Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan dilindən dərs nümunəsi

 
Şükufə Qasımova, 
Bakı şəhəri 284 nömrəli tam orta məktəbin 
ibtidai sinif müəllimi
Fənn: Azərbaycan dili
Standart:
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini əsaslandırır.
2.2.1. Müvafıq mətnləri müəyyən olunmuş tələblərə uyğun sürətli, düzgün, şüurlu, ifadəli oxuyur.
2.1.4. Yaxın və əksmənalı sözlərdən nitqində istifadə edir.
Məqsəd:
1. Müşahidələrinə əsasən qəhrəmanları xarakterizə edir, fıkirlər söyləyir.
2. Mətni düzgün, ifadəli oxuyur, ardını müəyyən edir.
3. Yaxınmənalı sözləri müəyyən edir.
Mövzu: Üç ana, üç oğul
İş üsulu: müzakirə, anlayışın çıxarılması
İş forması: kollektiv, kiçik qrup
Resurslar: dərslik, iş dəftəri, iş vərəqi, video filmlər, kompüter, proyektor, marker
İnteqrasiya: Azərbaycan dili, həyat bilgisi, riyaziyyat, musiqi, texnologiya
Dərsin gedişi
Motivasiya: Müxtəlif şəkillərdən hazırlanmış video klip nümayiş etdirilir. Şəkillərdə nə müşahidə etdikləri soruşulur. (Şagirdlərin fərziy­yələri dinlənilir. Ana əzizləyir, qayğı gös­­tə­­rir, yemək bişirir, qoruyur və s.) Daha sonra “Ögey ana” filmin­dən ananın ifasında oğluna həsr olunmuş musiqi parçası dinlənilir.
Yönəldici sual verilir. Müşahidə etdiklərinizə əsasən nə söyləyə bilərsiniz? (Ana övladını çox istəyir, ana hər zaman qayğıkeş olur. Ana sevgisi hər çətinliyi aradan qaldırır.) Bəs, uşaqlar valideynlərinə qarşı necə olmalıdır? Böyüklərə necə yanaşmalıdırlar?
Tədqiqat sualı: 
Uşaqlar valideynlərinə və böyüklərə qarşı necə olma­lıdır?
Tədqiqatın aparılması:
Dərsliyin 54-55 səhifələrindən hissə-hissə oxunur. İlk olaraq müəllim düzgün intonasiya ilə mətni oxumağa başlayır. Şagirdlər davam etdirir. Birinci ananın sözündən sonra, mətnin oxunuşu dayandırılır. “Koroğlu” fılmindən kiçik bir fraqment izlədilərək sual verilir. Şagirdlərin təxminetmə, ehtimaletmə bacarıqları yoxlanılır. İzlədiyiniz fraqmentdə xalqımızın igidliyi, mübarizliyi, vətənpərvərliyi simvoluna çevrilən hansı qəhrəman nümayiş etdirildi? (Koroğlu) Sizcə, ana oğlunu güc-qüvvətdə kimə bənzədə bilərdi? (Koroğlu, Qaçaq Nəbi).
Mətnin ardı oxunulur. İkinci ananın sözlərindən sonra yenə mətnin oxunuşu dayandırılaraq Rəşid Behbudovun ifasında “Azərbaycan” mahnısı video fraqment şəklində səsləndirilir. Müəllim mahnı səsləndikdə şagirdləri birgə ifa etməyə dəvət edir. Sual verilir: Səslənən məşhur müğənnimiz, adı dillər əzbəri olan əfsanəvi səsin müəllifı kimdir? (Rəşid Behbudov) Bu məqamda müəllim şagirdlərin nəzərinə çatdırır ki, Rəşid Behbudov bütün konsertlərini “Azərbaycan” mahnısı ilə başlayırdı. Sizcə, o bunu niyə edirdi? (Vətənini sevdiyi, onu hər zaman uca tutduğu üçün)
Mətnin oxusu davam etdirilir. Sual verilir.
