Nobel mükafatı laureatları
Kimyada inqilab etmiş nobelçi alim
Misir Ərəb Respublikası dünya elminə bir sıra görkəmli alimlər bəxş edib. Qədim elm, təhsil ənənələrinə malik Misirin XX əsrdə yetişdirdiyi görkəmli alimlərdən biri hazırda Amerikanın Kaliforniya Texnologiya İnstitutunda fizika və kimya laboratoriyasına rəhbərlik edən Əhməd Zevayldır. Misirdə dünyaya göz açmış, Amerikada elmi karyera qurmuş böyük alim Amerika prezidenti Barak Obama administrasiyasının elm və texnologiya sahəsində Yaxın Şərq üzrə müşaviri olub. . O, 1999-cu ildə kimya sahəsində elmi tədqiqat işlərinə görə Nobel mükafatına layiq görülüb. Misirin milli qəhrəmanı elan olunmuş alimin həyatı və elmi karyerası olduqca maraqlı və zəngindir.
Uşaqlıq illəri
Əhməd Zevayl 1946-cı il fevralın 26-da Misirin şimalındakı Damanhur şəhərində anadan olub. Uşaqlıq illəri Nil çayının sahilində yerləşən Desuk qəsəbəsində keçib. Atası Xasan Zevayl və anası Rauxin Dar övladlarının gələcəyi barədə ciddi düşünür, Əhmədin elmlərə can atmasını hərtərəfli dəstəkləyirdilər. Həmyaşıdlarının xoşagəlməz təsiri altına düşməməsi üçün atası onu gözündən qoymayıb. Öz ailəsinə çox yaxşı qayğı göstərən atası onun üçün örnək idi. O, oğluna öz işinə sədaqətlə xidmət etməyi öyrədirdi. Əhmədin anası təhsil almamışdı, lakin o, övladlarının yaxşı təhsil almasına can atırdı. Misirdə Əhməd dövlət pulsuz orta məktəbini əla qiymətlərlə başa vurmuşdu. Ailəsi onun öz məqsədinə çatması üçün əlavə stimullaşdırıcı qüvvə idi.
Məktəb tətili dövrünü balaca Əhməd öz dayısı ilə keçirirdi. O, sonralar bu barədə yazırdı: "Mən öz valideynlərimlə həyatı dərk etdim, dayımla isə gələcək barədə planlar qurdum". Əhməd həmişə mümkün olmayanı mümkün olana çevirmək səyləri ilə başqalarından seçilirdi. "Ailədə bir oğlan və 3 qız uşağı böyüyürdü. Şəhər icmasının üzvü olan atam çox həyatsevər, şən və faydalı insan idi. O, hökumətdə işləyirdi və özünün biznesi də vardı. Anam çox xeyirxah, genişürəkli qadın idi, bütün həyatını uşaqlarına, xüsusən də mənə həsr etmişdi. O özünün təbii zəkası, öz işinə sədaqəti, xoşxasiyyəti ilə mənim həyatımda mərkəzi yeri tuturdu",-deyə Əhməd Zevayl sonralar xatırlayırdı. Ailə ilk günlərdən balaca Əhmədin hərtərəfli tərbiyə almasına, onun elmi biliklərə maraq göstərməsinə stimul yarada bilmişdi. Valideynləri ona böyük ümidlər bəsləyirdilər. Balaca Əhmədin elmi biliklərə maraq göstərməsində valideynləri ilə yanaşı, onun dayısı Rizanın böyük təsiri olub. Dayısı onda məntiqi təfəkkürün formalaşmasında, inkişafında, tənqidi analizin mənimsənilməsində böyük rol oynamışdı. Dayısının ətrafındakı ziyalı mühiti də Əhmədin düzgün ixtisas seçimi etməsinə imkan vermişdi.
