Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

PEŞƏ İXTİSASI SİSTEMİNİN ƏSAS PRİNSİPLƏRİ

 

Özkan Çakar
İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun doktorantı,
İnova Mühəndislik - Tədris və Təlim MMC-nin rəhbəri



Dövlətlərin təhsil sahəsində siyasətinin əsasını, təhsilin uzunmüddətli dövrlər üçün inkişaf istiqamətlərini müəyyən edən, milli təhsil konsepsiyası və təhsil sisteminin bütün sahələrinin inkişafını nəzərdə tutan dövlət proqramları təşkil edir. Bu proqramlar təhsil alanlar üçün, milli-mənəvi və ümumbəşəri dəyərlərə dərindən yiyələnmə, onları qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüs və yenilikləri qiymətləndirməyi bacaran, təhsil aldığı ixtisas üzrə nəzəri və praktik biliklərə tam yiyələnən, müasir təfəkkürlü mütəxəssis hazırlanmasını tələb edir. Təhsil sistemi dövlət siyasətinin prinsipləri əsasında idarə edilməsi üçün bu sahədə çalışan hər bir şəxsin təhsil sahəsində bu siyasətin mahiyyətini, onun milli-mənəvi tələblərini bilməsi vacibdir.
İnkişaf  etmiş dövlətlərdə peşə təhsili üzrə aparılmış tədqiqatların nəticələri gös­tərir ki, müəssisə və təşkilatlarda işləyən kadrların 10%-i ali təhsil almış şəxslərdən yerdə qalan işçilər isə peşə təhsil sisteminin müxtəlif pillələrindən keçmiş olanlar yer tutur. Peşə təhsili sisteminin aktual prob­lemlərinin ən birincisi səmərəlilik məsəsləsidir. Uzun müddət lazımi işçi qüvvəsini peşə sistemi ilə həll eləmiş dövlətlərin təcrübəsinə əsas­lananda, peşə təhsili sistemində səmərəliliyi yuxarı səviyyədə saxlamağın yolu ixtiyari qərarlarla yox, elmi yanaşmalarla həll olunduğunu müşahidə edirik. Bu səmərəliliyin çıxış yolu kimi müxtəlif yanaşmalar qəbul olunmuşdur. Bu yanaşmalara nəzər yetirsək görərik ki:
Hər bir şagirdə təhsil müddəti ərzində, yaşadığı cəmiyyətin dəyərlərini aşılamaq, fiziki hazırlıqdan keçirmək, əxlaq və etik dəyərlərə hörmət ilə yanaşmağı öyrətmək, müasir bilik və bacarıq­ları verib, bunları vərdiş halına salmaq, insan və cəmiyyətin problemlərini dərk elətdirmək, bu prob­lemlərin həlli istiqamətində fikir yürütməyi öyrətmək, ölkənin iqtisadi və mədəni inkişafına töhfə vermə şüuru istiqamətində işlər aparıb gələcəyə hazırlamaq, şa­girdləri müxtəlif proqram və məktəblər ilə əlaqələndirib, istedad və qabiliyyətləri istiqamətində peşəyə, əmək bazarının tələblərinə uyğun iş həyatına hazırlamaq, təhsil və məşğulluq arasında balans yaradaraq, ölkənin inkişaf strategiyası istiqamətində dinamikliyin təşkil olunduğu işləri görmək lazımdır.
Tələbələrdə özünə inam, məsuliyyət hissinin inkişafı, iş həyatında komanda halında işləmə bacarığı, innova­tiv inkişafın dərk olunması, yenilikləri izləmək, dünyada baş verən yeni məlumatları izləyə biləcək, xarici dildə ünsiyyət saxlamağı bacara biləcək, təhsilin, istehsalın, xidmətlərin beynəlxalq standartlara uyğun olaraq həyata keçirilməsi, bununla yanaşı təhsil prosesini müvəffəqiyyətlə bitirənlər sertifikat və diplom kimi peşəni təsdiq edən sənəd ilə təsdiqlənməlidir. Bu məqsədlərin yanında qurum kimi təhsilin məqsəd və vəzifələri yerinə yetirilərkən, tələbənin istəyi, qabiliyyəti nəzərə alınmalı, əmək bazarının tələbləri  arasında verilən ixtisas ilə düzgün balans yaradılmalıdır. Beynəlxalq hüquq norma və prinsipləri, demokratiklik prinsipləri nəzərə alınmalıdır.
