Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Zəlimxan Yaqubun əsərlərində estetik tərbiyə məsələləri

 
Yaradıcılıq dövrü əsas etibarilə XX əsrin ikinci yarısına və XXI əsrin əvvəlinə təsadüf edən iki Azərbaycan Xalq şairini ön plana çəkmək bizim məqsədimizə uyğun olardı.  Həmin şairlərdən biri Gürcüstanın  Bolnisi ra­yonunun Kəpənəkçi kəndində, digəri isə Azərbaycanda, İsmayıllı rayonunun Buynuz kəndində doğulub boya-başa çatsalar da  hər ikisini birləşdirən müəyyən oxşar cəhətlər vardır ki, bu cəhətləri qeyd etməyi lazım bilirik.
Birinci formal cəhət ondan ibarətdir ki, soy kökləri eynidir: ZəlimxanYaqub və Musa Yaqub. İkinci cəhət hər ikisinin güclü estetik təfəkkürə -təbii, iti duyğulara, möhkəm estetik qavrana qabiliyyətinə, estetik-hissi idraka, məntiqi mühakiməyə və estetik zövqə malik olmalarıdır.   Onların hər ikisində mövcud olan doğma təbiətə vurğunluq, ölkənin zəngin flora və faunası ilə tanışlıq, coşqun təbiət lövhələrinin rəssam dəqiqliyi ilə təsviri oxucuları heyratamiz dərəcədə düşündürür və gənc nəslin estetik tərbiyəsi üçün qiymətli vasitəyə çevrilir.
 Biz bu elmi işimizi “Zəlimxan Yaqubun əsərlərində estetik tərbiyə məsələlərinə” həsr edirik və klassik irsimizə sadiq qalan xalq şairinin ölməz yaradıcılığına böyük ehtiramımızı göstərmək fikrindəyik.
Məlumdur  ki, estetika sözü “aisthetikos” yunan  sözündən götürülüb və mənası “ hiss etmək ” deməkdir. Hazırda “estetika”gözəllik haqqında elmdir və estetik tərbiyənin metodoloji əsasını təşkil edir.
“Gözəllik nədir?” sualı isə bir az qəliz məsələdir. Çünki hər insanın öz gözəllik təşəkkülü və idealı olur. Beləliklə və gözəlliyə aid çoxlu sinonim sözlər yaranır və işlədilir: “Göyçək”, “Qəşəng”, “Zərif”, “İncə”, “Yaraşıqlı”, “Şirin”, “Yaxşı” və sairə. Gözəlliyin xarici əlamətləri də çoxdur: “Sərv qamət”, “Şux yeriş”, “Gül yanaq”, “aymaq dodaq”,  “Gül  camal”, “Şirin dil ” və sairə.
Bəhs etdiyimiz bu əlamətlər Zəlimxan Yaqub yaradıcılığında daha çoxdur. Əbəs yerə deyildir ki, bütün istedadlı, tanınmış şairlərimiz arasında müdrik xalqımız ancaq Zəlimxan Yaquba “Sinonim Zəlimxan” ayamasını (epitet) vermişdir. Şairin geniş yaradıcılığını öyrənmək, onun estetik irsini gənc nəslə çatdırmaq hər kəsin müqəddəs borcudur.
 
Estetik tərbiyə haqqında qısa xülasə
Estetik tərbiyə dedikdə, biz cəmiyyətdə, incəsənətdə, insanın özündə  mövcud olan zəngin gözəllikləri duymaq, onların incəliklərini hiss edib qavramaq - qiymətləndirmək və bu keyfiyyətləri gənc nəslə aşılamağı nəzərdə tuturuq. Geniş mənada bu estetik mədəniyyətin formalaşmasıdır. Estetik mədəniyyət təbiət və cəmiyyətdəki maddi və mənəvi təzahürləri görüb başa düşməkdir.  Estetik tərbiyənin konkret məqsədi aşağıdakı vəzifələrdə özünü büruzə verir:
-estetik duyğuların gücləndirilməsi;
-estetik tərbiyənin əsası olan hiss və qavramanın möhkəmlənməsi;
-estetik maraq və tələbatların obyektivliyinin təmin edilməsi;
-tərbiyə olunanlarda estetik mühakimənin təşkili;
- uşaqlara estetik zövqün aşılanması;
-estetik idealın formalaşdırılması.
