Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycançılıq ideallarının və milli ziyalılığın inkişaf etdirilməsi yollarında

 
Lütviyyə Əsgərzadə,
AMEA N.Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
dosenti, filologiya üzrə
fəlsəfə doktoru


“Ziyalının şəxsiyyəti o zaman bütövləşir ki, onun əməlləri ilə əqidəsi üst-üs-tə düşsün, yaradıcılığı ilə həyat tərzi vəhdətdə olsun. Bu zaman geniş anlamda qəbul etdiyimiz “insan” anlayışı ilə tanış oluruq, bu ziyalıdır, bu müəllimdir, bu siyasi xadimdir, bu elm fədaisidir, bu vətəndaşdır – bu İsa Həbibbəylidir.”
Azərbaycançılıq məfkurəsi ilə yaşayan və yaradan vətəndaş, ziyalı, müəllim, siyasi xadim, elm fədaisi-akademik İsa Həbibbəyli haqqında çox deyilib, çox yazılıb. İsa Həbibbəylinin ədəbi-elmi yaradıcılığından, bu yaradıcılığın çoxşaxəli əhatə dairəsindən, inkişaf xüsusiyyətlərindən və fərqli görünən özünəməxsus cəhətlərindən yazmaq, eyni zamanda həmin məsələləri müasir ədəbiyyatşünaslığın tələbləri baxımından dəyərləndirmək o qədər də asan deyil, hətta çox çətin və məsuliyyətlidir. Ancaq bu çətinlik və məsuliyyətlə yanaşı, bu böyük şəxsiyyət, ləyaqətli insan, görkəmli elm xadimi haqqında söz demək, yazı yazmaq mənim üçün şərəfdir.
Düşünürəm; nə yazım yazılmamış, nə deyim deyilməmiş olsun. Məsuliyyət hissi məni qorxutsa da, özümə ürək-dirək verirəm, əsas gözəl niyyətdir, Lütviyyə. Niyyətin xoşsa, yazmağa dəyər.
Akademik İsa Həbibbəyli cəmiyyətin qəbul etdiyi ictimai xadim, ziyalıdır. Onu dünyada tanıyır və ehtiram göstərirlər. İsa Həbibbəyli Azərbaycan elmi-ədəbi və ictimai fikrinin inkişafında müstəsna xidmətlər göstərmiş, səmərəli elmi axtarışları ilə humanitar və ictimai elmin inkişafına sanballı töhfələr vermiş görkəmli alimlərdəndir. Məşhur Roma filosofu Senekanın “Mən özüm haqqında danışmağı sevmirəm, mənim haqqımda gördüyüm işlər danışır”,- fikrini, sözün əsl mənasında, akademik İsa Həbibbəyliyə aid etmək olar. Akademik İ.Həbibbəyli “özü haqqında danışmağı sevmir”, özünü cəmiyyətə gördüyü işlərlə təqdim edir.
1949-cu il oktyabrın 16-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danzik kəndində, Naxçıvanda böyük nüfuz qazanmış Əkbər müəllimin ailəsində dünyaya gələn İsa Həbibbəyli Şərur rayonunun Oğlanqala kənd orta məktəbində oxuyub. Orta məktəb illərindən yazı-pozuya könül verib. İlk addımlarını divar qəzetinə məqalə yazmaqla atan İsa Həbibbəylinin  imzası çox keçmir ki, respublika mətbuatında tez-tez görünür. Universitet illərində bu imza daha da tez-tez mətbuat səhifələrində elmi məqalələrin altında yer alır. “Pambıqçı uşaqlar”, “Danzik kənd klubu” (1966), “Bəhmən baba”, “Həkimsiz məntəqə” (1967), “Naxçıvan tərənnüm olunur” (1969), “Naxçıvan abidələri” (1970), “Arpaçayı daşa bilməz” (1974) və digər məqalələri “Azərbaycan gəncləri”, “Kommunist”,  “Şərq qapısı”, “Azərbaycan pioneri”, “İşıqlı yol”, “Gənc müəllim” kimi qəzetlərdə dərc olunan məqalələri ilə doğma yurdun qaynar həyatına, problemlərinə, mənzərələrinə işıq salır.
