Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Müəllimlər üçün yeni vəsait


 

“Müəllim” nəşriyyatı tərəfindən Vaqif Mahmudov, Günel Xanlarova, Günay Çəndirli, Rəna Musayeva və Natəvan Daşdəmirovanın müəllifliyi ilə “Pedaqogikadan məlumat və sxemlər, situasiya məzmunlu məsələ və suallar” adlı A5 formatında 520 səhifəlik yeni  kitab işıq üzü görmüşdür.

Metodik vəsait geniş və əhatəli olaraq pedaqoji məsələləri özündə birləşdirir. Vəsaitdə həm təhsilverənlər, həm də təhsilalanlar üçün pedaqogika elminin nəzəri və praktik məsələləri haqqında məlumatlar verilir. Bu məlumatlar qısa, yığcam və müxtəsər olmaqla pedaqogikanın aktual problemləri haqqında ən son və yeni məlumatlardır. Bu məlumatlar metodik vəsaitin son­rakı mərhələlərinə bir davamdır. Sonrakı mərhələlərin öyrənilməsi, praktik  çalışmalar, pedaqoji testlər, pedaqoji məsələlər pedaqogika elminin nəzəri və praktik məsələlərinin möhkəmlənməsinə xidmət  edir.

Metodik vəsaitdə verilən “Pedaqoji sxemlər” pedaqogika elminin müxtəlif sahələrini, bölmələrini əhatə edir və bütün bunlar da pedaqogikanın öyrənilməsini, xüsusilə pedaqogikanın müxtəlif bölmələrinin, sahələrinin və hətta möv­zularının öyrənilməsini xeyli asanlaşdırır.

Metodik vəsait müəllim və tələbələri praktik  pedaqoji biliklərlə silahlandırır ki,  bu da pedaqoji biliklərin mənimsənilməsi prosesini xeyli dərəcədə asanlaşdırır və daha səmərəli, daha  keyfiyyətli edir.

Vəsaitdə məktəb həyatından və müxtəlif təcrübələrdən qaynaqlanmış pedaqoji situasiyalı məsələ və hekayələrlə yanaşı tədqiqat xarakterli düşündürücü suallar, o cümlədən, MİQ, sertifikasiyaya dair suallar və onların izahı, kurikulum və müxtəlif bölmələr üzrə kifayət qədər testlər və 50-dən çox təlim üsulları haqqında geniş məlumat verilmişdir.

Kitabdan müəllimlər, eyni zamanda pedaqoji ali və orta ixtisas məktəblərinin tələbələri geniş istifadə edə bilər.