Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Öyrətməyi və öyrənməyi sevən alim

    
                                                                              
                                
  Həyatda hər kəsin bir ömür payı, öz ömür yolu  var deyirlər.  Daim axtarışlarda,  yazıb-yaratmaqda keçən alim ömrü isə ən şərəfli ömür sayılır. Əsl alim ömrü yaşayanlardan biri də  hazırda Mingəçevir Dövlət Universitetində çalışan, bu günlərdə 70 yaşı tamam olan  filologiya üzrə fəlsəfə doktoru, dosent Namaz Rizvan oğlu Manafovdur.  Əsl müəllim  həyatı yaşayan,  hörməti zəhmətlə qazanan elm adamlarındandır Namaz Manafov.  Ədəbiyyat tariximizin ayrı-ayrı səhifələrinin yorulmaz tədqiqatçısı kimi  öz samballı araşdırmaları,  bir-birindən  dolğun, məzmunlu elmi -publisistik məqalələri, araşdırmaları ilə hər zaman diqqət çəkmişdir.
     Namaz Manafov 1949-cu il iyul ayının 1-də Yevlax şəhərində anadan olmuş, orta təhsilini Yevlax şəhərindəki  M.F. Axundov adına 1 nömrəli orta məktəbdə almışdır.
     N. Manafov 1972-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstitutunun  Alman və Azərbaycan dili müəllimliyi ixtisasını bitirib. Öz dövrünün görkəmli dilciləri  Nəsir Məmmədov,  Firəngiz Ağayeva, tanınmış germanşünas alim Cəfər Cəfərov və Sevda Pepinova kimi şəxsiyyətlərdən dərs alıb.
   Namaz Manafov müəllimlik fəaliyyətinə 1972-ci ildə indiki Tərtər rayonunun Hacıqərvənd və Buruc kənd məktəblərində başlayib.
   Hərbi xidmətdən sonra əmək fəaliyyətini Yevlax şəhərindəki 5 nömrəli səkkizillik və N. Nərimanov adına 15 nömrəli dəmiryol orta məktəblərində davam etdirib, ixtisası üzrə alman və Azərbaycan dillərini tədris edib.
    Öz istedadı və yaradıcı qabiliyyəti ilə seçilən N. Manafov 1977-ci ildə Yevlax səhər və rayon Zəhmətkeş Deputatları Sovetinin orqanı olan yerli “Təşəbbüs” qəzetinə irəli çəkilir, əvvəlcə  müxbir, sonra məktublar şöbəsinin müdiri vəzifələrində işləyir, isindən ayrılmadan Azərbaycan Jurnalistlər İttifaqının ikiillik Jurnalist Sənətkarlığı İnstitutunu bitirir.
    Təhsilə və elmə olan məhəbbət Namaz müəllimi yenidən orta məktəbə qaytarır, 15 nömrəli dəmiryol orta məktəbində  direktor müavini vəzifəsində işləyir. Eyni zamanda, AMEA-nin Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasını bitirir. Tanınmış dilçi professor Musa İslamovun elmi rəhbərliyi ilə “Azəbaycan dili dialekt və şivələrində köməkçi nitq hissələri” mövzusunda dissertasiya müdafiə edir, türk dilləri üzrə filologiya elmləri namizədi elmi dərəcəsi layiq görülür.
     Namaz Manafovun alim ömrü 1995-ci ildən Mingəçevir şəhərindəki ali məktəblərlə bağlıdır.  1995-2000-ci illərdə San –Marino BEA-nın Azərbaycan filialinda (Mingəçevir şəhəri)  baş müəllim, kafedra müdiri, 2000-ci ildən 2015-ci ilə kimi Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında dekan və Dillər kafedrasının müdiri vəzifələrində işləyir.
  2004-cü ildə Namaz Manafov Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adına layiq görülür.