1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının (hazırda Naxçıvan Dövlət Universiteti) Azərbaycan dili və ədəbiyyatı ixtisasını fərqlənmə diplomu ilə bitirən İsa Həbibbəyli ali məktəb illərində Tələbə Elmi Cəmiyyətinin sədri olmuş, Bakıda, Naxçıvanda və Tbilisidə tələbə elmi konfranslarında maraqlı məruzələrlə çıxış etmiş, dövri mətbuatda ilk elmi məqalələri və şeirləri çap olunmuşdur. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurasında “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikasının sənətkarlıq xüsusiyyətləri” mövzusunda namizədlik (1980), “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” mövzusunda  doktorluq dissertasiyalarını müdafiə etmiş (1996), professor elmi adını almışdır (1997). Azərbaycan Milli Elmlər Akademiyasının müxbir (2001) və həqiqi üzvü seçilmişdir (2003). Müxtəlif problemlərə həsr olunmuş  monoqrafik tədqiqatların,  dərslik və dərs vəsaitinin, saysız-hesabsız çox elmi məqalənin, xeyli sayda broşüranın müəllifi, 47 kitabın tərtibçisi, çoxsaylı kitabların redaktoru və elmi məsləhətçisi olan alimin ABŞ, Çin, Rusiya, Almaniya, Fransa, Türkiyə, Polşa, Macarıstan, Bolqarıstan, İran, İraq, Ukrayna, Monqolustan, Qazaxıstan, Özbəkistan, Cənubi Koreya, Litva, Şimali Kipr, Gürcüstan, Türkmənistan və başqa ölkələrdə kitabları və məqalələri nəşr edilmişdir. O, beynəlxalq səviyyəli qurultay, simpozium,  konfranslarda aktual mövzularda məruzələrlə çıxış edərək Azərbaycan elmini yüksək səviyyədə təmsil etmişdir.
İsa Həbibbəylinin “miqyaslı yaradıcılığında” Naxçıvan tematikası hər zaman xüsusi yer tutmuşdur. Qələmə aldığı “Əsrin dörddə biri” (1992), “Naxçıvan Dövlət Universitetinin yetirmələri” (1992), “Araz üstə Universitet” (1996), “Naxçıvan Dövlət Universiteti. Salnamə” (1998), “Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universiteti” (2000), “Mustafa Kamal Atatürk və Naxçıvan” (2006), “İntibahın 15 ili” (2010) və s. kitablarda doğma yurdu təqdim edən İsa Həbibbəyli “Nuhçıxandan Naxçıvana” (2015), “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” (2017), “Duzdağ mozaikası” (2017) monoqrafik araşdırmalarında çağdaş dövrün əsl “Naxçıvannamə” epopeyasını yaratmışdır.”
Həyatının böyük hissəsi Naxçıvan Dövlət Universiteti ilə bağlı olan İsa Həbibbəyli ömrünün ən gənc çağlarını universitetin formalaşmasına həsr etmişdir. Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsində çalışdığı illərdə (1996-2013) apardığı səmərəli elmi-təşkilati işlərin sayəsində bu ali təhsil ocağı ölkənin ən qabaqcıl universitetlərindən birinə çevrilmiş, dünyada tanınmışdır. Akademikin “2007-ciildə nəşr etdirdiyi ”Naxçıvan Dövlət Universiteti” adlı albomda bütövlükdə universitetin həyatı, tarixi yolu və xarici əlaqələri öz əksin tapıb.