Estetik duyğular, qavrayış və hisslərin köməyi ilə estetik maraqlar və tələbatlar meydana çıxır. Onlar da öz növbəsində estetik mühakimə yolu ilə araşdırılır.
Bu, demək olar ki, bir mürəkkəb mexanizmdir. Bu mexanizm beş duyğu orqanları vasitəsilə - görmə, eşitmə, dadbilmə, iybilmə, və lamisə- “ işə salınır ”. Onların hər biri mürəkkəb mexanizmin əsas hissələridir.Bu hissələrin ayrılıqda və son nəhayətdə birlikdə  gücü estetik tərbiyənin  varlığını təşkil edən hissi qavrayışı psixi-fizioloji əsasında duyğu orqanları durur.
Estetik duyğular, qavrayış və hisslərin köməyi ilə estetik maraq və tələbatlar meydana çıxır.Onlar da öz növbəsində estetik mühakimə yolu ilə araşdırılır. Mühakimə estetik tərbiyənin ən çətin vəzifəsidir.Niyə? Ona görə ki, bu  vəzifənin həyata keçirilməsində subyektiv fikir daha çox üstünlük təşkil edir. Nəyin gözəl və nəyin gözəl olmadığında ortaq mövqe olunur. Hər kəs öz subyektiv fikrini daha doğru hesab edir. El arasında yaranan belə deyimlər buna canlı sübutdur: “Könül seçən göyçək olar”, “Könül sevən gözəlliyin nə ağı, nə qarası”, “Üstü bəzək, altı təzək“, “Gözəllik ondur, doqquzu dondur” və sairə. Belə təzadlı fikirlərin insanlarda meydana gəlməsinin əsas səbəbi insanlarda mucərrəd təfəkkürün ya olması, ya yetişməməsi, ya da formal məntiqlə nəticələnməsidir.
Hər birində bir subyektiv fikir, daha doğrusu, təzad olan bu mühakimələr son nəhayətdə şəxsi zövq əmələ gətirir. Zövq isə obyektiv normativlərin subyektiv qəbul olunması və gözəlliklərə hərənin öz bildiyi qiymət verməsidir. Məhz bu mənada deyilir  ki, “zövqə və rəngə yoldaş yoxdur”.
Amma pedaqoji nəzəriyyədə buna da çarə yoxdur. Belə ki, hər bir adam subyektiv fikrə malik ola bilər. Məsələn, “kefim istəyir belə geyinirəm”, “Mən qırmızını yox, qaranı və ya ağı xoşlayıram” və yaxud məşhur mahnıda  deyildiyi kimi, “xalxa nə lazım, qoşa düzdürmüşəm, yarım deyildir, belə düzdürmüşəm“ və s.
Burada ictimai fikir işə düşür, adət-ənənələrimiz, qayda -qanunlarımız səhv etməyə yol vermir.Deməli,əsas gözəlliyi hər dövrün öz ictimai rəyi təyin edir. Məsələn, ibtidai insanlar üçün tapdıqları mağara gözəl görünürdü.  Oranı daha da gözəl etmək üçün tapdıqları müxtəlif əşyalarla (heyvanlarımızı, müxtəlif rəngdə daşlar, ağaclar, meyvə quruları və s.) “bəzəyirlər”. Zaman keçdikcə insanların ümumi səviyyəsi dəyişdikcə gözəllik haqqında münasibətləri də dəyişmiş, daha gözəl şeylərlə əhatə olunmağa çalışmışlar. İnsanlara ad qoyulması dediklərimizə əsas ola bilər. Dədə-Qorqud  zamanlarında uşaqlara ad onların “dəliqanlı“ dövrlərində verərdilər.Yəni o vaxtdan qorxaq uşağa heç cür “Qorxmaz”, “ Qoçaq”, kifir uşağa “Gözəl”, “Çiçək“, “İnci”, “Yaxşı” və s. kimi adlar qoyulmazdı.