O, mütaliəni, musiqini sevir, idmanın bəzi növləri ilə məşğul olurdu. Onun musiqi zövqünün formalaşmasında böyük müğənni Umm Gülsüm böyük rol oynamışdı. Alim xatırlayır ki, Gülsümün mahnıları hətta onun fizika və kimyanı öyrəndiyi vaxtlarda belə ona xüsusi zövq və xoşbəxt anlar yaşadıb.
Əhmədin fiziki elmlərə daha çox meyl etməsi özünü çox erkən yaşda göstərib. "Riyaziyyat, mexanika, kimya həm də xüsusi zövq verən elm sahələri idi. İctimai elmlər mənim üçün o qədər də cəlbedici deyildi, çünki mənim diqqətim özümə belə bəlli olmayan səbəbdən əsasən predmetin yadda saxlanılmasına yönəlmişdi. Mənim beynim "necə", "niyə" suallarını verməkdə davam edirdi. Bu xüsusiyyət mənim bütün həyatım boyu özünü göstərib. Bir sıra mürəkkəb məsələləri həll edərkən keçirdiyim həyəcanlı, sevincli anları mən indi də xatırlayıram. Kimyada əsasən bir sıra məsələlərin yaddaşda saxlanılmasının tələb olunmasına baxmayaraq, məni "kimyanın riyaziyyatı" daha çox maraqlandırırdı". Valideynləri bəzi fənlərdən o qədər də yaxşı qiymətlər almadıqda onu yüngülcə cəzalandırmağı da unutmurdular. Əhmədin elmə və texnologiyalara marağı güclü idi.
Bir dəfə apardığı təcrübə nəticəsində az qala öz otağı yanacaqdı. Balaca Əhməd hətta öz yataq otağında anasının kofe bişirdiyi plitə və bir neçə şüşə borudan ibarət kiçik aparat yaradaraq oduncağın yanaraq yanar qaza və maye maddəyə çevrilməsini müşahidə edirdi. Bu kiçik eksperiment təkcə elmi əhəmiyyət kəsb etmirdi, həm də bütün evin yanması təhlükəsi var idi. Maşınların nəzəriyyədə necə işləməsini anlamaq üçün o, bir dəfə dayısının maşınını qaçırmışdı. Nil çayının kənarına çatan Əhməd dayısının maşınını az qala çaya salacaqdı. On illərdən sonra alim gənclik illərindən xatirə qalan bu epizodlar barədə tez-tez danışardı. "Həyatımın erkən çağlarından elmə bu qədər həvəs göstərməyimin səbəbi mənə hələ də məlum deyil", - deyə alim sonralar yazırdı.
Onun doğulduğu və çox sevdiyi Damanhur şəhəri bütün dünyada qədim intellektual irs hesab olunan İsgəndəriyyə və Rəşit şəhərləri arasında yerləşir. Qədim Misir yazı nümunəsini özündə əks etdirən məşhur daş 1799-cu ildə Rəşid şəhərində tapılıb. Ən qədim tarixə malik məşhur İsgəndəriyyə kitabxanasında isə minlərlə qədim papirus yazı nümunələri saxlanılır. Əhməd Zevayl bu məkanlarla fəxr edir. Amerikalı yazıçı-publisist Endrü Sikri yazır ki, Zevayl üçün bu şəhərlər qədim tarixi elemetlərdən daha çox, elmi işləri üçün bir ilham mənbəyidir. Elmə, riyaziyyata və ölkəsinin mədəni irsinə dərin bağlılıq Zevaylın həyat tarixcəsində üzvi surətdə birləşir.
