Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış olub

 
İyunun 13-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Yasamal rayonunda Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış olub.
AZƏRTAC  xəbər verir ki, Mədəniyyət naziri Əbülfəs Qarayev Birinci vitse-prezident Mehriban Əliyevaya məktəb haqqında məlumat verdi.
Bildirildi ki, bu təhsil müəssisəsi 1940-cı ildə 1 nömrəli uşaq musiqi məktəbi kimi fəaliyyətə başlayıb. Məktəbə 1985-ci ildə Vaqif Mustafazadənin adı verilib. 1988-ci ildən isə 2 nömrəli uşaq incəsənət məktəbi kimi fəaliyyətini davam etdirib və burada əlavə şöbələr açılıb.
Qeyd edildi ki, Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbini bir çox məşhurlar bitirib. Azərbaycanın Xalq artistləri Arif Məlikov, Aqşin Əlizadə, Oqtay Zülfüqarov, Oqtay Rəcəbov, Kamil Cəlilov, Ağaverdi Paşayev və Azərbaycanın mədəniyyətinə böyük töhfələr vermiş bir çox sənətkarlar bu məktəbdə təhsil alıblar.
Hazırda məktəbdə fortepiano, skripka, gitara, klarnet, saksofon, vokal, xanəndə, tar, kamança, qarmon, nağara, rəssamlıq, xoreoqrafiya ixtisasları, nəzəriyyə və tədris köməkçi fənləri ixtisası üzrə 385 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 78 müəllim məşğul olur.
Diqqətə çatdırıldı ki, Azərbaycanın Əməkdar artisti Vaqif Mustafazadə 1949-1956-cı illərdə məktəbin fortepiano şöbəsində təhsil alıb. Bu məktəbin şagirdləri müxtəlif respublika və beynəlxalq müsabiqələrdə, festivallarda uğurla iştirak edərək yüksək nəticələr əldə edirlər. Məktəbin yerləşdiyi bina indiyədək əsaslı təmir edilməyib.
Birinci vitse-prezident Mehriban Əliyeva məktəbdə müvafiq təmir-bərpa işlərinin aparılmasına dair göstəriş verdi.


Tarix: 10-07-2019, 12:38

Xəbəri paylaş