Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Bullinq - məktəbdə aqressiya

 

Son zamanlar  dünyanın bütün ölkələrində  təhsil müəssisələrində müşahidə olunan ən qabarıq prob­lemlərdən biri təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır. Onlardan biri son vaxtlar leksikonda  yer almış bullinqdir (bullying).  İlk dəfə 1985-ci ildə Böyük Britaniyada işlədilən bu termin bu mövzuda ilk tədqiqat işləri üzə çıxdıqdan sonra XX əsrin əvvəllərində geniş istifadə olunub. Bütün uşaqlar gec-tez bullinqlə rastlaşırlar: ya qurban, ya incidilən şəxs və ya şahid kimi, yəni həm onlayn, həm də reallıqda. Bütün bu rollar uşağın şəxsiyyətinə dağıdıcı təsir göstərir. Əgər siz öz həyatınızda heç vaxt digər, daha güclü və ya daha çox səlahiyyət sahibi olan insan tərəfindən sistematik təqib və ya başqa zorakılıq hiss etməyibsinizsə, belə görünə bilər ki, bullinq xırda məsələdir. Bununla belə, ABŞ  Təhsil  Departamentinin məruzəsinə əsasən, 12 yaşdan 18 yaşadək hər dörd uşaqdan biri  son məktəb  ili ərzində bullinqin qurbanı olub.  Ukraynada UNICEF üçün aparılmış tədqiqatlara əsasən, məktəblilərin 89%-i billinqlə rastlaşırlar. Qərb mənbələrinin məlumatına görə, 14 yaşa qədər şagirdlərin 50%-i məktəbdə təqiblərə məruz qalır. Yeniyetmə yaşında isə bu faiz dərəcəsi enir.
Rusiya məktəblərində bu sahədə tədqiqatlar 2000-ci illərin sonunda başlayıb. Aşkar olunub ki, bullinq kütləvi hadisədir. 2010-cu ildə tədqiqatçılar müəyyən ediblər ki, 11 yaşa qədər 22% oğlan və 21% qız həmyaşıdları tərəfindən təhqirlərə məruz qalıb. Moskvada 1200 şagird arasında keçirilmiş sorğudan məlum olub ki, onların 78 faizi oxuduqları məktəbdə bullinqin şahidi olublar. Yeniyetmələr arasında isə bu rəqəm müvafiq olaraq 13 və 12% təşkil edir.
 Norveçdə isə oğlanların 11, qızların isə 2,5  faizi bullinqlər kimi öz həmyaşıdlarına qarşı aqressiv davranışda olduqlarını etiraf ediblər. Hazırda bullinq üzrə tədqiqatlar ABŞ, Fransa, Britaniya, Finlandiya,  Cənubi Koreya kimi ölkələrdə aparılır.
 Psixoterapevt Cennifer Fridin sözlərinə görə, bullinq yalnız qəzəb və alçaldıcı hərəkət deyil. Bullinq təkrarlanmaq, qurbanını qorxu və stress vəziyyətində qoymaq  tendensiyasına malikdir. Oxşar effekti bullinq  həm də baş verən aqressiv hadisələrin şahidləri olanlara qarşı da gös­tərir. Əgər uşaqlar dalaşıblarsa və ya hətta kiməsə qarşı nalayiq sözlər işlədiblərsə, bir dəfə “öz komandası”ndan kimisə çıxardırlarsa,  bu, bullinq kimi təsnif edilmir. Amma əgər uşaq kollektivində cəzasız zorakılıq mədəniyyəti formalaşırsa, bu, onlarda başqaların alçaldılmasının mümkünlüyü hissini yarada bilər. Bullinqin qurbanları təhsildən yayına, uşaqlıq dövründə yaşanmış əzablar isə onun yaşlı həyatına da ziyan vura bilər. Bullinqin qurbanları olmuş  şagirdlər yaşlı həyatlarında da daha çox xəstələnir və psixoloji prob­lemlərə malikdir. Nəticələr daha da dağıdıcı ola bilər. Biz hamımız bullinqin qurbanları haqqında eşitmişik, hansılar ki, buna görə intihar ediblər.
 