- Hansı oğul daha çox xoşunuza gəldi? Və nə üçün?
İdman dəqiqələri
Qruplarla iş aparılır.
I qrup:
1. Verilmiş cümlələri tamamlayın.        
Hər kəsə anası........ Analarımız gecə-gün­düz bizim……...  Xəstələnəndə sübhədək …...…. Sevinəndə həmişə sevincimizi......... Çətinə düşəndə...........
2. Nə üçün “Ana” və “Vətən” adları qoşa çəkilir? Qısa cümlələrlə fıkrinizi bildirin.
_____________________
II qrup:
1. Misalların doğru cavablarını müəyyən etsəniz ananın bizə bəxş etdiyi 3 əsas anlayışı əldə etmiş olacaqsınız (həyat, sevgi, qayğı).
2. Oxuyun. Qarşısında doğru və ya yanlış olduğunu yazın.
- Kiçiklər böyüklərə hörmətlə yanaşmalıdır. ____
- Valideynlər uşaqlarla kobud rəftar etməlidir. ___
- Yaşlı insanlara kömək edilməlidir. ___
- Nəqliyyatda özümüzdən böyüklərə yer verməliyik. ___
- Özümüzdən kiçikləri incitməliyik. ___
III qrup:
1.         Mətnin ardını 1-2 cümlə ilə davam etdirin.
Mələk təsadüfən bir hadisə ilə rastlaşır. Onu kənardan izləyir. Bir balaca uşaq başını anasının dizi üstə qoyub uzanıb. Ana isə ……………………
2.         Adları elə düzün ki, “müqəddəs” sözü yaransın. Əli, Dilarə, Duma, Əminə, Mahir, Ülkər, Qadir, Samir.……………………………
IV qrup:
1.         Mətnin ardını təxmin edib yazın.
Nailə xala bazardan əlində zənbillə gəlirdi. Qonşusu Əli isə həyətdə futbol oynayırdı.…
2.         Uyğunluğu müəyyən edin.
Ağsaqqal         qüvvətli
Qaça-qaça       nəğmə
Güclü               qoca
Mahnı              yüyürərək
V qrup:
1.         Tapşırığı səhnələşdirin. Ananın hər vəziyyətinə uyğun nə edə bilərsiniz?
Ana xəstədir. _________
Ana yorğundur. ________
Ana qəmgindir. ________
Ana fikirlidir.  _________
2.Uyğunluğu müəyyən edin.
Məlumat mübadiləsi və müzakirə:
Qruplar təqdimat edir. Müzakirə sualları verilir.
1. Nə üçün böyüklərə və valideynlərə qayğı ilə yanaş­malıyıq?
2. Valideynlər uşaqlara qarşı necə münasibət göstər­məlidir?
Ümumiləşdirmə və nəticə
Lay-lay dinlənilir. Anaların məqsədi nədir? Ana övladının qayğısına qalır, onu qoruyur, körpəliyindən həzin səsi ilə onu böyüdür. Böyüyüb ağıllı ,vətəninə layiq övlad olmasını istəyir.
Yaradıcı tətbiqetmə
Rəngli yapışqan kağız paylanılır. Şagirdlərə ana haqqında atalar sözü, kəlam və yaxud hər hansı bir ifadə yazmaları tapşırılır. Sonra isə Yaradıcı tətbiqetmə guşəsinə yapışdırılır.
Qiymətləndirmə (qrup təqdimatı üçün)
Formativ qiymətləndirmə
1. Müşahidələrinə əsasən qəhrəmanları xarakterizə edir, fıkirlər söyləyir (çətinliklə, sərbəst, düzgün, köməkli).
2. Mətni düzgün, ifadəli oxuyur, ardını təxmin edir (çətinliklə, sərbəst, düzgün, köməkli).
3. Yaxınmənalı sözləri müəyyən edir (çətinliklə, sərbəst, düzgün, köməkli)


Tarix: 14-01-2020, 19:50

Xəbəri paylaş