Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Görkəmli şəxsiyyətlərin həyatından

 

PYER FERMA
(1601-1665)
Fransız riyaziyyatçısıdır. İxtisasca hüquqşünasdır. Öz riyazi fikirlərini o dövrün böyük riyaziyyatçılarına məktublaşma vasitəsi ilə bildirirdi. Ədədlər nəzəriyyəsinin yaradıcılarından biri olmuş və öz adı ilə adlanan «Fermanın böyük teoremi», «Fermanın kiçik teoremi»nin müəllifidir.
***
Dahi fransız riyaziyyatçısı P.Ferma ixtisasca vəkil idi. Çox vaxt cinayəti riyazi mühakimə və «düsturların» köməyi ilə açırdı.
***
Özünün adı ilə adlanan məşhur teoremi haqqında P.Ferma belə yazırdı: «Mən bu tənliyin çox gözəl bir həllini tapmışam. Lakin kitabın səhifələrində ağ yer qalmadığına görə yaza bilmirəm». Ferma öz riyazi fikirlərini riyaziyyat kitablarının səhifələrindəki ağ yerlərə yazırdı.
***
P.Ferma vəfat etdikdən sonra onun oğlu atasının kitabxanasındakı kitabları çap etdirmişdir. Bu kitablar isə nə az, nə də çox- 10 cild idi.
***
Yarımştatlı mühəndis və riyaziyyatçı Paul Volfskel 1907-ci il sentyabrın 20-də bütün sərvətini sataraq 100 min marka məbləğində mükafat vəsiyyət etmişdir. Mükafatı fransız riyaziyyatçısı Pyer Fermanın böyük teoremini isbat edən alman idi. Mükafat Gettingendəki Kral Akademiyası tərəfindən veriləcək. P.Volfskel mükafata 100 il müddət qoyub, yəni 2007-ci il 20 sentyabra qədər mükafat verilə bilər. Bu müddət qurtardıqdan sonra iddia qəbul edilmir. Ferma teoremi qarşısında hətta dahi L.Eyler də gücsüz idi. Maraqlı burasıdır ki, Ferma teoremindən (xn + yn = zn) «azca» fərqlənən tənliyi - (xn+ yn = zn+1) tənliyini yaxşı oxuyan yuxarı sinif şagirdləri də isbat edə bilərlər.


 


DAVİD HİLBERT
(1862-1943)

XX əsrin dahi alman riyaziyyatçısı. Riyaziyyat sahəsindəki tədqiqatları riyaziyyatın müxtəlif sahələrinin inkişafına böyük təkan vermişdir. Hilbertin sayəsində Almaniyadakı Gettingen Universiteti 1900-1920-ci illərdə demək olar ki, dünyanın riyaziyyat mərkəzi olmuşdur. Əsərləri, əsasən, invariantlar nəzəriyyəsi, həndəsənin əsasları, inteqral tənliklər nəzəriyyəsi, riyaziy­yatın əsasları, riyaziyyatın məntiqi əsası və s. aiddir.
Onun 1932-ci ildə yazdığı «Əyani həndəsə» kitabı uzun müddət riyaziyyatçıların stol­üstü kitabı olmuşdur.
***
D.Hilbert eşidəndə ki, bir riyaziyyatçı roman yazmağa başlayıb, heç də təəccüblənməyib deyir: «Riyaziyyat üçün onun fantaziyası, təxəyyülü az idi, amma roman yazmaq üçün kifayət idi».
***
I Dünya müharibəsi döv­ründə D.Hilbert fransız riyaziyyatçısı Qaston Darbunun ölümünü eşidib, onun riyaziyyat elminin inkişafında böyük xidmətlərindən bəhs edən məqalə yazıb, jurnalda çap etdirir. Məqalə çap olan kimi tələbələr Hilbertin evinə hücum edərək «düşmən» riyaziyyatçısı haqqında məqalə yazdığı üçün onu hədələyib tələb edirlər ki, jurnalın bütün nüsxələri yandırılsın və Hilbert öz günahını boynuna alsın. Hilbert isə rektorun yanına gedərək tələb edir ki, ya tələbələr ondan üzr istəsinlər, ya da ki, o, istefaya çıxır. Tələbələr dərhal üzr istəyirlər.
***
D.Hilbert həmişə təkrar etməyi çox sevərdi: «Milli vurma cədvəli yoxdur».
***
Məlumdur ki, Fermanın böyük teoremini isbat edəcək şəxsə veriləcək mükafatın müddəti 2007-ci ilin 20 sentyabrında qurtarır. 1914-cü ildən qoyulmuş mükafatın illik gəlirindən istifadə edərək görkəmli riyaziyyatçıları Gettingen Universitetində mühazirə oxumağa dəvət edirdilər. Buna görə də Gettingen Universiteti üçün bu mükafat çox əlverişli idi. Təsadüfi deyildi ki, Gettin­gen Universitetinin professoru, mükafatı təqdim edəcək komitənin sədri D.Hilbert Ferma teoremi isbat edilmədiyi üçün yarızarafat-yarıgerçək demişdir: «Xoşbəxtlikdən deyəsən, məndən başqa bu məsələni həll edəcək riyaziyyatçı yoxdur. Mən də ki, mənə qızıl yumurta verən toyuğu kəsmək fikrində deyiləm».


 
ANRİ PUANKARE 
(1854-1912)

Fransız riyaziyyatçısı və astronomu. Riyazi işlərinin xeyli hissəsi diferensial tənliklərə aiddir. 1905-ci ildə yazdığı «Elektronun dinamikası» adlı əsərində Eynşteynin nisbilik nəzəriyyəsinin nəzəri nəticələrini almışdır.
***
Deyirlər A.Puankare bir dəfə restoranda nahar edərkən xidmətçi qız utana-utana:
– Professor, siz mənə universitetdə riyazi analizdən mühazirə oxumusunuz! – deyir.
Qıza diqqətlə baxan alim deyir:
– Nəsə, yadıma sala bilmirəm!
– Siz hətta mənə IV kursda oxuyarkən evlənməyi də təklif etmisiniz?
– Doğrudan?! Sonra necə oldu, biz evlənmədik ki?!
***
A.Puankarenin müəllimi dostuna yazdığı məktubunda onun haqqında yazırdı: «Mənim dərs dediyim sinifdə riyazi əjdaha peyda olub».
***
Nisbilik nəzəriyyəsinin yaranması və ondan alınan nəticələr barədə Eynşteyn Puankaredən daha tez mətbuatda çıxış etmişdir. Lakin bu nəticələrə onların hər ikisi eyni vaxtda gəlmişdir.
***
  Dahi Puankare Politexnik məktəbində oxuyarkən riyaziyyatı çox gözəl bildiyi halda, rəsmxətdən çox bacarıqsız idi. Ona görə də onu bu fəndən azad etmişdilər.


Tarix: 14-11-2017, 10:05

Xəbəri paylaş