Təhsildə fəsiləsizlik prinsipi, həyatboyu öyrənmək kimi bir termin təxminən 2000-ci illərdə ortaya çıxan anlayışdır. Təhsil müəssisəsi ilə məhdudlaşmadan, ev, iş məkanı kimi həyatın hər sahəsində tətbiq olunan, öyrənmənin yaş, sosial vəziyyəti, iqtisadi əlaqələr və təhsil səviyyəsindən asılı olmayaraq davam edilə biləcəyini göstərən anlayışdır. Həyatboyu öyrənmə dövrün ehtiyacları  istiqamətində, sürətlə dəyişən dünya ilə ayaqlaşa bilmək məqsədilə ortaya çıxıb. İnkişaf etmiş və etməkdə olan ölkələrdə təhsil səviyyəsi və məşğulluq şərtləri baxımından xüsusi bir göstərici kimi nəzərə alınır. Həyatboyu təhsil anlayışı ilə təhsilin zaman və məkandan azad, həm təhsil müəssisəsini əhatə eliyən, həm də təhsil müəssisəsi xaricində, bütün təhsil alma prosesləridir. Həyatboyu təhsil 6 vacib xüsusiyyəti ilə XXI əsrin inkişaf tempini özündə saxlayır.
Bunlar :
1. Hamı üçün yeni bacarıqlar
2. İnsan kapitalına daha çox investisiya qoyuluşu
3. Hər növ təhsilə dəyər verilməsi və sənətləşdirilməsi
4. Təhsildə yeniliklərin və yeni metodların inkişaf etdirilməsi
5. Təhsil bələdçiliyi və məsləhətçilik sisteminin yenidən təkmilləşdirilməsi
6. Təhsilin mümkün qədər fərdə yaxınlaşdırılması ilə çatdırılma çətinliyi olan insanlara informasiya texnologiyasından istifadə olunması, çox məqsədli öyrənmə mərkəzlərinin işə salınması ilə, yəni bir peşənin istək və arzusunda olan fərdlərlə kommunikasiya xətlərindən istifadə ilə  daimi ünsiyyətin yaradılması.
Peşə təhsilində səriştəlilik prinsipi təhsilin hər pilləsində təhsil alanların səriştəlilik səviyyəsi onların fiziki, intellektual, mənəvi-əxlaqi, mədəni-sosial inkişafını təmin edir, vətəndaş təfəkkürünü formalaşdırır, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrini dərk etməyə, əmək bazarında, ictimai həyatda fəal iştiraka hazırlayır. Fərdin yaradıcı, informativ-kommunikativ qabiliyyətini inkişaf etdirir.
İnteraktiv təlim metodları müasir dövrün tələblərini yerinə yetirərkən, texnologiya və yeni yanaşmalar ilə fərdi təhsil müddətində aktivliyə cəlb eləmə prosesidir.
İnteraktiv təlim metodları kimi :
a-Təqdimatlar: İnteraktiv təlim metodundan istifadə edən şagird, bu metod ilə tədqiqatların nəticəsi kimi təqdim etmək istədiyi fikri tam həcmdə, dəqiq, müxtəlif multimedia vasitələri ilə fikrin dəstəklənməsi ilə aydın şəkildə, öz fikirlərini dəqiq ifadə edə bilmək, mükəmməl nəticə çıxarmaq bacarığına  yiyələnir. Təqdimat kollektiv olaraq hazırlana bilər. Onda da şagird ünsiyyət mədəniyətini inkişaf etdirir. Təqdimat müxtəlif formalarda keçirilir, bu şagird üçün tədqiqatın çatdırılmasının müxtəlif yollarını öyrədir. Özünü dərk və cəmiyyət önündə özünü ifadə etmə ilə inamı bərkidir. Vaxtdan səmərəli istifadə etmə, şərh vermə, mülahizə mədəniyyəti yaranır.
b-Kublaşdırma: Bu, tədqiqat metodlarından biri olub mövzunun hərtərəfli və dərin öyrənilməsinə şərait yaradır. Kublaşdırma vasitəsilə şagird mövzunu təsvir və müqayisə etməyə, əlaqələndirməyə, təhlilə, tətbiq və mübahisəyə yönəldir. Bu zaman şagirdin tənqidi və məntiqi təfəkkürü inkişaf edir, mövzuya hərtərəfli baxışı, qiymətləndirmə bacarığı, əməkdaşlıq vərdişləri formalaşır. Bu metod müəllimə imkan verir ki, möv­zunu, vəziyyəti ətraflı tədqiq etsin, şagirdlərin mürəkkəb və inteqrativ yanaşmalarına şərait yaratsın.
c-Ziqzaq: Nisbətən iri həcmli əsərlərin mətni üzərində aparılan işi ziqzaq üsulu ilə aparmaq vaxtdan səmərəli istifadəyə şərait yaradır, əməkdaşlıq vərdişlərini inkişaf etdirir. İş tədqiq olunacaq mətni hissələrə bölünüb, nömrələnməklə başlanır. Qruplara bölünmüş şagirdlər 1-dən 4-ə qədər sayırlar. Qrupdakı şagirdlər (ekspertlər) müvafiq nömrələrlə işarələnir, sonra eyni nömrəli şagirdlər bir parta ətrafına toplanır, mətnin müvafiq hissəsini oxuyur, verilmiş tapşırıqları yerinə yetirirlər. İş başa çatdıqdan sonra ikinci mərhələ başlanır. Ekspertlər əvvəlki qrupa qayıdır, ekspert kimi əldə etdikləri informasiyanı bir-biri ilə bölüşür və mətn üzərində işi bütövləşdirirlər.
