Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Şagirdlərdə tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsi

 
 
Leyla FƏTİYEVA, 
Bakı şəhəri 82 nömrəli 
tam orta məktəbin direktoru

Ümumtəhsil məktəblərinin başlıca vəzifəsi gəncləri həyatı və özünü dərk edə bilən bir şəxsiyyət kimi yetişdirməkdən ibarətdir. Ümumi təhsil fənləri bu vəzifənin yerinə yetirilməsində xüsusi rol oynayır. Biologiya bu fənlərdən biri olmaqla  canlılar aləmindən bəhs edir, şagirdlərə canlı təbiətin maddiliyini, qanunauyğunluqlarını, canlıların yaranması, quruluşu, yayılması, inkişafı, qorunması funksiyası, ən başlıcası isə biososial varlıq olan insanın öz orqanizminin quruluşu və həyati xüsusiyyətlərinin öyrənilməsinə şərait yaradır. İnsanın davamlı inkişafı və sağlamlığının qorunması ilə bağlı zəruri bilik,  bacarıq və  əməli vərdişlər verir.
Müasir təhsilin məqsədi şagirdin şəxsi keyfiyyətlərini, qabiliyyətlərini inkişaf etdirmək, şagirdin aktiv, yaradıcı həyat mövqeyini formalaşdırmaqdır.
Məktəb biologiyası  bu baxımdan böyük potensiala sahibdir və şagirdlərin müstəqil idraki yaradıcılıq fəaliyyətinə hazırlaşmaları və tədqiqat bacarıqlarının formalaşdırılmasını zəruri edir.
Dünya təhsil praktikasında tədqiqat anlayışı şagirdin və müəllimin birgə fəaliyyətinin yaradıcı  prosesini əhatə edir.
Şagirdlərdə tədqiqat fəaliyyətini inkişaf etdirərək, aşağıdakı bacarıqları formalaşdırmaq olar: müxtəlif məlumat mənbələrindən istifadə edərək məlumat toplamaq, onları sistemləşdirmək, müqayisə etmək, təhlil  etmək, ümumiləşdirmək, bilikləri praktik məsələlərlə möhkəmləndirmək.
Həm dərsdə, həm də dərsdən kənar vaxtlarda  müstəqil fəaliyyətlər təşkil etmək və şagirdlərin biologiyanın öyrənilməsinə davamlı marağının formalaşmasına yönəltmək müəllimin vəzifəsidir. Şagirdlərin dərsdə və məktəbdənkənar saatlarda apardıqları tədqiqat işləri bir neçə növə ayrılır. Məsələn, dərs zamanı: tədqiqat aparmaq, müxtəlif mövzularda debatlar təşkil etmək, müxtəlif canlıların oxşar və fərqli cəhətlərini araşdırmaq və s.  
Dərsdənkənar saatlar: tədqiqat ekspedisiyalar təşkil etmək, layihələr hazırlamaq, müsahibə almaq,  elmi və praktik konfranslarda iştirak etmək və ya çıxışlar hazırlamaq, bitkilər əkmək, onların inişafını izləmək, heyvanlara qulluq etmək və s.
Tədqiqat bacarıqlarının inkişafına dərslərin qeyri-standart formaları da kömək edir. Bu dərslərə mühazirə dərsləri, seminar dərsləri, test dərsləri, praktiki dərslər, tədqiqat dərslərini aid etmək olar.
Dərs-mühazirə şagirdləri müstəqillik, nəzəri düşüncə tərzində tərbiyə edir. Mühazirələri yeni mövzuya giriş və ümumiləşdirmə dərslər kimi aparmaq olar. Şagirdlərin mühazirə zamanı qeyd etmələri vacibdir.
Dərs-seminar zamanı müstəqil öyrənmələri üçün  şagirdlərə fərdi və ya qrup tapşırıqları verilir.  Fərdi iş zamanı şagirdlər kiçik tədqiqatlar aparır və qısa hesabat­lar hazırlayırlar. Çıxışlardan sonra hər bir  şagird materialın müzakirəsində iştirak edir, əlavələr edir və təqdimatları təhlil edirlər. Seminarda danışmağa vaxtı olmayan şagirdlər tədqiqatlarını  yazılı  formada  təhvil verirlər.
Dərs-test zamanı şagirdlərin mövzuları mənimsəmə səviyyələri yoxlanılır. Bu növ dərs biologiya fənn proq­ramının (kurikulum) məzmununu təşkil edən  standartlara uyğun aparılmalıdır. Bu zaman şagirdlərin müəyyənləşdirmək, izah etmək, proqnoz vermək, müqayisə etmək bacarıqları yoxlanılır. Tapşırıqlar dörd çətinlik səviyyəsinə uyğun hazırlanmalıdır.
Tədqiqat dərslərdə verilən tapşırıqlar mütləq surətdə şagirdləri təqdiqata yönəltməlidir. Tədqiqat dərslərdə yanaşmanın funksiyaları:
• idraki marağın formalaşdırılması;
• öyrənmə üçün müsbət motivasiya yaratmaq;
• dərin, davamlı və təsirli biliklərin formalaşması;
• şəxsiyyətin intellektual sahəsinin inkişafı – özünü tərbiyə etmə bacarıqlarının formalaşması, yəni fəal idrak fəaliyyətinin yollarının formalaşdırılması;
