Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

İnsan beyninin möcüzələri: süni intellekt modelləri




         Canlı aləmin ən mükəmməl yaradılışı olan insan və onun psixi fəaliyyətinin maddi substansiyası olan beyin hələ də elm adamları üçün bir çox cəhətdən sirlərlə dolu müəmma olaraq qalmaqdadır. İnsan təbiətin və ya ilahi qüdrətin ona bəxş etiyi mükəmməl anatomik-fizioloji quruluşu, şüur, düşüncə, ağıl, əmək və nitq qabiliyyəti ilə bir neçə yüz minilliklər ərzində təkamül yolunun yolçusu olaraq, sakin olduğu Yer planetində  müxtəlif mədəniyyətlər yaratmış, elm, texnika və texnologiyalarla yanaşı, bir çox sosial kəşflərə də imza atmışdır. 

         Kosmik fəzanın kəşf edildiyi, çoxsaylı elmi kəşf və ixtiraların bir-birini daban-dabana izlədiyi, bir çox möcüzələrin və sirlərin qapısının açıldığı, rəqəmsal   texnologiyaların ictimai həyatın və praktikanın bütün sahələrinə dərindən nüfuz etdiyi çağdaş zəmanəmizdə  müəmmaları bizlər üçün aydınlığa çevirən məhz insan beynidir. İnsanın düşüncə prosesinin mərkəzi orqanı olan beyin özünəməxsus quruluşu olan mükəmməl bir üzvi sistem, təbii intellektin təməlidir. 

Sümüklə örtülmüş bir qutunun içində, elastik döşəkciklər arasında yerləşən, 1400-1500 q çəkiyə malik ağımtıl-bozumtul rəngli həlməşik maddə olan insan beyni bədənin hər yerinə 86 sinirlə möhkəm-möhkəm bağlanmışdır, obrazlı desək, gecə-gündüz, bütün həyatımız boyu “telefon və teleqraf işçiləri” kimi yorulmadan çalışır. 


         Özündə 14-16 mlrd. sinir hüceyrəsi deyilən neyronu birləşdirən beyinin  hər bir neyronu hüceyrə cismi, deindritlər və akson kimi şaxələrə ayrılmaqla, bir-biri ilə hörümçək toru kimi əlaqələnmişdir. Beynimizin bu lifləri dənizin ən dərin yerində qabarma-çəkilmə zamanı enib-qalxan yosunlar kimi daimi hərəkətdədir.

         Məşhur beyin cərrahı, tədqiqatçı –alim Varen Mak Kallokun dediyi kimi, Nyu-Yorkun Manhetten adasında yerləşən 102 mərtəbəli göydələn binaya başdan-ayağa  bir elektron beyin yerləşdirilsə, bu mexanizmə beynimizdəki sinir hüceyrələrinin sayı qədər borular qoyulsa və Niaqara şəlaləsinin gücü qədər enerji ilə təchiz edilsə belə, yenə də insan beyni ilə rəqabətə girə bilməz.

         Müasir süni intellektə əsaslanan çoxsaylı və mürəkkəb texnoloji nailiyyətlərə heyranlıqla baxaraq, onun yaradıcılarını alqışlamaq təqdirə layiqdir. Lakin bütün bunların özlərini yaradan, özünün “kimyəvi arxivində” saysız-hesabsız  xəritələr saxlayan təbii intellektin mənbəyi olan insan beyninin  özünü deyil, onun yaratdığı elmi-texnoloji nailiyyətlərə heyran kəsilmək əslində özümüzün-özümüzü aldatmağımız anlamına  gəlir. Çünki, bütün bunların hamısı məhz insan beyninin məhsuludur.

         İnsanın düşünmə və yaradıcı fəaliyyətinin mərkəzi orqanı olan beyin özünəməxsus mükəmməl sistemlərlə qorunur. Bu sistemlər faydalı maddələrin qan dövranı vasitəsilə rahatlıqla beyinə keçməsini təmin etməklə yanaşı, zərərli maddələrin daxil olmasına imkan vermir.

         Beyinin əsas enerji mənbəyi olan qlükozanın və hüceyrələrdə sintez edilməyən amin turşularının da beyinə daxil olması çox çətinliklə baş verir. Onlar yağda həll oluna bilmədiklərinə görə, yalnız xüsusi daşıyıcılar vasitəsilə beyinə daxil ola bilirlər. İnsan beyni gün ərzində orta hesabla 100 q qlükoza sərf etməsinə baxmayaraq, yalnız 2 q ehtiyyatda saxlayır.