d-Beyin həmləsi: Dərsdə 5-10 dəqiqə ərzində şagirdlərin öyrənilən mövzu, prob­lemin həlli yolları üzrə müxtəlif ideyaları irəli sürməsi vasitəsi kimi istifadə olunur. Ədəbiyyat dərslərində problemli vəziyyətin yaradılması üçün gərək olan ilkin ideyanın formalaşmasında beyin həmləsi əvəzsiz rol oynayır.
Beyin həmləsi şagirdlərin yeni bilikləri üzə çıxarmağa, müzakirə olunan məsələyə maraq oyadır. Əqli hücum şagirdlərin yeni mövzu üzrə biliklərini sürətlə üzə çıxarmağa, onlarda müzakirə olunan məsələyə maraq oyatmağa imkan verir. Bu metodun tətbiqi şagirdləri fəallaşdırır, verilən suala tez və düzgün cavab tapmağa, müxtəlif ideyalar irəli sürməyə həvəs yaradır.
e-BİBÖ (nəyi bilirik, nəyi bilmək istəyirik, nəyi öyrəndik və nə­yi öyrənməliyik) şagirdlərin əvvəlki biliyi, təcrübəsi ilə yeni biliklər ara­sında əlaqə yaratmağa imkan verir, mövzu, problem barədə dü­şün­məsini təmin edir. Müəllim lövhədə 3 sütundan ibarət cədvəl qurur və aşağıdakı böl­mələri qeyd edir: "Nəyi bilirik”, "Nəyi bilmək istəyirik”, "Nə öy­rəndik və hələ nələri öyrənməliyik”.
inteqmetodtest-Şagirdlər əvvəl mənimsəmiş olduqları bilikləri bir daha nəzərdən keçirir və öyrənmək, cavabını tapmaq istədiyi mə­sə­lə­ləri, sualları müəyyənləşdirir.
f-Akvarium: Bu üsulun məqsədi diskussiya vərdişlərini inkişaf etdirməkdir.
g-Auksion: Müəllim öyrənilən məsələni müəyyən edərək şagirdləri auksionun keçirilmə qaydaları haqqında təlimatlandırır. Öyrənilən əşya və ya hadisənin xüsusiyyətləri ardıcıl şəkildə adlandırılır. Hamı növbə ilə əşya və ya hadisə haqqında fikir söyləyir: hər bir fikirdən sonra müəllim sayır. "Bir, iki”. Bu zaman başqa iştirakçı tez təklif verə bilər. Sonuncu təklif verən qalib sayılır. Fikirlər bir-birini təkrarlamamalıdır. Bunun üçün hamı bir-birini dinləyir.
h-Mühazirə: Mühazirə məlumatın müəllimdən şa­girdə ötürülmə üsuludur. Bu üsuldan mövzu ilə bağlı  məzmunun zənginləşdirilməsi, tamamlanması məqsədi­lə istifadə etmək məq­sədəuyğundur. Belə qısa mühazirələr 10-15 dəqiqə ərzində aparılır.
j-Müzakirə: Müzakirə  mövzusu barədə ideya, məlumat, təəssürat, təhlil və təkliflərin müzakirə tərəfləri arasında qarşlıqlı mübadiləsidir. Onun əsas vəzifəsi prob­lemli məsələləri müxtəlif  bucaqlardan təhlil edərək dərindən dərk olunması və  həlli yolunu tapmaq, düzgün və səmərəli qərar qəbul etmək üçün imkan yaratmaqdır. Müzakirə dinləmək, təqdim etmək, sual vermək mədəniyyətini formalaşdırır, şagirdlərin məntiqi və tənqidi təfəkkürünü, şifahi nitqini inkişaf etdirir.
k-Layihələrin hazırlanması: Burada məqsəd müxtəlif mövzuların müstəqil şəkildə tədqiq edilməsidir. Şagirdlər öz layihələrini təqdim etməzdən əvvəl uzun müddət onun üzərində işləyirlər. Layihələr şagirdlərin tədqiqat vərdişlərinin, biliklərə müstəqil yiyələnmə bacarıqlarının formalaşmasında əhəmiyyətli rola malikdir. Şagirdlərə müstəqil olaraq öz fəaliyyət proqramlarını hazırlamağa,  vaxtını və işini səmərəli planlaşdırmağa kömək edir. Bu üsul şagirdlərin bir-biri ilə, eləcə də məktəbdən kənarda müxtəlif adamlarla qarşılıqlı əlaqəsi üçün şərait yaradır, hadisələrin hər hansı bir aspektini daha dərindən anlamağa imkan verir, əlavə ədəbiy­yatlardan istifadə etməyə istiqamətləndirir. Araşdırma - dərindən analiz eləmə bacarığı verir.
