Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

«Xəzinə» poeziya antologiyası

 

Haqqında söhbət açmaq istədiyimiz «Xəzinə» poeziya antologiyasının bu II cildi də I cild kimi, XXI əsr Azərbaycan poeziyasına həsr olunub.
Antologiyada müxtəlif yaş kateqoriyalarından olan bir çox istedadlı, tanınmış, peşəkar və eləcə də həvəskar şairlərin şeir nümunələri toplanıb. Eyni zamanda bu cilddə ədəbiyyatda hələ xüsusi çəkisi olmayan, şeiriyyatın sirlərini təzə-təzə qavramağa çalışan, ilk yazıları ilə oxucuların görüşünə gələn gənc yazarların da şeirləri yer alıb.
Bakı, «Təknur» nəşriyyatında çap olunaraq işıq üzü görən 272 səhifəlik bu poeziya antologiyasının tərtibçisi və redaktoru Sumqayıt Dövlət Universitetinin IV kurs tələbəsi gənc şair Elvin İntiqamoğludur. Antologiyanın rəyçiləri filologiya üzrə fəlsəfə doktorları Rövşən Məmmədov və Dəyanət Cümənovdur. Nəfis şəkildə tərtib olunmuş almanaxı çapa hazırlayanlar isə Aytən Nadirova və Narxanım Soltanlıdır.
Poeziya antologiyasının bu cildinə ön söz yazmış gənc şair Elvin İntiqamoğlu burada şeiri dərc olunmuş 30 şairdən 25-nin hər birindən bir neçə şeir nümunəsini böyük məharətlə, sonsuz məhəbbətlə və poetik bir dillə təhlil edərək oxuculara ərməğan edir.
Həmin antologiyada müxtəlif üslubda, müxtəlif vəzində yazılmış şeirləri dərc olunan, hazırkı poeziyanın zirvəsi adlandırılan Musa Yaqubun «Payız düşüncələri», «Verdiyin əzaba görə», Sabir Rüstəmxanlının «Anamın əlləri», «Dörd divar», Rafiq Yusifoğlunun «Güzgüdə gördüyüm adam», «Oxumuram əl çəkin», Sabir Sarvanın «Dəli şeytan deyir ki…», «Qarabağlı uşaq», Füzuli Soltanın «Aparır», «Varmış», Həsənxan Əsədovun «Mənim arzum», «Mənim şikayətim» və başqa şairlərin oxuculara təqdim olunmuş şeirləri elə bu qəbildəndir.
Antologiyanın müsbət cəhətlərindən biri də ondan ibarətdir ki, burada şeirləri verilmiş bir çox şairlərin həm tərcümeyi-halı, həm də şəkili dərc olunub. Əlbəttə, bu da oxucu ilə şair arasında bir tanışlıq körpüsü rolunu oynayır.
İnanırıq ki, oxuculara və eləcə də şeir həvəskarlarına təqdim olunan «Xəzinə» poeziya antologiyası adlı bu kitab hamının diqqətini çəkəcək, böyük maraqla qarşılanacaqdır.

Ədalət


Tarix: 15-01-2018, 15:11

Xəbəri paylaş