Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

DİLŞÜNAS-TƏNQİDÇİ


 
XX əsr Azərbaycan dilçiliyinin və türkoloji fik­rinin görkəmli xadimləri çoxdur. Bu xadimlər sırasında filologiya elmləri doktoru, professor Qəzənfər Kazımovun da yeri və imzası var. O, Azərbaycan dilçilərinin 60-cılar nəslinə mənsubdur və həmkarlarının çoxu kimi dövrün ədəbi prosesini də izləyir, həm dilşünas, həm də tənqidçi kimi fəaliyyət göstərirdi.
Əməkdar elm xadimi olaraq Q.Kazımov dilçiliyin müxtəlif sahələri ilə məşğul olan çoxpredmetli tədqiqatçı alimdir. Onun Azərbaycan dilinin qrammatikası (həm morfologiya, həm də sintaksis), üslubiyyat, komizm nəzəriyyəsi, folklorşünaslıq, etimologiya, onomologiya məsələlərinə dair sanballı araşdırmaları vardır. Lakin Q.Kazımov dil tarixçisi kimi daha məşhurdur. Elmi fəaliyyətinin ilk dövründə nisbətən yaxın tarixi keçmişə üz tutaraq Ə.Haqverdiyev və C.Məmmədquluzadənin əsərləri əsasında milli dilin XX əsrin əvvəllərindəki durumunu öyrənən alim bir qədər sonra Azərbaycan dili tarixini yenidən dövrləşdirmiş, ayrı-ayrı dövrləri səciyyələndirən dil xüsusiyyətlərini göstərmişdir. O, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Cahanşah Həqiqi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli kimi sənətkarların yaradıcılığı haqqında elmi məqalələr yazaraq, Azərbaycan ədəbi dilinin inkişafında onların xidmətlərini müəyyənləşdirməyə çalışmışdır. Bu sahədə apardığı tədqiqatların başlıca nəticəsi isə belə olmuşdur: “Azərbaycan milli ədəbi dilinin başlanğıc dövrü XVI əsrə aiddir”.
Tədqiqatçının dil tarixinə dair ən sanballı əsəri “Azərbaycan dilinin tarixi” (2003) monoqrafıyasıdır. Doğma ünsiyyət vasitəsinin ən uzaq keçmişdən başlayaraq, bizim eranın XIII əsrinə qədər keçdiyi yolun tarixi mərhələlərini aydınlaşdıran bu kitabda müəllif bəşər tarixinin ən qədim qatlarına enərək, türk dilinin mənşəyini Ulu dilə bağlayır. Tədqiqatçıya görə, Ulu dil 35-40 min illik bir müddət ərzində böyük inkişaf yolu keçərək protodillərə parçalanmış, protodillərin inkişafı isə yeni dil ailələrinin yaranması ilə nəticələnmişdir. Bu hadisə “ibtidai cəmiyyətin dağılması dövründə baş vermişdir”. Daha doğrusu, miladdan əvvəl təxminən “XII minillikdən dilin inkişafında ikinci böyük mərhələ – protodillərin parçalanması mərhələsi başlamış” və e.ə. XII-VI minilliklərdə dil ailələri təşəkkül tapmışdır. Məhz bu dövrdə dillər morfoloji quruluşuna görə bir-birindən ayrılaraq, köksözlü, flektiv və aqlütinativ dillər kimi formalaşmışlar.
Tədqiqatçının düşüncələrinə görə, prototürkün parçalanması da bu dövrə aiddir və bu proses Ön Asiyanın hüdudları daxilində baş vermişdir: “Altay türklərin beşiyi, ilkin vətəni deyildir. Türklərin beşiyi Ön Asiyadır”. Onların Şərqə və Qərbə doğru ilk hərəkəti – miqrasiyaları buradan başlamışdır; Türklər Azərbaycana Orta Asiyadan və Altaydan gəlməmişlər, əksinə, Altaya və Orta Asiyaya Ön Asiyadan getmişlər.
