Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə proqramı təşkil edib
Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə proqramı təşkil edib.
Fondun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib. Bakının əyləncə mərkəzlərindən birində keçirilən tədbirdə xüsusi qayğıya ehtiyac duyan, valideyn himayəsindən məhrum uşaqlar iştirak ediblər. Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqları daim ailə qayğısı ilə əhatə edir və onların təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının səmərəli təşkili üçün mütəmadi olaraq müxtəlif tədbirlər keçirir. Uşaq evlərində və internat məktəblərində məskunlaşan, valideyn himayəsindən, ailə qayğısından məhrum olan uşaq və yeniyetmələrin təlim və tərbiyəsi ilə bağlı məsələlər Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Fond onların yüksək səviyyədə təhsil almalarında, asudə vaxtlarının səmərəli təşkilində, eləcə də gündəlik qayğılarının həllində yaxından iştirak edir. Uşaqların istirahətinin səmərəli təşkili məqsədilə keçirilən bugünkü tədbirdə balacalar müxtəlif maraqlı attraksionlarda əyləndilər, oyunlarda iştirak etdilər, istirahətlərinə rəngarənglik qatan sağlam rəqabət apardılar. Oyun avtomatlarının və attraksionların bol olduğu mərkəzdə istədikləri kimi əylənən uşaqlar bu aksiyadan xüsusi zövq aldılar, burada gözəl istirahət edib, əylənib oynadılar.
Müxtəlif humanitar aksiyaları fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin sakinlərinə unudulmaz bir gün yaşadıb.
Şənliyin sonunda Heydər Əliyev Fondunun adından uşaqlara hədiyyələr təqdim edilib.
Tarix: 10-04-2018, 11:57