Uzun illər Naxçıvan Dövlət Universitetinə rəhbərlik edən İsa Həbibbəylinin  böyük bir idarəçilik bacarığı sayəsində 1967-ci ildə cəmi 3 ixtisas üzrə təhsil alan 105 nəfər tələbə və onlara dərs deyən 3 nəfər müəllimlə fəaliyyətə başlayan  bu təhsil ocağının uğurları bu gün göz qabağındadır. İsa Həbibbəylinin gərgin zəhməti sayəsində universitetində yüksək ixtisaslı memar, mühəndis, iqtisadçı, hüquqçu və idmançıların hazırlanması üçün mükəmməl maddi-texniki baza yaradılmışdır. Daima yeniliyə, inkişafa  meyl edən, qurub-yaratmaq eşqi ilə yaşayan İsa Həbibbəyli dünyanın mütərəqqi elm ocaqlarında olmaq, müasir ənənələrini, inkişaf dinamikasını yaxından izləməklə qalmamış, gördüklərini rektoru olduğu universitetə də tətbiq etmişdir. Nəticədə universitet İsa Həbibbəylinin gərgin əməyi, böyük nüfuzu sayəsində möhkəm milli əsaslara malik olan, dövlətçilik təmayüllü, Avropayönlü, müasirtipli və hərtərəfli inkişaf etmiş  ali təsil ocağına çevrilmişdir; “Fəaliyyət istiqamətinə, xarakterinə görə möhkəm milli əsaslara malik olan, dövlətçilik yönlü, Avropa meyilli,  ali quruluşu, strukturu etibarilə isə  klassik universitet.”
 “İyirmi bir yaşında olanda Naxçıvanda keçirilən elm günlərində görkəmli müəllim, alim, akademik Məmməd Cəfər Cəfərovun məruzəsi və məsləhətlərinin təsiri ilə elm yolunu seçən” İsa Həbibbəylinin universitetdə fəaliyyət göstərən Dissertasiya Şurasında Azərbaycan dili və ədəbiyyat, pedaqogika ixtisasları üzrə müdafiələrin təşkilinin yüksək səviyyədə keçirilməsində, yüzlərlə gənc tədqiqatçıya elmi rəhbərlik edərək onlara bu yolda böyük məsuliyyət və uğurla bələdçilik etməkdə müstəsna rolu var.  Xalqını sevən, Azərbaycançılıq  məfkurəsi ilə alışıb-yanan akademik, çalışdığı universitetdə Milli ideologiyanın, müstəqillik düşüncəsinin, siyasi mədəniyyətin daha dərindən mənimsədilməsində böyük işlər aparılmasında öndərlik etmişdir. Bu baxımdan,  universitetdə fəaliyyət göstərən “Heydər Əliyev Universiteti” xüsusi əhəmiyyətə malikdir. Deyirlər ki, “Ordu sərkərdəsi ilə güclüdür.” Bu saysız-hesabsız uğurların müəllifi də universitetin müəllimlər ordusunun sərkərdəsi, böyük və aydın təfəkkürə, mahir uzaqgörənliyə və yüksək elmi potensiala malik, akademik İsa Həbibbəyli idi. İsa Həbibbəyli bu gün zamanla birlikdə addımlayan universitetinin memarıdır.
Xoşbəxtəm ki,  mən də bu təhsil məbədgahında təhsil almışam. Xoşbəxtəm ki,  vaxtilə saatlarla İsa Həbibbəylinin Azərbaycan ədəbiyyatının məşhur sənətkarları, romantikləri və realistləri haqqında dərin mühazirələrini dinləmişəm. Mühazirələrinə  yaradıcı şəkildə yanaşmaqla yanaşı, haqqında bəhs etdiyi şair, yazıçı, dramaturq və elm adamlarına öz sevgisini də qatan İsa Həbibbəylini tələbələr böyük bir heyranlıqla dinləyir, heyrətimizi gizlədə bilmirdik. Naxçıvan Dövlət Universitetində elmi-pedoqoji fəaliyyətə başladığı vaxtlardan öyrənib-öyrətməkdən doymayan İsa Həbibbəyli tələbələrinin sevimli müəlliminə çevrilmişdir.
Sonradan Azərbaycan elmini və mədəni fikrini dünyada ləyaqətlə təmsil etmək şərəfinə nail olan İsa Həbibbəyli, cəfakeş alim, elm fədaisi, siyasi xadim, qeyrətli vətəndaş və təcrübəli, səviyyəli pedaqoqdur. O, Azərbaycan ədəbi - nəzəri fikrinin tədqiqində ən fəal, fədakar və zəhmətkeş alimdir. İsa Həbibbəyli elmi və siyasi fəaliyyəti ilə hər kəsə; “Əyalətdə ömür sürüb paytaxt təfəkkürünə malik olanların da az olmadığını, “əyalətdə yaşamağın” heç də “əyalətçi düşüncə” ilə yaşamaq olmadığını” sübut etmiş böyük şəxsiyyətdir.  İsa Həbibbəyli əyalətdə yaşayan, ancaq paytaxt, hətta Avropa təfəkkürünə malik olan, dövr və problem çərçivəsini çoxdan aşmış ziyalılardandır.
