STEAM gələcəyin təhsil modelidir
Məlumdur ki, müasir dünyanın reallıqları zəminində əmək bazarının tələbləri XXI əsrin başlıca inkişaf trendlərini müəyyənləşdirən, davamlı tərəqqini təmin edən yüksəkixtisaslı mütəxəssislərin hazırlığından çox asılıdır. Buna görə də hər hansı ixtisas seçərkən, təkcə şəxsi seçim və prioritetlərə yox, həm də mütəxəssislərin əmək bazarı üçün tələbolunan fəaliyyətinin əhəmiyyət kəsb etməsinə, onların işinin aktuallığına, peşəkar özünüidarəetmə imkanlarına da diqqət yetirmək lazım gəlir. Bu baxımdan, özündə təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatı ehtiva edən STEAM peşələrinin demək olar ki, analoqu yoxdur.
Bunlar gələcəyin ixtisaslarıdır: onlar yaxın onilliklərdə dünyanın necə olacağını müəyyənləşdirəcək. Sosioloji tədqiqatlar da STEAM mütəxəssislərinin çatışmazlığından xəbər verir: ekspertlərin fikrincə, bu ixtisaslar üzrə iş yerlərinin sayı 2022-ci ilin sonlarına kimi 9 milyon artacaq.
Digər tərəfdən, üz-üzə qaldığımız pandemiya dövrü də müxtəlif elmi sahələrin inteqrasiyasına əsaslanan STEAM təhsilin əhəmiyyətini daha da artırıb.
2020-ci ildə qlobal miqyasda aparılmış Elmin Vəziyyəti İndeksi (State of Science Index ) adlı tədqiqatın nəticəsinə əsasən, pandemiya şəraitində elmə inam yüksək səviyyədədir. Tədqiqatlar göstərir ki, elmin nüfuzu və əhəmiyyəti artır, davamlı inkişaf prinsipləri əsasında həll və texnologiyalar hələ də mühüm əhəmiyyət kəsb edir. Bu tədqiqat bir daha gələcəyimizin STEAM təhsildən keçdiyini göstərir.
STEAM nədir?
Müasir dünya reallıqları təhsil qarşısında çətin vəzifələr qoyur: öyrənmək maraqlı olmalıdır; bilik praktikada tətbiq edilməlidir; təlim maraqlı formada keçirilməlidir və bütün bunlar mütləq uşağın gələcəyində yaxşı nəticələr verməlidir - yüksək maaşlı iş, özünüidarəetmə, intellektin yüksək göstəriciləri.
Bəzi valideynlər və müəllimlər hələ də bütün bu məsələlərin həllini tapmağa çalışır, digərləri isə STEAM təhsilin xeyrinə düzgün seçim edirlər. STEAM Science, Technology, Engineering, Art, Mathematics - elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat kimi tərif olunur. STEAM anlayışı riyaziyyat, fizika, kimya, biologiya, astronomiya və s. ilə əlaqəli geniş fənləri birləşdirir; bu fənlərin təbii əlaqəsinə əsaslanan təhsil yanaşmasıdır. Onların hər birində, eləcə də mühəndislik, robotexnika və digər tətbiqi fənlərdə dərin bilik elmlərin qovşağında yeni texnologiyalar hazırlamağa, proqram təminatı yaratmağa, mürəkkəb cihazlar dizayn etməyə imkan verir.
Science-ə fizika, kimya, biologiya - təbiət elmləri daxildir. Artıq burada fənlərarası inteqrasiya mövcuddur, texnologiya, mühəndislik, riyaziyyat və incəsənət ilə birlikdə bu, uşaqların tədris prosesi, karyera və peşə sahəsində sonrakı inkişafını ehtiva edən, onları qloballaşan dünyaya texniki cəhətdən peşəkar səviyyədə hazırlamağa imkan verən kompleks təhsil konsepsiyasına çevrilir. Pedaqoqların sözlərinə görə, inteqrasiya əksər peşələrdə uğurlu olmağa imkan verir və gələcək STEAM texnologiyalarının tətbiqindən asılıdır.
STEAM ixtisasların dairəsi çox genişdir və hər il artır. Bu, əmək bazarında ən çox tələb olunan mütəxəssislərdən biridir. Onlar yüksək əməkhaqqı alırlar (məsələn, dünya statistikasına görə neft-qaz mühəndislərinin orta illik maaşı - 132 min dollar, kompüter və informasiya sistemlərinin menecerləri - 123 min dollar, astronomlar və fiziklər - 110 min dollar). Maraqlı layihələr, geniş ünsiyyət dairəsi, qrant qazanmaq və ya mükafat almaq imkanı, sosial əhəmiyyəti - STEAM peşələrin xeyrinə daha bir neçə arqument kimi göstərilə bilər.
