Elm sahəsində ən gənc Nobel mükafatı laureatı
Dahi ingilis fiziki Uilyam Lourens Breqq Nobel mükafatları tarixində bu ali elmi mükafata layiq görülmüş ən gənc alim hesab olunur. O, London Kral Cəmiyyətinin sədri (1911), Mançester Universitetinin professoru (1919-37-ci illər), Milli Fizika laboratoriyasının direktoru (1937-1938-ci illər), məşhur Kavendiş laboratoriyasının professoru və direktoru (1938-1958-ci illər), Kral İnstitutunun direktoru olub. Kavendiş laboratoriyasında məhz onun rəhbərlik etdiyi dövrdə - 1953-cü ilin fevralında Ceyms Uotson, F.Krik və R.Franklin tərəfindən DNK strukturu kəşf olunub. O, Con Bernal, Laynus Polinqlə birlikdə zülalların struktur analizinin əsasını qoyub. Onun elmi fəaliyyəti rentgen şüalarının difraksiyası nəzəriyyəsi, rentgen quruluş analizi, metallurgiya, metal və ərintilərdə polimorfizm və fəza keçidləri məsələlərinə, zülalların kimyası, fizikanın tarixi məsələlərinə həsr olunub. O, ABŞ, Fransa, İsveç, Çin, Niderland, Belçika elmlər akademiyalarının həqiqi üzvü seçilib.
Uşaqlıq illəri
Uilyam Lourens Breqq 1890-cı il martın 31-də Avstraliyanın Şimali Adelaida vilayətində doğulub. O uşaqlıqdan hər şeyə diqqət kəsilib və elmə maraq göstərib. Onun atası Uilyam Henri Breqq Adelaida Universitetində riyaziyyat və fizika professoru olub. Atası uşaq yaşlarından onda elmə maraq oyada bilib. 5 yaşında ibtidai məktəbə gedən Lourens velosipeddən yıxılaraq qolu sınıb. Onun atası, Vilhem Rentgenin eksperimentlərindən tələbələrə mühazirələr oxuyan professor Uilyam Breqq bir qədər əvvəl kəşf olunmuş rentgen şüalarından istifadə edərək yaratdığı cihaz vasitəsi ilə oğlunun sınmış qolunun diaqnozunu qoyub. Bu, Avstraliyada rentgen şüalarının cərrahiyyə məqsədlərində ilk tətbiqi idi. Breqq çox qabiliyyətli tələbə olub. 1904-cü ildə Müqəddəs Pyotr Kollecində təhsilə başlayan Lourens 14 yaşında Adelaida Universitetinə daxil olub. Riyaziyyat və fizikanı əla qiymətlərlə oxuyan Uilyam universiteti 3 ilə başa vurub. 1904-cü ildə onun atası Lids Universitetində işləmək təklifi alır və ailə İngiltərəyə köçür. Lourens 1909-cu ildə Kembricdə Triniti Kollecinə daxil olub. Gənc Lourens ağciyərin soyuqdəyməsindən yataqda ola-ola imtahan verib və riyaziyyat fənnini öyrənmək üçün təqaüdə layiq görülüb. Təhsilinin ilk illərində riyaziyyatı mükəmməl surətdə mənimsəyən Breqq sonrakı dövrdə fizikanı öyrənib və universiteti 1911-ci ildə başa vurub. Atası universitet tələbəsi olan oğluna radioaktivliyi və rentgen şüalarını tədqiq etməyi məsləhət görüb. Tez-tez ata və oğul arasında fizikanın aktual problemlərinə dair qızğın mübahisələr, diskussiyalar davam edib.