Gənclərə və yetkinlik yaşına çatmışlara ortaq bir mədəniyyət verməklə insanların və cəmiyyətin problemlərini tanıma, həll yollarını tapma, ölkənin sosial və iqtisadi inkişafına təsir etmə şüurunun yeridilməsini təmin edir.
Peşə və texniki peşə sahəsində yerli idarə etmə orqanları, mərkəzi dövlət orqanları, qeyri-hökumət təşkilatları, sənaye, kiçik və orta sahibkarlar ilə təhsilin idarə olunması, qərarların qəbul edilməsi, metodların işlənilməsi kimi sahələrdə birgə fəaliyyət və əməkdaşlıq xüsusiyyətlərinin inkişaf etdirilməsi, bu işlərin dövlət siyasətinin prioritet istiqamətinə çevrilməsi lazımdır.
İş və xidmət sahəsində ehtiyac olan insan kapitalının istehsalı ilə yanaşı, peşə bilik və bacarıqlarının daim yenilənməsi, tətbiq olunan proq­ramlar ilə sahibkarlıq vərdişlərinə yiyələndirilmə həyata keçirilməlidir.
Tədris və təlim proqramlarının varisliyi ilə müəssisələrin tətbiq etdikləri ixtisaslar arasında inteqrasiyanın təmin olunması, yüksək texnologiya və müasir peşə bölgələ­rinin yaradılması, bölgələrdəki müəssisələr arasında inteqrasiya və iş bölgüsü təmin olunmalıdır. Peşə təhsili və təlimi verilmiş insanlar ilə işə götürənlər arasında sıx əlaqə saxlanılması ilə əmək bazarının ehtiyacı olan insan kapitalının və insanların məşğulluq fəaliyyəti təmin olunmalıdır. Məşğulluq ilə təmin olunmuş insanların beynəlxalq peşə standart və performanslara yiyələnmək üçün kurslar təşkil olunmalıdır. Peşə və texniki peşə tədris və təlim müddətində texnologiyadan təsirli və səmərəli, müasir, elmi, yüksək səviyyədə istifadə olunması təmin edilməlidir.
Ənənəvi təlim prosesi, usta ilə usta köməkçisi arasında əlaqə ilə cəmiyyətin tələbatı istiqamətində, birbaşa işin içində olmaqla, praktiki üsulla  müxtəlif peşələr öyrədilir. Müasir dövrün və texnologiyanın tələblərinə görə isə professionallıq prioritet istiqamətdir. Tədris və təlim müəssisələrində tətbiq olunan ixtisasların nəzəri hissələri isə həyatın reallıqları ilə üst-üstə düşmür. Texnologiyanın inkişaf tempindən geridə qalır. Eynşteynin dediyi kimi, “Gerçək təhsil, insanın məktəbdə öyrəndiyi biliklər yaddan çıxandan sonra yerdə qalan şeylərdir”. Təhsilin məqsədi insanı həyata hazırlamaqdırsa təhsilin verilmə yeri ancaq məktəblər olmamalı. Təhsil, məktəbdən sonra özəl cəmiyyətlər, özəl sektor, qeyri-hökumət təşkilatları, sənaye kimi sahələrdə də davam eləməli, həyat ilə iç-içə olmalıdır.
Təhsil əzbərçi yox, düşündürən, idrak və təfəkkürü inkişaf etdirən keçmişdə və yaxud var olan ilə yox, gələcək dövrləri də əhatə etməli, gələcəyi daha yaxşı dərk eləməyə, daha yeni şeylər istehsal eləməyə, yaradıcılıq yönümlü olmalıdır. Əzbərçi, olanı təkrarən verən bir təhsil fəaliyyəti bizi gələcək istiqamətində aparmır. Yeni təhsil sistemi insanın potensialını üzə çıxaran, düşündürən, sual verən, məntiqi təfəkkürü inkişaf etdirən insanın özünü kəşf etdirən xüsusiyyətdə olmalıdır.