Elm yollarında ilk addımlar
"Necə oldu ki, misirli oğlan böyük alimlərdən biri oldu" adlı məqaləsində amerikalı yazıçı-publisist Endrü Sikri yazır: "Günəşin isti şüaları Misirin Desuk şəhərində kiçik evin pəncərəsinə düşür. 1960-cı ildir, pəncərə önündə əyləşmiş yeniyetmə riyaziyyat və kimyadan olan uzun tapşırıqlar siyahısını araşdırır. O, məsələ həll edir, radiodan isə tanınmış müğənni Umm Gülsümün səsi yayılır. Mahnı qurtaran vaxt yeniyetmə radionun kanalını dəyişir və oradan müğənninin digər mahnısı səslənir. Oğlan riyaziyyat məsələlərini çox yaxşı həll edir, mahnılar isə dərsi daha da xoş edir".
Valideynləri Əhmədin xaricdə təhsil almasını arzu edirdilər. "Ailəmin arzusu mənim xaricdə yüksək təhsil almağım və vətənə dönərək professor kimi Misir universitetlərində işləməyim idi. Mənim professor olmağımı arzulayan valideynlərim hətta otağımın qapısından "Doktor Əhməd" sözü yazılmış lövhə asmışdılar. Baxmayaraq ki, mən bu barədə ümumiyyətlə, düşünmürdüm",-deyə alim yazırdı.
Orta məktəbi bitirdikdən sonra Əhməd Zevayl universitetlərə üz tutub. 60-cı illərdə Misirdə mühəndislik, tibb, farmasevtika və elm zirvə hesab olunurdu. O, İskəndəriyyə Universitetinin təbiət elmləri fakültəsinə qəbul olunub. Bakalavr diplomu aldıqdan sonra Zevayl universitetin müəllimi təyin olunub. Doktorluq elmi dərəcəsi almaq üçün elmi tədqiqatlar aparan Zevayl qarşısına universitetdə işləmək və tələbələrə dərs deməyi qoymuşdu. O, təhsil aldığı illərdə elmi tədqiqatlara o qədər diqqət cəlb etmişdi ki, professor olmasa da, bir sıra professorların mühazirələrindən sonra tələbələrə özünəməxsus "professor mühazirələri" oxuyurdu. Əsas mühazirələrin mahiyyətini anlamaqda tələbələrə kömək edirdi. Bu ona hədsiz zövq verir, elm, təbiət hadisələri arasında əlaqəni tam dolğunluğu ilə mənimsəmələrinə kömək edirdi. 21 yaşında olan Zevayl hesab edirdi ki, elmi işlərin çox sadə və gözəl ifadəsi olmalıdır. O bu fikrə hələ də sadiq qalıb.
"Amerikaya gəldikdə elə bildim ki, məni sanki okeana buraxıblar"
İskəndəriyyə Universitetində təhsilini başa vuran Zevayl akademik karyerasını Amerikada davam etdirib. "Mən birbaşa Amerika universitetlərindən təqaüd almaq istəyirdim. Amerikanın onlarca universitetləri ilə yazışmalardan sonra ABŞ-ın Pensilvaniya Universiteti və bir neçə digər təhsil ocağı mənə aylıq 300 ABŞ dolları həcmində təqaüd verməyə razılıq verdilər. Lakin Amerikaya getmək üçün bir sıra ciddi maneələri aşmaq lazım idi"deyən Zevayl bir sıra bürokratik əngəlləri və çətinlikləri dəf etmək üçün çox böyük iradə göstərməli oldu. "Amerikaya gəldikdə mənə elə gəldi ki, məni sanki okeana buraxıblar. Okean bilik, mədəniyyət və müxtəlif imkanlarla zəngin idi. Və seçim aydın idi. Ya mən bu okeanda üzməyi öyrənməli, ya da batmalıydım. Mədəniyyət yad idi, dil çətinliyi var idi, lakin mənim ümidlərim çox böyük idi. Mən ingilis dilində yazmağı, danışmağı bilmirdim, Amerika və qərb mədəniyyəti haqda az məlumatlı idim".