         İnsan yaşlandıqca, onun bütün bədən orqanları kimi, beyin də qocalır. Stressli həyat şəraiti, təşviş, gərginlik, sıxıntı və sarsıntı, yoluxucu xəstəliklər digər bədən orqanları kimi beyinin də funksional və morfoloji baxımdan yorulmasına, gücdən düşməsinə səbəb olur.

         XX əsrdə, əsasən beyin xəstəliklərinə tutulmuş və kəllə-beyin travması almış insanların hərəkət və fəaliyyət qabiliyyətlərində meydana çıxan pozulmalar yeganə tədqiqat mövzusu idi. Hazırda isə maqnit rezonans tamoqrafiyası deyil, yeni yaradılmış pozitron emission tamoqrafiya texnologiyası beyinin sirli ümmanından bir neçə damlanın kəşfinə yol açmışdır. Bu metodun tətbiqi ilə xəstələrdə müəyyən hərəkətlər etmək tələb olunur və buna müvafiq olaraq, beyinin fəaliyyət xəritələri çıxarılır, hansı nahiyələrin nə dərəcədə aktiv olduğu müəyyənləşdirilir. 

         Yarım əsrdən artıqdır ki, elm adamlarını kompyuterlərin həyatımıza nüfuz etməsi ilə bağlı bir sual düşündürür: “Kompyuter insan beynini əvəz edə bilərmi?”

         İnsan övladına ilahi yaradıcı tərəfindən bəxş edilmiş mükəmməl və heyrətamiz orqanin – beyinin hələlik “surətinin çıxarılması” mümkün olmasa da, insan beyninin hələ də müəmmalı  sirlərini öyrənmək sahəsində tədqiqatlar davam etdirilməkdədir. Fizika, kimya, tibb və kompyuter elmləri üzrə mütəxəssislər, fizioloq və psixoloqlar beyinin dərin sirlrini araşdırır və faydalı nəticələr əldə etmək üçün  modelləşmə sahəsində  geniş tədqiqatlarını davam etdirirlər. Beyin mürəkkəb quruluşlu bir orqan olaraq, bu xüsusiyyəti ilə kompleks bir modeldir. ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunda sinir sistemi vasitəsilə informasiyanın işlənilməsi sahəsində uzun illər araşdırmalar aparan Kristof Koçun fikrincə, insan  beyni və onun məhsulu olan kompyuter quruluşca tamamilə fərqlənir. Beyin sinir impulslarının ötürülməsini daxili xəbərləşməni kimyəvi maddələr vasitəsilə  icra edir, dəyişkən xüsusiyyətə malikdir. Bir neyrona indi və iki həftə sonra baxsaq, fərqli mənzərə ilə qarşılaşmalı olacağıq. Çünki, hər bir sinir hüceyrəsinin sıxlığı mütəmadi şəkildə dəyişir. 

         Bütün bunlara baxmayaraq, elm adamları hələ də kompyuterləri insan beyni ilə müayisə edirlər. Halbuki, beyin milyonlarla neyronun  elektrik dövriyyəsinə oxşar şəkildə, lakin kimyəvi birləşmələr vasitəsilə bir-biri ilə əlaqələnən sistemdir. Beynin ən mühüm xüsusiyyəti, demək olar ki, tamamilə kimyəvi tərkibdən ibarət, canl və dinamik bir sistem olmasıdır. Kompyuterlər isə açma-bağlama (on-of) əmrləri ilə işləyən mexaniki və intellektual sistemdir. O, insanlar tərəfindən hazırlanan  proramlarla və verilənlərlə işləyə bilir.

Kompyuterlər çox sürətlə, mərhələ-mərhələ iş görsə də, hər hansı bir problemin  həllində lazım olan verilənlərdən sadəcə biri çatışmayanda, dünyanın ən mükəmməl kompyuteri belə aciz vəziyyətdə qalır. Kompyuterlərin iş qabiliyyətini məhdudlaşdıran amillərdən biri də əməliyyat elementlərinin fiziki ölçüləridir. Daha sürətli  çiplər əldə etmək üçün elementləri və onlar arasındakı ötürücü yolları mümkün qədər kiçiltmək lazımdır. 

