Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Şagirdlərin fiziki tərbiyəsində ictimaiyyətin rolu


 

Adil HƏSƏNOV,

Bakı şəhəri 167 nömrəli tam orta məktəbin müəllimi

 

Azərbaycanda bədən tərbiyəsi və idman günbəgün inkişaf etdirilir. Onun əsası məktəbdə və ailədə qoyulsa da, idarə və müəssisələrdə də bədən tərbiyəsi və idman geniş yayılır və kütləviləşdirilir.

Məktəbli gənclər arasında kütləvi bədən tərbiyəsi və sağlamlıq işinin hər şeydən əvvəl yaşayış yerlərində inkişaf etdirilməsi olduqca vacibdir. Buna görə də idman qurğularının tikilməsi və hazırda əldə olan qurğuların yeniləşdirilərək istifadə olunmasına diqqət artırılmışdır. Onların hansı idarəyə mənsubiyyətindən asılı olmayaraq hər bir rayonda və mikrorayonda kütləvi bədən tərbiyəsi və sağlamlıq işi canlandırılmış, mədəni-kütləvi və idman işi üçün ayrılan vəsaitdən istifadə olunması qaydaya salınmışdır. Respublikamızın bir sıra rayonlarında Olimpiya idman komplekslərinin tikilib istifadəyə verilməsi, digərlərində isə tikintisinə başlanması, Heydər Əliyev Fondunun hesabına onlarla məktəblərin, məktəbyanı meydançaların, idman zallarının tikilməsi və bir çox şirkətlərin idmana himayəçilik etməsi sayəsində ölkəmizdə bədən tərbiyəsi və idman daha sürətlə inkişaf etməyə başlamış və daha çox məktəblini özünə cəlb etmişdir.

Şəhər və kənd rayonlarımızda yerli təşkilatlar və ictimai qurumlar bədən tərbiyəsi və idmanı yaxşılaşdırmaq üçün öz qüvvələrini səfərbər edir, əllərindən gələni əsirgəmir. Nəticədə ictimaiyyətin  və yerli təşkilatların yaxından köməyi sayəsində bu iş məktəblərdə, məhəllələrdə və digər ictimai obyektlərdə daha da canlandırılmışdır.

İdman cəmiyyətləri və evlər idarələrində də kütləvi bədən tərbiyəsi işinin genişləndirilməsinə kömək etməlidirlər. Yaxın illərdə şəhərlərdəki hər bir idarə nəzdində, hər bir kənddə şagirdlərlə kütləvi idman işinin təşkilinə nail olmalı, kompleks idman meydançaları, idman şəhərcikləri və stadionları abadlaşdırılmalıdır. Yaşayış yerlərində və bələdiyyə idarələrində uşaqlar və gənclərlə bədən tərbiyəsi və idman məşğələlərinin keçirilməsi diqqət mərkəzində olmalıdır.

İri müəssisə və idarələrin, ictimaiyyətin dəstəyinə   arxalanaraq respublikamızda   xeyli işlər görülmüşdür. Xüsusən Azərbaycanın bir sıra rayon və şəhərlərində, habelə məktəblilərin gərgin əməyi sayəsində idman şəhərcikləri, stadion və müvafiq meydançalar yara­dılmışdır. Bəzi idman meydançaları isə təmir edilib qaydaya salınmışdır.

Bakının bir sıra şəhərlərində, mikrorayonlarda və digər yaşayış yerlərində təşkil olunmuş valideyn komitələri məktəblilərlə birlikdə kütləvi idman tədbirləri aparmaqda böyük təcrübə toplamışlar. İdman tədbirlərinin həyata keçirilməsində ayrı-ayrı rayonların gənclər - idman və turizm idarələri yaxından iştirak edirlər. Rayonların fəal və ictimaiyyətçi gəncləri, idmançılar MİS-lərə və bələdiyyə idarələrinə idman bölmələrinin, yarışların, yürüş və ekskursiyaların təşkili və keçirilməsində kömək göstərirlər.

Bütün bunlar idmançı kadrların hazırlanmasına, onların idman fəaliyyətlərinin genişləndirilməsinə zəmin yaradır, əhalinin yaşadığı yerlərdə kütləvi bədən tərbiyəsi və idmanın inkişafına kömək edir. Bədən tərbiyəsi və idman tədbirləri, xüsusilə idman yarışları yalnız həyətlər arasında deyil, məktəblər və həyətlər arasında, bir ra­yonun həyət komandaları ilə başqa bir rayonun həyət komandaları arasında keçirilir. Yarışan komandaların hər birinin özünəməxsus forması və öz adı vardır. MİS-in evlər idarəsi yeni meydançaların düzəldilməsinə, köhnəsinin təmirinə valideynlərlə yanaşı, uşaqları da cəlb etməlidir. Bəzi sadə qurğuları uşaqlar özləri də düzəldə bilərlər.

Ümumiyyətlə, uşaqların meydançaların düzəldilməsinə cəlb edilməsi, sadə idman qurğularının hazırlanmasında iştirakı, onların avadanlığa qayğısı müna­sibətinin bəslənməsinə səbəb olur. Əlbəttə, MİS-lərin və evlər idarəsi nəzdində bədən tərbiyəsi və idman tədbirləri o zaman yaxşı nəticə verə bilər ki, bu təşkilatlar məktəblə sıx əlaqə saxlaya bilsin, ondan lazımi kömək alsın. Müşahidələr göstərir ki, bir çox valideynlər uşaq­ların, xüsusilə qızların məktəbin idman tədbirlərində iştirak etməsinə icazə vermir, bu işə hər vəchlə mane olurlar. Elə buna görə də məktəb müəllimləri, pedaqoji kollektivin üzvləri belə valideynlərlə iş aparmalıdır. Bədən tərbiyəsi və idmanın sağlamlığın möhkəmləndirilməsində, bəzi xəstəliklərin qarşısının alınmasında əməyə və Vətənin müdafiəsində əhəmiyyətini, zehni, estetik və əxlaq tərbiyəsində mühüm rolunu onlara izah etməli və başa salmalıdır. Yalnız bu zaman ailədə uşaqların fiziki tərbiyəsinin müasir tələblər səviyyəsinə çatmasından danışmaq olar.

Beləliklə, bütün bunlardan belə nəticəyə gəlmək olar ki, dünyada qloballaşma getdiyi bir dövrdə yeniyetmə və gənclərin sağlamlığını qorumaq və onu daha da möhkəmləndirmək günün vacib tələblərindəndir. Bunu isə tam şəkildə həyata keçirmək məktəb, ailə, ictimai və özəl birliklərin birgə fəaliyyətindən asılıdır.