STEM ixtisaslarının siyahısı
Menecment
Memarlıq və mühəndislik sahəsində menecerlər, kompüter və informasiya sistemləri üzrə menecerlər, təbiət elmləri sahəsində menecerlər
Kompüter və riyaziyyat
Aktuarilər, kompüter və informasiya sahəsində elmi əməkdaşlar, informasiya sistemlərinin memarları, proqramçılar, sistem analitikləri, sistem idarəçiləri, kompüter sistemlərinin və şəbəkələrin təhlükəsizliyi üzrə mütəxəssislər, informatika texnoloqları, riyaziyyatçılar, əməliyyatların tədqiqi sahəsində analitiklər, proqram təminatı və tətbiqi tərtibatçıları, statistənlər, WEB -işləmçilər.
Memarlıq və mühəndislik işi
Aerokosmik sahəsində mühəndislər, mühəndislər-aqronomlar, memar-çertyojçular, biomühəndislik mütəxəssisləri, kimyaçı mühəndislər, inşaat mühəndisləri, elektrotexnika mühəndisləri, elektromexaniklər, ekoloji mühəndislər, əmək təhlükəsizliyi mütəxəssisləri, sənaye mühəndisləri, dəniz mühəndisləri, dizaynerləri
Təbiət elmləri və tibb ilə bağlı peşələr
Mühəndis-aqronomlar, zooloqlar, astronomlar, biokimyaçılar, biofiziklər, kimyaçılar, ekoloqlar, epidemioloqlar, qida biotexnologiyası və mühəndisliyi üzrə mütəxəssislər, məhkəmə ekspertləri, meşəçilər, geoloqlar, hidroloqlar, fizika, kimya, materiallar mexanikası üzrə mütəxəssislər, tibb alimləri, mikrobioloqlar
Təhsil sahəsi mütəxəssislər
Biologiya, kimya, informatika, mühəndislik, ekologiya, memarlıq, aqrar işlər, meşəçilik, riyaziyyat, fizika üzrə ali məktəblərin müəllimləri, orta məktəb müəllimləri
Satış menecerləri
Yüksək texnoloji avadanlıqların satışı üzrə menecerlər, tibb, mühəndislik, tədqiqat və s. sahələrdə ticarət nümayəndələri.
STEAM mütəxəssisi necə olmaq olar?
Yuxarıda sadaladığımız peşələr hərtərəfli bilik, analitik düşünmə bacarığı, problemi müxtəlif tərəfdən nəzərdən keçirmək, yaradıcı həllər tapmağı tələb edir. Həmkarlarla səmərəli ünsiyyət qurmaq və konfranslarda əsərlərinin nəticələrini təqdim etmək üçün yaxşı kommunikativ qabiliyyətlər lazımdır.
Əlbəttə ki, STEAM mütəxəssisləri texnikanı dərindən bilməlidirlər, nəinki bu və ya digər gadjetin necə qurulduğunu və necə idarə olunacağını başa düşməlidirlər, həm də lazım olduqda onu proqramlaşdırmaq, öz məqsədləri üçün yaxşılaşdırmaq lazımdır.
Sonda qeyd edək ki, müasir təhsil fenomeninin məqsədi şagirdlərdə yüksək, mütəşəkkil təfəkkürü inkişaf etdirmək və əldə edilmiş biliklərin layihə təlimi vasitəsilə səmərəli tətbiqini öyrətməkdir. STEAM-təhsil elmi metodlardan, texniki tətbiqlərdən, riyazi modelləşdirmədən, mühəndislik dizaynından istifadə etməyə imkan verir ki, bu da şagirdlərdə XXI əsrin səriştə və bacarıqlarının, innovativ təfəkkürün formalaşmasına, gələcəyin trendlərinə yiyələnmələrinə səbəb olur. STEAM təhsilin tətbiqi uşaqların informasiya axınından çevik baş çıxarmağı öyrənmələrinə və qazandıqları bilikləri təcrübədə həyata keçirmələrinə kömək edir.
Oruc MUSTAFAYEV
Tarix: 14-01-2021, 12:05