Azərbaycanın 2 universiteti dünya reytinqində
Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan "Times Higher Education" (THE) 2020-ci il üçün BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”nə (SDG) əsaslanan, sosial və iqtisadi töhfələrinə görə fərqlənən ən yaxşı dünya universitetlərini müəyyən edən “THE University Impact Rankings 2020” reytinq cədvəlini açıqlayıb.
Dünya universitetlərinin fəaliyyətini Birləşmiş Millətlər Təşkilatının 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə ölçən bu reytinqdə Azərbaycanın 2 ali təhsil müəssisəsi də yer alıb. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Xəzər Universiteti 601+ aralığında qərarlaşıblar.
Qeyd edək ki, THE-nin sayca ikinci nəşrinə dünyanın 85 ölkəsindən 766 universitet daxildir. Siyahıya ikinci ildir ki, Yeni Zelandiyanın Auckland Universiteti rəhbərlik edir. Sonrakı üç yerdə isə Avstraliya universitetləri yer alıblar: Sidney Universiteti, Qərbi Sidney Universiteti və La Trobe Universiteti. Yaponiya reytinqdə 63, Rusiya 47, Türkiyə isə 37 ali məktəblə təmsil olunur.
Reytinq Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilə qədərki dövr üçün formalaşdırdığı Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi prosesinə ali məktəblərin təsirinin qiymətləndirilməsinə həsr olunub.
Reytinqlə tanışlıq üçün bu linkdən istifadə edə bilərsiniz: https://bit.ly/3cG0Hbp
Tarix: 23-04-2020, 20:58