Monoqrafiyada türk tayfalarının Ön Asiyadan, o cümlədən Azərbaycandan miqrasiyası ilə yanaşı, onların Azərbaycana qayıdışı (əks miqrasiyası) geniş planda şərh olunur. Tədqiqatçının elmi qənaətlərinə görə, türk tayfalarının Azərbaycana ilkin gəlişini bizim eranın III-V əsrlərinə aid edən və Azərbaycan-türk dilinin XI-XIII əsrlərdə formalaşdığını söyləyən müəlliflərin iddiaları kökündən səhvdir. O, dünya elminin arxalandığı arxeoloji tədqiqatların əldə etdiyi nəticələrə söykənərək qətiyyətlə bildirir ki, “türklərin ilkin vətəni Sayan-Altay əraziləri deyil, Ön Asiya olmuş, ilkin miqrasiyalar məhz buradan başlamış, türklər buradan Mərkəzi Asiyaya köç etmiş, min illərlə o yerlərdə artıb-çoxalaraq, yeni əlverişli yaşayış sahələri axtarışı ilə yenidən geriyə – öz ilkin yurdlarına dönmüşlər”.
Belə dönüşlər e.ə. VIII-VII əsrlərdə (kimmer, skif, sak tayfalarının gəlişi bizim eranın I-V əsrlərində (hunların gəlişi) və XI-XII əsrlərində (səlcuq oğuzların gəlişi) baş vermişdir. Bu tayfalar (yaxud xalqlar) bir müddət aborigen türk tayfaları ilə qonşuluq münasibətlərində olsalar da, tədricən onlara qaynayıb-qarışmış, e.ə. I minilliyin ortalarından başlayaraq, daha əsaslı şəkildə konsolidasiya prosesi keçirərək Azərbaycan xalqının və dilinin təşəkkülündə iştirak etmişlər... Onlar zaman-zaman Azərbaycanda türk etnoslarının və türk dilinin mövqeyini gücləndirərək, yerli türk tayfa dillərinin ümumiləşməsinə, ümumxalq Azərbaycan dilinin təşəkkülünə xüsusi təsir göstərmişdir”.
Azərbaycan xalqının və dilinin təşəkkül tarixi haqqında söylənmiş çox müxtəlif fıkir və mülahizələri tənqidi təhlildən keçirən Q.Kazımov onları ümumiləşdirərək yazır: “III-V əsrlərdə Azərbaycan xalqı və ümumxalq Azərbaycan dili formalaşmışdır... V əsrdən sonra gələn türklər Azərbaycan ərazisində tayfalarla və ya tayfa dilləri ilə deyil, hazır xalqla və onun artıq təşəkkül tapmış dili ilə qarşılaşmışlar... XI-XIII əsrlərdə gələn səlcuq oğuzları Azərbaycanda Azərbaycan dili formalaşdırmayıb. Onlar gələndə artıq bu xalq (Azərbaycan xalqı – Z.Ə.) və onun dili vardı”.
Azərbaycan dilinin tarixi ilə bağlı Qəzənfər Kazımovun elmi araşdırmalarının bir qismi müəyyən sözlərin etimoloji təhlili istiqamətindədir. Hələ elmi fəaliyyətinin ilk dövrlərində o, etimoloji tədqiqatın əhəmiyyətindən bəhs edib yazırdı: “Etimologiya dilçiliyin çətin, lakin maraqlı sahələrindəndir. Qədim tarixi və mədəniyyəti olan hər bir xalq öz tarixinin uzaq keçmişindən gələn izlərini, qədim adət-ənənələrini, təsərrüfat həyatını, məişətini, qonşu xalqlarla əlaqə və münasibətini, mənsub olduğu xalqın təfəkkürünün bəsitdən mürəkkəbə doğru inkişafını hərtərəfli öyrənmək üçün etimoloji araşdırmalardan da bir vasitə kimi istifadə edə bilir. Etimoloji tədqiqat bir elm kimi, xalqa onun keçmişini, qədim mədəniyyətini, ictimai həyatını və məişətini öyrənmək üçün geniş imkanlar yaradır”.