         Hazırda kompyuterlə beyin arasında aparılan müqayisələrin haraya qədər gedəcəyini və harada başa çatacağını  dəqiq proqnozlaşdırmaq çətindir. Lakin ABŞ alimi Duqlas Hanstadlerin qeyd etdiyi kimi, “beyin-kompyuter analogiyasını qəbul etdiyiniz an beyin quruluşunu modelləşdirməyin və ya təqlid etməyin  mümkünlüyü   nəticəsi ortaya çıxır. İnsan zəkası  düşünmə, hisslərə qarşılıq vermə, gözəlliyi duyma və özünü hiss etmə kimi xüsusiyyətləri ehtiva edir. Nə qədər ki, beyinin eynisini yarada bilməmişik, bu qabiliyyətləri süni intellektdə görmək mümkünsüz olacaqdır”.

         Eyni fikirlərə ABŞ-ın Karnegi –Mellon Universitetinin alimi Skot Falmanın düşüncələrində də təsadüf olunur. O, yazır: “Mükəmməl sistemlər qura bilərik, diaqnoz qoyan, şahmat oynayan  və ya maqnetik rezonans spektrini izah edən cihazlar düzəldə bilərik, amma beş yaşlı uşağın düşüncəsinə, ya da bir yarasanın mühərrik qabiliyyətinə malik bir şey hazırlamaq mümkün deyil”.

         Məktəb illərində müəllimlər  insan beyninin mükəmməlliyindən danışarkən deyirdilər ki, hər bir adi adam öz beyninin maksimum 5%-dən istifadə edir, yalnız K.Marks, A.Eynişteyn və bu kimi dahilər isə 10%-dən istifadə edə bilmişlər. Lakin son illərin tədqiqatları bu fikri təkzib edir. Vaşinqton  Universitetinin professoru E.Cadler qeyd edir ki, bu fikir yanlışdır, haradan götürülüb, bilinmir.

         Bir çox elmi ədəbiyyatlarda insanın istedad və ağıl  səviyyəsinin beyinin həcmindən və böyüklüyündən  asılı olması haqqında yanlış fikir uzun müddət hakim təsirə malik olmuşdur. Sonralar isə beyin qırışlarının çoxluğu haqqında mülahizə ortaya atılmış və bu əsasda  ağıl və istedad səviyyəsi arasında əlaqə qurmağa cəhd göstərilmiş, lakin bu fikir də öz təsdiqini tapmamışdır. Bu gün qəbul edilən fikrə görə, insanın ağıl və istedad səviyyəsi beyin hüceyrələri arasındakı əlaqələrin sıxlığından, şəbəkələrin mürəkkəblik dərəcəsindən asılıdır. Son 100 ildə elm adamlarını ciddi düşündürən problemlərdən ən mühüm  olanı insan zəkasının məhsulu  olan   süni intellektin təbii intellekti əvəz edə bilməsinin  mümkünlüyü ideyasıdır. 

         Süni intellekt -  dedikdə, təbii intellekt olan insana məxsus yaradıcı, intellektual funksiyaları yerinə yetirməyə qadir olan  insan tərəfindən yaradılmış  intellektual sistemlərin  və modellərin   xüsusiyyətləri nəzərdə tutulur. Buraya elm və texnologiyalar vasitəsilə yaradılmış, intellektual kompyuter proqramları ilə işləyən intellektual maşınlar və  robot texnikaları  (pianinoçalan, şahmat oynayan, hətta şeir yazan, xidmətçi və döyüşçü funksiyalarını yerinə yetirən robotlar, habelə pilotsuz döyüş aparatları və qurğuları, nanotexnologiyada istifadə olunan müxtəlif printerlər, tərcümə qurğuları, bankomat və terminallar və s. aid edilə bilər. 

Süni intellektin tarixi ötən əsrin ortalarından götürülür.       İlk dəfə 1956-cı ildə Dartmut Universitetində məruzə ilə çıxış edən Conn Makkarti konkret problemlərin həllində  insanı əvəz edə biləcək  hesablayıcı intellektual maşınların yaradıla biləcəyi fərziyyəsi ilə çıxış etmiş, lakin onların yaradılması yollarını əsaslandıra bilməmiş, yalnız riyazi-hesablayıcı maşınların   yaradıla biləcəyini proqnozlaşdırmışdır. 

