Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

İlkin müəllim hazırlığında keys texnologiyası

 

Zülfiyyə VƏLİYEVA,
ADPU-nun  ETM-nin Tətbiqi tədqiqatlar
bölməsinin elmi işçisi,
Əməkdar müəllim


Distant təhsilin (DT) mövcud texnologiyalarının (keys, Internet, TV texnologiyaları) hər biri ilkin müəllim hazırlığında müvəffəqiyyətlə istifadə edilə bilər. Lakin internet və TV texnologiyalarının real tətbiqi üçün respublikada xeyli hazırlıq işləri görülməlidir (xüsusən də sistemli hüquqi-normativ bazanın yaradılması, maddi-texniki bazanın gücləndirilməsi, elektron kursların və  DT üzrə kadrların kompleks hazırlanması və s.).  Keys texnologiyası isə az vaxt ərzində, az məsrəflə, az resurs sərf etməklə reallaşa bilər. Bu səbəbdən “Müəllimlərin peşəkarlıq səviyyəsinin fasiləsiz yüksəldilməsinin strategiyası və konsepsiyası çərçivəsində Distant Təhsil  və əlaqədar sahələr” alt komponentin hazırlanması və praktik tətbiqi məqsədilə ilkin mərhələdə keys texnologiyasından istifadə nəzərdə tutulmuşdur.  Bu texnologiyanın tətbiqinə hazırlıq mərhələsi nisbətən asan olub, praktik tətbiqi ciddi çətinliklər törətmir. Bu texnologiyanın tətbiqi zamanı toplanmış təcrübə digər texnologiyaların tətbiqi zamanı fundament ola bilər, sonrakı mərhələdə daha da inkişaf etdirilə bilər. Beynəlxalq təcrübədə də bir çox ölkələr DT texnologiyasının praktik tətbiqinə məhz keys texnologiyasından başlamışlar. Ona görə də  əsasən müəllimlərin fasiləsiz hazırlığı prosesində DT keys texno­logiyasının tətbiqi vacib­dir. Respublika səviy­yəsində DT sisteminin yaradılması və inkişafı kon­sepsiyası, DT üzrə Dövlət Proqramı hazırlandıqdan, müəyyən zəruri təşkilati-metodik işlər görüldükdən sonra DT-nin digər texnologiyalarından da tam, səmərəli istifadə etmək olar.
DT keys texnologiyasi tələbələrə keys formasında təqdim edilən çap və multimedia tədris-metodik materialların müstəqil surətdə öyrənilməsini nəzərdə tutur, bu zaman əyani məşğələ formaları üstünlük təşkil edir. Müəyyən kurs üzrə bu məşğələlər başlanğıc mühazirə, fəal seminar, treninq, məshələt, nəzarət yoxlama formalarını əhatə edir. Əsas diqqət xüsusi hazırlanmış müəllim-tyutorla tələbələrin qrup halinda məşğələlərinə yetirilməlidir.
İlkin müəllim hazırlığında DT keys texnologiyaları əyani, qiyabi və DT formalarında tətbiq edilə bilər.   Azərbaycan Respublikası "Təhsil haqqında" Qanununda distant təhsil təhsilin xüsusi forması kimi qeyd olunduğu üçün perspektivdə bu təhsil formasının həyata vəsiqə alması, əyani və qiyabi formada müəllim hazırlığında DT-nin texnologiya olaraq istifadəsi realdır. Tədris müəssisəsinin imkan və məqsədlərindən asılı olaraq əyani və qiyabi təhsil sistemində bu texnologiya az və ya çox istifadə oluna bilər. Tədris planında olan bir və ya bir neçə kurs tam distant formada (bu halda ixtisas qismən distant tədris edilir) və yaxud hər hansı kursun bir və ya bir neçə mövzusu distant formada (bu halda kurs qismən distant tədris edilir) tədris edilə bilər.