Hər kəsə eyni təhsil deyil, insanların potensialına uyğun, müxtəlif hissələrə ayrılmış bir təhsil-təlim sistemi tətbiq olunmalı. Müasir mərkəzləşmiş dövlətlər yaranandan sonra, bütün insanlar üçün bir növ təhsil sistemi yarandı. Bu sistemin yaxşı xüsusiyyəti hamı üçün əl çatan olması idi. Lakin bu sistem fikir və düşüncə  fərqliliklərini yox edib, tək bir tip insan yaratdı. Lakin insanlar fərqlidir. İnsanların bu fərqli xüsusiyyətlərini nəzərə alaraq qrup təhsil sistemi yaradılmalı, invidual yanaşma sistemi tətbiq olunmalıdır. Hər bir insan ayrı bir varlıq, ayrı bir cahandır.
İnklüziya (inclusion - daxiletmə) - bütün vətəndaşların, ilk növbədə, fiziki məhdudiyyəti olan bütün insanların cəmiyyətin işində iştirak səviyyəsinin artırılması prosesidir.
İnklüziv təhsil isə ümumi təhsilin elə bir inkişaf mərhələsidir ki, burada hamının, ilk növbədə, sağlamlıq imkanları məhdud  şəxslərin təhsilə ehtiyacı təmin edilir. Söhbət bütün vətəndaşların, o cümlədən müəyyən səbəblərdən fiziki və əqli inkişafında çətinlikləri olan şəxslərin ictimai həyatda aktiv iştirak etməsindən gedir. Təhsil sahəsi istisnasız olaraq bütün uşaqların və böyüklərin akademik və ictimai həyatda bərabərhüquqlu iştirakını təmin etməldir. “İnklüziv təhsil” an­la­yışının geniş çərçivədə izah edilməsinə ehtiyac o səbəbdən yaranmışdır ki, təhsil işçiləri, idarəedici və digər orqanlar, təhsil siyasətini hazırlayan şəxslər qarşılıqlı əməkdaşlıq və dialoq üçün ümumi diskursiv sahəyə (diskursiv sahə intellektual və sosial səhələrin qarışığıdır ki, burada sosial əlaqələr müəyyən bir təcrübəyə çevrilir) malik olsunlar.
Peşə və texniki peşə təhsili və təlimində ölkənin peşə tələbatı nəzərə alınmalı, dünyanın inkişaf prosesləri istiqamətində insanların komfortlu yaşaması üçün nəzərdə tutulan hər növ avadanlıq, cihaz və s. təhsil və təliminə, bəzi ixtisaslar bu gün ölkə daxilində olmasa belə əvvəlcədən buna hazırlıq işləri görülməli, təhsil və təlim prosesləri istiqamətində işlər görülməlidir. Çünki sabah gec ola bilər.
Peşə və texniki peşə təhsili və təlimi sistemi, ümumi orta təhsildən - ali təhsil müəssisələrinə qədər dövlətin prioritet istiqaməti olmalıdır. Hər bir peşəyə tətbiq olunaraq, istehsal proseslərinə daxil olaraq, iş başında fəaliyyətə istiqamətlənməli, həyatın şərtlərinə görə nizamlanmalı, bilik və bacarıqlar həyatın hər bir formasında istifadə olunmalı, tələblər ilə ixtisas təhsili və təlimi üst-üstə düşməlidir.
Peşə və texniki peşə təhsili və təlimi sistemi, fərd, cəmiyyət və iş həyatının tələbləri arasında balansın yara­dılmasına istiqamətlənməli, təhsil və təlimin tətbiq olunmasında təhsil verənlər, cəmiyyət və iş həyatının nümayəndələri iştirak eləməsi məcburidir. Təhsil və təlim sisteminin müəllim və idarəçiləri, işə götürənlər və aktiv iş həyatında olanlar qəbul olunacaq və yaxud veriləcək qərarlarda iştirak eləməlidir. İş həyatı ilə əlaqəli qanun və veriləcək qərarlarda iş adamları cəmiyyəti, həmkarlar ittifaqı, peşə cəmiyyətləri və s. qeyri-hökumət təşkilatlarının iştirakı təmin olunmalıdır.
Hər bir peşə və texniki peşə müəssisəsi mütləq surətdə iş yerləri və işə götürənlər ilə yaxından əməkdaşlıq etməli, tələbələr isə diplom almazdan əvvəl tədris olunan dərslər və peşə yönümlü praktiki fəaliyyətə uyğun olaraq, iş yeri sistemi ilə yaxından tanış olaraq iştirak etməli, diplom və sertifikat verilmə prosesində praktiki fəaliyyət keçdiyi müəssisələrin fikirləri nəzərə alınmalıdır. Məktəbdə keçirilən peşə yönümlü dərs və fəaliyyətlər işə götürənlərin müsəsisələrində öz əksini tapanda, peşəni təsdiq edən sənəd verilməlidir.
