Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Bir ovuc təbəssüm, bir dünya işıq

 

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Azərbaycanda uşaq prob­lemləri hər zaman diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviy­yəsində qayğını həmişə diqqətdə saxlayırdı. Ölkəmizdə indi də uşaqlara qayğı ildən-ilə artır. Bu, Heydər Əliyev Fondunun da əsas prioritetlərindən biridir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva nəcib missiyası ilə bütün Azərbaycan uşaqlarının ən böyük dostu və ən böyük himayədarıdır.
Azərbaycanın sabahının da qayğısına qalan Heydər Əliyev həmişə qızıl kimi qiymətli vaxtından kəsib məmnunluqla uşaqların bayram tədbirlərinə gəlib.
Azərbaycan uşaqlarına qayğı bu gün də diqqət mərkəzindədir. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də bu sahəyə diqqətdən xəbər verir. Bu həm də onu göstərir ki, Azərbaycan dövləti uşaqların sabahı üçün böyük tədbirlər görür.
Ulu öndərin xatirəsinə ehtiram olaraq yaradılan Heydər Əliyev Fondu böyük rəhbərin bu sevgisini, humanist ideyalarını da layiqincə yaşadır. Fondun prezidenti Mehriban Əliyeva “Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır” devizini tutaraq, çox sadə bir mərama söykənib: "Azərbaycan uşaqlarını bəxtəvər görmək"
Təsadüfi deyil ki, Fondun yarandıqdan sonra ilk ən böyük tədbiri uşaqlarla bağlı oldu. 2004-cü ilin sentyabrında Fond nəcib təşəbbüslə 30-a yaxın uşaq evi və internat məktəbində tərbiyə alan kimsəsiz və istedadlı uşaqları sevindirdi, Səttar Bəhlulzadə adına sərgi salonunda onların “Mən Azərbaycanı sevirəm” adlı sərgisini təşkil etdi. Elə həmin tədbirlə də uşaq evi və internat məktəblərinə qayğının təməli qoyuldu. “Uşaq evləri və internat məktəblərinin inkişafı proq­ramı” çərçivəsində aparılan əsaslı təmir və yenidənqurma işləri cəmiyyətdə böyük rezonans doğurdu. Uşaq müəssisələri əsaslı təmir edildi, əlavə yardımçı binalar inşa olundu, paytaxtın bütün rayonlarındakı uşaq evləri və internat məktəblərin hər birində yaşayış üçün rahat komunal şərait yarandı. “Ən gözəl təmir olunan uşaq evi, ən müasir internat məktəbi heç vaxt ailəni, ailə mühitini əvəz edə bilməz” deyən Mehriban Əliyevanın təşəbbüsü ilə uşaq evləri və internat məktəblərində yaşayan uşaqların dövlət müəssisələrindən kənar edilməsi və onlara alternativ qayğı proq­ramı hazırlandı, 2005-ci il iyunun 1-də Fondda həmin layihənin - “Azərbaycanda dövlət uşaq müəssisələrindən uşaqların kənar edilməsi və alternativ qayğı” layihəsinin müzakirəsi keçirildi.
Fondun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb”, ”Təhsilə dəs­tək”, "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", “Kor və zəif görən insanların İKT-yə çıxışının təmin edilməsi” layihələrinin reallaşdırılması, xeyriyyəçilik təd­birləri, cərrahiyyə əməliyyatları, peyvəndləşdirmə aksiyaları əsl şəfqət və mərhəmət, xeyirxahlıq nümunəsinə döndü.
Mehriban Əliyeva hər il Gülüstan sarayında internat və uşaq evlərində tərbiyə alan, eləcə də qaçqın və məcburi köçkün uşaqlar üçün bayram şənlikləri keçirir, onları bir araya yığır, uşaqlarla bir süfrə arxasında əyləşir, səmimiliyi ilə onların könlünü ələ alır. Bu unudulmaz görüşlər, Azərbaycanın birinci xanımı ilə çəkilən şəkillər uşaqların ömrünün ən əziz xatirəsinə dönür.
Heydər Əliyev Fondunun qayğısı ilə əhatə olunan Azərbaycan uşaqları istedadları ilə artıq Avropanı, dünyanı dolaşır, “Azərbay­canın xoşməramlı mələkləri” Avropanın mədəniyyət mərkəzinin paytaxtında hamını heyran qoyur.
Beləliklə, Heydər Əliyev Fondu və onun prezidenti insanların beyninə, düşüncəsinə xeyirxahlıq toxumu səpərək fədakarlığı ilə tək Azərbaycana yox, bütün dünyaya son dərəcə gözəl bir nümunə sərgiləyir. Fəaliyyəti ilə sübut edir ki, bu gün qəlbimiz daha çox insan sevgisi ilə dolu olmalıdır, bu gün uşaqlara qayğı dünyanın xilası deməkdir...
"Təhsil"


Tarix: 11-07-2018, 10:32

Xəbəri paylaş