Məktəbdə bullinq nədir və onunla necə mübarizə aparmaq olar?
Bullinq - bu, bir uşağın  başqaları tərəfindən təqib olunması, aqressiv davranışdır ki, son illərdə məktəblərdə tez-tez yayılıb.
 Bullinq nədən baş verir?
 Şagirdlər arasında zorakılıq hadisələri həmişə məktəbin  bir hissəsi olub,  ancaq indi onlar  daha çox gözə çarpır.  Bu gün Ukraynada 10 uşaqdan 8-i bullinqin  qurbanı olur. Bu hadisələrin başlanmasına təkan verən isə aşağı sinif şagirdlərinə qarşı münasibətdən qaynaqlanır, məsələn, yuxarı siniflərin şagirdləri onların əlindən mobil telefonları alırlar. 11-15  yaşlı uşaqlar arasında isə dedi-qodular, alçaldıcı zarafatlar və boykot  halları geniş yayılıb.
Psixoloq Svetlana Krivtsovanın sözlərinə görə, başqalarına qarşı aqressiv, alçaldıçı davranışları həmişə bir şəxs öz nüfuzunu təsdiq etmək, əylənmək və ya hər hansı marağı naminə edir. Digər uşaqlar isə bullerin hərəkətlərini  müşahidə edərək, ya onlara məhəl qoymur,  ya qəzəblənir, ya da müdaxilə etməyə çalışırlar.  Ancaq görəndə ki, bu cür davranışın  qurbanı müqavimət göstərmir, müəllim isə onların təşəbbüsünü dəstəkləmir, onda uşaqlar acizlik hiss edir və onların əhvali-ruhiyyəsi  qurbana qarşı şəfqətdən qıcıqlanmaya və laqeydliyə qədər dəyişə bilər.
Bullinqin və mobbinqin (daha az radikal təhqirlər) əsas əlamətləri bunlardır:
 - Təcavüzkar  və onun qurbanının güclərinin bərabərsizliyi;
- Zorakılığın təkrarlığı;
- Qurbanın kəskin emosional reaksiyası.
 Ən çox bullinq halları o məktəblərdə olur ki, orada şagirdlər laqeyddir və məyusdurlar, onların tələbatları heç kim tərəfindən tanınmır və  təmin edilmir.  Dərs buraxma və ya vandalizm halları ilə müqayisədə insan  şərəfinin təhqirinin daha ağır pozuntu hesab edildiyi yerlərdə  bullinqə nadir hallarda rast gəlinir. Son zamanlar isə internet-təqib (kiberbullinq)  - internet, elektron poçt, SMS və s. vasitəsilə təqib də geniş yayılıb.
 
Səs-küylü zorakılıq hadisələri
Bullinqin ən açıq nümunələrindən biri Ukrayna məktəblərindən birində baş vermişdi.  İki yeniyetmə qız həmyaşıdı olan iki qızı döyüb.  Hadisəni görən digər uşaqlar münaqişəyə heç cür müdaxilə etməmiş, əksinə, qızları qarşıdurmaya həvəsləndirib və baş verənləri videoya çəkiblər. Yalnız bir təqaüdçü qoca bu hadisəni evinin pən­cərəsindən görərək polis çağırıb və qızları xilas edib.   Daha bir məktəbdə isə VII sinif şagirdləri öz yoldaşlarını döyərək videoya çəkib və internetə yerləşdiriblər.  Kənardan keçənlər isə uşağa köməklik göstərməyiblər. Odessa şəhərində isə bu cür aqressiv hadisələrdən sonra 15 yaşlı  oğlan ölüb. Ölüm səbəbi  məktəbdə fasilə zamanı uşağın  qarın nahiyəsindən aldığı travma olub.
 