Hər bir peşə və texniki peşə müəssisəsi ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq etməlidir. Ali təhsil müəssisələri elm istehsal edən müəssisələr kimi qəbul olunduğuna görə, peşə təhsilinin elmiliyi  bu müəssisələr ilə əməkdaşlıq nəzərdə tutulanda olur. Təhsil və təlim proqramlarının quruluşunda akademik heyətin və işə götürənlərin istirakı təmin olunmalı, peşə təhsil müəssisələrinin müəllim həyətinin müəyyən vaxtlarda ali təhsil müəssisələrində və ölkənin sənaye sektorlarında, ixtisas yönümlü  kurslarda iştirakları təmin olunmalı, elmilik və praktiki fəaliyyətləri inkişaf etdirilməlidir.
Peşə və texniki peşə müəssisələri mütləq surətdə coğrafi bölgələrin istehsal potensialı, məhsul növləri, sənaye sektorları nəzərə alınmaqla plan və proqramlarını bu istiqamətlərə uyğun yaratmalıdırlar. Bölgənin ehtiyacları nəzərə alınmalı, ixtisaslar üzrə balans nəzarətdə saxlanmalıdır. İxtisaslar bu balansa uyğun olaraq tətbiq olunmalı, ehtiyacdan çox kadrlara təhsil və təlim keçmək əvəzinə, yeni ixtisaslara və gələcəkdə ola biləcək ixtisaslar üzrə plan və proqramlar təşkil olunmalıdır. Yadda saxlamaq lazımdır ki, peşə təhsili ümumi təhsil deyildir. Ona görə də ümumi olaraq yox, bölgə ehtiyacları nəzərə alınmalıdır.
Peşə və texniki peşə müəssisələrində peşə yönümlü dərslər verən usta və müəllim heyətinin 4-6 il ixtisası üzrə sənaye və yaxud məş­ğulluq bazarında işləmiş olması, ixtisası üzrə peşə bilik və bacarıqlarına mütəxəssis kimi yiyələnməsi daha məqsədə uyğundur. Dünya təcrübəsi göstərir ki, peşə müəllimləri istehsalat prosesindən gəlmə insanlar tərəfindən həyata kəçirilir. Bu təcrübə təhsil keçəcək insanların peşəsini güclü bilməsinə imkan yaradır. Praktiki təcrübə keçəcək tələbələr ilə birgə müəllim heyəti də prosesdə iştirak eləməlidir. Müəllim heyətinin yay mövsümündə ixtisası üzrə iş yerlərində qısa müddətli, təcrübə yönümlü fəaliyyət göstərmələri, yeni texnologiya və iş metodlarından xəbərdar olması, yaxşı hal kimi qiymətləndirilə bilər.
Peşə və texniki peşə müəssisələrinin vəzifəsi,  bir ixtisas üzrə tələbələrə bilik, bacarıq qazandırmaq, məş­ğulluq bazarını ixtisaslı kadrlar ilə təmin eləməkdir. Təhsil və təlim proqramları, müəssisələrin təlim üzrə texniki bazaları bu istiqamətdə yaradılmışdır. Tədris olunan fənlərdə, tələbəyə gələcəkdə lazım olacaq peşə yönümlü proqramlar nəzərə alınmalı, ümumi hesablamlar, kimyəvi üsullar, təsirli ünsiyyət, ətraf mühitin qorunması, iqtisadi məsələlər, məntiqi təfəkkür və təxəy­yülün artırılmasına imkan verməlidir. Peşə müəssisəsi içində təlim atelyeləri anlayışı yox, təlim atelyelərinin içində peşə müəssisələri olmalıdır. Tədris olunacaq fənlər sənaye, məşğulluq yönümlü olmalıdır. Məqsəd tələbənin tərbiyəsinin iş istiqamətində, istehsal istiqamətində yönləndirilməsidir. Tədris olunan fənlər işdən hərəkət ilə nəzəriyyələrə, fənlərə çatmalıdır. Müəssisələr mini bir iş yeri, zavod fabriklər kimi qurulmalıdır.
Dövrümüzün qlobal iqtisadiyyatına təsir edən ən böyük problem iqtisadi böhranlardır. Böhranların təsirlərinin zəif olması, işsizlik problemlərinin qarşısının alınması üçün peşə və texniki peşə təhsili sistemi qlobal iqtisadi sistemə xidmət edir. Böhranlar ölkələrin bəşəri sərmayələrinin, enerjisinin, yer altı və yer üstü resurslarının yenidən dəyərləndirildiyi, səmərəliliyin nəzərə alındığı dövr olmuşdur. Böhran dövründə təhsilə qayıtmaq meyli artmaqdadır. Bununla yanaşı, iqtisadiy­yatın tələblərinə uyğun olaraq, yeni peşələrin, yoxa çıxan peşələrlə birlikdə meydana gəlməsi səbəbiylə dinamik bir peşə təhsil sisteminə ehtiyac duyulur. Fərdlərin əsas bacarıqları istiqamətində təhsil və təlimlə təmin olunması ilə işə qəbul olma imkanlarını artırmaq vacibdir.
