Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

"Dədə Qorqud"un yeni əlyazması - 13-cü boy

                                                                                                            
                              
Namaz MANAFOV,                                                                
Mingəçevir Dövlət Universitetinin dosenti,
filologiya üzrə fəlsəfə doktoru 
                                                                                                                                                             
Türk poetik təfəkkürünün məhsulu olan “Kitabi-Dədə Qorqud” dastanının dünya ədəbiyyatı xəzinəsində özünəməxsus yeri vardır. “Kitabi-Dədə Qorqud”un 12 boydan ibarət olan Drezden  nüsxəsi 1815-ci ildən, 6 boy və müqəddimədən ibarət olan Vatikan nüsxəsi 1952-ci ildən ictimaiyyətə məlumdur. Bu nadir sənət əsərinin Drezden və Vatikan kitabxanalarına necə düşməsi isə məlum deyil. Elmi ictimaiyyətə o məlumdur ki, 1565-1585-ci illərdə güney Qafqazda hakimiyyət sürmüş Osmanlı qoşunları komandanı Osman paşa Ərdəmirzadənin xəzinəsi ilə bərabər “Kitabi Dədə Qorqud” dastanı da Avropaya aparılmışdır. 1815-ci ildə isə alman şərqşunası Fridrix fon Dits “Kitabi –Dədə Qorqud” haqqında məlumat vermiş, ilk elmi fikir söyləmiş və dastanın “Basatın əjdahanı öldürdüyü boy”u alman dilinə tərcümə etmişdir. Bu ölməz sənət əsəri sonradan dünyanın bir çox dillərinə tərcümə olunmuş, Ankarada, Bakıda, İstanbulda, Sankt-Peterburqda, Londonda, Sürixdə və başqa şəhərlərdə dəfələrlə nəşr edilmişdir.
      Odur ki, 2019-cu ilin aprel ayında “Dədə Qorqud”un yeni üçüncü əlyazmasının tapılması xəbəri sensasiyaya səbəb oldu,  son illərin ən önəmli hadisəsi kimi türkoloqların mübahisə mövzusuna çevrildi.
       Yeni əlyazma haqqında ilk məlumatı Türkiyənin Bayburt Universitetində keçirilən “Dünya Mədəni Mirası Dədə Qorqud” beynəlxalq konfransında (25-27 aprel 2019) Ege Universitetinin professoru Mətin Ekici vermiş, “Dədə Qorqud”un yeni
13-cü boyunu - “Salur Qazanın yeddi başlı əjdahanı öldürməsi” adlı boyu  elmi ictimaiyyətə təqdim etmışdir.
      Əlyazmanın sahibi İranın Türkmən Səhra  bölgəsinin Günbet şəhərində yaşayan Yahya Vəli Məhəmməd Xocadır.  Vəli Məhəmməd Xoca dövlət xətti ilə Danimarkada Elektrik Mühəndisliyi təhsili alıb, İranda məmurdur. Azərbaycan türkü olmuş atasının vəsiyyətinə görə 15 ildən çoxdur ki, türkcə yazılmış əlyazmalar toplayır və əlyazmalar kitabxanası yaradıb. Əldə etdiyi qazancla kitabxanasını zənginləşdirən  Xoca indi burada yaşı 200 ildən  yuxarı 132 əlyazmasının olduğunu deyir. Dədə Qorqud əlyazmasını isə Tehranın İnqilab kitab bazarının Hünər kitab evindən təsadüfən, əlyazmanı satmağa gəlmiş və adının çəkilməsini istəməyən bir adamdan alıb. Əlyazmanı satan şəxsin sözlərinə görə,  onun ailəsi Qacar sülaləsindəndir və bu əlyazması Ağa Məhəmməd Şah Qacarın kitabxanasından yadigar qalıb.
     Tədqiqatçılar təzə əlyazmanı  tapıldığı əraziyə görə “Türküstan nüsxəsi” ( Mətin Ekici),  “Türkman Səhra nüsxəsi” (Yusif Azmun),“Dede Korkut Kitabının Günbet Yazması” (Nasser Khaze Shahgoll, Vallollah Yaghoobl və b.) adlandırırlar.
