Uşağınıza mütaliəni sevməyi necə öyrətmək olar?
Mütaliəni sevən uşaq böyütmək haqqında nə bilmək lazımdır.
UNICEF-in təqdimatındaOxumağa gündə cəmi 10-15 dəqiqə sərf etmək uşaqda müxtəlif yeni biliklərə marağın yaranmasına səbəb olacaq. Ədəbiyyata sevgisini inkişaf etdirməklə bağlı əsas məsləhətlərimizlə tanış olun.
Daha erkən yaşdan başlayın
Yeni doğulmuş körpənizə kitab oxumaq onlara həyatın ilk anlarında ən xoş abu-hava bağışlayacaq. Körpələr dili onlara sözləri təkrarlayan və oxuyan böyüklərdən öyrənirlər. Uşağınıza kitab oxuduğunuz zaman kitabdakı personajlar və əşyalar və ya heyvanların çıxardığı səslər haqqında da məlumat verin. Səsinizi eşitmək onların gördükləri hərflərə və şəkillərə məna verməyə kömək edir. Oxuduğunuz zaman səsinizin yüksəkliyini və tonunu dəyişin və fərqli simvollar üçün fərqli vurğu və ya səsləri çıxarmağa çalışın. Bu, uşağınızı maraqlandırmağa kömək edir və hekayəni scanlandırır!Unutmayın ki, uşaqlar kitabları sevməyi oxumağı öyrənməzdən çox-çox əvvəl öyrənirlər. Körpə yaşlarından birlikdə kitablarla vaxt keçirmək uşaqlara böyüdükcə kitablardan daha çox həzz almağa kömək edəcək.
Yaxşı oxucu nümunəsini göstərin
Uşaqların oxumağı çətin bir iş vəzifə kimi deyil, əyləncəli və maraqlı bir məşğuliyyət müşahidə etmələri vacibdir. Bunu öyrətmək üçün onlara nümunə olmaq ən münasib üsuldur! Uşağınız sizin tez-tez kitab oxuduğunuzu görürsə, bu, onu daha çox həvəsləndirəcək. Bu, həm də uşağın ekranlardan uzaq vaxt keçirməsinə kömək edəcək.Əgər bir müddət oxumağa vaxtınız olmayıbsa, yerli kitab mağazası sizin və körpəniz üçün ən yaxşı kitablar haqqında tövsiyələr verə və ya kitabxanaçılar uşağınız üçün ən yaxşı kitabları seçməkdə gözəl bələdçi ola bilərlər. Ailə üzvləri və dostlardan da dəyərli məsləhətlər almaq olar! Onların uşaqlarının sevimli və uşaqları ilə oxuduqları kitablarla maraqlanın. Siz hətta uşağı özünüzlə götürüb, birlikdə kitab seçməklə, bu prosesi maraqlı məşğuliyyətə çevirə bilərsiniz.
Növbəli oxuma vərdişi
Uşağınız böyüdükcə növbə ilə bir-birinizə yüksək səslə oxuyun. Əgər uşaq hələ tam oxumağı bacarmırsa, onun tanıdığı hərfləri və sözləri göstərməsini xahiş etmək də maraqlı ola bilər. Sonra növbə ilə cümlələri oxuyun. Onun qabiliyyətləri artdıqca siz növbə ilə səhifələri və nəhayət fəsilləri oxumağa keçə bilərsiniz. Birlikdə oxuyarkən oxuduqlarınızla bağlı suallar verin: "Səncə bundan sonra nə olacaq?" "Fil niyə belə etdi?"Bir-birinizə yüksək səslə oxumağa sərf etdiyiniz vaxt ucadan danışmağa inamı artırmağa kömək edəcək və uşağınızın öyrəndiklərini möhkəmləndirəcək.
Uşağınıza diqqət yetirin
Balacanız böyüdükcə onun maraqlarına diqqət yetirin. Əgər o, dinozavrlar kimi müəyyən bir mövzu ilə daha çox maraqlanırsa, bu mövzuda uşaq kitabları tapmağa çalışın. Bu, kitabların əhəmiyyət verdiyimiz mövzular haqqında daha çox öyrənmək üçün alət olduğunu sübut etməyə kömək edəcək və əgər uşağın sevimli mövzusuna həsr olundqudda onun oxunması ehtimalı daha yüksək olacaq!Uşağınız hələ Açebey və ya Dostoyevskini oxumursa, narahat olmayın - əsas odur ki, oxumağa maraq göstərir. Əgər o, hazırda yalnız komiks oxuyursa, bu özü də yaxşı haldır. Komikslər və qrafik romanlar hələ də oxumaq üçün fürsətdir! Siz onu digər oxu materialları ilə həvəsləndirə bilərsiniz, lakin o, hazırda bunu qəbul etmirsə, məcbur etməyə ehtiyac yoxdur.
Sıravi məşğuliyyətə çevirin
Oxumağı uşağınızın həyatının əyləncəli hissəsinə çevirmək kitabları gündəlik məşğuliyyətinizə daxil etməklə başlayır. Yatmazdan əvvəl və ya ictimai nəqliyyatda olarkən xüsusilə mütaliə vaxtı yaradın. Birlikdə olduğunuz müddətdə cib telefonları və televiziya kimi diqqətinizi yayındıran əşyalardan istifadəni məhdudlaşdırdığınızdan əmin olun. Vaxtınız bir-birinizlə bağlı olmalıdır!Evdə kitabların ətrafında olmaq mütaliədən həzz almağı öyrənməyin bir hissəsidir. Mümkün olduğu halda, evdə uşaqlarınız üçün kitab toplumu və ya kitabxana yaratmağa çalışın. Bunun çox saylı olması lazım deyil; hətta kiçik sayda kitablardan ibarət olsa belə tam məqbuldur.
Yaxında kitabxana olduğu təqdirdə, uşaqlar üçün kitab oxuma və ya hekayə təqdimatları proqramları haqqında məlumat üçün yerli kitabxananızla əlaqə saxlayın. Bu kimi tədbirlər uşağın digər uşaqlarla ünsiyyətdə olarkən kitablardan həzz alması üçün gözəl imkan aça bilər. Həmçinin dostlar və onların uşaqları ilə kiçik kitab klubu yaratmağa başlaya bilərsiniz.
Mütaliənin əsas mərhələləri
Hər bir uşaq fərqli olsa da, uşağınız oxumaq bacarıqlarını inkişaf etdirərkən müşahidə edə biləcəyiniz bəzi mərhələlər aşağıda təsvir olunub:Dünyaya gəldikdən - 18 aya qədər
- Bəzi sadə ifadələri başa düşür
- Kitablara baxır və vərəqləməyə çalışır
- Nitqi təqlid edir
- Təxminən 1 yaşında bir və ya daha çox söz deyə bilir
18 ay - 3 yaş arası
- Təxminən 2 yaşında 250-350 söz, 3 yaşında isə 800-1000 söz deyə bilir
- Tanış kitabları dinləməkdən həzz alır
- Sevimli kitabında təkrarlanan ifadəni deyir
- Böyüklərin danışan səslərini təqlid edir
- Oxumağı xahiş edir
3 - 5 yaş arası
- Tanış hərfləri tanıyır və onları yazmağa çalışır
- Kitabı əlində düzgün tutur və vərəqləyir
- Qafiyəli sözləri müəyyən edir
- Cümlələrdən rahat istifadə edir
- Ucadan oxunan kitablardan öyrənir
Məqalə müəllifi: Rəqəmsal məzmun müəllifi Mendi Riç, UNICEF
Tarix: 25-09-2022, 21:09
Xəbəri paylaş