Onun ilk elmi rəhbəri professor Robin Xoxştrasser olub. Öz müəllimini mükəmməl alim və pedaqoq hesab edən alim əldə etdiyi nailyyətlərinə görə elmi rəhbərinə minnətdar olduğunu bildirirdi. Zevaylın digər alimlərlə apardığı elmi tədqiqatların siyahısı genişlənirdi. O demək olar ki, hər gün yeni işlər - kimya, fizika və digər sahələrdəki problemlərlə məşğul olurdu. Elmi laboratoriya, tədqiqat mühiti çox əlverişli idi. Nobel mükafatı laureatı Bob Şrifferdən nəzəri fizika üzrə dərs alan Zevayl demək olar ki, gecə-gündüz işləyir və bir neçə layihə üzrə çalışırdı. O, sadə molekullar üçün Ştark effekti, bərk cismlər üçün Zeeman effekti, ikiqat rezonans, maqnit rezonansı üçün optik detektor və sair mövzular üzrə müxtəlif layihələrə cəlb olunmuşdu.
1974-cü ildə Pensilvaniya Universitetinin fəlsəfə doktoru elmi dərəcəsini alan Zevayl IBM firmasının adlı təqaüdünə layiq görülüb. Daha sonra 2 il Berkli Kaliforniya Universitetində işləyib. 1976-cı ildə Kaliforniya Texnologiya İnstitutuna dəvət alıb. 1982-ci ildə bu institutun professoru olub. 1990-cı ildə məşhur kimyaçı, bioloq, iki dəfə Nobel mükafatı laureatı Laynus Polinqin rəhbərlik etdiyi fiziki-kimya kafedrasının müdiri təyin olunub. Bundan əlavə, o, Milli Elm Fondunda molekulyar fizika laboratoriyasına başçılıq edib.
Femtokimyanın banisi
Ötən əsrin 80-ci illərində Zevayl dünyada ilk dəfə olaraq molekulların izlərini əldə etməyə imkan verən ən sürətli çəkiliş kamerasını yaradıb. Alim bu məqsədlə saniyənin milyonda bir (femtosaniyə - 1fs=10-15 san) uzunluğunda olan lazer impulslarından istifadə edib. Məhz bu, kimyəvi reaksiyaların davam etdiyi zaman miqyasıdır. Məhz bu zaman miqyasında "anı dayandırmaq" və molekulların bir-birinə necə yaxınlaşmasını və onların kimyəvi reaksiyalara daxil olmasını, keçid komplekslərinin və daha sonra isə reaksiya məhsullarının necə yaranmasını izləmək mümkündür.
Bəzi həmkarları qeyd edirdilər ki, Zevaylın uyğunluq prinsipi üzrə eksperimentləri heç vaxt baş tutmayacaq. Lakin o, nəinki bu sahədə təcrübələr aparmaqla tərəqqiyə nail oldu, həm də başqalarının nəzəri cəhətdən qeyri-mümkün hesab etdiyi nəticələr əldə etdi. Onun uşaqlıqdan alışdığı nəzəriyyə və təcrübə arasında fərqi görmək bacarığı öz işini görürdü.