Distant formada müəllim hazırlığında isə DT həm forma, həm texnologiya ola bilər. Mövcud ədəbiyyatda DT-nin təlim forması, yoxsa texnologiyası olması barədə vahid fikir yoxdur. Əgər 90-cı illərdə DT təhsil forması kimi qəbul olunurdusa, son zamanlar İKT texnologiyalarının inkişafı nəticəsində DT-yə daha çox texnologiya kimi baxılır.
Əyani formada müəllim hazırlığı ilə məşğul olan hər hansı tədris müəssisəsi müasir DT texnologiyalarından istifadə etmək istəyirsə, bunun hansı fakültədə, hansı ixtisas üzrə tətbiq ediləcəyini müəyyənləşdirməlidir. İlkin təhlil göstərir ki, pedaqoji universitet və institutlardakı ixtisasların, demək olar ki, hər birində DT texnologiyalarının tətbiqi imkanı var. İxtisas müəyyənləşəndən sonra tədris planındakı hansı fənlərin (kursların) DT texnologiyası ilə tədris olunması müəyyənləşdirilir. Bu kurslar ya tamamən, ya da qismən (ayrı-ayrı mövzular, modullar) DT texnologiyası ilə tədris oluna bilər. Tədris planı və proqramların ilkin təhlilindən sonra kurs və ya mövzuların DT keys texnologiyası ilə tədrisinə hazırlıq işləri görülməlidir. Bu məqsədlə:
- Ayrı-ayrı kurs və modullar üzrə xüsusi çap materialları hazırlanmalıdır. Hər mövzu üzrə tələbələrin biliklərinin yoxlanılması məqsədi ilə xüsusi test tap­şırıqlarının hazılanmasına da ciddi ehtiyac var. Kurs və modullar üzrə öyrədici, nəzarətedici materialların hazırlanması xüsusi problemdir. Kursları tərtib edən müəllimlər bu məqsədlə xüsusi hazırlıq keçməli, daha sonra isə bu materiallar əsasında DT-nin təşkili və aparılması, səmərəliliyinin təyin edilməsi metodikasını öyrənməlidirlər.
 - Keys texnologiyası oflayn rejimində, CD-ROM formasında multimedia      
  tədris materialı hazırlanması və tətbiqini də nəzərdə tutur. Bu məqsədlə tədris planındakı kursun və ya ayrı-ayrı modulların multimedia tədris vəsaiti formasında hazılanmasına ehtiyac var. Multimedia tədris vəsaitinin hazırlanması texnologiyası, ondan tədrisdə istifadə metodikası üzrə də müəllimlərin xüsusi hazırlıq keçməsi zəruridir.
- Əyani təhsil alan tələbələr ayrı-ayrı kurs və modullar üzrə yekun və aralıq bilik səviyyələrini yoxlamaq üçün müəllimlər tərəfindən əvvəlcədən hazırlanmış elektron testlərdən istifadə bilər. Bu, onların biliklərinə diaqnoz qoymaqla yanaşı, tələbələrin biliklərində olan çatışmazlıqları vaxtında, operativ müəyyən etməyə, tədris prosesinin gedişi barədə onlara informasiya verməyə imkan yaradır. Bu məqsədlə əvvəlcədən xüsusi testlər hazırlanmalı, sınaqdan çıxarılmalı, sonra isə onların elektron versiyaları ya şəbəkədə, ya da xüsusi CD-ROM-da yerləşdirilməlidir.
- Əyani təhsil alan tələbələr əlavə tədris materialı kimi elektron kitabxanalardan, internetin açıq informasiya resurslarından, müxtəlif təhsil portalları və saytlarından tədris materialları əldə edə bilər. Bu məqsədlə əvvəlcədən mövzu və modul üzrə zəruri informasiya resurslarının ünvanı müəllim tərəfindən dəqiqləşdirilməli, tələbələrə çatdırılmalıdır.