Peşə və texniki peşə təhsilinin fərqli təbiətinə görə nəzəriyyə və təcrübi fəaliyyət ilə bir yerdə tətbiq olunma zərurəti bilik və bacarıqlara əsaslanaraq qurulmalıdır. Hər kəsin yeni bacarıqlar əldə edə bilməsi, yenilik və sahibkarlıq fikriklərini inkişaf etdirməsi, peşələr arasında keçid prosesləri və yeni peşəyə uyğunlaşma bacarığını təmin etmək üçün güclü peşə və texniki peşə təhsili sistemi mövcud olmalıdır.
Dünyada peşə və texniki peşə təhsili sistemləri, qlobal yenikliklərə və dəyişmələrə açıq, əmək bazarı analizlərinə əsaslanan, fərdi məş­ğulluğa istiqamətləndirən, yetərliliyə söykənən və hərəkətliliyi əsas götürən bir quruluşa doğru irəliləməkdədir. Beynəlxalq təşkilatlarda peşəkar təlim, əmək bazarının ehtiyac və tələblərini həyata keçirmək, onları məktəb, müəssisə və sektorlarla əməkdaşlıqda iştirakçı bir yanaşma ilə aparmaq, tələbələrə milli və beynəlxalq məşğulluğu təmin etmək üçün təhsil vermək, beynəlxalq standartlar və ixtisaslar, eləcə də milli ixtisaslar nəzərə alınmaqla inkişaf və keyfiyyətin yaxşılaşdırılması təmin olunmalıdır.
Dünyada peşə və texniki peşə təhsilinin inkişaf etdirilmə səyləri daxilində tarixi müddətdə mərkəzləşmə xüsusiyyətinə malik üç təhsil modelinin ön plana çıxdığı müşahidə olunur.
Bunlar:
"Məktəb-mərkəzli" modellər, məktəb daxilində tam peşə təliminə yönəlmiş sis­temdir. Bu sistem dünyada istifadə olunan klasik peşə təhsili sistemidir. Peşə təhsili yüksək xərc tələb edən bir sistemdir. Müəssisələrin maddi-texniki bazalarının köməkliyi ilə bu sistem tətbiq olunur. Texnologiyanın sürətlə inkişaf eləməsi, məktəblərin maddi texniki bazalarının bu dəyişikliklə ayaqlaşa bilməməsi səbəbindən verilən təhsil bazar tələbləri ilə üst-üstə düşmür.
“Tam zamanlı mərkəzi iş mərkəzli" modelləri və usta köməkçiliyinə əsaslanan modellər. Bu modəl də məşğulluq fəaliyyətinə cəlb olunmuş insanlar tərəfindən istifadə olunmaqdadır. Həftənin müəyyən bir müddətində tələbəyə məktəbdə nəzəriyyə təhsili keçirlər. Burda da problem, tələbənin işlədiyi sahədə istifadə olunan texnologiyanın, məktəb daxilində tədrisi keçirilən proqram ilə üst- üstə düşmür. Ona görə ki, tədris proqramları davamlı olaraq dəyişən texnologiyanı yaxından izləyə bilmir. Çünki texnologiya fərdi təşəbbüslərə əsaslanır, təhsil proqramları isə bürokratik mərkəzlidir.
Özəl sektor - dövlət əməq­daşlığına əsaslanan əməkdaşlıq modelləri (ikili sistem). Bu sistemi təhlil eliyəndə, sənayesi inkişaf eləmiş, rifah səviyyəsi yüksək olan ölkələrin istifadə etdiyi sistemdir. Sistem dövlət və özəl sektorun hərtərəfli əməkdaşlığını tələb edir.
Bu tələblərə nəzər salaq :
1 - Təlim fəaliyyətini həyata keçirən ustalar ilə ixtisasın nəzəri təlimini məktəbdə tədris edən müəllim heyətinin proqramlarında tam uyğunluq zəruridir.
2 - Nəzəri təlimdə istifadə olunan dərs vəsaitlərinin, təlimin texnologiyası ilə tam uyğunluğu həll olunmalıdır.
3 - Təhsil və təlimin nəticəsi kimi əmək bazarına daxil olan insanların, sənayenin tələbləri ilə balans yaratma ehtimalı daha yüksəkdir.
4 - Milyonlar ilə ifadə olunan tələbə kontingentinin təlim və təhsil xərclərinin bölgüsü istiqamətində dövlət və özəl sektor arasında necə həll olunacağı istiqamətində işlərin görülməsi zəruridir.
5 - Dövlət - özəl sektor əməkdaşlığı istiqamətində işlər görən özəl sektora dövlət tərəfindən olunacaq güzəştlərin müəyyən olunması.
