Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Dövlətimizin təhsil siyasəti


Sədrəddin Bədiyev,  

ADPU-nun Şəki filialının dosenti

 

Elmi ədəbiyyatlarda siyasət siniflər, millətlər və digər sosial qruplar arasındakı münasibətlərlə bağlı fəaliyyət sahəsi kimi şərh edilir. Dövlət hakimiyyətini ələ almaq, saxlamaq, yenidən qurmaq, onun forma, vəzifələrini müəyyən etmək də siyasətə daxil olan problemlərdir. Hər bir ictimai-sosial problemin həlli hakimiyyət problemi ilə bilavasitə və ya dolayı şəkildə bağlı olduğu zaman siyasi xarakter kəsb edir. Dövlətin siyasəti açıq və ya qapalı qərar və ya qərarlar məcmusudur. Siyasət gələcəkdə qəbul ediləcək qərarlar üçün direktivlər müəyyən edə, hər hansı fəaliyyət növünü bağlaya və ya ləngidə, həmçinin əvvəlki qərarların həyata keçirilmə istiqamətlərini müəyyənləşdirə bilər. 

Hal-hazırda siyasət ictimai həyatımızın bütün sahələrini əhatə edir desək yanılmarıq. Dövlətimizin apardığı daxili və xarici siyasət aparıcı siyasət olmaqla bunların da mühüm qollarının olduğunu qeyd etmək lazımdır. Dövlətimizin apar­dığı, həyata keçirdiyi daxili siyasətin əsas komponentlərindən biri kimi təhsil sa­həsində apardığı siyasəti göstərmək olar. Təhsil siyasəti dövlətin inkişafında və tərəqqi etməsində həlledici amilə çevrilmişdir. Ümummilli lider Heydər Əliyev çıxışlarında dəfələrlə göstərmişdir ki, təhsil hər bir millətin, dövlətin gələcəyidir. Ona görə də dövlətimiz təhsilimizi inkişaf etdirməyə, inkişaf etmiş ölkələrdəki təhsil səviyyəsinə çatdırmağı prioritet sahə elan etdi. 

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra təhsil siyasətinə xüsusi diqqət verməyə başlanıldı. 

 31 dekabr 1992-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının Təhsil Qanunu” dövlətimizin təhsil siyasətini göstərən ilkin sənəd kimi göstərmək olar. Lakin həm dünyada, həm də respublikamızda gedən inkişaf bu qanunun dəyişdirilməsini zəruri etdi. 

Respublikamızda təhsil siyasəti öz ifadəsini 12 noyabr 1995-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış “Azərbaycan Respublikasının Konstitusiyası”nın  42-ci maddəsində tapdı. Beş hissədən ibarət olan 42-ci maddənin birinci və ikinci hissələrində hər bir vətəndaşın təhsil almaq hüququnun olması, təhsilin icbari və pulsuz olduğu gös­tərilmişdir. Qeyd edilənlər dövlətin təhsil sahəsində əsas siyasətini göstərir. 

15 iyun 1999-cu ildə bilavasitə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yazılmış  “Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramı” təhsil siyasətinin istiqamətini göstərən rəsmi sənəd kimi qəbul edildi. Bu sənəddə göstərilən təhsillə bağlı prinsiplər elə təhsil siyasətinin mahiyyətini özündə əks etdirir: təhsilin humanistləşdirilməsi, demokratikləşdirilməsi, diferensiallaşdırılması, fərdiləş­di­ril­­məsi, humani­tarlaşdırılması, inteqrasiyası. 

19 iyun 2009-cu ildə “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu” qəbul edildi. Bu Qanun Konstitusiyada təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ictimai şərtlərini müəyyən etdi. Qanun əsasında müəyyən olundu ki. Respublikamızda təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir. 

İslahat Proqramında göstərilən prinsiplər “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”nda daha əhatəli şəkildə verilməklə “Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri” adlandırıldı. Bu prinsiplərdən bəzilərinə diqqət yetirək. 

Demokratiklik- təhsil alanların azad düşüncə ruhunda iştirak etməsi, təhsilin idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsi.

Millilik və dünyəvilik- milli və ümumbəşəri dəyərlərin qorumaqla dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi, həmçinin təhsil sistemindəki inzibati-amirlik prinsipinə əsaslanan totalitarizmdən azad, açıq, demokratik əsaslarda formalaşan təhsil sistemini yaratmaq.

Liberallaşma-təhsil müəssisələrinin açıqlığının təmin edilməsi, yəni ölkəmizdə təhsilin gedişi ilə, səviyyəsi ilə maraqlanan hər bir vətəndaş üçün təhsil müəssisələrinin qapılarının onların üzünə açıq olması. 

İnteqrasiya - milli təhsil sisteminin dünya təhsil sisteminə qovuşması və ya qoşulması. Bu zaman təhsil sistemimizdə toplanmış mü­tərəqqi ideyaları saxlamaqla inkişaf etmiş ölkələrdə özünü doğrultmuş məktəb, elmi pedaqoji təcrübələrdən istifadə etmək. 

Bu prinsiplə əlaqədar aşağıdakıları demək olar:

İndi B.Blüm taksonomiyasından, interaktiv təlim metodlarından və texnologiyalarından istifadə etmək, şagirdlərin müstəqil bilik əldə etmələri üçün şərait yaratmaq, müəllimin fasilitator, şagirdlərin tədqiqatçı kimi formalaşmalarına nail olmaq təsilimizdə aparıcı xətti təşkil edir. Respublikamızın ümumtəhsil müəssisələrində qeyd edilənlər müvəffəqiyyətlə həyata keçirilməkdədir. 

