Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Məktəb və “Məktəb İcması”nın birgə fəaliyyəti
































Mikayılova Könül Vaqif qızı  
ARTİ-nin böyük elmi işçi
konulmikayilova@rambler.ru
ORCID 0000-0003-2817-5593 





























Muradlı Tavat Hüseyn qızı
ARTİ-nin böyük elmi işçi
tavat.muradli2016@gmail.com
ORCID 0000-0003-4995-1176

 
 Cəmiyyəti təhsil-tərbiyədən, təhsil-tərbiyəni isə cəmiyyətdən ayrı təsəvvür etmək mümkünsüzdür. Belə ki, cəmiyyətin rifahında, tərəqqisində, inkişafında təhsilin, məktəbin öz əvəzsiz yeri və rolu olduğu kimi, təhsilin də daim yenilənməsində, inteqrasiyasında, uğurlara və nailiyyətlərə imza atmasında cəmiyyətin, ictimaiyyətin də xüsusi yeri var. Müasir cəmiyyətin inkişafı demokratik, sivil qarşılıqlı fəaliyyət normalarına riayət olunmaqla, onun üzvlərinin fəallığının və məsuliyyətinin artması ilə mümkündür. Bu baxımdan cəmiyyət məktəbə, təhsilə öz köməkliyini göstərməlidir. “Məktəb İcması” məhz bu işlərin uğurla həyata keçirməkdə həm məktəbə, həm də ictimaiyyətə böyük köməklik göstərə bilər. 

  • “Məktəb İcması” nədir? 
  • Məktəblə cəmiyyətin əlaqəsi nəyə xidmət edir?  
  • “Məktəb İcması” şagird nailiyyətlərinə və cəmiyyətin inkişafına necə təsir edir? 
  • “Məktəb İcması”nın genişlənməsi və məqsədəuyğun fəaliyyəti üçün maraqlı tərəfləri əməkdaşlığa necə cəlb etmək olar? 
- Məktəb icma üzvlərinin fəaliyyəti nədən ibarətdir? Rəhbərlər, müəllimlər, şagirdlər, valideynlər və təhsilin inkişafına maraqlı tərəflər ilə münasibətləri necə qurmaq olar? 
Bu qeyd olunan suallara cavab verməklə “Məktəb İcması”nın fəaliyyəti ilə tanış olmaq və təşkilinə dəstək olmaq mümkündür.
 “Məktəb İcması” anlayışı Amerika pedaqogikasında və təhsil psixologiyasında bir neçə onilliklər əvvəl yaranmışdır. Avropa və Amerikada məktəb islahatları zamanı bu fəliyyət növü geniş yayılmış və hazırda cəmiyyətin və məktəbin həyatında aparıcı yer tutur. "Məktəb icması" – müasir məktəbin təkmilləşdirilməsi yollarından biridir. Bunun üçün böyük maliyyə xərcləri tələb olunmur.
Tədris prosesinin bütün iştirakçıları – məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər arasında bərabərhüquqlu qarşılıqlı əlaqə, onların “icma” qanunlarına uyğun yaşamaq istəyi “Məktəb İcması”nın ən mühüm xarakterik xüsusiyyətidir.
Cəmiyyət ayrı-ayrı fərdlərdən ibarət olduğu kimi, “Məktəb İcması” da ayrı-ayrı sosial statusa malik insanların eyni bir məqsəd üçün əməkdaşlığıdır. “Məktəb İcması” daxilində müəyyən statuslu  insanlar birləşərək öyrətmək və öyrənmək üçün motivasiya yaradır. Birgə əməkadaşlıq və birgə fəaliyyət bu məqsədə nail olmalarını təmin edir və məktəbin ictimayyət qarşısında hesabatlılığını artırır.
“Məktəb icması” fəaliyyət göstərən məktəblərdə demokratik münasibətlər modeli müşahidə olunur. Çünki “Məktəb icması” təhsil və tərbiyə prosesində uşaqlara biliklərin, münasibət normalarının, dəyərlərin, istək və fəaliyyət modellərinin ötürülməsində, cəmiyyətdə gələcək üçün müstəqil həyata hazırlanmasına dəstək olur. Məktəblərdə birgə rəqəmsal öyrənmə mühitini təkmilləşdirməklə şagirdlərin öyrənmə materiallarını asanlaşdırır, müəllim-şagird əməkdaşlığını təmin edir.
Öyrənmədə, ekskursiyaların təşkilində, problemlərin həllində, əhatə dairəsinin genişlənməsində və s. icmanın bütün üzvləri məktəbə dəstək olur. 
 “Məktəb İcması” ilə məktəbin əməkdaşlığı məktəbdə şagird və müəllimlər arasında yaranan hər hansı bir problemin qarşılıqlı əlaqədə həll olunmasına yönəlir. Bu əməkdaşlığın şəffaf və demokratik əsaslarda təmin olunması, nəticələrin obyektiv qiymətləndirilməsi, görüləcək işlərin aydınlığı və konkretliyi icmaya marağı və inamı təmin edir. 
“Məktəb İcması”nın üzvləri məktəblilərin intellektual səviyyəsini artırmaq üçün mühitin təmin edilməsinə dəstək verir və cəmiyyətin bütün üzvlərinin təmsil olunduğu sağlam sosial mühit yaradır. 
İcmaya lazımi dəstəyin göstərilməsi, icma üzvlərinin fəaliyyətinin müntəzəm izlənilməsi, aylıq və illik hesabatların dinlənilməsi, müvafiq tapşırıqların verilməsi və şəraitin təmin olunması məktəb rəhbərlərinin icmanın fəaliyyətinə göstərdiyi dəstəkdir.
İcmanın fəaliyyətində müəllimlərin xüsusi yeri və rolu var. Müəllimlər məktəbdə oxuyan bütün şagirdlər üçün məsuliyyət daşıyırlar və bu sahədə istiqamətverici işlər görə bilərlər. 
Məktəb icmasının fəaliyyətində valideynlərin də rolu danılmazdır. Valideynlərin bu işdə xüsisi yeri var. Belə ki, onlar sağlam ailə mühiti yaratmaqla öz övladlarına qayğı göstərir, lazımi səviyyədə təhsil almaları üçün şərait yaradır, məktəbin və məktəb icmasının fəaliyyətində fəal iştirak edirlər. 
Məktəb və məktəb icmasının daxili nizam – intizam qaydalarında şagirdlərin faəliyyəti də öz əksini tapmışdır. Belə ki, məktəblilər öz öhdəliklərini aydın dərk etməli, icma üzvləri ilə əlaqə saxlamalı, çətinlik çəkdiyi hər hansı bir vəziyyətdə icmanın dəstəyindən yararlanmalı, həmçinin şagird kollektivi öz aralarında icmanın fəaliyyəti ilə əlaqəli müzakirələr aparmalıdır.

