Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsil - ictimai və elmi fikir tariximizdən

 

13 dekabr 2014-cü ildə  Şamaxı Mədəniyyət Mərkəzində tədbir keçirildi. Həmin gün burada  1874-cü ildə görkəmli maarif xadimi,  Şamaxıda yerləşən Bakı quberniya  Əhli-Təsənni İdarəsinn sədri,  Şamaxı qazısı Səid Əfəndi Ünsizadənin (1842, Şamaxı- 1903, İstanbul) rəhbərliyi ilə,  Bakı qubernatoru D.Staroselskinin himayədarlığı ilə açılmış məşhur bir ibtdai məktəbin - tarixi Məclis Məktəbinin  140 illik yubileyi təntənəli şəkildə keçirilmişdir.
Tədbirdə Respublika Təhsil Şurasının mərhum sədri professor Əjdər Ağayev, Şamaxı Avropa Liseyi ilə qardaşlaşan  Bakıdakı Avropa Azərbaycan Məktəbinin  direktoru cənab  Qraeme Pollock (Azərbaycan Müəllim İnkişafı Mərkəzinin direktoru-N.N.) və dosent  Məcid Əfəndiyevin  iştirakı şamaxılılar tərəfindən  məmnuniyyətlə qarşılandı.  Tədbir  maraqlı keçdi. Şamaxı məktəblilərinin rəngarəng çıxışları maarif  bayramını rövnəqləndirdi. Tədbirdə professor Əjdər Ağayevin, cənab Qraeme Pollockun çıxışları Azərbaycan təhsil tarixi üçün yaddaqalan oldu.
Yeri gəlmişkən qeyd edək ki, uzun illər boyu heç bir tarixi sənədə əsaslanmayaraq, haqqında söz açılan məktəbin -məşhur məktəbin yaradıcısı kimi  görkəmli  söz ustası, türkdilli poeziyamızın sonuncu mogikanı Seyid Əzim Şirvaninin (1835-1888) adını çəkirdilər. Halbuki məktəbin yaradıcısı və  yerli himayədarı Səid Ünsizadə idi. Məktəbin pedaqoji kadrlarını da S.Ünsizadə özü seçmişdi. Yeni təhsil ocağının  əsas müəllimləri  S.Ünsizadənin ortancıl qardaşı Şamaxı rusdilli ali ibtidai məktəbin məzunu Cəlal Ünsizadə (1857(?), Şamaxı-1933, Ankara) və ali dini təhsilli söz ustası  S.Ə.Şirvani idi. Məktəbdə şəriət dərslərini müəyyən siniflərdə Molla Hüseynağa ibn Lətif tədris edirdi.  S.Ə.Şirvani şeirlərinin birində  müəllim dostunu "Qürreyi-Səbaya varis, pürlətafət kəlam" adlandırmışdır.
Burada rus dili dərslərini ilk illərdə  “fikri bikir eyləyən” Pirbudaqov Manvel  adlı  sası dinli bir yerli sakin tədris edirdi. Lakin o, məktəbdə türkdilli şagirdlərlə aparılan pedaqoji işin ağırlığına dözməyib, bir müddətdən sonra ona tapşırılan vəzifəni tərk etdi.
Əvvəlcə S.Ünsizadənin, bir müddətdən sonra isə  Cəlal Ünsizadənin Şamaxıdan  Tiflisə daha böyük maarifçilik işləri  üçün xüsusi çağırış və dəvətnamə alması  Məclis Məktəbinin idarə olunmasını çətinləşdirmişdi. Məktəbin idarə olunması  və dərslərin keçirilməsindəki  problemlərin həlli  S.Ə.Şirvaninin üstünə düşür.   S.Ə.Şirvani dəfələrlə  Tiflisə, məslək və əqidə dostu,  “Ziya” qəzetinin naşiri və imtiyaz sahibi   S.Ünsizadəyə yazdığı müxbir məktublarında son vaxtlarda  Şamaxıda pul-para sahiblərinin və vəzifəli şəxslərin məktəbə göstərdikləri laqeydliklərdən   söz açmışdır. S.Ə.Şirvani  məktublarının çoxunda  Səid Ünsizadənin   Şamaxıda binagüzarlıq etdiyi məktəbin tarixinın sonralar düçar olduğu  çətinliklərindən gileylənirdi. Məclis Məktəbi təxmini hesablamalara görə, 40 ildən artıq fəaliyyət göstərmişdir. Sonralar bu məktəb binasının yerində yeni binalar tikilmiş, məktəbin adı  dəfələrlə  dəyişdirilmişdir.   1874-cü ildə Səid Ünsizadə tərəfindən yaradılan, Cəlal Ünsizadənin, S.Ə.Şirvaninin, Molla Hüseynağa ibn Lətifin işlədiyi, Ələkbər Tahirzadənin (M.Ə.Sabir), S.M.Qənizadənin, Mahmud bəy Mahmudbəyovun oxuduqları bu  ibtidai təhsil ocağının - Şamaxı Məclis Məktəbinin bugünkü  varisi Şamaxı Avropa Liseyidir. Son illərin təhsil uğurlarına görə  Məclis Məktəbinin tarixi ənənələri Şamaxı Avropa Liseyində  bu gün də ləyaqətlə davam etdirilir.
Mən istərdim ki, məktəbin 145 illik yubiley günlərində  Şamaxı Avropa Liseyinə  türk dünyasının fazillərindən biri olan  Səid Ünsizadənin adı  verilsin. Məktəbdə  Azərbaycan Təhsil Muzeyinin filialı yaradılsın.
Ümummilli liderimiz Heydər Əliyevin 18 iyun 2001-ci ildə imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanında Səid Ünsizadənin maarifçilik fəaliyyətinə çox yüksək qiymət verilmişdir. Fərmanda deyilir:
“XIX əsrin ortalarından etibarən Azərbaycan dilinə aid bir sıra dərsliklər və dərs vəsaitləri yazılıb nəşr olunmuşdur. Milli maarifçi ziyalılar özləri ana dilini öyrənməyin, onu qoruyub saxlamağın ən əsas yolunun məktəblərdə tədrisin ana dilində aparılmasında gördüklərindən, Azərbaycan dilinə aid dərsliklər və lüğətlər yazmağa başlamışlar. Azərbaycan dilinə dair ilk dərsliklərin yazılmasında o dövrün görkəmli maarifçiləri Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Aleksey Çernyayevski, Mirzə Əbülhəsən bəy Vəzirov, Səid Ünsizadə, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məmmədtağı Sidqi, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Abdulla Şaiq və başqalarının xidmətlərini qeyd etmək lazımdır. Zaman keçdikcə dövrün tələbinə uyğun olaraq Azərbaycan dilinin istifadə dairəsi də genişlənmiş, onun tətbiqinin və inkişafının elmi əsaslar üzərində aparılması ehtiyacı meydana çıxmışdır”.

Nazim Nəsrəddinov,
Əməkdar müəllim,
türkoloq  
шаблоны для dle 11.2