     31 vərəq, 62 səhifəlik bu əlyazmanın cildi yoxdur, yazının  üstünə kitabın adı  yazılmayıb. 10-cu səhifədə qırmızı mürəkkəblə sonradan yazılmış belə bir qeyd var:  “Cildi Düyyümi Kittabi Türkmən” (“Kitabi Türkmənin ikinci cildi”). Bu qeyd əlyazmanın  birinci cildinin də olması fikrinə işarədir, amma əlyazmanın (orijinalın) özündə buna  rast gəlinmir.
       “Turkman” sözünə ilk dəfə Mahmud Kaşğarinin “Divani-lüğətüt-türk” (1074-cü il) əsərində rast gəlinsə də, bu sözün geniş yayılması XIV-XV əsrlərdən başlayır. Türkmən etnonimi təkcə Türkmənistan türkmənlərinə deyil, oğuzların cənub qolunun bütün nümayəndələrinə (islam dinini qəbul etmiş oğuzlara) aid edilir. Başqa sözlə, oğuz tayfa və xalqlarının geniş dairəsi tarixən türkmən/türkman adını daşımışdır. Türkiyə türklərinin bir qismi, Azərbaycan türkləri, Türkmənistan türkləri, İranın oğuz tayfaları keçmişdə türkmən, yaxud turkman adlandırılırdı.
     Yuxarıda qeyd etdiyimiz kimi, əlyazmanın cildi yoxdur. Tanrıya, peyğəmbərə müraciət, Məhəmməd ümmətinin tərifi birinci səhifənin kitabın başlanğıcı olduğunu bildirir.
      Əlyazma son dərəcə gözəl nestalik yazısıyla yazılıb. Dik cizgiləri qısadır, hərflər bir az sağa, geriyə yatıqdır. Hərflər sanki asılmış kimi düzülüb.
       Hər səhifədə 14 sətir var. Durğu işarələri yoxdur. Cümlələr bir-birindən aralıqla  ( boş yer ) ayrılır. Bəzi cümlələr çox qısa, bəziləri çox uzundur. Hər bölümdəki cümlənin son sözü  yeni bölümdə ya təkrarlanır, ya da buradakı ilk sözlə qafiyə olur. Yeni boy - “Salur Qazanın yeddibaşlı əjdahanı öldürməsi” boyu 48-ci səhifədən başlayır və kitabın sonunda bitir.
       Qısa bir vaxtda  Türkiyədə əlyazmanın müxtəlif adlarla 3 variantı nəşr edilib: “Dede Korkut Kitabı Türkistan/Türkmen Sahra Nüshası. Soylamalar ve 13-cü boy Salur Kazanın yeddi başlı ejderhani öldürmesi”-  Hazırlayan Ekici Mətin;  “ Dede Korkutun üçüncü elyazması. Soylamalar ve iki yeni boy ile Türkmen Sahra Nüshası”- Hazırlayan Yusuf Azmun;  “Dede Korkut Kitabının Günbet Yazması: İnceleme,  Metin, Dizin ve Tipkibasım” - Hazırlayanlar  Nasser Khaze Shahgoll, Vallollah Yaghoobl, Shahrouz Aghatabal, Sara Behzad.
        Lakin  əlyazmasındakı boyların sayı tədqiqatçiların fikir ayrılığına səbəb olub. Tanınmış türkşünas alim, professor Yusif Azmunun fikrinə görə, “Dədə Qorqud”un üçüncü əlyazmasında  iki boy var,  professor Mətin Ekiçi, Əhməd Bican Ərcilasun, Nasir Şahqulunun fikirlərinə görə isə əlyazmada tək bir boy var -  “Salur Qazanın yeddibaşlı əjdahanı öldürməsi” boyu (səhifə 48-61). Əlyazmanın əvvəli (səh. 1 – 48) 13-cü boya hazırlıqdır.
      “Dədə Qorqud”un 13-cü boyu haqqında məlumat uzun illərdir ki, dünya qorqudşünaslığının diqqət mərkəzindədir. Hələ 1936-cı ildə “Bakinski raboçi” qəzetində görkəmli türkoloq alim Bəkir Çobanzadə tərəfindən Sankt-Peterburq Şərqşünaslıq İnstitutunda Dədə Qorqudun yeni boyunun tapılması  haqqında məlumat verilmişdi (4 avqust 1936, 179 (4978). Tapıntı haqqında professor Bəkir Çobanzadə Dil və Ədəbiyyat İnstitutunun dilçi alimləri qarşısında çıxış edərək, geniş məlumat vermış, qərara alınmışdır ki, 13-cü boy SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Xəbərlərində dərc edilsin. Bu xəbər dünya mətbuatına da yol tapmış, ilk dəfə M.Ə. Rəsulzadə  Berlində nəşr olunan “Ana dili” jurnalında bu tapıntı haqqında məlumat vermişdir. Lakin 1937-ci ildə dünya şöhrətli alim Bəkir Çobanzadə repressiya qurbanı olaraq güllələndi. Onun əlyazmaları, Dədə Qorqudun 13-cü boyu və görkəmli alimin 1936-cı ildə yazdığı “Kitabi-Dədə Qorqudun ədəbi-linqvistik təhlili” adlı  əsəri müsadirə edildi (Sonradan Dədə Qorqudun 13-cü boyu haqqında məlumat verilməmiş, həmin əlyazmanın taleyi və B. Çobanzadənin əsəri indiyə qədər naməlum qalmışdır).