Sovetlərə qədər Azərbaycanda dini adlar üstünlük təşkil edərdi.Sovetlər qurulandan sonra isə zövqlər siyasiləşməyə başladı. “Mels” (Marks-Enqels, Lenin, Stalin), “Kombayn” ayrı-ayrı partiya  rəhbərlərinin adları, təşkilat adları kimi nümunələr üstünlük təşkil etməyə başladı. İndinin özündə də, insanlar xeyli ayılsalarda, səhvlər davam etməkdədir. Başqa bir misal. İnsanların evlərinə nəzər salmalı olsanız görərsiz ki, rəfdə, masanın üstündə, bəzən divanın üstündə xeyli kitab, qəzet “yaddan çıxıb qalıb”.Təcrübəli adamlar başa düşəcəklər ki, kitab oxumağa biganəlik dövrü olsa da, bu evdə daima mütaliə olunur, kitab oxunu, yeniləri yazılır. Amma bəzi evlərdə kitabları rəflərə məzmununa görə deyil, kitabla rəflərin, divarların rəng uyğunluğuna görə seçirlər...  Beləliklə, deyə bilərik ki, gözəllik çox geniş anlayışdır.O bir evi, həyəti, bağı, dağı  meşəni, bir ölkəni deyil bütün dünyanı əhatə edir.Amma dünya gözəllikləri içərisində əsas yeri insan tutur.İnsan “dünyanın əşrəfi”, gözəllik isə onun “baş tacıdır.”    Bəs bu məsələlər xalq şairi Zəlimxan Yaqubun əsərlərində necə qiymətləndirilir, şairin gözəllik haqqında subyektiv fikirləri obyektiv zərurətlə necə qaynayıb-qovuşur, onun “dünyanın əşrəfinə“, insanın “baş tacına “münasibəti necədir, pedaqoji prosesdə bu irsdən istifadə etmək məsləhətdirmi?-Bütün bu suallara cavabı şairin 13 cildlik külliyatında axtarsaq, ən düzgün yolla getmiş olarıq.
Z.Yaqubun bədii yaradıcılığının birinci dövrü (70-80-ci illər)
Bu dövr “ Azərbaycan şeirinin sakit axarını  mülayim, incə duyumlu, həyatda, təbiətdə, Azərbaycanın hər bir qarışında, çiçəyində, otunda, bulağında zərif bir məna izləyən və görən, xüsusilə doğma yurda bağlı olan gənc, kövrək bir şairin duyğu və düşüncələrini əks etdirir.” (16, 51).    Onun 2 aprel 1968-ci ildə qələmə aldığı “ Bahar oldu , bahar oldu” (7,5) şeiri deyilənlərin təsdiqidir:
Dağ döşündə qar əridi, suya döndü, düzə çıxdı,
Bənövşələr baş qaldırır, torpaq altdan üzə çıxır.
Sarı bülbül qəfəsindən ox tək süzə-süzə çıxır,
Bəzəndi dağların hüsnü , bahar oldu bahar oldu.
Könül mülkü  qanadlandı, bəm havalar zilə düşdü,
Boz aranın, göz yaylağın mahnıları dilə düşdü.
Qayaların damarından sular gilə-gilə düşdü,
Üç bəndlik balaca bir şeirdə nələr görürük?- Ən gənc bir rəssamın təsvir edə biləcəyi bahar lövhəsi: “Qar əriyir, suya dönür”“, “bənövşələr baş qaldırır”, sarı bülbül ox tək süzür ” , “ Dağların hüsnü bəzənir”, “Qayaların damarından sular gilə-gilə düşür”, “Tər çiçəklər cilvələnir”, “Qızıl günəş öz nurunu ürəklərə taxır”, “Sonalar qıy vurur ”  və s.
Yəni 12 misralıq bir şeirdə 12-dən çox bənzətmə verir, hamısı da tər-təravətli. Bu bənzətmələrdən sonra Vətənimizin bahar təsvirini kim desən edə bilər. Müəllim və şagirdlərimiz üçünsə bu şeir əsil tərbiyə vasitəsidir, xüsusən, rəsm, musiqi və ədəbiyyat dərslərində.
Təbiidir ki, hər bir yeniyetmə və gəncin platonik sevmə, daha sonra seçmə vaxtı olur. Bu vaxt çox sirli-dumanlı, qaranlıq və mürəkkəb strukturlu olur.Təcrübəsiz gənc öz yeni əhvali-ruhiyyəsinə cavab tapa bilmir. Yəni kimi sevir, niyə sevir, sevdiyi adamda onu valeh edən nədir?- Bu hal üçün Zəlimxan şeiri hava və su kimi maraqlıdır.  Zəlimxan Yaqub şeirində gözəldə qiymətli nədir? - “Ala göz”, “Gül camal”, “Bədirlənmiş ay“, “Göyçək camal”, “ Dəryadan dərin ağıl kamal“ ,  "Zinəti-xal”, “Qaşı ox“,   “Kirpiyi yay”, “Ceyran duruşu” və “Hüsnü Züleyxaya tay”. Belə bənzətmələr, müqayisələr insanı düşündürməyə sövq edir.Estetik mühakimələr üçün geniş imkanlar yaradır.