Doğrudan da, sözün tarixi eyni zamanda cəmiyyətin, xalqın, millətin hətta bəzi baxışlara görə, dünyanın, bəşəriyyətin, kainatın tarixidir. Hər hansı bir adın düzgün etimoloji izahı təkcə dil tarixini araşdırmaq üçün deyil, etnik və siyasi tarixini öyrənmək üçün də faydalıdır. Ə.Dəmirçizadə doğru deyir ki, “sözün törənişi və inkişafı bir çox sirlərin, izi itmiş naməlum hadisələrin öyrənilməsi, çox zəruri olan məsələlərin tədqiqində istifadə olunan mötəbər və zəngin mənbələrdəndir... Söz sirlər xəzinəsinin açarıdır” (Ə.Dəmirçizadə. 50 söz. Bakı, 1968, s.5.). Bu mənada “Azərbaycan dilinin tarixi” kitabında Q.Kazımovun bəzi toponim və etnonimlərin sözaçımına diqqət yetirməsi həm dil tarixinə, həm də ölkənin və xalqın tarixinə işıq salmaq, bəzi çətin problemləri aydınlaşdırmaq baxımından lazımlı və əhəmiyyətlidir. Belə sözlərdən biri “Azərbaycan”dır.
Orta çağlardan başlayaraq elmi-filoloji fikirdə bu sözün etimologiyasına dair kifayət qədər geniş söhbət açılmış, müxtəlif xalqların alimləri onun mənşəyi və semantikası haqqında dürlü fikir və mülahizələr söyləmişlər. Onların bir qismi “Azərbaycan” sözünü mənşəcə İran dilləri, digər qismi isə türk dilləri ilə əlaqələndirmişlər. Bu fikirlərin hamısını tənqidi surətdə təhlil edən Q.Kazımova görə “Azərbaycan” sözü öz əsasını Antarpatkanu – Andarpatkan məskən adından almış və bu sözlər “Azərbaycan” şəklinə düşənə qədər uzun bir yol keçmişdir. O da həmkarlarının çoxu kimi bu qənaətə gəlir ki, “Andarpatikanu” ölkə adı tərkib etibarilə bir neçə sözün birləşməsindən yaranmışdır. Sözün sonundakı “u” yad elementdir; pat – ölkə deməkdir və o dövrdə Şərqdə geniş yayılmış, o cümlədən türkcədə də işlənən matu sözüdür; - an isə cəm şəkilçisidir. Antar hissəsi iki sözdən ibarətdir: An – göy allahının adıdır, tar – tanrı deməkdir. Söz bütövlükdə “An allahının ölkəsi” mənasındadır.
Monoqrafiyada “kaspi”, “al­ban”, “xəzər”, “sak” və sair sözlərin də etimologiyasına dair maraqlı fikir və mülahizələr vardır. Təbii ki, onun bütün tezislərini tam həqiqət kimi qəbul etmək hələlik çətindir. Alimin özü də etiraf edir ki, kitabda deyilənlərin bəziləri şəxsi mülahizə, düşüncə və təəssüratların məhsuludur və gələcəkdə daha dərindən araşdırılacaqdır. Lakin bütövlükdə “Azərbaycan dilinin tarixi” kitabı Qəzənfər Kazımovun elmi-dilçi qüdrətinin, erudisiyasının və mədəniyyətinin, milli vətəndaş qeyrətinin əsas atributlarını əks etdirən sanballı bir əsərdir və gələcəkdə daha geniş miqyasda öyrəniləcəkdir...
Bütün bunlar Qəzənfər Kazımovun simasında dilin tarixini xalqın, etnosun tarixi ilə qırılmaz vəhdətdə öyrənən, mənsub olduğu xalqın etnik kimliyini dil faktları ilə sübut edən filoloq-tarixçinin canlı portretini əyaniləşdirir. O, təhlillərinin başlanğıcında oxucunu duy­ğu­landırır, gedişatda düşündürür, nəticədə inandırır. Bu keyfiyyət alimin “Homerin poemaları və “Kitabi Dədə-Qorqud”, “Aves­ta”, Azərbaycan və doktor Şəfizadənin elmi qüdrəti”, “Azərbaycan dili frazeologiyasının ən qədim qatı”, “Şumer-türk əlaqələrinə dair yeni əsər” məqalə və monoqrafiyalarının da elmi məzmunundan aydın görünür.