         “Dədə Qorqud”un yeni, üçüncü əlyazmasının tapılması respublikamızın elmi ictimaiyyətinin  də diqqətini cəlb etdi.
         Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin nüfuzlu “Türkologiya” jurnalı (Baş redaktor  akademik  Kamal Abdulladır) 2019-cu ildəki 2-ci nömrəsində türkiyəli alimlər Metin Ekici, Ahmed Bican Ərcilasun və Ali Duymazın  məqalələrini müzakirə və diskussiya başlığı ilə elmi ictimaiyyətə təqdim  etdi.
          Respublikamızın tanınmış dilçi alimlərı, qorqudşünaslar araşdırmalar aparıb, diqqətəlayiq  fikirlər ortaya qoydular.  Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda nəşr edilən “Dədə Qorqud” elmi-ədəbi toplusunda (2019, II (65) filologiya üzrə fəlsəfə doktoru, prosessor Ramazan Qafarlı və filologiya üzrə fəlsəfə doktoru, professor Seyfəddin Rzasoyun “Kitabi-Dədə Qorqud”un üçüncü əlyazması, yoxsa “Kitabi-Türkmən lisani” oğuznaməsi” adlı tədqiqat məqaləsi böyük maraq doğurdu. Müəlliflər yeni əlyazmanın Türkiyədə nəşr olunan variantları ilə “Kitabi-Dədə Qorqud”un müqayisəli təhlilini aparıb,  bəzı suallara dəqiq və  aydın cavablar verdilər, mübahisəli məsələlərə aydınlıq gətirdilər.
         Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Kamal Abdulla, AMEA-nın müxbir üzvü Kamran Əliyev və professor  Ramiz Əsgər yeni tapılmış əlyazma ilə bağlı qiymətli fikirlər söylədilər.
      “Dədə Qorqud”un  yeni tapılan üçüncü əlyazması (“Kitabi- Türkmən lisani”) öz poetik strukturu etibarilə XIV-XV əsrlərdə yazıya alınmış “Kitabi-Dədə Qorqud”un həm Drezden, həm də Vatikan nüsxəsindən fərqlənir. Yeni tapılmış əlyazması “Kitabi-Dədə Qorqud”un yeni nüsxəsi deyil, “Dədə Qorqud” eposunun  Türkmən epoxasında qələmə alınmış  abidəsidir. Lakin bəzi məsələlər, xüsusən əlyazmanın hansı əsrə aid edilməsi,  XVII-XVIII,  bəlkə də lap XIX  əsrdə yazıya alındığı mübahisə mövzusu olaraq qalır.
           “Dədə Qorqud”un  yeni  tapılmış  əlyazması (13-cü boy - “ Salur Qazanın yeddibaşlı əjdahanı öldürməsi boyu) başdan-başa Azərbaycanla bağlıdır.   Birincisi, əlyazmanın dili açıq-aşkar son dövr Azərbaycan dilidir. Burada Azərbaycan dilinin Təbriz sivələrinin xüsusiyyətləri daha çox müşahidə olunur (Bu, ayrıca bir tədqiqat mövzusudur).
        İkincisi,  əsərin üzü  Güney Azərbaycanda  köçürülüb və əlyazması Türkmən Səhra bölgəsinin Günbet səhərində saxlanılıb.
        Üçüncüsü, təqdim olunan hadısələr, əsasən Azərbaycan  ərazisində vaqe olur. Bunu  əlyazmasında işlənən  Təbriz, Şirvan, Şamaxı, Naxçıvan,  Xalxal kimi Azərbaycan toponimləri  də sübut edir.
      “Dədə Qorqud” eposunun yeni tapılmış 13-cü boyunun - “Salur Qazanın yeddibaşlı əjdahanı öldürməsi” boyunun tədqiqi və səciyyələndirilməsi, əlyazmanın dilinin müxtəlif cəhətdən araşdırılması böyük maraq doğurur.  Əlyazmanın elmi təhlili dilçilərə, xüsusən qorqudşünaslara  və dil tarixçilərinə yeni və qiymətli elmi nəticələr əldə etməyə  imkan verəcəkdir.
                                                         
       
         
 шаблоны для dle 11.2