         Hazırda elm adamları süni intellektə məxsus bəzi xüsusiyyətləri müəyyən etmişlər:

  1. İnsan fəaliyyətində intellektual aktlar kimi qiymətləndirilən funksiyaların aparatlar və proqram modelləşdirilməsi vasitəsilə yerinə yetirmək bacarığının olması;
  2. İntellektual, texniki və proqram sistemli, yaradıcı məsələləri həll etməyə qadir olan informasiyanı yadda saxlamaq qabiliyyəti;
  3. İnformatika və informasiya texnologiyalarında hesablama əməliyyatları aparmaq qabiliyyəti;

Süni intellektin yaradılması tarixi XX əsrin 50-ci illərindən başlansa da,  həmin vaxtadək  bir çox filosoflar arasında  insanın təbiəti və dünyanın dərki ilə bağlı  qızğın mübahisələr getmişdir. Neyrofizioloq və psixoloqlar, iqtisadçılar və riyaziyyatçılar insan beyni və təfəkkürünün  işinə bənzər   funksiyaları yerinə yetirə bilən   qurğuların yaradılmasının mümkünlüyü ideyası ilə çıxış edirdilər. Nəticədə, 1960-cı illərdə riyazi hesablama nəzəriyyəsinin – yəni alqoritmlər nəzəriyyəsinin  əsası qoyuldu və ilk kompyuterlər yaradıldı. 

1950-ci ildə ingilis alimi Alan Tüzinqin “Maşın düşünə bilərmi?” adlı məqaləsi geniş rezonans doğurdu. 1960-cı illərdə Keçmiş SSRİ məkanında Moskva Dövlət Universitetində və SSRİ Elmlər Akademiyasında V.Puşkin və D.A.Pospelovun rəhbərliyi ilə   tədqiqatlara start verildi, predikatlar nəzəriyyəsi yaradıldı. 1960-cı illərin sonlarında akademik Q.S.Pospelovun rəhbərliyi altında bir-biri ilə əlaqədə olan süni intellektin ilk prinsiplərinə və riyazi-iqtisadi modelə əsaslanan müxtəlif səviyyəli “insan-maşın” sistemi quruldu.

1970-ci illərədək   keçmiş SSRİ-də süni intellektlə bağlı    bütün tədqiqatlar kibernetika elminin çərçivəsində həyata keçirilirdi. Akademik A.İ.Berqin təklifi ilə SSRİ EA-nın Kibernetika üzrə Şurasında İ.S.Maslovun sədrliyi ilə “Süni intellekt problemlərində riyazi məntiq metodları” adlı ilk komissiya yaradıldı.

Artıq 1970-ci illərdə SSRİ-də İnformatika elminin  bir bölməsi və elmi istiqamət kimi “süni intellekt” adlı istiqamt formalaşmağa başlamış oldu. 1980-cı illərdə “İnformatika” termini get-gedə genişləndiyi halda, “kibernetika” termini tədricən elmi dövriyyədə sıxışdırılmağa başlamış, yalnız 1950-1960-cı illərdə kibernetik bumu zamanı yaradılmış   institutların  adında qalmışdır. 

Hazırda dünyanın inkişaf etmiş ölkələrinin elmi elitası tərəfindən süni intellekt modelləri   probleminə fərqli yanaşmalar özünü göstərməkdədir. Onların sırasında intuitiv yanaşma, simvolik yanaşma, məntiqi yanaşma, agentiv-bələdləşmə əsaslı yanaşma, hibrid (sinergetik) yanaşma aparıcı yer tutur.

Süni intellekt modellərinin hazırda geniş yayılmaqda olan  nümunmələrindən olan robot texnikası ilə süni intellekt sahələri bir-biri ilə sıx şəkildə bağlıdır. Müasir dövrdə bu iki elm sahəsinin inteqrasiyası əsasında  “intellektual robotlar”  adlı yeni elmi istiqamət yaranmışdır. Robotların qarşısında qoyulan proqram təminatı onlardan obyektləri manipulyasiya etmək, lokollaşma ilə bağlı naviqasiya problemlemlərinin  həlli (obyektin yerini təyin etmək, yaxın obyektləri qeydə almaq və s.) və məqsədə nail olmaq üçün hərəkət planını müəyyənləşdirmək kimi vəzifələrin icrasını tələb edir. Müasir dövrdə hələlik intellektual robot texnikasının fərqli funksiyalara malik   nümunələri ilə daha çox oyuncaq robotların timsalında rastlaşırıq. 

Bununla belə, hərbdə, sənaye, tikinti, nəqliyyat, bank-maliyyə, xidmət, səhiyyə, təhsil, xüsusi xidmət orqanları, kəşfiyyat və s. sahələrdə də süni intellekt bazasında yaradılmış robot qurğuları və texnologiyaları get-gedə geniş tətbiq imkanları qazanmaqdadır. 

