Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BMU-nun rektoru Koreyanın səfiri ilə birlikdə onlayn yazılı imtahanı izləyib




 

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov və Koreya Respublikasının Azərbaycandakı səfiri Tonq Op Kim BMU ilə Koreyanın İnha Universitetinin birgə icra etdiyi ikili diplom proqramına qəbul olmaq üçün koreyalılar tərəfindən təşkil olunan onlayn yazılı imtahan prosesini izləyiblər. Belə ki, imtahan prosesinin təşkili xüsusi qaydalar əsasında hazırlanıb.  İmtahan prosesində 2 kamera quraşdırılıb ki, onlardan biri kompüterin, digəri isə telefonun kamerasıdır. Bu kameralardan biri tələbələrin əllərinin işlənməsinə, digəri isə üzünü göstərməyə xidmət edir. Qarşı tərəfdən müəyyən kiçik qrupda olan tələbələrin hərəkətlərini kontrol edən bir müşahidəçi vardır. Bununla yanaşı, imtahan prosesi zamanı xüsusi proqram təminatı təşkil olunub. Əgər tələbə hər hansı bir köçürməyə cəhd edərsə və ya əlavə proqramlara girərsə, həmin dəqiqə o tələbənin imtahan xətti kəsilir.
Onlayn keçirilən imtahanlara 1 saat vaxt ayrılıb. Yazılı keçirilən riyaziyyat fənnindən maksimum  bal 60,  fizika fənnindən maksimum bal isə 40-dır. Bu fənnlərin hər biri üçün 6 sual verilir. İmtahan prosesində sualların cavabları ilə yanaşı, həll prosesi də təqdim olunmalıdır. Əks halda “0” bal ilə qiymətləndirilir. Daha sonra müraciət sənədlərinə əsaslanan və hər şəxs üçün təxminən 7 dəqiqə nəzərdə tutulan onlayn ingilis dili müsahibəsi təşkil olunacaq.
Daha sonra görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər ətrafında geniş müzakirələr də aparılıb. Rektor Havar Məmmədov BMU haqqında ətraflı məlumat verib. O, görüşün əlamətdar hadisəyə - BMU ilə Koreyanın İnha Universiteti arasında bakalavr pilləsi üzrə həyata keçirilən ikili diplom proqramına həsr olunduğunu bildirib. Beynəlxalq ikili diplom proqramlarının əhəmiyyətinə toxunan rektor iki universitet arasında icra olunan proqramı Azərbaycan və Koreyanın təhsil sahəsindəki əməkdaşlığının yeni mərhələsi kimi qiymətləndirib.
İnşaat mühəndisliyi, İnformasiya texnologiyaları, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramının həyata keçirildiyini bildirən rektor tələbələrin 3 il BMU-da, 1 il isə İnha Universitetində təhsil alacağını qeyd edib. Bununla bərabər BMU-nun nəzdində Kral Seconq İnstitutunun Xırdalan filialının təsis ediləcəyini və burda ödənişsiz Koreya dili kurslarının təşkil olunacağını diqqətə çatdırıb. Rektor Havar Məmmədov bu günə qədər artıq 1514 nəfərin Koreya dilinin öyrənilməsi bağlı müraciət edildiyini sözlərinə əlavə edib.
Koreya Respublikasının Azərbaycandakı səfiri Tonq Op Kim səmimi qəbula görə təşəkkür edib. Səfir pandemiyanın davam etdiyi dövrdə bir çox layihələrin təxirə salınmasına baxmayaraq BMU ilə həyata keçirilən ikili diplom proqramının baş tutduğunu yüksək dəyərləndirib. O, ölkəsinin əsas əməkdaşlıq istiqamətlərindən birinin Koreya ilə Azərbaycan arasında olan təhsil sahəsində olan əlaqələrinin gücləndirmək olduğunu vurğulayıb. Bu proqramın həyata keçirilməsi münasibətilə universitet rəhbərliyini təbrik edən səfir İnha Universitetinin mütəxəssislərinin də BMU-dan yeni biliklər əldə edəcəyini sevindirici hal kimi qiymətləndirib.
Sonda gələcək əməkdaşlığın bir sıra istiqamətləri nəzərdən keçirilib.шаблоны для dle 11.2