Niderland Krallığına təhsil səfəri
Niderland Krallığının Utrext şəhərinə təhsil səfəri təşkil edilib.
Səfərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, idarənin sektor müdirləri Anar Qədiməliyev və Lamiyə Şərəfxanova iştirak edib.
BŞTİ-nin İnkişaf layihələri sektorunun təşəbbüsü ilə Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində təşkil olunan səfər məktəb inspeksiyaları mövzusuna həsr edilib.
Səfərin əsas məqsədi Niderland Krallığının Təhsil Nazirliyinin tərkibində Təhsil İnspeksiyaları Departamenti ilə əməkdaşlıq, onların bu sahədə təcrübələrini öyrənmək və təhsil müəssisələrinin inspeksiyasında iştirak etməkdən ibarətdir.
Səfərin ilk günü Utrext şəhərində yerləşən Təhsil İnspektorluğu Departamentində görüş keçirilib. Görüşdə Təhsil İnspektorluğunun funksiyası və iş prinsipi haqqında ətraflı məlumat verilib. Növbəti günlərdə təhsil müəssisələrinə inspeksiya təşkil olunub. Məktəblərlə tanışlıq zamanı müəllim, şagird və məktəb direktorları ilə müsahibələr müşahidə edilib. İnspeksiyanın yekununda alınan məlumatlar təhlil edilib, müvafiq müzakirələr aparılıb və qərarların çıxarılması mərhələsində iştirak olunub.
Həmçinin, bir qrup inspektorla görüş keçirilib və Azərbaycanın təhsil sistemi haqqında məlumat verilib. Görüşdə Niderland Krallığının təhsil inspektorları ilə birgə effektiv sistemin qurulması haqqında müzakirələr aparılıb.
Tarix: 6-06-2017, 11:21