Məhz bu baxımdan mərhum professor Yaşar Qarayev deyirdi ki, “poeziya zaman-zaman insanların könül həmdəmi, anaların laylası, ağbirçək nənələrin ağısı, şairlərin könül tərcüməsi, ilk ünsiyyət vasitəsi olub...(17,4).
Əzəldən insan həyatı belə qurulub ki, harda olursan ol, öz mikrovətənini, onun təbiətini, bahar gecəsini, sularını, gülünü-çiçəyini,quşların nəğməsini, şimşəyin çaxmasını bir dəfə nə vaxtsa özüngüləşdirdiyi kimi yaddaşa həkk edirsən və heç vaxt unutmursan.Şairin “Nə səfalıdır” şeiridə bu sıradandır.
Gözəl təbiətə, gözəl dünyaya,
İnsanın baxmağı nə səfalıdır.
Bahar gecəsində zümzümə çalıb,
Suların axmağı nə səfalıdır.
Qayanın ucası, dağın göyçəyi,
Qalın meşələrin qara bircəyi,
Yaşıl çəmənlərin gülü, çiçəyi ,
Qəlbinə taxmağı nə səfalıdır
Quşlar oxuduğu nəğmənin səsi,
Bahar günlərinin isti nəfəsi,
Göyün gurlaması, göyün nərəsi,
Şimşəyin çaxmağı nə səfalıdır.
                                     1968, 3 may.
Yuxarıda qeyd etdiyimiz fikri şairin “Kəndimiz“ şeirinədə aid etmək yerinə düşərdi.(7.22) Açığı bu şeiri oxuyanda on illərlə yaddaşında bəslədiyim öz kəndini bütün doğmalığı ilə gözlərin qarşısında canlanır. Təkcə adlar fərqli idi ki, onlar da silinib bizimkilərlə əvəz olunurdu. Görün, neçə nəfər şagird, tələbə müəllim, başqaları bu şeiri oxuyur, öz-özünə züm zümə edir, saflaşır, təbiətləşir, doğma yurdu ilə fəxr edir, oranı bir də görməyə can atır.
Məktəbimizdə dil, ədəbiyyat, nəğmə, rəsm dərslərini tədris edən müəllimlərimizə məsləhət görərdim ki, bu şeiri oxutdurub müzakirəyə qoyaydılar, onun əsasında hər kəs öz kəndini təxmini bu cür vəsf edəydilər, nəğmə qoşaydılar, rəsmi alaydılar, sonra da uşaqlıqda oxuduğumuz “Ay pipiyi qan xoruz” , “Sən nə yamansan, a buz” və s. şeirlərin əvəzi kimi yaddaşlarına həkk edəydilər. Niyə?- Ona görə ki, hər kəs üçün bütün dünya gözəllikləri öz doğma yurdunun gözəlliklərindən doğur, ona istinad edir və oradan formalaşır.
İxtisarla: Əyir bulağını ərik, albalı
Qurulur hər yanda gözəl bir çalı.
Günəşdən rəng alır, yanaqların nar,
Onun bahar qədər təravəti var.
Dovşanlı dolaylar , cüyürlü çöllər ,
Bülbüllü bağçalar, sonalı göllər,
Nərə çəkən sellər, çağlayan sular
Müqəddəs arzular, şirin duyğular.
Göylərə baş çəkən “Lok”un, “Ləlvər”in
Havası dərmandı, suları sərin.
Çıxsan zirvəsinə “Qatar qaya”nın,
Səndən aşağıda durar hər yanın.
Xəyalı güldürür “Almalıq bağı”,
Ağıza dad verir “ God”un bulağı...
                                     1968, 9 may.
Şairin öz söhbətlərində qeyd etdiyi kimi, o tez-tez təbiətə üz tutur, onunla qovuşur, sakitliyi dinləməyə çalışır, lakin burada da sakitlik görmür:
Sükutun səsi var, eşidə bilsən, 
Gör nələr danışır daş öz dilində.
