Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADA Universitetində “Məzun günü” keçirilib







İyulun 1-də ADA Universitetində “Məzun günü” keçirilib. 
 AZƏRTAC xəbər verir ki, tədbir universitetdə təhsil alan əcnəbi tələbələrin təmsil etdikləri dövlətlərin bayraqlarını səhnəyə gətirməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
 Qeyd olunub ki, ümumilikdə 2021-2022-ci akademik il üzrə ADA Universitetində 7 bakalavr və 7 magistr ixtisası üzrə 471 tələbə məzun olub. Həmin məzunlardan 305-i bakalavr, 166-sı isə magistr proqramlarını təmsil edir.
Onların arasında bu il Azərbaycandan başqa 10 müxtəlif ölkəni təmsil edən 15 tələbə məzun olur. Həmin ölkələr sırasına ABŞ, Bolqarıstan, Fransa, Gürcüstan, Qazaxıstan, Maldiv adaları, Nigeriya, Rusiya Federasiyası, Sudan, Zimbabve daxildir.
ADA Universiteti tələbələri iş mühitinə hazırlayaraq onların əmək bazarına keçidini təmin edir. Bu səbəbdən də məzunların məşğulluq dərəcəsi 82 faizdir.
Mərasimdə məzunlar adından Aytən Süleymanova və Elnur Məmmədov çıxış edərək ADA-dakı tələbə həyatının yaddaqalan anlarını bölüşüblər. 
Tədbir iştirakçıları ABŞ-ın Corc Vaşinqton Universitetinin Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekanı Con Lak tərəfindən məzunlara ünvanlanan videomüraciəti dinləyiblər. 
Tədbirdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev məzunları təbrik edib, onların gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor deyib ki, hər hansı vəzifədə ölkəsini mükəmməl təmsil etmə məsuliyyəti bugünkü məzunların üzərinə düşür. Vətənə xidmətin ən parlaq nümunələrini 44 günlük müharibədə bizim cəsur hərbçilərimiz göstərdi. Fəxrlə deyə bilərəm ki, onların sırasında ADA-nın məzunları da olub. Azad olmuş Qarabağ indi sizdən fədakarlıq gözləyir. Artıq geniş vüsət almış bərpa işlərində sizin bilik və bacarığınız lazım olacaq.
Milli Məclisin sədri Sahibə Qafarova çıxışında qeyd edib ki, Azərbaycanın təhsil sistemində ADA Universiteti fenomenini mən ilk növbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yaratdığı şəraitlə bağlayıram. Yarandığı ilk gündən indiyədək ADA Universiteti haqlı olaraq ölkəmizin ən nüfuzlu təhsil ocaqlarından biri sayılır. Universitetin tarixi o qədər böyük olmasa da, əlamətdar hadisələr və parlaq nailiyyətlər ilə zəngindir. Ötən illərdə universitet Azərbaycanın və xarici ölkələrin intellektual və təhsil ehtiyatlarını birləşdirərək, eyni zamanda, möhkəm maddi-texniki və metodik-tədris bazası formalaşdıraraq, mütəxəssis hazırlığının aparıcı mərkəzlərindən birinə çevrilib.
 Təhsil naziri Emin Əmrullayev, BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun dekanları Vasili Tkaçev və İqor Turuyev də məzunların sevincini bölüşüblər.


Tarix: 1-07-2022, 21:39

Xəbəri paylaş