Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

İngilis dili müəllimlərimiz Londonda səfərdə olublar

 

Bu yaxınlarda Təhsil Nazirliyi və “British Council” təşkilatının birgə əməkdaşlığı, BP və onun Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihəsindəki tərəfdaşları tərəfindən ma­liy­yələşdirilən “İcmalar üçün ingilis dili” layihəsi çərçivəsində ümumtəhsil müəssisələrində dərs deyən bir qrup ingilis dili müəllimi Böyük Britaniyanın paytaxtı London şəhərində səfərdə olublar.
Səfərdə Təhsil Nazirliyinin əməkdaşı Orxan Abbasov, “British Council” təşkilatının layihə meneceri Flora Poladova, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarının 10 ingilis dili müəllimi iştirak edib.
Səfərin əsas məqsədi Böyük Britaniya ekspertlərinin təcrübəsini və mövcud müasir tədris resurslarından istifadə qaydasını öyrənərək qarşılıqlı müzakirələrdə iştirak etmək, ümumtəhsil müəssisələrində dərs deyən ingilis dili müəllimlərinin peşəkar inkişafına nail olmaqdır.
Müəllimlər üçün təlimlər təcrübəli və peşəkar təlimçilər tərəfindən aparılıb. Təlim prosesində dərsin planlaşdırılması, müvafiq tədris resurslarının seçilməsi, müasir öyrənmə və tədris metodologiyaları, pedaqoji prosesin idarə edilməsi, praktik tədris bacarıqlarına yiyələnmə və digər sahələr üzrə müəllimlərə kompetensiyalar aşılanıb.
Təlimin sonunda hər bir müəllimin bacarıqları fərdi şəkildə qiymətləndirilib və müvafiq tövsiyələri əks etdirən nəticələr təlim iştirakçılarına təqdim edilib. Müəllimlərə beynəlxalq səviyyəli sertifikatlar verilib.
Təlim səfərinin özəl cəhətlərindən biri də hər bir müəllimin ingilis ailələrində qalması, həmin ailələrdə onlar üçün şəraitin təmin edilməsi, ingilis dili daşıyıcıları ilə birbaşa ünsiyyət imkanlarının yaradılması olub. Müəllimlər bir həftə müddətində ingilis ailələrində yaşamaqla həmin xalqın adət-ənənəsi və mədəniyyəti ilə tanış olub, eyni zamanda qaldıqları ailələrə Azərbaycan mədəniyyəti və milli dəyərləri barədə məlumatlar veriblər.
Oxucularımıza London şəhərində səfərdə olan ingilis dili müəllimlərindən bir neçəsinin səfər təəssüratlarını təqdim edirik.

Londonda təlimlərdə iştirak edən müəllimlərin səfər təəssüratları

Təlimlər zamanı öyrəndiklərimi dərslərimdə tətbiq edəcəyəm
Vaqif Nəsibov: Ağstafa ra­yonu Saloğlu kənd tam orta məktəbinin ingilis dili müəllimi:
- Biz bu ilin 19-26 mart tarixlərində Təhsil Nazirliyi və «British Council» təşkilatının birgə əməkdaşlığı, BP və onun Cənubi Qafqaz Boru Kəməri layihəsindəki tərəfdaşları tərəfindən maliyyələşdirilən «İcmalar üçün ingilis dili» layihəsi çərçivəsində ümumtəhsil müəssisələrində dərs deyən bir qrup ingilis dili müəllimi ilə Böyük Britaniyanın paytaxtı London şəhərində səfərdə olduq. Səfərdə 10 ingilis dili müəllimi iştirak edirdi. Onlardan 2 nəfər bizim Ağstafa rayonundan olan müəllimlər idi. Biz 7 günlük təlimlərdə iştirak etdik. Təlimlərdə çox şey öyrəndik. Yüksək səviyyədə keçirilən təlimlərdə iştirak etdiyim üçün özümü xoşbəxt hesab edirəm. Düşünürəm ki, Londona getmək hər bir rayon müəlliminin arzusudur. Təlimlərimiz də çox yüksək səviyyədə keçirdi. Mark Smith və Vittorio Palossi tərəfindən keçirilən təlimlərdə çox məlumatlar əldə etdik. Onların təlim metodları çox yaxşı idi. Təlimdə əsasən dərslərin planlaşdırılması və daha da maraqlı olması üçün lazımi məlumatlar öyrəndik. Səfər müddətinin qısa olmasına baxmayaraq bir çox yerli insanlarla ünsiyyətdə olduq. Bu da bizim ingilis dili bacarıqlarımızın daha da mükəmməlləşməsinə kömək etdi. Şübhəsiz ki, təlimlər zamanı öyrəndiklərimi dərslərimdə tətbiq edəcəyəm. Bu imkanı bizə yaratdığına görə Təhsil Nazirliyinə və digər aidiyyəti qurumlara minnətdarlığımı bildirirəm.