Zevaylın uyğunluq prinsipinə inamı özünü 1980-ci ildə öz təsdiqini tapıb. O həmkarları ilə birlikdə təcrid olunmuş karbohidrogen antrasen molekullarında koqerant dəyişmələri nümayiş etdirib. Bu molekullar daxilində uyğunluq reallığını sübut edirdi. Bu yenilik kimyaçılara uyğunluq prinsipindən isfifadə edərək kimyəvi reaksiyaların gedişini əvvəlcədən söyləməyə imkan verirdi. Bu, Zevaylın ilk elmi zəfəri idi. Lakin o, bununla kifayətlənmək istəmirdi, daha da qabağa getməyə can atırdı. Zevayl Amerikaya gələnə qədər heç vaxt lazer texnologiyasından istifadə etməmişdi. Lakin o, etiraf edirdi ki, əgər əlinizdə qısa işıq impulsları verən lazer varsa, ondan istifadə etməklə kimyəvi reaksiyaların əslində necə baş verməsini izləmək olar. Bunun üçün isə çox qısa, cəmi bir neçə femtosaniyə, hələlək elmə məlum olmayan milyard dəfə kiçik impulslar tələb olunurdu. Beləliklə, Zevaylın təşəbbüsünü həyata keçirmək üçün ilk femtosaniyə lazer qurğusu yaradıldı və alim onu öz aparatına daxil etdi. Zevayl və onun həmkarlarının femtosaniyə lazer aparatı ilə öyrənməyə çalışdıqları ilk kimyəvi reaksiyalar kimyəvi rabitənin pozulması ilə bağlı idi. 1986-cı illn sonunda onlar femtosaniyə lazer qurğusunu sadə yod-sianid molekulunun öyrənilməsinə tətbiq etdilər. Zevayl və onun əməkdaşları yod və karbon atomları arasında, sonra sianid qrupu arasında rabitənin necə dartılmas və sonradan isə dağılmasını müşahidə ediblər. "Rabitə tədricən qırıldı, bu vaxta qədər heç kim real zaman rejimində kimyəvi rabitənin necə pozulduğunun şahidi olmamışdı", - deyə Zevayl yazırdı. Bu, Zevaylın ikinci ən böyük elmi qələbəsi idi. Femtokimya çox qısa zaman ərzində kimyəvi reaksiyaların təsvirini verməyə imkan verir.
Kimyada inqilab
Əhməd Zevayl 1999-cu ildə femtokimya sahəsində elmi tədqiqatlarına görə Nobel mükafatına layiq görülüb. Onun tədqiqatlarının əhəmiyyəti ona Osloda Nobel mükafatı təqdim olunan zaman bir daha qeyd olundu. İsveç Elmlər Akademiyası bəyan etmişdi ki, "Zevayl bizə ayrı-ayrı atomların hərəkətini görməyə imkan verməklə kimyada inqilab edib". Nobel komitəsi etiraf edirdi ki, Zevaylın işləri bir sıra mühüm kimyəvi reaksiyaların baş verməsini və gedişini anlamağa imkan verir.
Femtosaniyə metodu bütün dünyada fəal surətdə tətbiq edilir. Son vaxtlar isə ondan polimer maddələrdə kimyəvi reaksiyaların gedişini müşahidə etmək üçün istifadə olunur. Bu isə mikroelektronika üçün yeni materialların yaradılmasına imkan verir. Bu metodlar vasitəsi ilə zərif bioloji proseslərin mexanizmini, məsələn, çox sürətli mürəkkəb çevrilmələri öyrənmək mümkündür. Femtokimya belə bir suala cavab verməyə kömək edir: nəyə görə hər hansı bir kimyəvi reaksiya gedir, başqa birisi isə getmir? Femtokimya həm də reaksiyanın sürətinin nəyə görə temperaturdan asılı olmasının səbəbini də izah edir. Hazırda bütün dünyada alimlər femtosaniyə spektroskopiyası vasitəsilə qaz, maye və bərk cismlərdə, eləcə də polimerlərdə gedən prosesləri öyrənirlər.
Bu gün alim Kaliforniya Texnologiya İnstitutunun molekulyar elmlər laboratoriyasının rəhbəri, Milli Elmlər Fondunun direktoru, fizika, kimya professorudur. O, femtokimya sahəsinin banisi kimi kimya elmi aləmində böyük nüfuz sahibidir və hazırda da ona Nobel mükatafının qazandırımış elmi tədqiqatlarını davam etdirməkdədir. Hazırda Əhməd Zevayl və onun əməkdaşları dördölçülü (məkanın üç ölçüsü və zaman), ultratezlikli elektron mikroskop və difraksiya metodlarının işlənib hazırlanması ilə məşğludur. Bu metodlar bir sıra, Alsmeyger kimi ağır xəstəliklərin yaranmasında iştirak edən zülalların tədqiqində tətbiq oluna bilər. Qeyd edək ki, alim Nobel mükafatına Misir Universitetlərindən biri üçün lazer qurğusu alıb.