• idrak fəaliyyətinin və müstəqilliyin inkişafı.
Tədqiqat dərslərini planlaşdırarkən aşağıdakı qaydalara əməl edilməlidir:
• Hər bir şagird komanda işində iştirak etməlidir;
• Verilən tapşırıqlar bütün sinfin səviyyəsinə uyğun olmalıdır.
Tədqiqat xarakterli tapşırıqları müxtəlif üsulların köməyilə vermək olar. Müxtəlif üsul və formalardan istifadə edərək fəal təlim şəraiti yaradarkən şagirdlər tədqiqata motivasiya olunur. Fəal interaktiv təlim - təlim prosesinin elə təşkil olunmasıdır ki, bu təlimdə biliklər hazır formada şagirdlərə təqdim olunmur. Şagirdlər biliyi tədqiqat yolu ilə əldə edirlər. Müəllim biliyi ötürən rolundan imtina edir və bələdçi vəzifəsini (fasilitator) daşıyır. İnteraktiv sözünün mənasında da kiminlə, nə ilə dialoqa, qarşılıqlı əməkdaşlığa girmək dayanır. Fəal təlim anlayışı isə sinfin, auditoriyanın passiv, seyrçi olmamasına işarədir. Bu təlim prosesində sinif (auditoriya) qrup və cütlər formasında problemin həlli yollarına dair axtarışa çıxarılır, qruplar əldə olunmuş nəticələri işçi vərəqlərində qeyd edir, sonra onun təqdimatını həyata keçirirlər. Təqdimatlar bitdikdən sonra bu tədqiqat nəticələri arasında rabitə yaradılır, məlumatlar sistemləşdirilir və ümumi bir şəkildə təsnif olunur. Bundan sonra həmin yekunlarla tədqiqatın başlanğıcında şa­girdlərin (auditoriyanın) irəli sürdüyü ilkin fərziyyərlərlə müqayisələr aparılır. Şagirdlər (öyrənənlər) nələrin üst-üstə düşdüyünü, nələrin isə yeni olduğunu müşahidə edir və ümumi nəticəyə gəlirlər. Göründüyü kimi, belə dərslərdə əvvəlcə öyrəniləcək mövzuya çıxarılacaq problem qoyularaq motivasiya (1) yaradılır. Motivasiya təhrik­etmə deməkdir. Yəni şagirdlərin (auditoriyanın) təlim-dərketmə marağını problemin həllinə doğru fəal, canlı şəkildə istiqamətləndirir. Onun digər vəzifəsi isə tədqiqat sualını ortaya qoymağa şərait yaratmaqdır. Məhz həmin tədqiqat sualı ilkin fərziyyələr irəli sürməyə və tədqiqat işlərini təşkil etməyə imkan yaratmış olur. Tədqqiqat sualı tədqiqat işininn (2) həyata keçirilməsini tələb edir. Tədqiqat işlərinin nəticələri işçi vərəqlərində qeyd olunur və təqdimatlar (3) həyata keçirilir. Sonra təqdim olunan məlumatlar təşkil və təsnif (4) olunur. Alınan qənaətlər ilkin fərziyyələrlə müqayisə olunaraq nəticələr (5) çıxarılır. Sonra isə alınmış nəticələrin tətbiqi (6) barədə işlər yerinə yetirilir.
Fəal təlim metodunun tədris prosesinə daxil edilməsi şagirdlərin passivliyinin aradan qaldırılmasına, lazım olan təfəkkür xüsusiyyətlərinin və yaradıcılığın formalaşdırılmasına və təlim keyfiyyətinin yüksəldilməsinə şərait yaradır. Əgər şagird öz istəyinə və öz fəaliyyətinə əsasən yeni bilikləri kəşf edirsə, onda o, dərsə yaradıcı və maraqla yanaşır, əldə etdiyi bilikləri uzunmüddətli və möhkəm mənimsəyir. Şagirdin mövqeyi – “kəşf edən”, “tədqiqatçı” mövqeyidir; o, prob­lemlərlə üzləşərkən, bunları müstəqil tədqiqat prosesində həll edir. Şagirdlər təlim prosesinin iştirakçısı olaraq, bu prosesdə tədqiqatçı kimi çıxış edirlər və bilikləri fəal axtarış və kəşflər prosesində mənimsəyirlər. Müəllimin mövqeyi – fasilitator ("bələdçi", "aparıcı") mövqeyidir, problemli vəziyyətləri planlı və istiqamətlənmiş surətdə təşkil edir, şagirdlər qarşısında tədqiqat məsələlərinin meydana çıxmasına şərait yaradır və onların həllinə metodiki kömək göstərir.
Fəal təlimdə istifadə olunan bir çox təlim üsulları vardır. Lakin bunlardan istifadə edərkən fənnin xüsusiyyətləri, mövzu və  məqsədəuyğunluq nəzərə alınmalıdır. Beyin həmləsi, söz assosiasiyaları, müzakirə, mühazirə, debatlar, karusel, ziq-zaq, Venn diaqramı, BİBÖ cədvəli, İNSERT, klas­ter, anlayışların çıxarılması və digər fəal təlim üsulları dərsin gündəlik planlaşdırılmasında mövzu və məqsədə uyğun istifadə edilməlidir.шаблоны для dle 11.2