Fransada “Azərbaycan parkı”nın və Xurşidbanu Natəvanın abidəsinin açılışı olub
İyulun 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsmayıllı və Evian-le-Bən şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası çərçivəsində Fransanın Evian şəhərində Leman gölü sahilində “Azərbaycan parkı”nın rəsmi açılışı olub.
“Azərbaycan parkı”nın və parkda “Dostluq” bulağının açılışından sonra görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinin açılış mərasimi olub.
Evian-le-Bənin meri Mark Fransina bu günün İsmayıllı şəhərinə həsr olunduğunu bildirib. İki şəhər arasındakı xartiya çərçivəsində “Azərbaycan parkı”nın, eləcə də Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın parkın mərkəzində ucaldılan heykəlinin açılışından şərəf duyduqlarını vurğulayıb. Qeyd edib ki, Xurşidbanu Natəvanın heykəlinin Evian-le-Bəndə ucaldılması iki şəhər arasında mədəni əlaqələrin, qarşılıqlı dostluğun möhkəmlənməsinə xidmət edəcək.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov parkın açılması münasibəti ilə şəhər sakinlərini təbrik edib. Bildirib ki, Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın abidəsinin Evian-le-Bən şəhərində ucaldılması qürurverici haldır. O, İsmayıllıda “Evian-le-Bən” parkının açıldığını və rayon muzeyində dost şəhərlə bağlı guşənin fəaliyyət göstərdiyini qeyd edib. Belə layihələrə göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.
Heydər Əliyev Fondunun nümayəndəsi Ələkbər Quliyev təmsil etdiyi qurumun iki ölkə arasındakı əlaqələrə böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb və Fondun mədəniyyətimizin təbliği üçün gördüyü işlərdən danışıb. Qeyd edib ki, Fondun dəstəyi ilə bu günədək Parisdə “Azərbaycan şəhərciyi” çərçivəsində mədəniyyət günləri keçirilib, Kann şəhərində ölkəmizin tarixi və mədəniyyətinə həsr olunan tədbirlər təşkil olunub, tariximiz, mədəniyyətimiz, eləcə də milli mətbəximizlə bağlı kitablar fransız dilinə tərcümə edilib. Eləcə də iki xalqın bir-birinin mədəniyyətini daha yaxından tanıması üçün müntəzəm olaraq Fransanın müxtəlif şəhərlərində mədəniyyət tədbirləri keçirilir.
O, “Azərbaycan parkı”nın, “Dostluq bulağı”nın, eləcə də Xurşidbanu Natəvanın abidəsinin açılışında Fondun dəstəyindən söz açıb. Qeyd edib ki, “Azərbaycan parkı”nın və Natəvanın abidəsinin açılışı iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin zənginləşməsinə böyük töhfədir.
Azərbaycanın Fransadakı səfirliyinin iqtisadi və regional məsələlər üzrə müşaviri, müvəqqəti işlər vəkili Elmar Məmmədov ölkələrimiz arasındakı yüksək səviyyəli əlaqələrdən danışıb. Bildirib ki, artıq iki ölkənin 15 şəhəri arasında dostluq və əməkdaşlıq xartiyası imzalanıb. Evian-le-Bən ilə dostluq və əməkdaşlıq xartiyası 2015-ci ildə imzalanıb və həmin il İsmayıllıda Evian parkının təməli qoyulub. O, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini bildirərək, ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoqa töhfələrindən və bu sahədə beynəlxalq səviyyəli platformaya çevrilməsindən söz açıb.
Tədbir iştirakçılarına görkəmli şairə Xurşidbanu Natəvanın anadan olduğu Şuşa şəhəri, Qarabağ bölgəsi haqqında ətraflı məlumat verən natiq qeyd edib ki, iki şəhər arasında dostluğun rəmzi olan “Azərbaycan parkı” qarşılıqlı əməkdaşlığın, eləcə də bütün dünyada multikulturalizm və mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verəcək. O, iki ölkə arasındakı mədəniyyət əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfələrə görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.
Tədbir iştirakçıları Xurşidbanu Natəvanın heykəlinin müəllifləri Salhab Məmmədov və Əli İbadullayevə yaratdıqları bu ecazkar əsərə görə təşəkkür ediblər.
Sonda xanəndə Günay İmamverdiyeva əməkdar artist Toğrul Əsədullayevin (kamançada) və Rövşən Qurbanovun (tarda) müşayiəti ilə “Şuşanın dağları” xalq mahnısını və “Azərbaycan” mahnısını ifa edib.
Tarix: 19-09-2017, 10:01