Beynəlxalq Sosial Əməkdaşlıq Korporasiyasının “Beynəlxalq imic” proqramının qərarına əsasən NDU “Minilliyin universiteti”, akademik İsa Həbibbəyli, “Minilliyin rektoru” beynəlxalq mükafatına layiq görülmüşdür. Bunlar İsa Həbibbəylinin rəhbərlik etdiyi NDU-nun keçdiyi böyük inkişaf yolunu, universitetin Azərbaycan ali məktəbləri arasındakı mövqeyi və beynəlxalq aləmdəki nüfuzunu təsdiqləməkdədir. Avropanın müasir düşüncəsini tamamilə mənimsəyən görkəmli alim XXI yüzilliyin milli maarifçılik hərəkatının zirvəsinə çatmışdır. Akademik Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən elmi-tədqiqat institutları, özəl və digər tədris ocaqlarının da inkişafında maraqlı olmuşdur. Xüsusilə, AMEA-nın Naxçıvan Bölməsi ilə NDU-nun birgə fəaliyyət göstərməsi, kadr mübadiləsi məsələlərində hədsiz səxavətliliyi onun maarifçi simasını göstərən ciddi faktlardandır. Adətən, belə məsələlərdə çox zaman hər bir elmi müəssisə öz mənafeyi naminə güzəştə getmək fikrində olmur. Ancaq akademikin inkişafa, rifaha olan sonsuz marağı digər sahələrdə də onun şəxsi nümunə olduğunu bilavasitə şərtləndirir. Bu dünyaşöhrətli alim, akademik İsa Həbibbəyli böyüklüyünün,İsa Həbibbəyli sadəliyinin göstəricisidir.
Naxçıvanda çalışdığı illərdə İsa Həbibbəylinin elmi-ictimai fəaliyyətinin bir əsas tərəfi də onun AMEA-nın Naxçıvan Bölməsindəki əvəzolunmaz işi idi. Qətiyyətlə demək olar ki, Naxçıvan Dövlət Universitetində uğurlu, mükəmməl idarəçiliyi ilə yanaşı, AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda da nümunəvi elmi yaradıcılığı ilə müəssisənin inkişafına stimul verən görkəmli alim öz həmkarlarının “ideya atası” missiyasını da ləyaqətlə yerinə yetirməkdə idi. Onun İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda bilavasitə başçılığı və təşkilatçılığı ilə aparılan elmi-tədqiqat işləri nəinki Naxçıvan regionunda, həmçinin Azərbaycan və ondan çox-çox uzaqlarda əks-səda doğurmuşdur. İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsində  görkəmli alimin ideya, maddi və mənəvi dəstəyi ilə Naxçıvanda anadan olan, lakin ədəbi-ictimai şan-şöhrəti beynəlxalq aləmə səs salan görkəmli şair, yazıçı, dramaturq, ədəbiyyatşünas və ictimai xadimlərin taleyinin və elmi-ədəbi irsinin sistemli şəkildə öyrənilməsi  ənənəsi sayəsində  taleyi və sənəti seriyasından hazırlanıb nəşr edilən kitablarda şair-dramaturq Hüseyn Cavidin, Məhəmmədağa Şahtaxtlının, akademik Məmməd Cəfər Cəfərovun və başqalarının kəşməkəşli ömür və həyat  yolu, yaradıcılıq imkanları obyektiv elmi qiymətini almışdır. Tədqiq etdiyi şəxsiyyətlərə və ayrı-ayrı problemlərə, həm müasir elmi-nəzəri konsepsiyadan yanaşan alimin tədqiqatlarında dərin bir azərbaycançılıq fəlsəfəsi izlənilir. Görkəmli alim tarixi-mədəni yaddaşa münasibətində də bir orijinallıq nümayiş etdirir. Akademik Naxçıvan regionunda şəhərsalma və Naxçıvan şəhərinin yaşı məsələsində də onun irəli sürdüyü yeni konsepsiya elmi ictimaiyyətin nəzər-diqqətini bu bölgəyə çəkməklə böyük əks-səda doğurmuşdur.