"Nobel mükafatı laureatından daha böyük ada layiq alim"
2009-cu ildə onun elmi karyerası zirvəyə çatıb. O, Amerika prezidenti Barak Obama yanında "Elmi nümayəndə" proqramında 3 "alim-diplomat"dan biri seçilib. Bu proqram təbabət, energetika, ekologiya və təbii resursların idarə olunması sahəsində müsəlman dünyası ilə elmi-texniki əməkdaşlığın inkişaf etdirilməsinə hədəflənib. Bu qrupa ölkənin aparıcı alimləri daxildir. Onlar prezident və vitse-prezidentə elmi və elmi-texniki innovasiyalar sahəsində siyasətin əsas istiqamətlərini işləyib hazırlamaqda kömək edirlər.
Zevayl dünyada məşhur olan 30-dan artıq universitetin fəxri doktorudur. Elmi və ictimai fəaliyyətinə görə o, Nobel mükafafından əlavə dünyada mövcud olan bütün mükafatları alıb. 40-a yaxın fəxri ad, 100-dən artıq beynəlxalq mükafata layiq görülüb. Amerikanın nüfuzlu "Vaşinqton-post" qəzeti 2011-ci il 29 noyabr tarixli sayında yazırdı ki, "doktor Əhməd Zevayl sadəcə Nobel mükafat laureatından daha böyük ada layiqdir".
Əhməd Zevayl 2011-ci ildəBakıda keçirilmiş İkinci Beynəlxalq Humanitar Forumda iştirak edib. Forumdakı çıxışında alim qeyd edib ki, informasiya-kommunikasiya texnologiyaları, İnternetin sürətli inkişafı sayəsində ölkələr, regionlar və kontinentlər arasında ən qısa vaxt ərzində informasiyaların ötürülməsi mümkün olub. Planetimizdə 2 milyard insanın İnternetdən isifadə etdiyini bildirən alim humanitar problemlərin həlli üçün dünyanın müxtəlif regionlarında yaşayan insanların səylərinin birləşdirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, bu gün dünyada təhsilin səviyyəsinin artırılması çox vacib bir məsələdir. Nobel mükafatı laureatı, həmçinin müsəlman aləmində elmin və təhsilin daha çox prioritetə çevrilməsinin vacibliyini vurğulayıb. O, müsəlman aləminin gözəl keçmişə sahib olduğunu və bu keçmişi elm və təhsillə bərpa etməyin mümkünlüyünü bildirib. Əhməd Zevayl bu istiqamətdə Azərbaycanda çox böyük işlər görüldüyünü deyib. Forum çərçivəsində Zevayl Bakı Dövlət Universitetində olub və ona universitetin fəxri doktoru adı verilib. Zevayl həm də Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilib.
Xoşbəxt alim ailəsi
Əhməd Zevayl 1988-ci ildə Səudiyyə Ərəbistanı kralı Feysal adına Beynəlxalq mükafata layiq görülüb. 1989-cu ilin martında mükafatını almağa gedən Zevayl Səudiyyə Ərəbistanında gələcək həyat yoldaşı Mervat ilə tanış olub. Məlum olub ki, onun atası da ədəbiyyat üzrə Feysal mükafatına layiq görülüb. Mervat Dəməşq Universitetinin tibb doktoru elmi dərəcəsini və Los-Ancelesdə ictimai səhiyyə üzrə magistr dərəcəsini alıb. Onların iki oğlu və iki qızı var. Böyük qızı Maha Texas Universitetinin məzunudur, fəlsəfə doktorudur. Kiçik qızı Amani Berkli Universitetinin tələbəsidir. Onların iki gənc oğlu - Nabil və Xani var. O övladları ilə fəxr etdiyini bildirir.