Çaldırır fikrini gah zil, gah da bəm
Bahar öz dilində, alqış öz dilində.(16,59)
Zəlimxan Yaqub yaradıcılığının bu dövründə heç bir sifariş qəbul etmir, yalnız duyduqlarını,yaşadığını, ilhamını dilləndirən mövzuları qələm alır, poeziyaya gətirir. “Sükutun səsi”, “Səadət məskəni” , “Yaxşı-yaman”, “Sinəmdədir”, “Dostum-düşmənim” və yüzlərlə başqa şeirləri bu qəbildəndir.
Şairin çağdaş poeziyasına ekskurs edən hər kəs tez bir zamanda başa düsür ki, o həmişə yaşamaq-yaratmaq həvəsində olub, heç vaxt zəifləməyi, sönməyi ağlının ucundan belə gətirməyib. Məhz bu mənada böyük şair Mirvarid Dilbazi yazırdı ki, “Zəlimxanın külü də soyuq deyil. O, qoynunda qor saxlayan küldür. Bir balaca  üfürsən, qığılcımlanacaq...(15,50)
Zəlimxan Yaqubun əsərlərindən hasil olan tərbiyəvi qənaət ondan ibarətdir ki, o hansı mövzuya müraciət edirsə, orada bir gözəllik, saf duyğu, Vətənin hər küncünə -meşəsinə, dağına, çəməninə, çayına, bulağına vurğunluq hiss olunur:
Dağlar vüqarsa, çaylar eşqdirsə,
Anamız torpağın tacıdır meşə.
Qovuran qızardar, gözə döndərər,
Qızıl yarpaqların saçıdır meşə.
Burada sadalanan gözəllikləri gündəlik həyatımızda hamı görür, amma hamı bunlardan vəcdə gəlirmi, təbiətimizin gözəllikləri ilə hamı fəxr edirmi?
Niyə məktəbdə  bəzi dərslər, məsələn, ədəbiyyat,coğrafiya, tarix, ölkəşünaslıq dərslərində çox sönük keçir, əzbərçilikdən o yana keçilmir? Ona görə ki, müəllimlərimizin çoxu ancaq plan doldururlar, proqram materiallarının quluna çevrilirlər. Axı onlar pedaqogika, psixologiya, metodika elmlərini öyrənirlər. Bəs öz sinfinə vurğunluq, elmi erudisiya, pedaqoji ustalıq, mənəvi təmizlik nə vaxt baş verəcək? Kim bizə qadağa qoya bilər ki, Zəlimxan Yaqub, Musa Yaqub və s kimi təbiət vurğunlarının qiymətli təbiət lövhələrini öz dərslərimizdə, dərnəklərimizdə tədris etməyək?. Bəs bunlar kimin üçün yazılıb?.
Hamımız yavaş-yavaş qocalırıq, amma qocalıq nə vaxt gəlir, o necə olur, qocalığın gözəlliyi nədən ibarətdir.Bütün bunları bilirikmi? Bunları da şairimizdən öyrənə bilərik:
Yanaqlar qızarır yaş çoxalanda,
Titrəyir yollarda diz, qocalırıq.
Bəzən səs veririk əbədiyyətə,
Bəzən də qoymuruq iz, qocalırıq.
Hamı o cavanlıq, dağlar dələ,
Yüz əlləş, keçəb gün gələrmə ələ.
Enişi, yoxuşu demirəm hələ,
Yoranda baldırı düz , qocalırıq.
Təbiət heç nəyi heç kəsdən almır,
Könül çalmadığı bir hava qalmır.
Bəs bu nədəndir ki, dünya qocalmır,
Həmişə dünyada biz qocalırıq(7.51)
Şairin şeirlərini oxuduqca adama elə gəlir ki, bu qiymətli söz inciləri cavan bir adamın deyil, bir neçə ömür yaşamış müdrik insanın qələminin məhsuludur.Bu şeirlərdə nələr müşahidə olunur?- Uşaqlıq, yeniyetməlik, gənclik, ahıllıq, qocalıq illəri; arzu və istəklər; fəlsəfə, tarix, psixologiya, pedaqogika, musiqi, aşıqlıq peşəsi, muğamat- hər şey. Qalır oxumaq, duymaq, düşünmək, mühakimə etmək və nəticə çıxarmaq. Bütün təhsil işçilərimiz, ziyalılarımız, məktəb rəhbərləri, müəllimlərimiz bu barədə düşünməli və düşündürməlidirlər.