Distant təhsil ilk əvvəllər qiyabi təhsilin təkmilləşdirilməsi, “qiyabi” təhsildə “əyanilyin” çəkisinin artırılması məqsədi ilə yaradılmışdır. Sonra inkişaf edərək müstəqil təhsil forması, daha sonra isə təhsil texnologiyası statusunu almışdır. Bu amillər qiyabi təhsillə DT arasında müəyyən tarixi əlaqələrin olmasını göstərir. Təcrübə göstərir ki, qiyabi təhsil forması ilə məşğul olan tədris müəssisələri DT texnologiyalarından daha asan və səmərəli istifadə edə bilirlər. Qiyabi təhsil təcrübəsi burada özünü gös­tərir.
Əyani təhsil formasında olduğu kimi, qiyabi formada da, müəllim hazırlığı ilə məşğul olan hər hansı tədris müəssisəsi müasir DT texnologiyalarından istifadə etmək məqsədilə, hansı fakültə, ixtisas üzrə bu texnologiyanın tətbiq ediləcəyini müəyyənləşdirməlidir. İxtisas müəyyənləşəndən sonra müvafiq tədris planındakı hansı fənlərin (kursların) DT texnologiyası ilə tədris olunması dəqiqləşdirilməlidir. Bu kuslar ya tamamən, ya da tədris oluna bilər. Tədris planı və proq­ramların təhlilindən sonra kurs və ya mövzuların DT texnologiyası ilə tədrisinə hazırlıq işləri görülməlidir. Qiyabi müəllim hazırlığında keys texnologiyalarının tətbiqi üçün ilk növbədə aşağıdakı işlər görülməlidir:
-DT texnologiyası ilə tədris ediləcək kursun yüksək ixtisaslı professor-müəllim heyəti tərəfindən oxunan ictimai xarakterli canlı mühazirələri video kassetlərə (audi kassetlərə, DVD-lərə) yazılaraq böyük tirajla çoxaldılır və kursu distant öyrənən bütün tələbələrə göndərilir. Tələbələrə göndərilən keys kassetlərdən əlavə tədris planı, öyrəniləcək kursların proqramları, kursun müstəqil öyrənilməsi üçün metodik göstərişlər, çap materialları, testlər və s. təchiz edilir.
- Daha sonra ayrı-ayrı kurs və modullar üzrə xüsusi çap materialları hazırlanmalıdır. Bu materiallar kursun məzmununu daha da səmərəli və sərbəst şəkildə öyrənməyə kömək etməlidir. Ayrı-ayrı mövzular üzrə biliklərin yoxlanılması məqsədi ilə test tapşırıqlarının hazırlaması da zəruridir.
-DT-nin əyani təhsil formasında olduğu kimi, qiyabi təhsil formasında da keys texnologiyalarının tətbiqi CD-ROM formasında multimedia tədris materiallarının hazırlanması və tətbiqini nəzərdə tutur. Bu məqsədlə tədris planındakı kursların və ya ayrı-ayrı modulların multimedia tədris vəsaiti formasında hazırlanmasına ehtiyac var.
-Qiyabi təhsil alan tələbələr ayrı-ayrı kurs və modullar üzrə yekun və aralıq bilik səviyyələrini yoxlamaq üçün müəllimlər tərəfundən əvvəlcədən hazırlanmış elektron testlərdən istifadə edə bilər. Bu onların biliklərinə diaqnoz qoymaqla yanaşı, tələbələrin biliklərində olan çatışmazlıqları vaxtında, operativ müəyyən etməyə imkan verər, tələbələrə və müəllimlərə tədris prosesi barədə real informasiya verə bilər. Bu məqsədlə əvvəl­cədən xüsusi testlər hazırlanmalı, sınaqdan çıxa­rılmalı, sonra isə onların xüsusi versiyaları hazırlanmalı, ya şəbəkədə, ya da xüsusi CD-ROM-da yerləşdirilməlidir.