Məktəb icmasının tərkibinə aşağıdakılar daxildir:
1. Məktəbin ictimaiyyəti: 
a) daxili ictimaiyyət (şagirdlər; müəllim heyəti; yardımçı heyət; təhsil şurası);
b) xarici ictimaiyyət: (valideynlər; özəl şirkətlər və nümayəndələri; dövlət qurumları; qeyri-hökumət təşkilatları);

Məktəb icmasının vəzifələri:
məktəbin fəaliyyətinin planlaşdırılmasında valideynlərin və ictimaiyyətin iştirakını asanlaşdırmaq; 
-şagirdlərin təlimdə inkişafı üçün onların ehtiyacları və istəkləri, resursları nəzərə alınmaqla, öz məktəb icması ilə əməkaşlığını təmin etmək; 
- Məktəb Fəaliyyət Planlarını hazırlamaq və həyata keçirmək üçün məktəb işçiləri ilə əməkdaşlıq etmək; 
hər il ailələr və icma üzvlərinə onların fəaliyyətləri, əldə etdikləri nailiyyətlər haqqında məlumat və hesabat vermək; 
- görülən işlərin icrası zamanı xərclədikləri maddi vəsaitin həcmi ilə əlaqədar açıq hesabatın verilməsi; 

Məktəb İcması Şurası aşağıdakı məsləhət və tövsiyələr verə bilər:
- təhsil siyasəti ilə bağlı tövsiyələrin verilməsi, proqramların hazırlanması kimi təhsil xidmətlərinin göstərilməsi;
- məktəb hüquqları, şagird davranış qaydaları, siniflərin təşkili və məktəbin idarə edilməsi; 
- konkret müəllim tərəfindən təhsil xidmətlərinin göstərilməsi və s.;
Bütün bu qeyd olunanlar məktəb icmalarının fəaliyyətinə dair ictimaiyyətin maarifləndirilməsi istiqamətində baza rolunu oynaya bilər. Belə ki, məktəb icmalarının da əsas məqsədi təhsilin inkişaf etməsinə dəstək olmaqdır. 
Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə çıxışı zamanı deyib.  “Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin”. 
Təhsil gənc nəslin yeniliklərə, texnologiyalara marağını, sağlam həyat tərzini, ətraf mühitə, cəmiyyətə münasibətdə obyektiv mövqe tutmağını təmin edir. Təhsillə, elmlə qazanılan bilik və bacarıqlar, etik-əxlaqi normalar, milli və ümumbəşəri dəyərlər yetişən gənc nəslə cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır. Eyni zamanda gəncləri nümunəvi ailə üzvünə və dərin təfəkkürə və möhkəm iradəyə, əzmə malik əsil vətəndaşa çevirir.
               
İstifadə olunmuş ədəbiyyat
1.Azərbaycanda ailə-məktəb münasibətləri. 
URL: https://news.milli.az/society/93471.html
2.Əliyev İ. Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib. Bakı: 26 noyabr 2019. 
URL:https://azertag.az/xeber/Azerbaycanin_konseptual_tehsil_strategiyasi_geleceye_qoyulan_sermaye-1991021
3.Məktəblərdə icma əsaslı valideyn assosiasiyası yaradılacaq.
URL: https://azedu.az/az/news/19989-mekteblerde-icma-esasli-valideyn-assosiasiyasi-yaradilacaq-
 4. “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında. URL: https://e-qanun.az/framework/21148