Bir neçə il əvvəl Azərbaycan Milli Elmlər Akademiyasına Akif Əlizadə  prezident təyin olundu. Elmdə ciddi, dəyişməz mövqeyi, ötkəm fikirləri ilə qürur və mətanətlə addımlayan  akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının vitse prezidenti seçildi (2013). Ölkəmizdə  gedən inkişaf akademiyaya siyaret etdi, bütün institutlarda bir canlanma başladı. İstər kadr siyasəti, istər elmi müəssisələrə yaradılan şərait Azərbaycan Milli Elmlər Akademiyasını ölkənin ictimai-siyasi həyatında nüfuzlu bir qurum kimi yenidən söz sahibi etdi. Akademik İsa Həbibbəylinin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna direktor təyin edilməsi isə ədəbiyyatşünaslıq elmimiz üçün böyük hadisə oldu. Həmin ildən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru vəzifəsində çalışır. Azərbaycan Milli ElmlərAkademiyasını  Azərbaycan elminin “baş qərargahı”, “ölkə ziyalılığının elmi laboratoriyası”, “xalqımızın zəngin milli sərvəti” adlanıran akademik yazır: ır. “Milli Elmlər Akademiyası Azərbaycan elminin baş qərargahı, ölkə ziyalılığının elmi laboratoriyası, xalqımızın zəngin milli sərvətidir. Elmi tədqiqat institutları Baş qərargahın nizami hissələri, elm adamları isə alimlər ordusunu təmsil edən və silahı qələmə çevirərək mübarizə aparan qüvvələrdir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Baş qərargah”ın humanitar cəbhəsinin əsas aparıcı elmi qvardiyalarından biridir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu elm sahəsində bütün tarixi boyu milli ideoloji cəbhənin önündə gedən, bu istiqamətdə söz sahibi olan təşkilatlanmış bir elmi qurumdur. Ölkədə ədəbi-ictimai fikrin və ümummilli ideologiyanı formalaşdıran ən mühüm elm ocaqlarından biri olan Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu”na rəhbərlik edən  akademik, eyni zamanda “AMEA-nın Humanitar Elmlər Bölməsinin “Filologiya və sənətşünaslıq” (keçmiş “Xəbərlər”), Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatşünaslığı” (keçmiş “Ədəbiyyat məcmuəsi”), “Poetika.izm”, “Müqayisəli ədəbiyyatşünaslıq” (keçmiş “Ədəbi əlaqələr”) jurnallarının baş redaktorudur.
Akademik İsa Həbibbəyli son illər AMEA-da ictimai humanitar elm sahələrinin inkişafında, bu sahədə elmi prioritetlərin müəyyənləşməsində və həyata keçirilməsində, Azərbaycançılıq ideyasının əsas elmi meyara çevrilməsində, müvafiq elmi müəssisələrin strukturunun təkmilləşdirilməsində və yeni struktur bölmələrin yaradılmasında, elmi-təşkilati işlərin yeni meyarlar əsasında qurulmasında, yüksəkixtisaslı elmi nəsillərin yetişdirilməsi sahəsində mühüm xidmətlər göstərmişdir. İsa Həbibbəylinin təşəbbüsü və səyləri nəticəsində “Baş qərargah”ın humanitar cəbhəsinin əsas aparıcı elmi qvardiyalarından biri” olan Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda zəruri struktur islahatları aparılmış, yeni elmi tədqiqat şöbələri, sektorlar və mərkəzlər, “Ədəbiyyatşünaslıq, plyus Yaradıcılıq” Birliyi yaradılmış, ədəbiyyatşünaslıq elminin sistemli şəkildə və yeni təfəkkür əsasında inkişaf etdirilməsi sahəsində mühüm addımlar atılmışdır. Elm və təhsil normativ hüquqi bazasının formalaşdırılmasında, bu sahədə hüquqi münasibətləri tənzimləyən mühüm dövlət sənədlərinin, o cümlədən “Elm haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanunlarının, “AMEA-nın Nizamnaməsi”nin hazırlanması və qəbul edilməsində akademik İsa Həbibbəylinin böyük xidmətləri vardır. Akademikin çoxcəhətli fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş, o, “Əməkdar elm xadimi” fəxri adına, “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülmüşdür. İsa