- Qiyabi təhsildə DT texnologiyalarının səmərəli tətbiqi üçün müəllim və tələbə arasında intensiv, operativ əks-əlaqə olmalıdır. Bu mənada elektron poçtun imkanlarından istifadə etmək olar. Əvvəlcədən tələbələrə hər bir kursu tədris edən müəllimin elektron ünvanı verilir. Tələbələr kursun müstəqil öyrənilməsi zamanı qarşıya çıxan suallara cavab almaq məqsədi ilə bu sualları müəllimin elektron ünvanına göndərirlər. Müəyyən vaxtdan sonra (3-5 gün) göndərilmiş sualların cavablarını öz elektron poçtlarından oxuya bilərlər. Belə ünsiyyət hesabına qiyabiçi tələbə müəllimlə sistematik əlaqə qura bilər, bu, müəyyən mənada təlimi fərdiləşdirir.
Qiyabi təhsil alan tələbələr də əlavə tədris materialı kimi elektron kitabxanalardan, internetin açıq resurslarından, müxtəlif təhsil portalları və saytlarından faydalana bilərlər. Bu məqsədlə müəllim əvvəlcədən mövzu, modul və kurs üzrə zəruri informasiya resurslarının ünvanını fərdiləşdirməli, onları tələbələrə müəyyən vasitə ilə çatdırmalıdır.
İlkin müəllim hazırlığının DT forması (keys texnologiyası) əyani və qiyabi təhsildə DT texnologiyalarından istifadəyə nisbətən daha çətindir. Çünki bu halda əvvəlkindən fərqli olaraq, tədris plannında olan bütün kurslar üçün (keys texnologiyasının tələblərinə uyğun olaraq) tədris-prakrik materiallar (mühazirə, seminar, laboratoriya işi, pedaqoji təcrübə və s.) hazırlanmalıdır, başqa sözlə bu variantda təhsil tam distant formada təşkil edilir. Müəllimlə tələbənin əyani ünsiyyəti yalnız imtahan ərəfəsində baş tutur. Təbii ki, bu qədər material külliyatının hazırlanması (hətta çap materialı formasında olsa belə) xeyli vaxt və resurs tələb edir. Çünki bu materiallar ənənəvi dərslik və dərs vəsaitlərindəki materiallardan formaca, strukturca, məzmunca da fərqlənir. DT formasında tədrisi təşkil etmək üçün tədris prosesi ilə əlaqədar bütün hüquqi-normativ sənədlər, əsasnamələr yenidən işlənməlidir. İmkan daxilində ayrı-ayrı kurs və modullar üzrə elektron dərsliklər, tədris audio-video materialları, elektron kitabxana (internetdə Azərbaycan dilində tədris metodik resurslar) yaratmalı, tədris prosesinə cəlb edilən bütün müəllimlər kateqoriyalara bölünərək (tədris materialı tərtib edən müəllimlər və tədris prosesini idarə edən tyutor-müəllimlər) xüsusi hazırlıq kursu keçməli, ilkin təcrübə toplamalıdırlar. Bütün bunlar üçün maliyyə, vaxt, kadr resursları lazımdır. İlk mərhələdə bu işlər tamamlandıqdan sonra, bu baza əsasında (müəllim hazırlığı məqsədilə) DT-nin digər texnologiyaları da tədricən hazırlanıb tətbiq edilə bilər.
Digər tərəfdən tədris hissəsi və kafedraların köməyi ilə, qabaqcıl müəllimlərin ayrı-ayrı kurslar üzrə icmal mühazirələri seriya şəklində video kassetlərə yazılmalıdır. Anoloji iş eyni zamanda audio kassetlərdə də yazılmalıdır. Daha sonra bütün bu materiallar xüsusi keys formasında tələbələrə təqdim edilməlidir.