Bu qısa səfər müddətində çox şey öyrəndik
Günay Kərimova, Ağstafa rayonu Qıraq Kəsəmən kənd tam orta məktəbinin ingilis dili müəllimi:
-Biz bu ilin mart ayında Böyük Britaniyanın paytaxtı Londonda yerləşən Wimbledon ingilis dili məktəbində təlimlərdə iştirak etdik. Səfərimiz çox səmərəli keçdi. Təlim müddətində dil bacarıqlarımızın inkişaf etdirilməsi məqsədilə bizi yerli ailələrdə yerləşdirdilər. Həmin ailələr məktəblə sıx əlaqədə olan və sınanmış ailələr idi. Onlar bizə qarşı çox isti, mehriban münasibətdə idilər. Həmin ailələr öz evlərində bizə ayrıca otaq ayırdılar. Problemlərimizi çəkinmədən onlara söyləməyimizi xahiş etdilər. Biz çalışırdıq ki, həmin ailələrin üzvləri ilə daha çox söhbətləşək. Çünki bu bizim dil bacarıqlarımızın və vərdişlərimizin inkişafına müsbət təsir edirdi. Təlimlərə gəldikdə isə onu deyə bilərəm ki, bu qısa müddət ərzində biz çox şeylər öyrəndik. Şagirdlərin qiymətləndirilməsi və onun metodları, tədris prosesində hansı üsullardan istifadə etməklə daha yaxşı nəticəyə nail olunması və sair kimi məsələlər məndə xüsusi maraq oyatdı. Təlimlər çox maraqlı keçirdi. Vaxtın necə keçdiyini hiss etmirdik. Dərslər əsasən diskussiya və müzakirələr şəklində aparılırdı. Təlimlərdə müxtəlif xalqların mədəniyyəti, təhsil sistemi müqayisəli şəkildə müzakirə olunurdu. Düşünürəm ki, səfərdə əldə etdiyim biliklər gələcək fəaliyyətimdə mənə stimul verəcək. Belə bir səfərin təşkil olunmasına görə Təhsil Nazirliyinə və digər təşkilatçılara xüsusi təşəkkürlərimi bildirirəm.

Bu təlimlərdə əldə etdiyim bilikləri digər həmkarlarımla da paylaşacağam
Vüsalə Mehtiyeva, Şəmkir rayonu Zəyəm qəsəbə S.Məmmədov adına tam orta məktəbin ingilis dili müəllimi:
- Mən də bu yaxınlarda ümumtəhsil müəssisələrində dərs deyən bir qrup ingilis dili müəllimi ilə birgə Böyük Britaniyanın paytaxtı London şəhərində səfərdə oldum. Səfərin əsas məqsədi Böyük Britaniya ekspertlərinin təcrübəsini və mövcud müasir tədris resurslarından istifadə qaydasını öyrənərək qarşılıqlı müzakirələrdə iştirak etmək, ümumtəhsil müəssisələrində dərs deyən ingilis dili müəllimlərinin peşəkar inkişafına nail olmaqdır. Mən Londonda Wimbledon School of English-də təlimdən keçdim. Təlimçilərimiz təcrübəli və peşəkar idilər. Təlim prosesində dərsin planlaşdırılması, müvafiq tədris resurslarının seçilməsi, müasir öyrənmə və tədris metodologiyaları, pedaqoji prosesin idarə edilməsi, praktik tədris bacarıqlarına yiyələnmə və digər sahələr üzrə biz müəllimlərə kompetensiyalar aşılandı. Təlimin sonunda fərdi şəkildə qiymətləndirmə aparıldı və bizə beynəlxalq səviyyəli sertifaktlar verildi. Təəssüratlarım çoxdur. Mən çox mehriban bir in­gilis ailəsində qaldım. Bir həftə əsl ingilislərlə canlı danışmaq fürsətini qazandım və bu da mənim ingilis dilində danışığımı inkişaf etdirməyim üçün faydalı oldu. Həmin ailədən ingilislərin adət-ənənələri ilə bağlı daha çox məlumatlar əldə etdim və Azərbaycan xalqının milli adət-ənənələri, mədəniyyəti, tarixi haqqında onlara geniş məlumat verdim.
Mən bu layihənin təşkilatçlarına dərin minnətdarlığımı bildirirəm. Bu təlimlərdə əldə etdiyim bilikləri digər həmkarlarımla da paylaşacağam.

Bu təlimlərdən mən də beynəlxalq sertifikatla qayıtmışam
Gülnar Qədimova, Şəmkir rayonu Qasımalılar kənd tam orta məktəbinin ingilis dili müəllimi:
- Bu səfər mənim də həyatımda, gələcək inkişafımda xüsusi yeri olan bir səfər idi. Böyük qürur hissi ilə deyim ki, İngiltərənin London şəhərində yerləşən Wimbledon School of English (WSE) - Vimbledon İngilis dili məktəbində müəllimlər üçün təşkil edilmiş təlimdə iştirak edərək oradan beynəlxalq sertifikatla qayıtmışam və C1+ (Advance+) səviyyəsinə layiq görülmüşəm.
Onu da qeyd edim ki, Londonda bizi Təhsil Nazirliyinin əməkdaşı Orxan Abbasov və «British Council» təşkilatının layihə meneceri Flora Poladova müşayiət edirdi.
Biz orada Britaniya ekspertlərinin təcrübəsi və müasir təlim metodları ilə yaxından tanış olduq. Təlimlər peşəkar təlimçilər Mark Smith və Vittorio Pallossi tərəfindən aparılırdı. Orada bizə müasir təlim metodologiyaları, dərslərin planlaşdırılması, şagirdlərin səviyyəsinə uyğun dərsliklərin seçilməsi barədə geniş məlumat verildi.
Bu səfərin üstünlüklərindən biri də o idi ki, biz ingilis ailələrində qalmaqla bu xalqın adət-ənənəsi, mədəniyyəti ilə yaxından tanış olduq və onlarla real danışıq imkanı qazandıq. Eyni zamanda qaldığımız ailələrə öz milli-mənəvi dəyərlərimiz və mədəniyyətimiz barədə geniş məlumat verdik.
Bu səfər bizim hər birimizin həyatında və inkişafında böyük rol oynadı və ingilis dilinə olan marağımızı daha da artırdı. Vətənimizə daha böyük stimul və həvəslə qayıtmışıq. Bu səfərin təşkil olunmasına görə Təhsil Nazirliyinə və digər təşkilatlara xüsusi minnətdarlığımı bildirirəm.
«Təhsil» jurnalı


Tarix: 8-05-2017, 11:57

Xəbəri paylaş