Odlu-alovlu, sözlü-söhbətli, şirin ləhcəli və səmimi münasibəti olan xalq şairimiz elə şeirlər miras qoyub getmişdir ki, onları əzbərləməyə heç bir ehtiyac yoxdur-bax, yadda saxla:
İgid yolda, səfərdə,
Ovçu ovda gözəldi.
Ayaqlar üzənginə,
Əl cilovda gözəldi. 
Qar üstünə iz düşər,
Ov qrovda gözəldi.
Ceyranlar qaçaqaçda,
Qovqaqovda gözəldi.
Kimə nə  faydası var, 
Lal gəlib, mal getməyim.
Alov canın cövhəri,
Can alovda gözəldi....(5,216)
Zəlimxan Yaqub yaradıcılığının birinci dövrünü, keçən əsrin 70-ci illərində onu ədəbiyyat aləminə təqdim edən, sənətdəki ilk addımlarını təqdir edən, ona uğurlara  diləyən xalq şairi Hüseyn Arifin sözləri ilə bitirməyi məsləhət bilirik:
“Şairin özünəməxsusluğu, onun şeirlərinin, adının oxucular arasında hörmət qazanması ona ictimai mükafatdır. Oxucuların sağlam bədii zövqünü oxşayan poeziya geniş yayılır. Xalq ruhuna, poetik fikrimizin gözəl ənənələrinə səmimi hörmət bəsləyən şairlər həmişə sevilirlər. Gənclikdən öz mənəvi köklərinə bağlı şairlərin yetişməsi poeziyamızın gözəl gələcəyindən xəbər verir. Belə şairlərimizin istedadlı nümayəndələrindən biri Zəlimxan Yaqubdur. Onun uğurları məni xüsusi sevindirir. Axı Zəlimxan haqqında ilk dəfə mən uğurlu yol yazıb, ilk şeirini “Azərbaycan gənclərinə mən təqdim etmişəm -1971-ci ildə ...” (16, 52)
Zəlimxan Yaqub yaradıcılığının  ikinci dovrü 90-cı illəri əhatə edir. Bu dövr şairi bir şəxsiyyət kimi ədəbiyyatda təsdiq edən, məşhurlaşdıran özünü təsdiq dövrüdür. Bu dövr mikrovətənlə kifayətlənməyərək, makrovətənə, dünyaya çıxış dövrüdür:
Şirvanım da, Muğanım da, Milim də,
Könül açan bir nəğmədir dilimdə.
Qarabağın havası var dilimdə,
Məlahətdi,məlahətdi,məlahət(16,53)
Şairin mikromühitə və makromühitə münasibətini xüsusi açmağımıza elə bir ehtiyac yoxdur. O sanki bu münasibətlərin nə vaxtsa soruşula biləcəyini əvvəlcədən hiss etmiş və ‘’Borçalıyla Azərbaycan arasında’’ mövzulu şeirində buna tutarlı cavab yazmışdır;
O elimdi, o kəndimdi, bu şəhərim,
O həsrətim, bu sevincim, bu qəhərim,
Bəlli deyil nə axşamım, nə səhərim,
Mən qalmışam axşamla dan arasında.
Üfüqlərdə o bir qartal, mən bir lələk,
Zirvələrdə o bir qaya, mən bir çiçək, 
Yaralıyıq, o bir candı, mən bir ürək,                                                  
Yaşayırıq ürəklə can arasında. 
Bədən birdi, ət dırnaqdan ayrı deyil,
Torpaq birdi, kök budaqdan ayrı deyil,
O məmləkət bu torpaqdan ayrı deyil,
Ayrı nə var küləklə can arasında,   
Duyğularım enər bəmə, qalxar zilə,
Bu yollarda dərdim düşüb dildən dilə.
Bir ömürdü,əridirəm gilə-gilə,
Borçalıyla Azərbaycan arasında! (5, 3, 20, 6 mart 2001)
Bu dövrdə Vətən, ona olan məhəbbət  olduqca aydın  konkret  və geniş bir  məhvum kimi tərənnüm edilir. Şairin müraciət etdiyi mövzular,obrazlr, ifadələr daha dəqiq, poetik fikir konkretdir.Tərənnüm etdiyi sevgi, məhəbbət məsələləri platoniklikdən, hissi-həyəcanlıqdan daha çox ciddiliyə doğru yönəlir:
Dağa, daşa düşmə sevgi deyə,
Sevgi budur, gözümüzün qabağında.