6 - Tədrisi tətbiq edən müəllim heyətinin, özəl sektorda təlimin keçilməsi və ixtisas yönümlü biliklərin verilməsi mühüm əhəmiy­yətə malikdir.
7- Təlim sistemini tətbiq edən ustalara pedaqoji təhsilin verilməsinin məktəblərdə, təcrübəli müəllim həyəti tərəfindən təmin olunması.
Bu üç təhsil modelinin 3-nü də dünyada peşə və texniki peşə təhsil sistemi içərisində görmək mümkündür.
Təhsil problemi hər bir millətin özünəməxsus istəyinə əsasən həll olunur. Bu o deməkdir ki, hər bir ölkənin coğrafiyası, yeraltı və yerüstü resursları, iqlim və təbiət şərtləri, təhsil səviy­yəsi, dünyagörüşü, dövlət quruluşu kimi çoxlu fərqlər, təhsil sistemini də fərqləndirir. Ümumi təhsil sistemlərini birbaşa tətbiq etmək, fərqli xüsusiyyətləri nəzərə alanda, tətbiq etmək istəyən ölkənin fərqlərinə görə adaptasiya olunması, yeni metodlar yaratması vacibdir.
Peşə təhsilinin nəticəsi kimi peşəkar usta və yaxud sənaye sektorunda ixtisaslı kadr, xidmət sahəsində işləyən fərd kimi, ixtisas yönümlü fərqli xüsusiyyətlər qazanması tələb olunur. Lakin hər bir peşədə ümumiləşmiş xüsusiyyətlər var ki, bunlara hər bir tələbənin yiyələnməsi prioritetdir.
Bu xüsusiyyətlər kimi aşağıdakıları nəzərə ala bilərik:
- Hər bir tələbədə məntiqi təfəkkürün inkişaf etməsi zəruridir. Bu xüsusiyyət tələbədə problemli məsələlərin həll olunmasında yol göstərici istiqamətdir.
- Dünyagörüşü zəngin kadrlar tələb olunur. Bu görüş, yenilikləri tətbiq eləmə, dəyişikliyə çevik reaksiya vermə, özünü davamlı inkişaf etdirmədə yol göstərici kimi qəbul oluna bilər.
-          Təhsilin məqsədi ixtisaslı kadr potensialının hazırlanması ilə yanaşı, yaşadığı cəmiyyətin adət, ənənə, dəyərlərinə də hörmətlə yanaşma, qəbul eləmə, milli və mənəvi dəyərlərə yiyələnməyi də nəzərdə tutur.
- Təhsildə bəşəriyətin inkişafı, insaların problemlərinin həll olunması, rahat bir həyat yaşaması əsas istiqamət olmalıdır.
- Cəmiyyətin etik qaydaları, peşənin etik qaydalarına hörmət eləmə və həyat fəaliyyətində bu dəyərləri tətbiq eləmə nəzərdə tutulur.
- Xarici dil biliklərinin verilməsi ilə yer üzündə daha çox insanla ünsiyyətin yaradılması, ixtisası ilə əlaqəli yeniliklərin izlənilməsinin təmin edilməsi.
- Təsirli ünsiyyət metodları ilə cəmiyyəti anlama və özünü ifadə etmə istiqamətində fikirlərini insanlara düzgün olaraq çatdırma
- Biznesin əsas prinsiplərini öyrədib, öz işini qurma istiqamətində tədris proq­ramları tətbiq eləmə, ölkənin ümumi dövriyyəsinin artımına xidmət eləmə
- Qrup halında işləmə vərdişlərinin qazandırılması, fərdiyyətçi yox, əməkdaşlığa meyilli insanlar yetişdirmə
- Yeni iş layihəsinin metodlarını, nəcə yaradılacağı istiqamətində biliklərin verilməsi, həyata keçirmə yollarının öyrədilməsi
- İş sağlamlığı və təhlükəsizliyi istiqamətində, daha etibarlı iş sahəsinin və təhlükəsiz iş həyatının yaradılması
- Məntiq sahəsində dərslərin keçirilməsi ilə məntiqi düşüncənin təşəkkül tapması və fəlsəfə dərsləri ilə məsələlərə geniş perspektivdən baxma istiqamətində olan fərdləri cəmiyyətə qazandırma
- Ətraf mühitin təhlükəsizliyi və təmiz saxlanması istiqamətində, yaşadığımız təbiəti qoruma, təbiətin bizdən sonrakı insanlara miras olma fikrinə yer etmə.
- Dövrümüz yüksək texnologiya və informasiya dövrüdür. Lazımi informasiya bu gün internet vasitəsi ilə dünyanın hər bir yerinə paylanır. Tələbələrə İKT texnologiyasının öyrədilməsi ilə kompüterlərdən səmərəli istifadə etmə, lazımi informasiyaların əldə olunmasının yolları göstərilir.
шаблоны для dle 11.2