Oktyabrın 11-də Quba şəhərində 100 yerlik “Günəş” körpələr evi-uşaq bağçası açılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlətimizin başçısı və xanımı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdilər.
Bağçada yaradılan şəraitlə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, körpələr evi-uşaq bağçasının inşasına ötən il başlanılıb. Bu ilin sentyabrında isə tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Ümumi sahəsi 1439 kvadratmetr olan bina ikimərtəbəlidir. Yataq, yemək və istirahət otaqlarının olduğu bağçada uşaqlar üçün musiqi otağı və idman zalı yaradılıb. Burada balacaların təlim-tərbiyəsi və onların ilkin biliklərə yiyələnmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Körpələr evi-uşaq bağçasında 25 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.
Bağçanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksion və idman qurğuları quraşdırılıb. Ətraf ərazidə geniş abadlıq işləri görülüb, binaların fasadları rənglənib.
Qeyd edək ki, ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə yüksək diqqət göstərilir. Prezident İlham Əliyevin qayğısı sayəsində indi ölkəmizin hər yerində müasir uşaq bağçaları, uşaq evləri inşa olunur, zəruri avadanlıqla təchiz edilir.
Azərbaycanda yeni uşaq tərbiyə müəssisələrinin inşası sahəsində görülən işlərə dövlətimizlə yanaşı, birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da xüsusi töhfə verir. Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması ilə bağlı həyata keçirdiyi layihələr bu baxımdan çox mühüm rol oynayır. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Fondun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb.
Ölkəmizdə balacaların sağlam və bilikli yetişmələrinə hesablanmış yeni-yeni uşaq müəssisələrinin yaradılması bir daha sübut edir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətdə bu məsələyə xüsusi yer ayrılır. Beləliklə də, həyata keçirilən bu mühüm layihələr uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin uğurlu və məntiqli nəticəsidir.
***
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə İmişlidə inşa olunmuş 100 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, körpələr evi-uşaq bağçasının inşasına 2014-cü ilin oktyabrında başlanılıb, bu ilin iyulunda isə tikinti işləri başa çatdırılıb. Müəssisənin ümumi ərazisi 2900, tikintialtı sahəsi isə 576 kvadratmetrdir. İkimərtəbəli binada yataq, geyim, məşğələ otaqları yaradılıb. Kompüter, musiqi və idman otaqları da balacaların ixtiyarına veriləcək. Binada bufet, mətbəx və digər inzibati otaqlar da var. Bina istilik sistemi ilə təchiz olunub, fasiləsiz su təminatı üçün ərazidə yerləşən artezian quyusundan su xətləri çəkilib, müşahidə kameraları quraşdırılıb. Bir sözlə, binada uşaqların istirahəti və əyləncəsi üçün hərtərəfli şərait yaradılıb ki, bu da balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı üçün olduqca əhəmiyyətlidir. Burada yaradılan şərait uşaqların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, ünsiyyətqurma bacarıqlarının inkişafında mühüm rol oynayacaq.
Körpələr evi-uşaq bağçasının həyətində də geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq zolağı salınıb. Burada balacaların vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif attraksionlar da quraşdırılıb.
Qeyd edək ki, hazırda İmişlidə 883 uşaq yerlik 18 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
AZƏRTAC
Tarix: 12-11-2018, 15:07