Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsil naziri “Rəqəmsal bacarıqlar” pilot layihəsi çərçivəsində keçirilən dərslərlə tanış olub

 

Sentyabrın 28-də Gəncədə səfərdə olan təhsil naziri Ceyhun Bayramov şəhər 4 nömrəli tam orta məktəbdə “Rəqəmsal bacarıqlar” pilot layihəsi çərçivəsində V-VI siniflərdə keçirilən dərslərlə tanış olub.
Layihənin rəhbəri Fəxri Qurbanov təhsil nazirinə yeni tədris ilinə hazırlıq çərçivəsində Gəncə şəhərindəki 6 məktəbdə bu istiqamətdə görülmuş işlər barədə məlumat verib. Bildirilib ki, cari tədris ilində Gəncə şəhərində 76 sinif üzrə 2200 şagirdə 24 informatika müəllimi tərəfindən yeni məzmun üzrə dərs keçirilir. Sözügedən müəllimlər Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində təşkil edilən ixtisasartırma təlimlərinə cəlb olunublar. Rəqəmsal sistemin uğurlu tətbiqi üçün məktəblərdə İKT infrastrukturunun təkmilləşdirilməsi işləri həyata keçirilib. 21 yeni kompüter otağı istifadəyə verilib, həmin otaqlar 300 ədəd noutbuk, proyektor, elektron lövhə və yüksəksürətli internet bağlantısı ilə təmin olunub.
Təhsil naziri Ceyhun Bayramov “Rəqəmsal bacarıqlar” pilot layihəsi çərçivəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. Nazir qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd şagirdlərdə alqoritmik düşüncə və məntiqin, layihə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsidir. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradır.
Ötən tədris ilində icra olunan layihələr, həyata keçirilən islahatlar və əldə olunan uğurlu nəticələr barədə geniş məlumat verən Ceyhun Bayramov daha sonra layihənin tətbiq edildiyi siniflərdə olub, dərs prosesinin gedişini izləyib, müəllim və şagirdlərlə söhbət edib.
“Rəqəmsal bacarıqlar” pilot layihəsi informasiya texnologiyaları sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan “Alqoritmika” beynəlxalq təhsil şirkəti ilə birgə keçirilir. Dünyanın bu sahədə özünü doğruldan ən innovativ metodikalarından istifadə edilməklə peşəkar metodist və pedaqoqlar tərəfindən hazırlanan proqram müvafiq sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Həmçinin fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır.
Layihə çərçivəsində informatika fənninin tədrisinin təkmilləşdirilməsi yolu ilə şagirdlərin kompüter savadlılığının yüksəldilməsi, onların yüksək texnoloji ixtisaslara marağının artırılması nəzərdə tutulur.
  2017-2018-ci tədris ilində layihə Bakı şəhərində 45 məktəb üzrə 6500 şagirdi əhatə edib. Cari tədris ilində isə Bakı və Gəncə şəhərləri üzrə 71 məktəb və 26 000 şagird bu layihəyə cəlb olunub.шаблоны для dle 11.2