Hazırlanmış tədris-praktik materialların bir qismi (mühazirə materialları, yoxlayıcı testlər və s.) elektron varianda hazırlanmalı, İnternetdə yerləşdirilməlidir. Bu məqsədlə müəllim hazırlayan pedaqoji tədris müəssisələrinin hər birinin internetdə xüsusi saytı açılmalı və bu saytın müəyyən hissəsi DT-yə həsr edilməlidir (burada tədris metodik materiallar, DT haqqında ümumi məlumat, normativ sənədlər və s. informasiya yerləşə bilər). Daha sonra bu saytların ümumi bir portalda birləşdirilməsi məqsədəuyğundur. Bu portalda xüsusi pedaqji elektron kitabxananın da olması zəruridir. Tələbələrin pedaqoji təcrübəsini səmərəli təşkil etmək üçün portalda qabaqcıl müəllimlərin iş təcrübəsini əks etdirən virtual metodik kabinet də yaradıla bilər. Bütün bu prosesləri (internet vasitəsilə tədris materiallarının tələbələrə göndərilməsi, tələbələrin biliklərinin test vasitəsi ilə qiymətləndirilməsi, nəticələrin statistik işlənilməsi, bu nəticələrdən ibarət verilənlər bankının yaradılması) və digər zəruri informasiyaları emal etmək məqsədilə xüsusi proqram külliyatının yaradılması, sınaqdan çıxarılması və universitetlərin serverlərində yerləşdirilməsi mühüm məsələlərdəndir. İlkin olaraq bu məsələlərin hazırlanması, həyata keçirilməsi müəllim hazırlığını DT formasında (keys texnologiyası əsasında) həyata keçirməyə imkan verə bilər.
Müəllimlərin
yenidənhazırlanması və ixtisasartırmasında
DT keys
texnologiyası
Ümumiyyətlə, yenidənhazırlanma və ixtisasartırma kursları şəraitində DT texnologiyalarının tətbiqi yaxşı səmərə verə bilər. Çünki, bu kateqoriya öyrəncilərin dünyagörüşü, həyat və peşə təcrübəsi, müstəqil işləmək vərdişləri, peşə seçimində qətiyyət və məsuliyyəti, ilkin müəllim hazırlığına cəlb edilmiş tələbə kateqoriyasına nisbətən daha yüksəkdir. Yenidənhazırlanma və ixtisasartırma kursları şəraitində DT texnologiyalarının tətbiqi bu sistemdə oxuyan müdavimlər üçün çox əlverişlidir, onlar ailələrindən, yaşadığı bölgədən, əmək fəaliyyətindən ayrılmadan, əlavə xərclər çəkmədən, rahat şəkildə öz həyat ahəngini pozmadan keyfiyyətli təhsil ala bilər.
Müəllimlərin yenidən hazırlanmasını tam distant formada həyata keçirmək mümkündür. Bu iş bir çox cəhətdən ilkin müəllim hazırlığında tətbiq edilən DT formasına uyğun həyata keçirilə bilər. Təşkilati baxımdan uyğunluq çox olsa da, məzmun baxımından müəyyən fərqlər özünü göstərə bilər. Belə ki, öyrənilən materialların məzmununda, sturukturunda müəyyən fərqlər özünü göstərə bilər. Digər tərəfdən, burada müdavim şüurlu şəkildə, öz professional ehtiyaclarına uyğun olaraq, fərdi tədris planı (fərdi təhsil trayektoriyası) tərtib etməklə, özəl kurs keçmək imkanına malikdir. Beynəlxalq təcrübə göstərir ki, bu kateqoriya müdavimlərin təhsil keyfiyyəti daha yuksək olur.
Müəllimlərin yenidən hahızlanmasını qismən DT-nin keys texnologiyası əsasında həyata keçirmək mümkündür. Bu, bəzi cəhətdən ilkin müəllim hazırlığında tətbiq edilən anoloji işə uyğun həyata keçirilə bilər.