Q.Kazımov Azərbaycan dilinin tarixi keçmişini onun çağdaş durumu ilə paralel araşdıran alimdir. Onun əsərlərinin bir qismi müasir Azərbaycan ədəbi dilinin aktual problemlərinin, xüsusilə dilin bədii imkanlarının, obrazlılıq vasitələrinin, poetik üslubun əsas göstəricilərinin elmi tədqiq və təhlilinə həsr olunmuşdur. Bu baxımdan “Nəsrin şeiriyyəti” məqaləsi özünün nəzəri məziyyətlərinə görə başqalarından seçilir.
Məlumdur ki, ədəbi dilin və bədii üslubun normalarının inkişaf edib təkmilləşməsində söz sənətkarlarının – şair və nasirlərin rolu misilsizdir. Yazıçılar çox zaman ədəbi dilin leksik, üslubi və qrammatik normalarına uyğun yazmağa çalışırlar. Lakin bu, heç də həmişə ədəbi dilin və bədii üslubun inkişafı üçün möhkəm stimul ola bilmir. Sənətkar fərdiyyəti və orijinallığı bəzən ədəbi dilin mövcud qaydalarının və normalarının pozulduğu zamanlarda yaranır; əgər yazıçı insanı valeh edən gözəl bir mənzərə, onu həyəcanlandıran dəhşətli bir səhnə, canlı bir lövhə yaradarkən, yaxud insan mənəviyyatının ən dərin, gizli qatlarını, onun fərdi yaşantılarını, təbii hisslərini canlandırarkən mübtəda ilə xəbərin, tamamlığın yerini dəyişibsə, bunu qüsur saymaq təkcə biliksizlik, savadsızlıq yox, həm də zövqsüzlükdür. Çünki mənzum əsərlərdə olduğu kimi, mənsur əsərlərdə də “qrammatik normaların, xüsusən söz sırasının pozulması halları əsər uğurlu olduqda, nəsrin poeziyasını gücləndirir” (Qəzənfər Kazımov. Sənət düşüncələri. Bakı, 1997, s.13).
Adı ilə məzmununun uyğunsuzluq təşkil etməsi, “nəsrin poeziyası” ifadəsinin mücərrəd, bəzi fikirlərin az qala nəsihət, digər mülahizələrin isə bir qədər mübahisəli səslənməsi – məqalənin elmi sanbalını azalda bilmir. Müəllif nəsrin bədii strukturunu şərtləndirən mənsur təhkiyənin təşkili prinsipləri, yazıçı və şərti müəllif təhkiyələri, onların qarşılıqlı əlaqəsi və dil xüsusiyyətləri, obraz nitqinin tipikləşdirilməsi barədə geniş elmi söhbət açmaq­la “bədii dilin loqarifması»nı (M.İbrahimov), onun polyar koordinatlarını aydınlaşdırmağa, dil vahidlərinin həmin koordinatlardakı yerini və funksiyasını müəyyənləşdirməyə çalışır. O, Amerika yazıçısı U.Folknerin “Hər bir romançı uğursuzluğa uğramış şairdir” – sözlərinə istinadən nəsrin şeriyyətini və nasirin şairliyini həyat və dil həqiqətinə sədaqətində, bu həqiqətlərin canlı və təbii təqdimatında görür.