Ötən əsrin 60-cı illərindən sürətli inkişaf  yoluna qədəm qoymuş kibernetika elmi  insanın özünün –özünə yenidən nəzər salmaq zərurəti ilə qarşılaşdırdı. Meydana gələn ilk kompyuterlər özləri ilə yanaşı, çoxsaylı sualların da  meydana gəlməsinə zəmin yaratdı. Onların yaranması ilə insanlar “süni intellekt”in yaradılmasının mümkünlüyü ideyasına yol açdı. O vaxtdan kifayət qədər çox dövr bir neçə onillik keçib və sualların sayı nəinki azalıb, əksinə, dəfələrlə artıb. İnsanlar nəinki suallar verir, həm də özlərini kompyuterlərlə müqayisə edirlər. Əsas sual ondan ibarətdir ki, insan, yoxsa onun yaratdığı kompyuterlər daha ağıllıdır? Bu suallara ilk dəfə ABŞ alimləri Tom Harrinton və Deniz Kvon cavab verməyə çalışmışlar.

Onlar qeyd edirlər ki, öz şəxsi gözəlliyinə məftun olan insan narsist kimi sanki böyüdücü intellektual şüşədən özünə baxır və “Bəli, sən həqiqətən hər şeydən və hər kəsdən daha ağıllısan!” – deyərək ordan uzaqlaşır. 

1968-ci ildə Con Kameni qeyd etmişdir ki, kompyuterin iş prinsipi ilə insan beyninin işi arasında əhəmiyyətli fərqlər mövcud deyil. Biz sərbəst şəkildə və inamla deyə bilərik ki, insan beyni uzun müddət, təxminən 10000 dəfə  mürəkkəb kompyuterlərdən daha mürəkkəb əməliyyatlar aparmaq qabiliyyətinə  malikdir.

Şübhəsiz ki, həmin vaxtlardan kompyuterlərin yeni nəsilləri yaradılmışdır. Lakin insan beyni genetik səbəblərdən  intellektual yolda bir bu qədər təkamül qazana bilməmiş, yavaş tempdə inkişaf etmişdir. Xoşbəxtlikdən, insan olaraq, bizim  koqnitiv  qabiliyyətlərimiz onlarla birlikdə ilişib, pərçimlənib qalmamışdır. 

Hər gün biz kompyuterlərdə yeni mutasiyalarla qarşılaşırıq. Lakin insan beyni də təbii seçmə yolu ilə öz idrak imkanlarnı artırır.

Belə sual hər kəsi düşündürür: kompyuterlər praktik olaraq, insanla necə rəqabət apara bilər? Ən yaxşısı odur ki, əvvəlcə ona cavab axtaraq ki, kompyuter insan beyni ilə rəqabətdə olmaq gücündədirmi? O, bizim qəbul etdiyimiz, qavradığımız və emal etdiyimiz həcmdə informasiyanı emal edə, yadda saxlaya bilərmi?

Makromolekulyar tranzistor və optik kompyuterlər hal-hazırda süni intellekt sahəsinə yeni elmi axtarışlara yol açmaqdadır. Onlar kabelsiz, işıq şüalarının bir-birinə ötürücülüyü vasitəsilə  optik, informasiyanı bütöv məkan üzrə ani müddətdə  yayılmsına, yeni assosiasiyaların yaradılmasına meydan açacaqdır. Yeni optik güzgülər informasiyanın ötürülməsi texnologiyasında tam yeni sahədir. 

Fiziklərin qənaətinə görə, bir şüşə nəzəri olaraq, davamlı çıxış siqnallarını eyni vaxtda 10000 abonentə çatdırmaq  qabiliyyətinə malikdir. Bu halda, əlbəttə, bir insan beyninin yetərsizliyindən şübhələnə bilərik. Hətta mövcud olan kompyuter qurğuları ilə müqayisədə  insan beyninin parametrləri oyuncaq kimi görünə bilər. 

Lakin heç bir elektron qurğular  və süni intellekt modelləri - robotlar, ağıllı lövhələr, kompyuterlər, elektron radar və kameralar təbii ki, öz-özünə düşünə bilməz. Onlar təbii intellekt olan insan zəkasının yaratdığı proqramlarla işləyir. 
 

Nuralı  ÇƏLƏBİYEV, 
ADPU-nun Şəki filialının elmi işlər üzrə direktor müavini,
 dosent, elmlər doktoru proqramı üzrə dissertant