Külək vurar, yağış öpər, şeh sığallar,
Sevgi budur çiçəklərin yanağında.
Tanrı eşqi baş tacıdı, göz nurudu,
Sevilənlər sevənlərin qürurudu,
Haçan baxsan göz yaşından dumdurudu,
Sevgi budur, baxışların bulağında.
Yerə əyil, yurda sağlam toxumlar ək,
Ətrini duy, suyunu ver, nazını çək.
Öləndədə qəbrin güllər bitirəcək,
Görəcəksən, sevgi bitib torpağında. (5,203)
Şair yaradıcılığının son dövr şeirlərini  bir növ müdrik  yaradıcılıq dövrü adlandırsaq səhv etmərik. (Qocalıq dövrü deməyə adamın dili gəlmir.Çünki amansız xəstəlik imkan vermədiki, əvvəlki ilhamla yazıb yaratsın. Onun qələmindən hələ çox yazılar  çıxa bilərdi....). Bu mənada onun “Yetişməz”adlı şeiri çox maraqlıdır.
Cavanlığın tayı-tuşu cavanlıq,
Şirin ömrün şax duruşu cavanlıq.
Başımızın şahlıq quşu cavanlıq,
Ömür bir də o tərəfə yetişməz.
Sevda adlı qibləyə tut üzünü 
Nəyi varsa, de dünyaya sözünü.
Ay Zəlimxan, nahaq yorma özünü,
Heç bir arzun son hədəfə yetişməz. (5, 384)
 Şair qocalıqda da, ölümdə də, gözəllik axtarır. Soruşan olar ki, qocalıqda, ölümdə nə gözəllik ola bilər. Bunu duymaq, həzm eləmək çətindir, amma mümkündür:
Torpaq sevgisini,həyat eşqini,
Onun əllərindən ala bilməyib.
Uğurla açılıb hər gələn sabah,
Bu kişi nə gözəl qocalıb,Allah.
Eşqi  çaylar kimi rəvan olardı,
Belə qocalsaydı bütün qocalar.
Ömrümdə  bir dəfə mən çəkməzdim ah,
Bu kişi nə gözəl qocalıb Allah.
Bir çox hallarda estetik tərbiyədən, ümümiyyətlə gözəllikdən söhbət düşəndə elə düşünülür ki, burada təkcə Allahın, təbiətin yaratdığı gözəlliklərdən söhbət açılır. Bəs axı Allah yaratdığı insan özü də xarüqələr yaradır. İnsandan insan yaranır,onlardan gözəl davranış qaydaları, söz demək bacarığı, çalmaq, oxumaq, oynamaq, qabiliyyəti tələb olunur tərbiyə olunur. İnsan oğlu gözəl bədii əsərlər, rəsm lövhələri yaradır, özünə baxıb maşınlar, quşlara baxıb uçarlar, balıqlara baxıb sualtı və suüstü gəmilər yaradır.İnsan oğlu gözəl doğulmalı, gözəl yaşamalı,gözəl qocalmalı və gözəl də ölməlidir…
Zəlimxan Yaqub bədii yaradıcılığının əsas motivlərindən biri də xalq ruhu, xalq müdrikliyindən irəli gələn nəsihət və hikmət yüküdür.Bu sıradan onun öz övladlarına ünvanlandırdığı  nəsihət-vəsiyyət şeiri çox duyğusaldır, mənalı və təsiredicidir. Şeir “Övladlarıma” adlanır və müraciətlə başlanır:
Əlli illik ömrümün dörd çiçəyi,dörd barı,
Deyəcəklər sizlərə “şairin övladları”.
Bəhlulum, Şəhriyarım, Aygünüm, Günayım,
Yaradanın qismət, Tanrıdan gələn payım.
Şair çox böyük bir fərəhlə öz övladlarının Allah payı olduğunu, Allahdan razı qaldığını,ailədə məhəbbət və etibarlııq olduğu üçün ona minnətdar olduğunu dönə-dönə təkrar edir:
Allah nə, Yaradan nə, Tanrı nədir haqq nədir?
Bələd olur həyatın dəymişinə kalına.
Allahını sevən kəs uymur dünya malına,
Qara daşı ləl bilir.
O, öz övladlarına Vətənin dərdini, yaşlarının səbəbini bədii lövhələr və incə duyğularla izah edir:
Mən sizə tanıtmışam,
Kimlər əyib vətənin əyilməyən qəddini!