Çağdaş nəsr dili kimi çağdaş poeziya dili də Q.Kazımovun sevimli mövzularındandır. Məhəmməd Hüseyn Şəhriyar, Hüseyn Arif, Söhrab Tahir, Zəlimxan Yaqub kimi şairlərin yaradıcılığına, eləcə də Azərbaycan nəşriyyatlarında çap olunmuş bəzi şeir kitablarına dair məqalə və resenziyalarında o, həmin sənətkarların poetik üslubunu, məcazlar sistemindən istifadə imkanlarını təhlil edir. Məlumdur ki, şeir dilini təhlil etmək olduqca çətindir; burada işlənmiş söz və ifadələrin bədii yükünü müəyyənləşdirmək tədqiqatçıdan xüsusi səriştə tələb edir. Belə səriştə və bacarıq Q.Kazımovun “Heydərbaba yüksəkliyi” məqaləsində aydın görünür. M.Şəhriyarın məşhur poemasından bəhs edən həmin məqalədə tədqiqatçı ədəbi-elmi təhlilin istiqamətini konkret misalların, söz və ifadələrin üzərinə yönəltməklə poemanın bədii məzmun qatını, həyatın bütün ağrı-acılarını, uşaqlıq çağlarının sevinc və qayğılarını gah xoş duy­ğular, gah da böyük nisgil və həsrətlə xatırlayan şair qəlbinin ən dərin guşələrini aydınlaşdırmış olur. Məhz belə təhlil üsulu sübut edir ki, “Heydərbabaya salam” poemasının oxucular arasında dərin rəğbət və məhəbbət qazanmasının sirri təkcə onun ictimai məzmun qatının dərinliyində yox, həm də ifadə gözəlliyində – dilinin şirinliyində, şairin istifadə etdiyi bədii müqayisə, mübaliğə və metaforaların təbiiliyində, xalq dilinin zənginliyindən məharətlə bəhrələnməsindədir.
Qəzənfər Kazımovun əsas tədqiqat sahələrindən biri də müasir Azərbaycan dilinin estetik imkanları, xüsusilə komizmin bədii vasitə və üsullarıdır. “Sirkə” hekayəsi və imlamız”, “Molla Nəsrəddin” jurnalının sovet dövrü felyetonlarının ictimai-siyasi leksika və frazeologiyası”, “Nəsrimizdə komik şişirtmə”, “Nəsrimizdə komik məsəllər və aforizmlər”, “Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti”, “Yazıçı təhkiyəsinin və obraz nitqinin bəzi ədəbi-estetik xüsusiyyətləri barədə” və s. onlarca bu kimi məqaləsindən başqa üç monoqrafiyası da bədii ədəbiy­yatda komik vasitə və üsulların tədqiqinə həsr edilmişdir. Onlardan biri “Komik-bədii vasitələr” (B., Yazıçı, 1983) adlanır.
Monoqrafiyada komik bədii vasitələrdən ikisi – leksik və frazeoloji vasitələr tədqiq olunur. Müəllif XX əsrin 20-30-cu illərində yazılmış bədii nəsr nümunələrinin – Böyükağa Talıblı, Tağı Şahbazi Simurq, Qantəmir, Mir Cəlal və Sabit Rəhmanın hekayə, povest və romanlarının dili əsasında sözlərin komiklik yaradan keyfiy­yətlərini göstərir. Bu key­fiyyətlərin sırasında sözün məcazilik imkanları, komik müqayisələr, xüsusi adlar və ləqəblər, vulqar sözlər və birləşmələr vardır. Həmin leksik vahidlərdən 20-30-cu illərin satirik yazıçılarının hərəsi özünəməxsus sənətkarlıqla istifadə etmişdir. Q.Kazımov bu fərdiyyəti məharətlə çeşidləyib inandırıcı elmi nəticələr əldə etməyə nail olmuşdur. Müəllif yazır: “Simurqun və B.Talıblının yaradıcılığında sözün aydın nəzərə çarpan xüsusi komik mövqeyi az-az müşahidə olunan faktlardandır. Qantəmir bir çox hallarda hekayəni ayrı-ayrı sözlərin komik təsviri üzərində qurur. S.Rəhmanda sözlərin komizmi daha çox komik kalamburlara əsaslanır. Mir Cəlal nəsrində sözlərin məcazilik, çoxmənalılıq və metaforlaşdırma yolu ilə komizm üstünlük təşkil edir”.
Komizmin bədii vasitələri ilə yanaşı, üsulları da Q.Kazımovun yaradıcılığında əhatəli şəkildə tədqiq olunmuşdur. Onun “Bədii ədəbiyyatda komizm üsulları” (“Maarif” nəşriyyatı, 1987) monoqrafiyası Azərbaycan filologiyasında bədii gülüşün dil-nitq üsullarının təhlilinə həsr olunmuş ilk sanballı tədqiqat əsəridir. “Komik-bədii vasitələr” kitabında olduğu kimi, bu monoqrafiyanın da başlıca tədqiqat obyekti 1920-30-cu illərdə yaşayıb-yaratmış Azərbaycan nasirlərinin ədəbi irsidir. Alim əsas fikir və mülahizələrini C.Məmmədquluzadə və onun bədii ənənələrini davam etdirən Mir Cəlal, Sabit Rəhman və Qantəmirin əsərlərinə istinadən əsaslandırır. Bəzən də elmi araşdırmanın miqyasını genişləndirərək, Seyfəddin Dağlı, Salam Qədirzadə və Anarın yaradıcılığına müraciət edir.
