Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Xatirələrdə yaşayan şair

 

Azərbaycan poeziyasında onun öz yeri, öz dəst-xətti, öz yaradıcılıq yolu vardı. Tanrının ona bəxş etdiyi 58 illik ömrü şərəflə yaşadı, məhsuldar qələm sahibi kimi həm peşəkar jurnalist, publisist, həm də istedadlı şair və tərcüməçi kimi tanındı, çalışdığı hər sahədə öz sözünü deməyi bacardı.
Söhbət Eldar Nəsibli Sibireldən gedir. Onun qəribə tərcümeyi-halı var. 1952-ci ildə uzaq Sibirin Baxçar rayonunun Çernişovka kəndində doğulub. Ona görə də özünə Sibirel təxəllüsü götürüb və Eldar Nəsib Sibirel kimi tanınıb. Valideynləri 1948-ci ildə Sibirin Tomsk vilayətinə sürgün edilmişdi. Eldar da 4 il sonra – 1952-ci ildə bu yad ölkədə anadan olmuş, lakin valideynləri bəraət qazandıqdan sonra sürgünlük həyatından xilas olaraq öz doğma yurdlarına – Qazax rayonunun Sarıvəlli (İkinci Şıxlı) kəndinə qayıtmış və Eldar orta təhsilini də həmin kənddə almış, sonra da ali təhsilə yiyələnmişdir. Belə ki 1974-cü ildə 22 yaşlı gənc indiki BDU-nun jurnalistika fakültəsini bitirir və qarşısında geniş üfüqlər açılır. Gənclik həvəsilə aşıb-daşan Eldar jurnalist kimi fəaliyyətə «Ədəbiyyat və incəsənət» qəzetində başlayır, poeziya aləminə baş vurur, elə «Ağacların söhbəti» adlı ilk şeiri də adıçəkilən mətbu orqanda işıq üzü görür. Bu, gənc şairin poeziya yaradıcılığına impuls verir. Sonra müxtəlif qəzetlərdə çalışması dünyagörüşünün formalaşmasına və zəngin təcrübə qazanmasına imkan verir. Yaradıcılığı diqqət çəkir, müxtəlif mötəbər tədbirlərə dəvət alan istedadlı şair 1982-ci ildə Ukraynanın Lvov şəhərində düzənlənən 12-ci poeziya festivalının, 1984-cü ildə gənc yazıçıların Moskvada keçirilən 8-ci Ümumittifaq müşavirəsinin iştirakçısı olur. O istedadlı şair, həm də Prezident təqaüdçüsü idi.
Eldar Nəsibli Sibirel nisbətən qısa ömründə Azərbaycan poeziyasına öz töhfəsini vermişdir. Şeir həvəskarları onun «Salam, dan ulduzu», «Məni səsləyən var», «Harayla məni», «Dünya məndən gəlib keçir», «Bu da bir ömürdür ağlı-qaralı», «Bura Qazaxdır, oğlum», «Turan şərqisi» şeirlər kitablarını sevə-sevə oxumuşdur. «Yaddaş» poeması şairin zən­gin yaradıcılığından xəbər verir. «Yaşamaq da igidlikdir» xatirələr kitabının müəllifi olan Eldar Nəsibli Sibirelin şeirləri bir çox əcnəbi dillərə tərcümə olunmuş, yaradıcılığı barədə xalq şairləri Osman Sarıvəlli, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri və başqa ədəbiyyatşünas alimlər respublika, eləcə də keçmiş postsovet məkanının qəzet və jurnallarında yüksək fikirlər söyləmişlər. Eldar Nəsib həm də görkəmli rus şairlərindən Marina Svetayeva, Yevgeni Yevtuşenko, Sergey Yeseninin şeirlərini dilimizə tərcümə etmişdir. Bir çox şeirinə bəstəkarlarımız musiqi bəstələmişlər.
Tanınmış şair, publisist, peşəkar jurnalist Eldar Nəsibli Sibirel 11 oktyabr 2010-cu ildə Qazaxda baş verən avtomobil qəzası nəticəsində həlak olmuşdur. Sağ qalsaydı, 65 yaşını qeyd edərdi.
«Yazıçı» nəşriyyatı unudulmaz şairimizin «Seçilmiş əsərlər» adlı toplusunu kitab halında çap etmişdir. Kitaba onun müxtəlif illərdə qələmə aldığı şeirləri daxil edilmişdir. Ana yurdun əsrarəngiz gözəllikləri, bəşəri hissləri, vətən sevgisi, vətən həsrəti, lirik duyğular, əbədi məhəbbət mövzusu kitabdakı poeziya nümunələrinin əsasını təşkil edir.
240 səhifəlik kitabın redaktoru Hacı Zaməddin Ziyad oğludur.
Mövzu əhatəliyi, mövzu genişliyi, mövzu rəngarəngliyi Eldar Nəsibli Sibirelin yaradıcılığına xasdır. Şairin «Seçilmiş əsərləri»ni bir-bir vərəqlədikcə bu fikir bir daha öz təsdiqini tapır.
Şair kitabdakı ilk şeirini – «Bura Qazaxdır, oğlum» doğma yurduna həsr edib. Oğluna müraciət etməklə onu Qazaxı, bu şairlər, ziyalılar, igid ərənlər məskəninin seyrinə səsləyir. Elə şeirin ilk bəndində şair oğluna demək istədiyi məqsəd oxucunun diqqətini cəlb edir.

