Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Fizika dərslərində ədəbi nümunələrdən istifadə

 

Hazırda ümumtəhsil məktəblərinin ən mühüm vəzifəsi təlim-tərbiyə işini müasir elmi-tərəqqinin tələbləri səviyyəsində qurmaq, şagirdlərə elmin əsaslarını təşkil edən dərin biliklər vermək, müəyyən idraki tapşırıqları yerinə yetirmək üçün vərdişlər aşılamaq və inkişaf etdirməkdir. Bunun üçün şagirdlərin aktiv fikri fəallığını yaratmaq lazımdır. Bu aktiv fikri fəallıq, hər hansı fəaliyyət deyil, intensiv fəaliyyət olmalıdır. Məqsəd isə şagirdləri yalnız elmin nəticələri ilə tanış etmək deyil,  həm də onlarda bir sıra müsbət keyfiyyətləri aşılamaqdır. 

Şagirdlərin şüurunda bizi əhatə edən aləmin tam elmi mənzərəsini yaratmaq, onlarda öyrəndikləri elm sahələrinin vəhdətdə olduğunu dərk etdirmək üçün hər bir müəllim öz fənninə elmin təcrid olunmuş bir  sahəsi kimi deyil, elmlər zəncirinin bir həlqəsi kimi baxmalıdır. 

Fizika təbiət hadisələrini öyrənir, izah edə və digər təbiət elmləri arasında əlaqə yarada bilir. Bütün elm, texnika, istehsalat və məişət vasitələrinin iş prinsipinin əsasında fizika durur. Lakin şagirdlərin idrak səviyyəsinin müxtəlif olması onların hamısının adı- çəkilən fənni dərindən öyrənməsinə imkan vermir. Bu maneənin aradan qaldırılmasında ədəbi nümunələrdən istifadənin rolu böyükdür. Bu məqsədlə tədris edilən mövzulara müvafiq folklorumuzdan, şairlərin yaradıcılığından nümunələr fiziki biliklərin tətbiqinə və sistemləşdirilməsinə kömək edir. 

IX sinifdə “Cisimlərin elektriklənməsi” mövzusunun tədrisi zamanı müəllim mövzu haqqında məlumat verdikdən sonra kəhrəbanın elektriklənməsini Azərbaycan ədəbiyyatının görkəmli şairi Nizami Gəncəvinin obrazlı şəkildə istifadə etdiyini şagirdlərin nəzərinə çatdıra bilər:

Kəhrəbanın eşqə düşməsə canı,

Elə cəzb etməzdi quru sahmanı.

Dünyada gövhər var, daş var nə qədər,

Onlar nə bir saman, nə də çöp çəkər.

Bu misralarda nəinki kəhrəbanın elektriklənərək samanı cəzb etməsi, eyni zamanda elektromaqnit qarşılıqlı təsirin yüklü cisimlərə xoş olduğu əksini tapmışdır.

“Ümumdünya cazibə qüvvəsi” mövzusu tədris edilərkən şagirdlərə məlum olur ki, təbiətdə baş verən bütün fiziki hadisələr bu və ya digər qarşılıqlı təsirlərlə əlaqədardır.  Belə təsirlərdən biri qravitasiya təsiridir ki, bu təsir kütləyə malik olan zərrəciklər və cisimlər arasındakı qarşılıqlı təsirdir. İ.Nyuton bu qüvvələri - ümumdünya cazibə qanununu kəşf etmişdir. 

Bu mövzunun tədrisi zamanı yenə də dahi Nizaminin yaradıcılığına müraciət etmək olar:

Dünyada hər şey cəzbə bağlıdır.

Filosoflar bunu eşq adlandırır.

“Maddənin aqreqat halları” bölməsinin tədrisindən sonra xalq şairi  B.Vahabzadənin: 

Kim deyir  göylərdən hey narın-narın,

Yağan qar bir daha qayıtmır göyə.

Qayıdır gəncliyi yazda çinarın,

Bəs mənim gəncliyim qayıtmır, niyə?

Fizikanın tədrisi prosesində şifahi  xalq ədəbiyyatından atalar sözləri, nağıllar və tapmacalardan istifadə də faydalıdır.

“Kainatda obyektlərin əlaqəli sistemləri” mövzusunun tədrisi zamanı şagirdlər öyrənir ki, atom və molekullar arasındakı qarşılıqlı təsirlər daha mürəkkəb sistemli makrocisimləri yaradır. Makrocisimlər atom və molekullardan ibarət mürəkkəb əlaqəli sistemdir. 

 “Dama-dama göl olar” “Atomun quruluşu. Atom nüvəsi. Nüvə enerjisi” mövzusunun tədrisi zamanı,   “Boyu bir qarış, saqqalı yeddi qarış”, “Bir balaca boyu var, dam dolusu toyu var”, “Molekulların qarşılıqlı təsiri” mövzusunun tədrisi zamanı  molekulyar qüvvələrin təbiəti haqqında məlumat çox kiçik məsafələrdə (molekullar bir- birinə toxunduqda) itələmə qüvvəsi, nisbətən böyük məsafələrdə isə cazibə qüvvəsinin üstünlük təşkil etdiyini söyləyib “Nə əldən qoyur, nə yardan doyur”, yaxud “Görəndə zəhləm gedir, görməyəndə ürəyim”, “Cisimlərin tarazlığı, Dayanıqlı tarazlıq” mövzularının tədrisi zamanı “Su axar, çuxurun tapar”, “Təzyiq qüvvəsi” mövzusu keçilərkən təzyiqin səthin sahəsi ilə tərs mütənasib olmasını izah edərkən “Dəvənin ayağı altında qarışqa ölməz”, “Çox iti xəncər öz qınını kəsər” kimi atalar sözlərindən istifadə etmək olar.

“Arximed qüvvəsi” və “Cismlərin üzmə şərtləri” mövzusunun tədrisi zamanı “Odda yanmaz, suda batmaz”  tapmacasından istifadə etmək yerinə düşür.

Şagirdlər tapmacanı cavablandırdıqdan sonra onlara aşağıdakı suallarla müraciət etmək yerinə düşər:

- Buz maddənin hansı halıdır?

- Buz nə üçün suda batmır?

- Cismin üzmə şərtləri hansılardır?

Fizika fənninin tədrisi prosesində şagirdləri axtarışa istiqamətləndirmək məqsədilə ədəbiyyatdan gətirilmiş nümunələr əsasında didaktik materiallardan istifadə də faydalıdır.  Misal olaraq göstərmək olar ki, VII sinifdə fiziki hadisələr haqqında  məlumat aldıqdan sonra şagirdlərə mövzunun mənimsəmə səviyyəsini yoxlamaq məqsədilə didaktik çalışmalar vermək olar. Məsələn, verilmiş şeir parçalarında sizə məlum olan hadisələri seçib dəftərnizə yazın.

Fizika dərslərində ədəbi nümunələrdən istifadə şagirdlərdə idrak fəallığını yüksəldir, dərsin səmərəliliyini artırır, dərsi daha maraqlı edir, mövzunun daha yaxşı mənimsənilməsinə və yadda saxlanılmasına kömək edir.

 

Arzu KƏRİMOVA,  

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi-təşkilati şöbəsinin mütəxəssisi


Tarix: 8-04-2022, 22:28

Xəbəri paylaş