Monoqrafiyada Anarın “Molla Nəsrəddin – 66” povestinin gülüş texnikası, həyatdakı komizmi əks etdirmək üçün yazıçının faydalandığı üsullar kifayət qədər əhatəli və dərindən təhlil olunur. Bu cəhətdən povestdəki şişirtmə və parodiyalar haqqında fikirlər daha çox diqqəti cəlb edir. Məlumdur ki, Anar ictimai geriliyə, ibtidailiyə, bayağılığa, istedadsızlığa, savadsızlığa, köhnəliyə – bütün əxlaqi-mənəvi və mədəni-siyasi eybəcərliklərə qarşı dözümsüz, bidətçi, vətəndaş yazıçıdır. Onun bədii gülüşünün əsas hədəflərindən biri də qrafomanlıq, ştampçılıq, stereotiplər, trafaretlərdir ki, “Molla Nəsrəddin – 66”nın “Məlumat”, “Başımızın ağası”, “Maraqlı tədqiqat”, “Bizim müsahibə”, “Yeni il planları”, “Xəbərlər”, “Biz tənqid edəndən sonra”, “Elanlar” hissələrində komik gülüş predmetinə çevrilir və yazıçı həmin gülüşün dadını-duzunu artırmaq üçün parodiyalardan istifadə edir. Q.Kazımov yazıçının gülüş yaratmaq bacarığını (yaxud həyatın özündə təsadüf edilən gülünclüyü sənətkarlıqla əks etdirə bilmək qüdrətini) həmin parodiyaların təhlili əsasında üzə çıxarır. Bu təhlillərdə gülüş obyekti yenidən canlanır və yadda qalır.
Q.Kazımovun elmi maraq sahələrindən biri də Azərbaycan aşıq şerinin babası sayılan Qurbaninin poetik irsinin toplanması, tədqiqi və təhlilidir, aşığın əsərlərini toplayıb çapa hazırlamış, həm doğma Azərbaycan, həm də rus dillərində geniş ön söz və qeydlərlə çap etdirmişdir. Aşığın həyat və yaradıcılığına dair 10-dan artıq elmi-kütləvi məqalənin müəllifidir: “Aşıq Ourbani və məzarı”, “Diri kəndi və Qurbani”, “Qurbani ənənələri”, “Qurbani sənətkarlığı”, “Qurbani təxəllüsü”, “Qurbani və Xətai” və s.
Aşığın həyat və yaradıcılığına dair araşdırmalarını Q.Kazımov “Qurbani və poetikası” (1996) monoqrafiyasında ümumiləşdirmişdir. O, Qurbani sənətinin ideya-estetik, bədii-fəlsəfi qaynaqları, aşığın sələfləri haqqında söhbət açmış, bu sənətin inkişaf və təkmilləşməsində onun xidmətlərini və mövqeyini müəyyənləşdirməyə çalışmışdır. Aşıq sənətinin kökləri, qaynaqları barədə düşünərkən alimin onu ən qədim çağlarla, qam-şaman dövrü ilə bağlaması maraqlıdır. Doğrudan aşığın tarixi çox qədim zamanlarla bağlıdır. Bəlkə də qam, şaman, ata, dədə, varsaq, ozan ad-titulları aşığın varisləridir. Aşıq – söyləyən, deyən, tanrı sözünü yerdəkilərə – insanlara çatdıran baş qamın adıdır. O, əlinə qopuz – saz götürənə qədər peyğəmbərlik funksiyasını yerinə yetirmişdir. Sivilizasiyanın sonrakı mərhələsində müxtəlif türk tayfaları içərisində ata, dədə, varsaq, ozan adlanaraq tamam unudulmuş, islamda təriqətlərin inkişafı dövründə yenidən meydana gəlmişdir.
