Fidan Quliyeva - məhdudiyyətləri aşan istedad

Onun görmədiyi dünya səslərlə işıqlanır
Həyatda bəzən ən güclü işıq gözlə görünən deyil, insanın daxilindən gələndir. Məhz bu işığın sahiblərindən biri də 14 yaşlı Fidan Quliyevadır. Görmə məhdudiyyətli olmasına baxmayaraq musiqi duyumu onu çoxlarından fərqləndirir. Nazik barmaqları qarmonun şirmayı dillərinə toxunduqca sanki səslər insanı tamam başqa aləmə aparır. Qarmonun sehrli sədası ilə insanları ovsunlayan Fidanla görüş bizə insanın əzmi, zəhməti, iradəsi və inadkarlığı sayəsində nəyə qadir olduğunu bir daha göstərdi.
Sağlamlıq imkanları məhdud uşaqlar üçün Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbinin 10-cu, 38 nömrəli musiqi məktəbinin isə qarmon ixtisası üzrə 9-cu sinif şagirdi olan Fidan Quliyeva istedadı və zəhməti ilə seçilən gənclərdəndir. Onun ifasında yalnız musiqi deyil, eyni zamanda güclü iradə, inam və həyat eşqi duyulur.
AZƏRTAC-ın çəkiliş qrupu gənc ifaçının yaşadığı evdə olub, onun gündəlik məşqlərini izləyib və musiqi dünyasına səyahət edib.
Fidanın musiqiyə olan marağı hələ uşaq yaşlarından başlayıb. Görmə məhdudiyyətinə baxmayaraq, o, musiqini xüsusi üsulla mənimsəyir. “Müəllimim mənə musiqini ifa edir, mən də onu dinləyərək yadda saxlayıram. Əvvəllər bu, bir qədər çətin idi, amma zamanla öyrəşdim və indi daha rahat ifa edirəm”.
Gənc ifaçının sözlərinə görə, yeni musiqi nömrələri öyrənmək onun üçün həm asan, həm də ən böyük motivasiya mənbəyidir. “Repertuarımda müxtəlif janrlara yer verirəm. Səsləndirdiyim musiqilər sırasında xalq və bəstəkar mahnıları, rəqslər və muğamlar var. Lakin həzin musiqilərə ifa edəndə xüsusi zövq alıram”.
Onun qazandığı uğurlar da diqqət çəkir. Fidan Bakı Gənclər Forumunda fərqlənən natiq kimi birinci yerə layiq görülüb. Bundan başqa, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və Elm və Təhsil Nazirliyinin birgə təşkil etdiyi uşaq incəsənət festivalında “Azərbaycan xalq çalğı alətləri ifaçılığı” nominasiyası üzrə birinci yeri qazanıb.
Bu il isə ilk dəfə olaraq “İlin gənci” mükafatına layiq görülməsi onun qısa müddətdə əldə etdiyi uğurların və böyük potensialının bariz göstəricisidir.
Fidan bu barədə deyir: “Bu mükafat mənim üçün böyük motivasiya oldu. Gələcəkdə daha böyük uğurlar qazanmaq istəyirəm. Ən böyük arzularımdan biri Prezident mükafatçısı olmaqdır. Azərbaycan Milli Konservatoriyasına qəbul olmaq arzusundayam. Hazırda imtahanlara hazırlaşıram”.
Gənc istedad yalnız musiqi sahəsində deyil, dil bilikləri ilə də seçilir. Rus və alman dillərində sərbəst danışaraq çoxşaxəli istedadını nümayiş etdirir.
Yaxınlarının sözlərinə görə, Fidanın istedadı hələ uşaqlıq illərindən hiss olunmağa başlayıb. Bu barədə xalası Təranə Məmmədova deyir: “Mən hiss edirdim ki, onda qeyri-adi bir istedad var. Məktəbə getdikdən sonra musiqi müəllimi də onun istedadlı olduğunu bildirdi. Fidan həm məsuliyyətli, həm də böyük həvəsə sahibdir. Biz ailə olaraq ona hər zaman dəstək olmuşuq. Amma bütün qazanılan uğurlar Fidanın böyük zəhməti hesabına əldə edilib. Fidanın “İlin gənci” seçilməsi ailə üçün böyük qürur mənbəyidir. Bu mükafatdan sonra onun musiqiyə marağı daha da artıb. İndi daha çox çalışır və qarşısına daha böyük hədəflər qoyur”.
Onun görmədiyi dünya səslərlə işıqlanır. Bəlkə də elə buna görə Fidanın ifası daha səmimi və daha təsirlidir. Çünki o, musiqini sadəcə ifa etmir, onu yaşayır...
Tarix: Bu gün, 13:33