Müəllimlərin ixtisasartırma kursunda da DT-nin keys texnologiyaları uğurla tətbiq edilə bilər. Bu məqsədlə tədris edilən qısamüddətli kurslar üzrə xüsusi tədris materialları, test tapşırıqları, audio-vidio materiallardan istifadə edilə bilər (yenə də xüsusi keys tərtib edərək müdavimlərə göndərməklə). Müəllimlərin elektron poçtun imkanlarından maksimum istifadəsi də əhəmiyyətli ola bilər. Bu zaman hər bir müəllim il boyu işlədiyi məktəbin və ya dayaq məntəqəsi olan hər hansı məktəbin kompüter sinfindən sistematik olaraq, distant formada zəruri tədris-metodik, elmi əhəmiyyətli informasiya resusları əldə edə bilər. Təbii ki, əvvəl­cədən zəruri "INTERNET" resursları hazırlanmalıdır. Burada icmal şəklində (lakonik formada), müəllim hazırlığında DT-nin keys texnologiyalarının bəzi imkanları sadaladıq. Digər imkanlar isə praktik tətbiq prosesində, pilot qurumlardakı eksperimentlər zamanı özünü göstərə bilər. Ona görə də proqramın tərtibi və icrası zamanı daha yeni imkanların aşkarlanması istisna olunmur. Bütün bu və digər yeni imkanlar iş prosesində daha da dəqiqləşdiriləcəkdir.
COVID-19-un dünyada, o cümlədən Azərbaycanda həyatımızın bütün sahələrində olduğu kimi, təhsil sistemində də hazırlanaraq həyata keçirilən tədbirlər Azərbaycan Respublikasında dövlət siyasətinin ifadəsi oldu. Xüsusi karantin rejimi şəraitində yaranmış vəziyyətlə əlaqədar ölkədəki təhsil müəssisələrində təhsil alan kontingentin təhsildən ayrılmamasının təmin edilməsi başlıca ümdə vəzifə kimi qarşıda durur. COVID-19 şəraitində Prezident İlham Əliyevin tövsiyələri əsasında Nazirlər Kabinetində qəbul edilmiş qərarlar hər bir təhsil müəssisəsi üçün başlıca istiqamət olmuşdur. Onlayn platformalarda təşkil olunmuş  bakalavr və magistratura səviyyəsində, təhsilin bütün pillələrində təhsilalanların öz bilik və bacarıqlarını ifadə etmək üçün onlara maksimum imkan yaradılmışdır. Mövcud vəziyyətə uyğun olaraq, tələbələr tərəfindən Azərbaycan Respublikasında COVID-19 pandemiyasına görə tətbiq olunan xüsusi karantin şəraiti başlandığı tarixdən sonra bakalavriat və yenidənhazırlanma təhsili alan tələbə və dinləyicilərin, orta məktəb şagirdlərinin təhsilin məsafədən təşkili prosesində tələbələrin yerinə yetirmısi təşkili  zamanı qarşıya qoyulan vəzifələr -onlayn təhsil dönəmində bakalavr və magistrant, digər təhsil pillərində uğurla başa çatdırılmışdır. Təhsilin keyfiyyəti təlimin yeni texnologiyalarının tədris prosesində bilavasitə reallaşdıran müəllimin yaradıcı əməyindən, peşəkarlıq səviyyəsindən və peşəsini ürəkdən sevməsindən çox aslıdır. Müəllimin yaradıcılıq və sağlam rəqabət tələb edən layihələrdə, müsabiqə və innovativ proq­ramlarda iştirakı onun yaradıcı əməyinin keyfiyyətinin aşkarlanmasında mühüm rol oynayır. Müəllim yalnız bilik vermir, eyni zamanda öyrənənlərin təfəkkürünün, düşünmə tərzinin dəyişməsinə səbəb olur, idrak fəaliyyətinə təsir edir.
Təcrübə göstərir ki, təhsil və inkişaf sahəsində müəllim amili özünün əhəmiy­yətinə və missiyasına görə bu gün də, gələcəkdə də aktual olaraq qalacaqdır. Müəllim amili təhsilalanın biliklərə yiyələnməsində və inkişafında həlledici rol oynayır. Pedaqoji yönümlü ali təhsil müəssisələrində, eyni zamanda təhsilin bütün pillələrində müəllimlərin təhsil müəssisəsi səviyyəsində, tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırlması üzrə özünü doğrultmuş innovativ modellərin tətbiqi gücləndirilməli və müəllimin peşəkar fəaliyyətinin inkişafına müsbət təsir göstərən faktorlara üstünlük verilməlidir.шаблоны для dle 11.2