"Mən nikbinəm"
Əhməd Zevayl tez-tez tələbələr və elm ictimaiyyəti üçün açıq mühazirələr təşkil edərək fundamental elmi tədqiqatların əhəmiyyətini bildirir. O, tələbələrinə elmdə əsas istiqaməti seçməyi tövsiyə edir. Bir ayağı Amerikada, bir ayağı vətəni Misirdə olan alim hər iki ölkədə alimlərin üzləşdikləri çətinlikləri başa düşmək üçün unikal mövqedə dayanıb. Mən nikbinəm deyən Zevayl hər bir görüşündə inkişaf etməkdə olan ölkələrdə elmin və texnikanın inkişaf etdirilməsi vacibliyindən danışır. Onun sözlərinə görə, gənc alimlər Misiri tərk etməməlidirlər. O, Misirdə Qahirə ətrafında yeni elm və texnologiya universitetinin tikintisi üçün səy göstərib. Alim ümid edir ki, bu elm ocağı inkişaf edərək Misirin öz Kaliforniya Texnologiya İnstitutuna çevriləcək.
"Əhməd Zevayl Misirdən uzaqda elmi işlərlə məşğuldur. O həm Misir, həm də Amerika elmini təmsil edir. Lakin Misir günəşinin istisi onun şəxsiyyətini yenə də qızdırmaqdadır və onun ürəyi yenə də Umm Gülsümün musiqilərindən zövq almaqdadır. Kaliforniya Texnologiya İnstitutunda öz kabinetində alim yenə də Gülsümün səsi yazılmış CD-yə qulaq asır və yeni elmi problemlər üzərində fəaliyyətini davam etdirir",-deyə alim haqqındakı məqaləsində yazıçı Nik Uiler yazır. Alim "Los-Anceles tayms" qəzetində dərc olunmuş məqaləsində yazır ki, elmi nailiyyətlər akademik təhsilə və nəzəri tədqiqatlara qoyulan investisiyalardan başlayır. "İkinci Dünya müharibəsindən sonra Amerika elmi tədqiqatları fəal surətdə dəstəkləyirdi. Amerika bir maqnit kimi gənc alimləri, tədqiqatçılıq fəaliyyəti ilə məşğul olan alimləri özünə çəkirdi. Əlverişli şərait bizə Nobel mükafatları qazandıran elmi nailiyyətlərə yol açmışdı. Lakin hazırda bir sıra tədqiqat mərkəzləri elmi işlərə sadəcə maraqla baxır, lakin onları bəyənmirlər. Professorlar isə mümkün qədər elmi tədqiqatların aparılması məsrəflərini azaltmağa çalışırlar. Bu isə yaradıcılıq üçün çox vacib olan vaxtı azaldır. Bu cür məhdudiyyətlər və praktika qarşımızda belə bir sual qoyur: Bugünkü elm gənc Albert Eynşteynləri, Riçard Feynmanlar və Laynus Polinqləri cəlb edə bilərmi?. Dərs dediyim Kaliforniya Universitetində görürəm ki, tələbələrin çoxu elmi tədqiqatlara dərindən maraq göstərir. Lakin indiki bazar şəraitində doktorluq elmi dərəcəsinə malik olan gənc alimlər əli-qolu bağlı, bekar oturublar. Buna görə də bizim fundamental tədqiqatlara olan baxışlarımız dəyişməlidir. XX əsrin ortalarında Amerika məhz elmin gücü ilə dünyada lider dövlət olub. İndi isə Çin elmi tədqiqatlara daha çox vəsait ayırmaqla dünyada lider mövqeyinə qalxmaq istəyir. Əgər Amerika bu gün elm sahəsinə kifayət qədər diqqət göstərməsə, onda innovasiya Günəşi Asiyada çıxacaq".
Hazırladı: Oruc MUSTAFAYEV
Tarix: 15-03-2019, 11:00