İlk məşhurluq
Gənc Breqqə ilk və daha böyük məşhurluğu qazandıran onun kristallarda rentgen şüalarının difraksiyası hadisəsini (Breqq qanununu) kəşf etməsi olub. Breqq qanunu kristallarda rentgen şüalarının keçdiyi yolda əmələ gələn difraksiya mənzərələrində atomların yerləşməsini qiymətləndirməyə imkan verirdi. Breqqin rentgen difraksiyanın köməyi ilə ilk dəfə tədqiq etdiyi maddə natrium-xlorid, daha sadə dildə desək, adi xörək duzu idi. 1913-cü ildə maddələrin atom nəzəriyyəsi artıq öz təsdiqini tapmışdı və belə hesab olunurdu ki, kimyəvi maddələr müxtəlif elementlərin atomlarından təşkil olunmuş molekullardan ibarətdir. Məsələn, hesab olunurdu ki, natrium-xlorid natrium və xlor atomlarından ibarətdir. Breqqin tədqiqatları isə göstərmişdi ki, natrium-xlorid kristalları molekullardan deyil, müəyyən şəkildə düzülmüş natrium və xlor ionlarından ibarətdir. Kristalda natrium-xlorid molekulu yoxdur. Beləliklə də ilk dəfə olaraq molekul (kristalları molekullardan ibarət) və ion (kristalları ionlardan ibarət) birləşmələri arasında fərq müəyyən olunmuşdu. Bu kəşfin alimlər üçün çox böyük əhəmiyyəti var idi və tədqiqatçılara məhlulların vəziyyətini daha yaxşı anlamağa imkan verirdi. O bu kəşfi 1912-ci ildə, Kembric Universitetində tələbə-tədqiqatçı kimi fəaliyyətinin ilk ilində etdi. Lourens öz ideyasını Linds Universitetində rentgen spektrometr qurğusunu hazırlamış atası ilə müzakirə edib. Bu qurğu böyük miqdarda kristalları təhlil etməyə imkan verirdi. Ata və oğulun əməkdaşlığı bir çox insanlarda belə bir təəssürat yaradırdı ki, tədqiqatların təşəbbüskarı Lourensin atasıdır. Bu cür yanaşma gənc Lourensi bir qədər pərt edirdi. Breqqin tədqiqatları birinci və ikinci dünya müharibələri illərində təxirə salınıb. Hər iki müharibə dövründə Breqq düşmən toplarının səs vasitəsi ilə müəyyən olunması metodu üzərində işləyib.
Nobel mükafatını atası ilə bölüşüb
Beləliklə də məhz Lourens Breqq ilk dəfə kristal strukturların öyrənilməsinə cəhd edib və bu zaman onun 22 yaşı var idi. Tezliklə onun atası da kristal strukturların öyrənilməsinə maraq göstərməyə başlayıb. O bundan ötrü xüsusi cihaz - spektrometr yaratmışdı. İlkin tədqiqat materialı kimi NaCl, KCl KBr, almaz, ZnS (sfalerit) seçilmişdi. "X şüalarının spektrometri yeni dünya açdı. O, kristal strukturların analizində Laue fotoqrafiyasından daha güclü vasitə oldu. Bu mərhələdə atam və mən bütün qüvvələrimizi birləşdirərək 1913-cü ilin bütün yayını həvəslə işlədik. Bu, olduqca məftunedici vaxt idi, biz hər gün gecə yarısına kimi işləyir, sükuta qərq olmuş laboratoriyamızda qarşımızda açılan yeni dünyanı öyrənirdik",-deyə sonralar Lourens Breqq xatırlayırdı. 1915-ci ildə ata və oğulun rentgenstruktur analizə həsr olunmuş ilk monoqrafiyası işıq üzü görüb. Tədqiqat materialında 33 maddənin quruluşu təsvir olunmuşdu. Elə həmin il Lourens Breqq 25 yaşında Nobel mükafına layiq görülmüş ən gənc alim olmasına dair xəbər alıb. O, rentgen şüalarının köməyi ilə kristalların tədqiqi sahəsində xidmətlərinə görə bu yüksək elmi mükafata layiq görülmüşdü. Lourens Breqq həm də Nobel mükafatı tarixində ilk dəfə olaraq ali mükafatı öz atası ilə bölüşmüş alim hesab olunur. 