Həbibbəyli, həmçinin “Azərbaycan Respublikası Milli Məclisinin 100 illiyi”, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalları ilə təltif edilmiş, Mahmud Kaşqari adına Beynəlxalq Fondun “Mahmud Kaşqari”, TÜRKSOY-un “Molla Pənah Vaqif”, Qazaxıstan Respublikasının “Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyi”, Qazaxıstan Milli Universitetinin “Əl Fərabi” medalları, Beynəlxalq Türk Akademiyasının gümüş medalı, İran İslam Respublikasının Təbriz Universitetinin “Məhəmmədhüseyn Şəhriyar” medalına, Azərbaycan Yazıçılar Birliyinin Rəsul Rza mükafatına layiq görülmüşdür. Akademik İsa Həbibbəyli Oksford Universitetinin “Elmdə ad” mükafatının və “Beynəlxalq Sokrat mükafatı”nın laureatıdır. Türkiyə Dil Qurumu tərəfindən “Türk dünyasına xidmət” diplomu, Rusiya Elmlər Akademiyası tərəfindən “Derjavin” mükafatı, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəxri fərmanları ilə təltif olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin (1997-2005), III (2005-ci il), IV (2010-cu il) və V (2015-ci il) çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədridir. Respublikanın ictimai-siyasi və elmi-mədəni həyatında yaxından iştirak edən akademik İsa Həbibbəyli ölkəmizdə Azərbaycançılıq ideallarının və milli ziyalılığın daha da inkişaf etdirilməsi yollarında ardıcıl olaraq məsuliyyət hissi ilə çalışmaqda davam edir.
İsa Həbibbəyli Azərbaycanın dünyanın yüz elm adamı siyahısına düşmüş azsaylı elm adamından biridir. Xalqımıza başucalığı, şərəf gətirən, millətini sevən və bu yolda daima böyük ürək yanğısı ilə çalışan əsl vətəndaşdır.  Ağır, çətin və məsuliyyətli, məsuliyyətli olduğu qədər də şərəfli bir yola, elm, təhsil yoluna baş qoyan akademik İsa Həbibbəyli böyük cəfakeşliklə irəliləyə-irəliləyə bu gün saysız-hesabsız uğurlara imza atıb. O, bir ömür sərf etdiyi bu yolun müqəddəsliyinə inanıb. Məhz bu inam da ona güc və cəsarət verib, böyük xidmətlərinə parlaq nur saçıb.
Bu gün Ədəbiyyat institutu respublikamızda ədəbiyyat haqqında elmin əsas mərkəzi funksiyasını məsuliyyətlə və şərəflə yerinə yetirməkdədir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ədəbiyyat haqqında dediyi aşağıdakı sözləri; “Azərbaycanın milli azadlığı, istiqlaliyyəti yolunda ən çox bizim ədəbiyyatımız, incəsənətimiz, mədəniyyətimiz xidmət göstəribdir… Azərbaycan ədəbiyyatı qədim dövrlərdən indiyədək öz zənginliyi ilə bütün dünya xalqları içərisində öncül yerlərdə olubdur. Demək, bu həm bizim tariximizdir, həm mənəviyyatımız, həm də milli mədəniyyətimizdir” - ədəbiyyat haqqında elmə də aid etmək olar.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun tarixi milli ədəbiyyatın və Azərbaycan ədəbiyyatşünaslıq elminin təşəkkül və inkişaf yolu deməkdir. İnstitut ədəbiyyatşünaslıq elminin inkişafının baromentri kimi, necə deyərlər, bu elm sahəsinin tənəzzülü və tərəqqisini özündə əks etdirir. “Ədəbiyyat İnstitutundan danışmaq tam mənası ilə ədəbiyyatdan və ədəbiyyatşünaslıq elmindən, ictimai fikirin inkişaf səviyyəsindən söz açmaq mənasını daşıyır. Obrazlı şəkildə desək, çoxəsrlik zəngin Azərbaycan ədəbiyyatı möhtəşəm bir məbəddirsə, Ədəbiyyat İnstitutu onun qızıl açarıdır. Ədəbiyyat İnstitutu, ədəbiyyatşünaslıq elmi bədii ədəbiyyatın, yaradacılıq proseslərinin mahiyyətini müəyyən edir, onun qiymətini verir, gələcək inkişaf yollarına işıq salır, irəli getməsinə təsir göstərir. Keçdiyi şərəfli və kəşməkeşli yol, yaratdığı davamlı ənənələr, yetirdiyi böyük simalar, meydana qoyduğu zəngin irs institutu möhtəşəm elm məbədinə çevirmişdir.”
