Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Niderlandda Vüqar Həşimovun adına mükafatlar təsis edilib

 

Veyk-an-Zee şəhərində 80-ci Tata Steel Chees festivalı çərçivəsində keçirilən şahmat super turniri norveçli dünya çempionu Maqnus Karlsenin qələbəsi ilə başa çatıb. Yarışda ən güclü qrossmeysterlər, o cümlədən azərbaycanlı Şəhriyar Məmmədyarov iştirak edib.
AZƏRTAC xəbər verir ki, sonuncu – 13-cü turda rusiyalı Vladimir Kramnik hindistanlı Başkaran Adhibanı, amerikalı Uesli So isə çinli Hou Yifanı məğlub edib. Qalan partiyalar heç-heçə nəticələnib. Rusiyalı Sergey Karyakin və Maqnus Karlsen, Maksim Matlakov və ingilis Haveyn Cons, Pyotr Svidler və amerikalı Fabiano Karuana, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov və hindistanlı Vişvanatan Anand, çinli Vey İ və hollandiyalı Aniş Giri xalları yarı bölüblər.
Turnirin son nəticələrinə görə, Maqnus Karlsen və Aniş Giri 13 mümkün xaldan 9 xal toplayıblar. Birinci yer uğrunda tay-brekdə norveçli 1,5:0,5 hesabı ilə qalib gəlib və altıncı dəfə Veyk-an-Zee super turnirinin qalibi olub. O, 2008, 2010, 2013, 2015 və 2016-cı illərdə birinci yeri tutub. Turnir 1938-ci ildən Niderlandda keçirilir.
Vladimir Kramnik və Şəhriyar Məmmədyarov birinci və ikinci mükafatçılardan yarım xal geri qalıblar. Əlavə göstəricilərə görə, 14-cü dünya çempionu üçüncü, Azərbaycan təmsilçisi isə dördüncü yeri tutublar.
Turnirin yekunlarına görə, azərbaycanlı qrossmeyster Vüqar Həşimovun xatirəsinə təsis olunmuş “Fair Play” mükafatları təqdim edilib. Mükafatların sahiblərini Vüqarın qardaşı Sərxan Həşimov, turnirin direktoru Yerun van den Berq və yarışın baş hakimi Pavel Votrubanın daxil olduğu jüri müəyyən edib. Baş turnirin iştirakçısı, rusiyalı Vladimir Kramnik və ikinci dərəcəli yarışın iştirakçısı, hollandiyalı Ervin Lyami həmin mükafata layiq görülüblər. Şahmatçılar mərhum qrossmeysterin qardaşına təşəkkür ediblər. Qeyd edək ki, mükafatın təşkilatçılara, tamaşaçılara, mətbuat nümayəndələrinə və əlbəttə, rəqiblərə mütəmadi olaraq hörmətlə yanaşanlara verilməsi qərara alınıb.
Bundan başqa, daha iki mükafat təqdim edilib. Onlardan birini şahmatçılar adından Sərxan Həşimov turnirdəki 35 illik fəaliyyətinə görə turnirin direktoru Yerun van den Berqə təqdim edib.
Tata Steel şirkətinin İdarə Heyətinin sədri Teo Henrara da şahmata verdiyi dəstəyə görə Vüqar Həşimov adına mükafat təqdim edilib.
Bütün mükafatlar Vüqar Həşimov adına Şahmat Fondu tərəfindən təsis edilib.
   


Tarix: 14-02-2018, 11:27

Xəbəri paylaş