Təhsil siyasətimizin  mühüm həlqələrindən  biri də idarəetmənin dövlət-ictimai əsaslarda həyata keçirilməsidir. İstər ümumtəhsilin, istərsə də ali təhsilin həm strukturunda, həm də məzmununda ciddi dəyişikliklər mövcuddur. 

Milli Kurikulumun qəbulunadək ümumorta təhsil pilləsində tədris edilən fənlər üç qrupda komplektləşdirilirdi: 

- Humanitar fənlər qrupu;

- Təbiət elmləri və riyaziyyat fənləri qrupu;

- Əmək, fiziki və hərbi hazırlıq fənləri qrupu.

Respublikamızda ümumtəhsilin məzmunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 aprel 1999-cu il tarixli  72 №li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumorta təhsilin dövlət standartları”nda müəyyən edil­mişdir. Bu qərara görə ibtidai, ümumorta, tam orta təhsilin məzmunu 8 təhsil sahəsi üzrə müəyyənləşdirildi: 

1. Ana dili dövlət dilidir; 

2. Dillər və ədəbiyyat;

3. Riyaziyyat və informatika;

4. İctimai elmlər;

5. Təbiət elmləri;

6. İncəsənət;

7. Fiziki tərbiyə və gənclərin çağırışaqədər hazırlığı;

8. Əmək hazırlığı və texnologiyası.

Tam orta təhsilin məzmunu 21 fəndə əks olundu, buna uyğun tədris planı hazırlandı. 

Respublikamızın təhsil siyasətində mühüm mərhələ 30 oktyabr 2006-cı ildə Nazirlər Kabinetinin 233 №li sərəncamı ilə qəbul edilmiş “Azərbaycan Respublikasında Ümumtəhsilin Konsepsiyası” (Milli Kurikulum) oldu. Milli Kurikulum ümumtəhsilin standartlarını, təşkili formalarını, planlaşdırılmasını, şagirdlərin təlim nailiyyətlərininin dəyərləndirilməsini, təlim prinsiplərini, metodları-bir sözlə ümumtəhsilə aid bütün məsələləri özündə ehtiva edən konseptual sənəd rolunu oynadı.

Sənəddə göstərilən prob­lemlərdən biri nəticəyönümlü fənn kurikulumlarının hazırlanması və işdə tətbiq edilməsi idi. Həm bu ifadə, həm də aşağıdakı prinsiplər: 

- təlimdə şagirdlərin meyl, maraq və təlabatlarının nəzərə alınması; 

- tələbyönlülük;

- nəticəyönlülük;

- şagirdyönlülük;

- inteqrativlik.

təhsil siyasətimizdə yeni olmaqla yanaşı, təhsilimizə yeniliklər gətirdi. 

Təhsil siyasətimizdə “Məzmun standartları”nın strukturu:

1. Məzmun xətti

1.1.1 Əsas məzmun

1.1.2 Alt standart

1.1.3 Alt standart və s. geniş şəkildə tətbiq edilməkdədir. 

Dövlətimiz ali təhsil sistemində də məqsədə uyğun təhsil siyasəti aparmaqdadır. 2005-ci ildən Boloniya prosesinə qoşulan Azərbaycan ali təhsil sistemində bakalavr və magistr kimi ali təhsil dərəcəli kadrlar hazırlamağa başlanıldı. Ali təhsildə kredit sisteminin, hər bir fənnin qiymətləndirilməsində çox baldan (100 bal) istifadə edilməsi təhsilimizdə yeni idi. 

Biliyin qiymətləndirilməsinin çox ballı sistemi tələbələrin tədris fəaliyyəti nəticəsində fənnin öyrənilməsində əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsinin yeni mexanizmi idi. 

Kredit sisteminin tətbiq edilməsi birinci növbədə Ümumavropa ali təhsil məkanında vahid standartlara keçid deməkdir. Bunun başlıca əhəmiyyəti isə tələbə mobilliyini  asanlaşdırmaq, Azərbaycan ali təhsil müəssisələrində təhsilin keyfiy­yətini yüksəltmək, Avropa təhsil sisteminə inteqrasiya etməkdən ibarət idi. 

Təhsilimizin davamlı inkişaf etdirilməsində, inkişaf etmiş ölkələrdəki təhsil səviyyəsinin əldə edilməsində qəbul edilmiş qərar, göstərişlər, sərəncamlar mühüm rol oynayır. Belə sənədlərdən biri də 24 oktyabr 2013-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”dır. Bu sənəd təhsilin gələcək inkişafının perspektivlərini müəyyən etdi. Sənəddə beş mühüm istiqamət müəyyən edilib: 

- səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması;

- təhsil sahəsində çalışan insan resurslarının müasirləşdirilməsi;

- şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması;

- davamlı təhsil infrastrukturunun yaradılması;

- müasir tələblərə cavab verən maliyyələşdirmə modelinin qurulması. 

Sənəddə göstərilən istiqamətlər təhsil siyasətimizin əsasını təşkil edir. 

Dövlətimizin təhsil siyasətinin başlıca məqsədi inzibati-amirlik prinsipinə əsaslanan totalitarizmi aradan qaldıraraq azad, açıq, demok­ratik xarakterli və müasir tələblərə cavab verəcək təhsil sistemi yaratmaqdır.