Məbədlərsə kutsaldır. Bu gün Ədəbiyyat məbədimiz öz güclü qoruyucusu - bu gün Azərbaycan ədəbiyyatşünaslığında ən mötəbər söz sahibi olan akademik İsa Həbibbəyli tərəfindən  qorunur, genişlənir və inkişaf edir. Azərbaycan elminə, Azərbaycan filologiyasına yeni nəfəs gətirən böyük alim, bugünkü elmimizə istiqamət verən tədqiqatçıdır. “Ədəbiyyatın canlı praktikasına təmasdan hərtərəfli elmi öyrənilməsi və intişarınacan bütün incəliklərinə varan, tarixi dərinlərinə baş vurub gündəm genişliyinə açılan alimin fəaliyyəti əsl akademik universaliya örnəyidir. Bu gün ədəbiyyatın elə bir sahəsi, meydanı, instansiyasını tapmaq çətindir ki, akademikin iti və miqyaslı nəzərlərindən yayınmış olsun, bilavasitə fəaliyyət predmetinə çevrilməsin. Ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixçiliyi, ədəbi proses və tənqid, ədəbiyyat maarifçiliyi: ədəbiyyatın tədrisi, təbliği və təşviqi məsələləri, elm təşkilatçılığı və ədəbiyyatın inkişaf strategiyası...”
Ustad ədəbiyyatşünas və tanınmış ictimai xadim olan Millət vəkili, akademik İsa Həbibbəylinin səsi dünyanın bir çox ölkələrində keçirilən simpozium, konqres və başqa elmi toplantılardan, Azəraycan həqiqətlərini dünyaya car edən beynəlxalq tədbirlərdən gəlir. Akademik İsa Həbibbəyli bütün bu nüfuzlu tribunalarda öz xalqının zəngin mədəniyyəti, ədəbiyyatı, tarixi, mədəni və maddi irsindən, Qarabağda tapdalanmış hüquqlarımızdan böyük cəsarət və təmkinlə söz açır, Azərbaycan xalqını ləyaqətlə təmsil edir.
“Ərazi etibarı ilə kiçik”, “mənəviyyatca böyük ölkə” olan Naxçıvan hər zaman bu qədim yurddan çıxmış böyük siyasətçiləri, görkəmli elm və mədəniyyət  xadimləri ilə tanınmışdır, bu gün də tanınmaqdadır. Naxçıvanda doğulub boya-başa çatan, respublikamızda və beynəlxalq aləmdə ciddi elm xadimi, bacarıqlı təşkilatçılıq qabiliyyətinə malik rəhbər kimi tanınan akademik İsa Həbibbəyli bu gün Azərbaycanı böyük şərəflə beynəlxalq aləmdə tanıdır, ziyası ilə dünyanı işıqlandırır.  Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Millət vəkili, akademik İsa Həbibbəyli  həm əsl insan, həm də şərəfli alim ömrünün kamillik çağını yaşayır. Görkəmli elm xadimi, Millət vəkili, akademik İsa Həbibbəyliyə bu çətin və müqəddəs yolda can sağlığı, elm və Azərbaycançılıq naminə yorulmaz fəaliyyətində uğurlar arzulayırıq.
 шаблоны для dle 11.2