1915-ci ildə Avropada Birinci Dünya müharbəsi davam etdiyindən Lourens Breqqə onun adını tarixə yazdırmış ali mükafat yalnız 1922-ci ildə təqdim olunmuşdu. Tezliklə kristal strukturların müəyyən olunmasına dünyanın bir çox ölkələrindən olan böyük tədqiqatçı qruplar cəlb olunub. Lakin ata və oğul Breqqlər rentgenstruktur analizin baniləri kimi uzun illər ərzində bu mühüm elmi istiqamətin liderləri hesab olunublar. Onlar London Kral İnstitutunda üzvü kristalların quruluşunu öyrənən tədqiqat qrupuna rəhbərlik ediblər. 1953-1966-cı illər ərzində Kral İnstitutuna Lourens Breqq rəhbərlik edib. Kristalların quruluşuna dair təhlil materialları 1920-ci ildə Lourens Breqqə atom radiuslarının ilk cədvəlini yaratmağa imkan verib. Bu cədvəl sonradan alman alimi Viktor Qoldşmidt və XX əsrin dahi alimi Laynus Polinq tərəfindən yenidən gözdən keçirilib. Məhz bu tədqiqat işi yeni elmin - kristalloqrafiyanın əsasını qoyub. 20-ci illərin sonlarında Mançester Universitetində Lourens Breqq və onun tələbələri silikatların strukturlarının müəyyən olunması üzrə klassik işləri həyata keçiriblər. Bu strukturların tədqiqi kristalloqrafiyada və rentgenstruktur analizi sahəsində əsl zəfər idi. Silikatlar qeyri-üzvü kimyəvi birləşmələrin çox əhəmiyyətli sinfini təşkil edir. Onlar Yer qabığının əsasını təşkil edir və texnikada geniş tətbiq olunurlar. Təbiidir ki, bir çox kimyaçılar silikatların strukturunun öyrənilməsinə cəhd etmişdilər, lakin bütün cəhdlər səhv nəticələr vermişdi. Breqqin inkişaf etdirdiyi konsepsiyaya müvafiq olaraq isə silikatların rəngarəngliyi SiO4 və ALO4 tetraederlərinin müxtəlif cür birləşmə üsulları ilə izah olunur. Bu konsepsiya kimya və geokimyanın müxtəlif sahələrinin əsasını təşkil edir.
Elm təşkilatçısı
Lourens Breqq 1938-ci ildə məşhur Ernest Rezervordun vəfatından bir il sonra XX əsrin əvvəllərində dünyanın ən böyük elm mərkəzi hesab olunan Kavendiş laboratoriyasına rəhbərlik etməyə başlayıb. Rezervordun vəfatından sonra bu mərkəz dağılma ərəfəsində idi. Rezervordun iki ən istedadlı tələbəsi P.Blekett və C.Çedvik (Nobel mükafatı laureatları) laboratoriyanı tərk etmişdilər. Onlar digər universitetlərin müvafiq kafedralarında yer almışdılar və öz elmi məktəblərini yaratmışdılar. Breqq Rezervorddan sonra mərkəzdə qalan alimləri laboratoriyada saxlamaq və Kavendişin şöhrətini bərpa etmək üçün hər hansı təşəbbüsdə bulunmadı. O, Kavendişdəki kabinetində oturar və tez-tez bu sözləri təkrar etməyi sevərdi: "Biz bütün dünyaya nüvə fizikası ilə necə məşğul olmağı həvəslə öyrətdik. İndi isə gəlin, dünyaya göstərək ki, yeni mövzu üzərində necə işləmək lazımdır". Kembric Universitetinin tələbəsi, sonralar tanınmış nəzəri fizika alimi olan F.Dayson Breqqin elmi təşkilatçılıq istedadını araşdırıb. O, Breqqin ilk baxışdan fəlakətli görünən vəziyyətdən necə məharətlə çıxmasını təhlil edib. F.Dayson belə bir nəticəyə gəlib ki, dahi ingilis alimi daim aşağıdakı 3 qadağa qaydasına əməl etməklə böhranlı vəziyyətdən çıxa bilib:
- Keçmiş şöhrəti bərpa etməyə dəyməz
-Hər hansı mövzu üzərində təkcə onun dəbdə olduğuna görə işləməyə dəyməz.
-Nəzəriyyəçilərin yüksək təkəbbürlülüyünə və istehzasına məhəl qoymağa dəyməz.
Çox maraqlı faktdır ki, Uilyam Breqq Kavendiş laboratoriyasını onun şöhrətinin gur çağında tərk edib. Öz sələfi məşhur Ernest Rezervorddan fərqli olaraq Breqq özündən sonra elmi mərkəzi dağılmağa qoymayıb. Əksinə, Breqqdən sonra Kavendiş laboratoriyasının elm kollektivi xarici rəqabətin (Amerika) artmasına baxmayaraq, molekulyar biologiya və radioastronomiyanı inkişaf etdirib.