Bullinq və onların qurbanları
Bir tərəfdən, biz nədən ehtiyat ediriksə, onu görmək istəmirik. Digər tərəfdən, uşaqlar özləri tez-tez bizdən həqiqəti gizlədirlər və özlərini elə göstərirlər ki, hər şey yaxşıdır. Bəzən valideynlər hiss edirlər ki, uşaqda hər şey heç də qaydasında deyil, ancaq nəyisə tapa və ondan yapışa bilmirlər.
 Ona görə də valideynlər sayıq olmalıdır, əgər uşaq:
 - öz ünvanına tez-tez təhqiredici mesajlar alır, onu dəfələrlə incidir və lağa qoyurlarsa;
- başqa uşaqlara tabe olmağa meyillidirsə;
 - özünü fiziki zorakılıqdan qoruya bilmirsə;
 - evə üzündə göy ləkələr, sıyrıntılar, cırılmış geyimdə gəlir və buna anlaşılan izahat verə bilmir;
 - heç vaxt qrup oyunlarında iştirakı qəbul etmir;
 - tez-tez oyuna və ya komandaya dəvət olunan sonuncu şagird olur;
- daimi dostlara malik deyil, sinif yoldaşları tərəfindən daim “sevilməyənlər”  siyahısına düşür;
- fasilələrdə öz həmyaşıdları ilə oynamaq əvəzinə, böyüklərin yanında dayanmağa çalışır;
- sinifdə lövhə qarşısında cavab verərkən çətinlik çəkir;
- məktəbə getməkdən qorxur və ya güclü həvəssizlik göstərir, sinifdənxaric məş­ğələlərə qatılmaq istəmir;
- məşğələlərə marağını itirib.
Bundan başqa, bullinqə məruz qalan uşaqlarda stress tez-tez özünü fizioloji aspektdən göstərir: onlar iştahanı itirir, gecə qarabasmalarından əzab çəkir, yuxuda ağlayır, baş ağrıları onlara əziyyət verir. Bəzən onlar fiziki cəhətdən özlərinə zərər yetirə bilərlər.
  Aqressiv təqibin qurbanı güclü və ya bacarıqlı olub-olmamasından asılı olmayaraq, istənilən uşaq ola bilər. Ancaq əksər hallarda  bu cür davranışların qurbanı olanlar digərləri arasından daha çox seçilənlərdir (qəribə geyim tərzi olan, özünü qəribə aparan və b.). Həmçinin potensial qurbanlar  özündən tez çıxan, emosiyalara asan təslim olanlardır.
Bullerlər isə qadağalarsız böyüyən və valideyn nüfuzuna məhəl qoymayanlardır.  Belə uşaqların əksəriyyətində böyüklərin diqqət və etimadı çatışmır. Onların əksəriy­yətində xarakterin parlaq ifadə edilmiş narsistik xüsusiyyətləri özünü göstərir.  Onlara bütün hallarda başqa insanlar  hesabına özünü təsdiq etmək, şəxsi üstünlüyünü sübut etmək lazım olur.
Son bir neçə ay ərzində Ukraynada 11-17 yaşlı  təxminən 67% uşaq təqib, bullinq problemiylə rastlaşıb. Və onlardan 48%-i bu barədə heç kəsə danışmayıb. Bəzən bu cür hallar uşağı intihar  barədə fikirlərə qədər apara bilər. Əgər uşaq öz yaxınlarına bu barədə məlumat vermirsə, onda müvafiq qurumlara bildirilməlidir.
Nə etməli?
Uşaqların vəziyyəti müstəqil həll etməsinə çalışmaq lazım deyil, axı bullerlə ümumi dil tapmaq həmişə mümkün deyil. Bundan ötrü valideynlərə, müəllimlərə və ya uşağın etibar etdiyi böyüklərə müraciət etmək lazımdır.  Əgər sizin uşağınızı ələ salırlarsa, siz valideyn kimi, uşağın şikayətlərini diqqətlə dinləməli və buna ciddi yanaşmalı, qulaqardına almamalısınız. Valideynlərin dəstəyi sayəsində uşaqlar  məktəbdə üzləşdikləri problemləri daha asan yaşaya bilərlər. Həmçinin məktəb müəllimlərinə müraciət etmək və onların diqqətini bu problemə yönəltmək lazımdır. Ən kritik vəziyyətdə polisləri cəlb etmək və hətta təhsil yerinin dəyişilməsi haqqında düşünməyə də dəyər.
Müəllimlərə isə öz fiziki üstünlüklərini göstərmək yox, onlarla danışmaq lazımdır. Bundan başqa, bullerlərin hiylələrini təkcə müşahidə etmək olmaz, axı ona  tamaşaçılar da lazımdır ki, maksimum dərəcədə əyani davranış göstərə bilsin.  Dərsdə bullerlərin hiylələrini gördükdə, diqqəti  bullerlərdə cəmləşdirməklə onu tədris prosesinə cəlb etməyə çalışmağa nail olunmalıdır.
Ancaq yadda saxlamaq lazımdır ki, hətta ən xırda aqressivlik təzahürünə qarşı göz bağlamaq olmaz, çünki yalnız ümumi səyləri birləşdirməklə və vaxtında ona diqqət yönəltməklə vəziyyəti araşdırmaq olar.
Oruc MUSTAFAYEV


Tarix: 10-05-2019, 13:58

Xəbəri paylaş