Kitabda Qurbaninin yaradıcılığı ilə Yunis Əmrə, Molla Qasım Şirvanlı, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Cahan şah Həqiqi kimi sənətkarların yaradıcılığı arasındakı tipoloji səsləşmələrin səbəbləri, aşığın Şah İsmayıl Xətai ilə münasibətləri izah olunur. Q.Kazımov Qurbani lirikasının məzmunca təsnifini verir, aşığın məhəbbət, gözəllik və təbiətin tərənnü­münə həsr edilmiş “Bənövşə”, “Sevinsin”, “Qızların”, “Ləblərin”, “Vermərəm səni”, “Dilbər”, “Pəri” kimi onlarca qoşma və gəraylısını təhlil edərək, obrazların real, həyati məzmun daşıdığı barədə konsepsiyasını möhkəmləndirir.
Qurbani yaradıcılığına dair tədqiqatları Q.Kazımova Azərbaycan milli ədəbi dilinin başlanğıc dövrünü müəyyənləşdirmək üçün imkan yaradır. Bu dövrü XVIII, yaxud XIX əsrə şamil edən alimlərdən fərqli olaraq, o, Azərbaycan ədəbi dilinin XVI əsrdən milliləşmə prosesi keçirməyə başladığını bildirir. Bu prosesi şərtləndirən ictimai-siyasi və ədəbi-mədəni amillər sırasına tədqiqatçı ilk növbədə vahid dövlətin yaranmasını, sosial-iqtisadi və siyasi birliyin mövcudluğunu daxil edir. Doğrudan da, Səfəvilər dövründə ünsiyyət vasitəsi kimi Azərbaycan türk dilinin işlənmə dairəsi olduqca genişlənir. Xalqın, demək olar, bütün təbəqələri: kəndli və şəhərli də, ziyalı, məmur və dövlət xadimi də, divan işçisi və tacir də Azərbaycan dilində danışır.
Qəzənfər Kazımov elmi fəaliyyətini tədris-pedaqoji işlə, müəllimliklə vəhdətdə davam etdirən, filoloji fikrin yeni qənaətlərini auditoriyalarda tələbələrə çatdıran yorulmaz bir müəllim – ziyalıdır. İki il orta məktəbdə, qırx ildən artıq ali təhsil ocaqlarında müəllim, dosent, professor, fakültə dekanı, kafedra müdiri vəzifələrində çalışan bu müdrik, təvazökar insan doğma Azərbaycan dilinin yalnız tədqiqatçısı yox, həm də böyük təbliğatçısı və təəssübkeşidir.
Əsas ünsiyyət vasitəsi kimi ana dilinin bütün gözəlliklərini xalqa duydurmaq, sevdirmək, onun ictimai-siyasi statusunu yüksəltmək, bu işi gələcəkdə vicdanla yerinə yetirəcək vətəndaşlar yetişdirmək! Onun alim-pedaqoq amalının başlıca məzmunu budur və Qəzənfər müəllim həmin amala çatmaq üçün, demək olar, əlindən gələni etmişdir: mühazirə oxumuş, seminar aparmış, proqram tərtib etmiş, dərslik yazmış, xüsusi seminarlar üçün tədris vəsaiti hazırlamışdır.
Bütün bunlar aydın şəkildə göstərir ki, zəngin elmi-filoloji irsi olan professor Qəzənfər Kazımov Azərbaycan dilçiliyi tarixində mühüm və şərəfli yer tutan görkəmli alimdir. Onun çoxsaylı monoqrafık tədqiqatları, dərslik, dərs vəsaiti, tənqidi məqalə, resenziya və rəyləri Azərbaycan dilçilik elminin inciləri sırasına daxildir. Bu əsərlər yüz illər bundan sonra da həm dilçilik tarixinin faktı, hadisəsi, həm də yeni tədqiqatların metodoloji özülü, istinad yeri kimi yaşayacaq və müəllifini yaşadacaqdır.

Zaman ƏSGƏRLİ,
filologiya elmləri doktoru


Tarix: 11-04-2017, 13:51

Xəbəri paylaş