Tələbələri ilə öyünən xoşbəxt alim
Lourens Breqqin elm sahəsində şəxsi xidmətləri nə qədər böyükdürsə, onun bilavasitə yaratdığı və rəhbərlik etdiyi elmi tədqiqat qruplarının əldə etdiyi nəticələr də kifayət qədər dəyərlidir. Breqq öz dövründə görkəmli elmi təşkilatçısı, nəhəng elmi potensiala malik, geniş elmi dünyagörüşlü tədqiqatçı kimi tanınıb. İkinci Dünya müharibəsinin başa çatmasından sonra Lourens Kembricə qayıdıb. O, Kavendiş laboratoriyasını tədqiqat qruplarına bölüb. L.Breqq hesab edirdi ki, ideal tədqiqatçı vahidi 6-12 alim və bir neçə assistentdən ibarət qrupdur. 1948-ci ildə Breqq zülalların quruluşuna maraq göstərib. Bioloji problemlərin tədqiqində fiziki metodları tətbiq edən qrupun yaradılmasında qismən onun da əməyi vardı. O, 1953-cü ildə DNK strukturunun kəşfində aparıcı rol oynamışdı. Onun başlıca xidməti isə rəhbərliyi altında Kavendiş laboratoriyasında işləyən Ceyms Uotson və Frensis Krikə hərtərəfli dəstək göstərməsində idi. Breqq bir alim kimi xoşbəxt idi və tələbələri ilə fəxr edirdi. Onun 40 il əvvəl hazırladığı metod tələbələrinə DNK molekulunun strukturunu açmağa imkan vermişdi. Elə həmin vaxtlarda Breqqin daha bir tələbəsi Maks Peruts hemoqlobinin strukturuna dair tədqiqatlar aparıb və tezliklə bu iş də Nobel mükafatına layiq görülüb. Breqq sistematik olaraq DNK molekulunu kəşf etdiklərinə görə Krik və Uotsonun Nobel mükafatına təqdim olunmasını təbliğ edirdi. Nəticədə, 1962-ci ildə Krik və Uotson fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görüldülər. 1953-cü ilin aprelində Breqq Londonda Kral Cəmiyyətinin daimi professoru vəzifəsinə təklif alır. O belə bir təklif irəli sürür ki, cəmiyyət ictimai iş aparmalıdır. O, məktəblilər üçün eksperimentlərdən ibarət bir sıra mühazirələr təşkil edib. Onun ideyası böyük ruh yüksəkliyi ilə qəbul olundu və 1965-ci ildə 20000 məktəbli hər il bu mühazirələrdə iştirak edib. O, Kral Cəmiyyətində 1966-cı ilin sentyabrında təqaüdə çıxana qədər işləyib.
O, özünü kimyaçı hesab etmirdi
Bu unikal insanın elmi maraqları və nailiyyətləri həqiqətən heyrətləndiricidir. Silikatlar, metallar, zülallar... Bu cür müxtəlif təbiətli kimyəvi maddələrin hər biri özünəməxsus struktur keyfiyyətləri ilə fərqlənirlər. Onların strukturunu dəqiq bilmək isə müasir kimyanın başlıca vəzifəsidir. Uilyam Lourens Breqqi çox haqlı olaraq bu elmin yaradıcılarından biri hesab etmək olar. Bundan əlavə, Breqq kristalloqrafiyanın - rentgenstruktur analizi əsasında maddələrin quruluşunu öyrənən elmin əsasını qoyanlardan biri hesab olunur. Breqq elmi işlərinin heç birində "kristalloqrafiya" termini işlətməyib. O, özünü kimyaçı hesab etmirdi. Əksinə, tez-tez özünün XX əsr fiziklərinin şöhrətli dəstəsinə mənsub olduğunu qeyd edirdi. Şübhəsiz ki, onun belə düşünmək üçün əsası var idi. Fizika sahəsində Nobel mükafatı maddələrin öyrənilməsində çox güclü fiziki metodlardan birinin yaradıldığını qeyd edirdi. Lakin fiziki metodlar vasitəsi ilə silikatlar və zülallar sahəsində əldə olunan nəticələr öz mahiyyətinə görə daha çox kimyəvi təsir bağışlayır. Breqq özünün məşhur "Molekullar-nəhənglər" məqaləsində ilk olaraq silikatların quruluşunu təsvir etmişdi. Müasir kimyanı isə bu məlumatlarsız təsəvvür etmək olmaz. Lourens Breqqlə hesablaşmaq olar. O, əlbəttə ki, öz atası kimi fizik idi. Lakin o, eyni zamanda həm də kimyaçıdır, özü də məşhur kimyaçı. Rentgenstruktur analiz metodunun yaradılması və 30-cu illərin ortalarında silikatlar kristalloqrafiyasının inkişafı Lourens Breqqə dünya şöhrəti qazandırdı. Alim mineralogiya sahəsində əsl inqilabi çevriliş etmişdi. O, bütün dünyada kristalloqraflar və kristallokimyaçılar arasında mübaliğəsiz lider idi. 1948-ci ildə onun təşəbbüsü ilə kristalloqrafların Beynəlxalq Birliyi yaradıldı və bu cəmiyyət indi də dünyanın ən iri elmi cəmiyyətlərindən biridir. Lourens Breqq cəmiyyətin ilk prezidenti seçildi. Lakin irəlidə Breqqi uzun şöhrətli yol gözləyirdi. O, parlaq istedadı və fədakar əməyi sayəsində ciddi elmi uğurlar qazandı. L.Breqq metalların və ərintilərin kristalloqrafiyası sahəsində çoxsaylı tədqiqatlar apardı və sonra Kembricdən Londona köçərək təbiətşünaslıq tarixində ən parlaq səhifələrdən hesab olunan zülalların strukturunun öyrənilməsi sahəsində işlərdə fəal iştirak etdi.