   Dosent Namaz Manafov 9 monoqrafiya və metodik vəsaitin, 65-dən artıq elmi məqalənin (o cümlədən, konfrans tezisinin) müəllifidir. Son bir il ərzində  N. Manafovun 10-dan artıq elmi məqaləsi “Filologiya məsələləri”, “ Elm və həyat”, “Təhsil” jurnallarında nəşr olunmuşdur. Onun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Məhəmməd Sadıq bəy Ağabəyzadə -general mayor, nazir müavini, şərqşünas alim” adlı sanballı tədqiqatı Türkiyədə ingilis, rus, türk dillərində nəşr olunan, nüfuzlu “Qara dəniz” jurnalinin 2019-cu il  birinci sayında dərc olunmuş və türkoloq alimlərin diqqətini cəlb etmiş, böyük marağına səbəb olmuşdur.
  Dosent Namaz Manafov elmin sirlərini tələbələırə səylə öyrədir, onları tədqiqatlara cəlb edir. Mingəçevir Dövlət Universitetinin bakalavr pilləsində təhsil alan tələbələr dosent Namaz Manafovun elmi rəhbərliyi ilə Azərbaycan dilinin Qarabağ şivələrində işlənən, ədəbi dilimizdə təsadüf olunmayan sözləri toplamış, universitet Elmi Şurasının qərarı ilə “Azərbaycan dilinin Qarabağ şivələrinin lüğət tərkibi” (Mingəçevir, 2018-ci il, 202 s.) adlı qiymətli dərs vəsaiti nəşr etdirmişlər.
    Hazırda universitetin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə təhsil alan magistrantlar Namaz müəllimin rəhbərliyi ilə “Nəsimi ili” çərçivəsində “Nəsiminin qəzəl, qəsidə və rübailərində işlənmiş ərəb və fars sözlərinin lüğəti”ni hazırlayırlar. Lüğətin 2019-cu ilin sonuna kimi çapa  təqdim olunacağı planlaşdırılır.
    Namaz Manafovun yaradıcılığının və fəaliyyətinin ikinci qolu xarici dil –alman dilidir.  O, alman dili mütəxəssisi kimi bu sahəni də unutmur. 2009-cu ildə Almaniya Federativ Respublikasının Yena və Veymar şəhərlərində alman dili müəllimlərinin Ümumdünya XIV qurultayında, 2013-cü ildə İtaliyanın Tirol vilayətinin (bu vilayətdə alman və  italyan dilləri dövlət dilidir) Bolsano şəhərində alman dili müəllimlərinin Ümumdünya XV qurultayında dosent Namaz Manafov da bu  iştirak etmışdır.
      Filologiya üzrə fəlsəfə doktoru, dosent N. Manafov 2009-cu ildə “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb.   N. Manafov Azərbaycan Jurnalistlər Birliyinin üzvü, eyni zamanda, Azərbaycan Kütləvi İnformasiya vasitələti İşçiləri Həmkarlar İttifaqının “Qızıl qələm”  laureatıdır.  
    Dəfələrlə işlədiyi kollektivin və  Mingəçevir şəhər İcra Hakimiyyətinin “Fəxri fərmanı” ilə təltif olunub.  Hazırda Namaz Manafov  Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının dosentidir. O, universitetin magistratura pilləsində “Azərbaycan dili”, “Azərbaycan dili tarixi”, “Alman dili”,  bakalavr pilləsində “Azərbaycan dialektologiyası” fənnini tədris edir.
   Namaz Manafov həm də mehriban, qayğıkeş  ailə başçısıdır. Həyat yoldaşı Maarifə Manafova filologiya üzrə fəlsəfə doktoru, oğlu İlkin Manafov iqtisad üzrə fəlsəfə doktorudur. Qızı Rizvanə ibtidai sinif müəllimidir. 5 nəvəsi var.
Namaz müəllimi  70 illik yubileyi münasibətilə təbrik edir,  ona möhkəm cansağlığı, çoxcəhətli elmi-publistik fəaliyyətində uğurlar arazulayırıq.

“Təhsil”


Tarix: 10-07-2019, 13:33

Xəbəri paylaş