Gözünü aç bu elə, bu obaya yaxşı bax!
Damcılısında durul, Dəli Kürə qarış, ax!
Ərlər, ərənlər yurdu olub bu ulu torpaq!
Hər kaha, hər mağara sirli Azıxdır, oğlum,
Bura Qazaxdır, oğlum!

Bu bənd vətənpərvər şairin Qazaxın hər daşına, hər qayasına, hər cığırına dərindən bələd olduğundan xəbər verir.
10 bəndlik bu şeirin son bəndində şair fikrini tamamlayaraq, oğluna tövsiyə edir:

Bu yurdu qarış-qarış yaxşı gəz, yaxşı tanı,
Torpaq üstə gəzəni, torpaq altda yatanı.
Bu torpaq ürək verdi, şair etdi atanı,
Gülümsədi üzünə ömrün yaz baxtı, oğlum,
Bura Qazaxdır, oğlum!
Bura Qazaxdır, oğlum!

Bu şeirə musiqi bəstələnməsi heç də təsadüfi deyil. Mənə elə gəlir ki, Eldar Nəsibli Sibirel başqa heç nə yazmasaydı belə, təkcə bu şeiri ilə Azərbaycan poeziyasında vətənpərvər, yurdsevər şair kimi yadda qalardı.
Kitabdakı hər şeir nümunəsi səni ovsunlayır, öz sehrinə salır, bir şeiri oxuyub fikrə dalırsan, onun məna çalarlarını, ideyasını götür-qoy edir, təhlildən keçirirsən. Məsələn, elə «Canım torpaq, gözüm torpaq» şeirindəki kimi.

Canım torpaq, gözüm torpaq,
Torpaq, anam amanatı.
Sənin ayağın altına
Olsun mənim üzüm, torpaq
Torpaq, anam amanatı.

Təkcə bu bəndi təhlil etmək üçün saatlarla vaxt lazımdır. Yalnız onu deməklə kifayətlənirik ki, şair üzünü ana amanatı olan torpağın altına qoymağı vəsiyyət kimi qələmə alıb. Axı torpaq həm də anadır. O cəhətdən ona ana torpaq deyilir. Şeirdə şairin torpağa bağlılığı, torpağın müqəddəsliyi öz əksini tapıb.
Kitabda lirik duyğulara bələnmiş, ülvi hisslər aşılayan şeirlər də az deyil. «Gecikmişəm», «Gördüm», «Deyiləm», «Əlim yetmədi, neyləyim» kimi lirik ovqata yüklənmiş poeziya nümunələri qəlbə xoş duyğular çiləyir.

Saralsa gözlərim yol gözləməkdən,
Özüm də saralıb, sola bilərəm,
Sən mənim ömrümə gələnə kimi.
Uzanıb ümidin sahilinə mən,
Səni gözləyirəm ölənə kimi.

Bu misralar «Səni gözləyirəm» şeirindəndir. Burada şair saf, ülvi məhəbbətin əbədiliyini tərənnüm edir.
Eldar Nəsiblinin zəngin yaradıcılığı barədə, o cümlədən onun «Seçilmiş əsərlər» toplusu haqqında söyləniləcək fikirləri bir məqaləyə sığışdırmaq mümkün deyil. Bütövükdə isə onu demək lazımdır ki, Eldar Nəsibli Sibirel öz zəngin yaradıcılığı ilə onu tanıyanların xatirində yaşayır. Ruhu şad olsun!

İdris Hacızadə,
«Təhsil»