Parlaq istedadlı pedaqoq
Uilyam Lourens Breqq parlaq pedaqoq, elmi populyarlaşdıran çox istedadlı alim idi. 1954-cü ildən 1966-cı ilə kimi (Kral İnstitutunun direktoru vəzifəsindən istefa verənə qədər) Breqq elmi təhsil məsələləri ilə geniş məşğul olub və tez-tez qeyri-peşəkar auditoriyaya, xüsusən də məktəblilərə müraciət edib. Onlara həqiqət axtarışının necə də gözəl və cəlbedici olmasından danışıb. Populyar və istedadlı natiq televiziyalarda mühazirələrlə çıxış etməyə dəvət olunub. O, istefaya çıxdıqdan sonra da mühazirələrlə çıxış etməkdə davam edib və hətta elmi məqalələr yazıb.
O, elmi tədqiqatların təşkili problemi ilə məşğul olurdu. Bu mövzuda yazdığı məqalələrinin birində Breqq qeyd edirdi ki, alimləri 4 tipə bölmək olar: mütəfəkkirlər - onlar hadisələrə yeni baxış tapır (Nyuton, Bor və başqaları), ilk kəşfedənlər - əvvəllər məlum olmayan hadisələri kəşf edənlər (məsələn, Rentgen), ovçular - "həqiqəti duyanlar" (Faradey, Rezervord) və konstruktorlar - elmi tədqiqatlarda tamamilə yeni yol açan cihazların yaradılması (məsələn, Vilson). Breqqi bu təsnifatda həm mütəfəkkir, həm konstruktor, həm də ovçu hesab etmək olar. O, yalnız konstruktorluğa iddia etmirdi. O bu məsələdə rentgen difraktometri cihazını yaratmış atası ilə rəqabət aparmaq istəmirdi.
Qeyri-adi bağban
1941-ci ildə İngiltərə kralı tərəfindən zadəgan tituluna layiq görülən Lourens Breqq riyaziyyat və fizikadan əlavə, ədəbiyyat, rəssamlıqla maraqlanıb. Alim elmin müxtəlif sahələrinə diqqət yetirib və problemli məsələləri üzə çıxara və tələbələrini bu problemləri öyrənməyə səfərbər edə bilib. Elmin müxtəlif sahələrində eyni dərəcədə məlumatlı olan alim xüsusən də bağbançılığa xüsusi diqqət yetirirdi. O bu maraqlarını ömrünün sonlarına kimi qoruyub. İngiltərəyə köçdükdən sonra Lourens üçün çatışmayan bir şey var idisə, bu da bağ idi. Gənc alim universitetdə müəllimlikdən əlavə, özünə yarımstavka bağban kimi pul qazanırdı. Bağ sahibi isə onun bağında səliqə-sahman yaradan bu gəncin məşhur, ən gənc nobelçi alim olduğunu eşidəndə heyrətdən donmuşdu. Onun tanışlarından biri bağ sahibinə bu qeyri-adi bağban barədə xəbər vermişdi. O, 1921-ci ildə Elis Xopkinsklə ailə qurub. Onların 2 oğlu və iki qızı doğulub.
XX əsrin ən gənc Nobel mükafatı laureatı 1971-ci il iyulun 1-də vəfat edib.
O.MUSTAFAYEV
Tarix: 11-07-2018, 11:31