Dərbənd niyə aralı?
Təbriz niyə aralı?
Niyə Borçalının da 
Rəngi-ruhu bozarıb, yarpaq kimi saralıb?
Və nəhayətdə məsələnin əsl məğzini məharətlə açıb söyləyir;
Açın qulağınızı, mənim gül balalarım,
Eşidin min illərin fəryadını, səsini
Açın bu vaxta qədər hələ də açılmamış,
Sazın fəlsəfəsini, sözün fəlsəfəsini!
Yarım əsri yaşadım, artıq yaşım əllidir.
Ölüm nə vaxt gələcək?
Onu yaradan bilir,
Son günüm, son saatım yalnız ona bəllidir (4,319-322).
                                                     
   Nəticə və təkliflər
Nəhayət, biz  xalq şairi Zəlimxan Yaqubun 13 cildlik əsərlərinə ekskurs edərək onun  incə ruhlu, bulaq suyu kimi təmiz, şəffaf şeirlərini bir də gözdən keçirdik və bu qərara gəldik ki, şairin əsərləri gənc nəslin estetik tərbiyəsində  əsil tərbiyə vasitəsidir.Onun qələmə aldığı hər bir mövzu oxucuda xalqımızın keçmişinə, tarixi mübarizəsinə,adət və ənənələrinə, şifahi və yazılı yaradıcılığına güclü maraq yaradır,rəngarəng təbiətinə vurgunluq hissi formalaşdırır və imkan düşdükcə sazlı-sözlü bu şairin yaradıcılığına yenidən müraciət etməyə sövq edir.
Şairin əsərlərini oxuduqca onun ana dilimizi  yüksək dərəcədə bildiyinə  geniş söz  ehtiyatına malik olduğuna və bədii yaradıcılıq istedadına məftun olmaya bilmirsən. Düz deyirlər ki, xalqımız şair xalqdır. Amma bir fikir də vardır ki, “hər oxuyandan Molla Pənah olmaz”. Belə şairlər həm də “sinonim şairlər” hər 50-100 ildən bir meydana çıxır.
 Biz şairin estetik ideyalarını şərti olaraq üç dövrə:cavanlıq, ahıllıq və qocalıq dövrünə böldük və tədqiqat prpsesində məlum oldu ki, düz yoldayıq.
Deyilənlərlə əlaqədar bir neçə təklifimizi də qeyd etməyi zəruri sandıq.      
1. Xalq şairi Zəlimxan Yaqubun poetik duyğu və düşüncələri, bədii təfəkkürü, estetik qavrama qabiliyyəti və mühakiməsi, Azərbaycan təbiətinə vurğunluğu, xalq yaradıcılığındakı bütün gözəllikləri bilməsi və kəşf etməsi, aşıq yaradıcıığı ilə yaxından tanışlığı, gənclərə yaxından bağlılığı hər bir oxucu, tələbə, şagird üçün zəngin tərbiyə məktəbidir. Onun əsərlərini dönə-dönə oxumaq, təbliğ etmək vətənini sevən, gənc nəslin tərbiyəsi ilə məşğul olan hər kəsin müqəddəs borcudur.
2. Şairin bir çox əsərlərinin  məktəbin tədris proqram və dərsliklərində, dərs vəsaitlərində istifadə etmək məqsədə uyğun olardı. Bütün məktəbyaşlı uşaqlar üçün o əsərlərdə zəngin material vardır.
3. Şagirdlərin estetik tərbiyəsində, xüsusilə dil, ədəbiyyat, nəğmə, rəsm dərslərində şairin əsərləri ən gözəl əyani vasitədir.
4. Şairin yaradıcılığından ali məktəbdə tədris edilən bir çox fənlərdə - dil, ədəbiyyat, tarix, pedaqogika, etnopedaqogika və s. geniş sürətdə istifadə  etmək mümkündür. Xüsusən seçmə fənlər üçün şairin yaradıcılığı böyük bir xəzinədi.
5. Z.Yaqubun  zəngin yaradıcılığı hər bir təhsil işçisi - rəhbər, müəllim, magistrant tələbə, şagird və sairlər üçün mühüm ideya toplusu,söz bazası və gözəllik mənbəyidir. Ondan hər yerdə-ailədə, məktəbdə, ixtisas məktəblərində geniş istifadə  edib faydalanmaq olar.
Mirzə Nazim Xancan oğlu                                      
 шаблоны для dle 11.2